AZE | RUS | ENG |

“Mühazirələri ilə tələbələri özünə cəlb edə bilirdi” - Fotolar

“Mühazirələri ilə tələbələri özünə cəlb edə bilirdi” - Fotolar
Professor Akif Rüstəmov: “Nəsir İmanquliyev hər zaman mənim və onu tanıyanların xatirində qayğıkeş, uzaqgörən insan, müdrik alim, bacarıqlı müəllim kimi qalacaq”

"İnsanlar dünyasını dəyişəndən sonra, tədricən unudulur. İnsan da var ki, həmişə hamının qəlbində yaşayır. Belələri xeyirxah əməllərinə, qayğıkeşliyinə, həssaslığına görə başqalarından seçilir”.
 
Bu barədə Bakı Dövlət Universitetinin (BDU) professoru Akif Rüstəmov öz müəllimi - görkəmli pedaqoq, BDU-nun Jurnalistika fakültəsinin "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının vaxtilə professoru olan, "Bakı” –"Baku” qəzetlərinin yaradıcısı sayılan, uzun illər bu qəzetlərə rəhbərlik edən Nəsir İmanquliyev haqqında danışarkən bildirib. O, qeyd edib ki, N.İmanquliyev ucaboy, həmişə səliqəli geyimi ilə seçilən, üzündən nur yağan müəllim olub.   
 
"Nəsir İmanquliyev əsl tələbə adamı idi”
 
A.Rüstəmovun sözlərinə görə, N.İmanquliyev I kurs tələbələrinə "Jurnalistikaya giriş” fənnindən mühazirə oxuyub, jurnalistikanın sirlərini öyrədib. Professor deyib ki, böyük həyat yolu keçmiş, mətbuatımızın siması olan Nəsir müəllim öz təcrübəsindən danışıb, jurnalistikanın cəmiyyətdəki rolunu tələbələrə aşılayıb: "Auditoriyanı ələ almaq hər adama nəsib olmur. Nəsir müəllim oxuduğu mühazirələrlə tələbələri özünə cəlb edə bilirdi. Çünki, mühazirələri elmi-nəzəri cəhətdən zəngin idi, həm də onun "Bakı” - "Baku” qəzetlərindəki təcrübəsi mühazirələrin maraqlı olmasına zəmin yaradırdı. Nəsir İmanquliyev əsl tələbə adamı idi. O, tələbələrin yazılarını redaktoru olduğu qəzetdə dərc edər, onlara yüksək qonorar yazardı. Beləliklə də onları mətbuata bağlayardı. Tələbələrlə fərdi məşğul olmağı xoşlayardı. Onları redaksiyaya dəvət edər, tapşırıqlar verər, bir sözlə, tələbələri redaksiyanın "mətbəxi” ilə tanış edərdi. Bir dəfə məni redaksiyaya dəvət etmişdi. Onda mən fakültəni yenicə bitirib, mərhum Nurəddin Babayevin köməyi ilə kafedrada laborant işləməyə qalmışdım. Qısa söhbətdən sonra dedi ki, səni işə götürmək istəyirəm, necə baxırsan? Düzü, bu xeyirxah təklif məni çaşdırdı, bilmədim nə deyəm. Bir anlıq tərəddüddən sonra eyni kafedrada işləyəcəyimizi dedim. Elə o vaxtdan - 1969-cu ildən taleyimi "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasına bağladım. Hazırda həmin kafedranın girişində Nəsir müəllimin barelyefi, otaqda isə portreti asılıb”.
 
 
 
"Burjua mətbuatı kapitalistin pul kisəsindən asılıdır”
 
"Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasında işə başlayandan sonra N.İmanquliyevlə əlaqələrinin daha ardıcıl olduğunu söyləyən professor A.Rüstəmov bir zamanlar müəlliminin tədris etdiyi "Jurnalistikaya giriş” fənnindən məşgələlərin aparılmasının sonradan ona həvalə edildiyini vurğulayıb. Qeyd edib ki, kömək məqsədi ilə N.İmanquliyev onu Nizami küçəsindəki mənzilinə çağırar, lazımi ədəbiyyatla təmin edərdi: "Nəsir müəllimgildə çox olmuşam. O mənzildə duz-çörək kəsmişəm. Bu yaxınlıq onu mənə daha yaxşı tanıtdı. Yeri gəlmişkən, bir hadisəni yada salmaq istərdim. Nəsir müəllim jurnalistikanın funksiya və prinsiplərindən mühazirə oxuyurdu. Həsən bəy Zərdabidən, Cəlil Məmmədquluzadədən misallar gətirirdi. "Burjua mətbuatı kapitalistin pul kisəsindən asılıdır” - deyəndə, tələbələrdən biri yerdən dilləndi ki, o nə deyən şeydir? Nəsir müəllim çox təmkinlə suala aydınlıq gətirdi və bildirdi ki, burjua cəmiyyətində mətbuat pullu insanların maliyyə dəstəyi ilə çıxır. Bir neçə ölkədən nümunələrə də müraciət etdi. Ümumiyyətlə, Nəsir müəllimin tələbələrə övladı kimi münasibət göstərirdi. Mən dəfələrlə onun şahidi olmuşam”.
 
 
 
Heç vaxt dərsə gecikməyən, nizam-intizamlı müəllim
 
Professor A.Rüstəmov bildirir ki, N.İmanquliyevlə aralarında yaş fərqinə baxmayaraq, onunla çox yaxın münasibəti olub. Professorun sözlərinə görə, vaxtilə jurnalistika fakültəsinin dekanı olduğu üçün həmişə səhər tezdən - dərslərin başlanmasına 10-15 dəqiqə qalmış fakültəyə gəlib, Nəsir müəllimi də birinici saata gələn, heç vaxt dərsə gecikməyən görüb. N.İmanquliyevlə tez-tez söhbət etdiklərini xatırlayan professor onu da qeyd edib ki, ölkədəki ictimai-siyasi vəziyyət, mətbuatın durumu, qəzetlərdə etik normaların gözlənilməməsi və sair kimi mövzular ətrafında saya-hesaba gəlməyəcək fikir mübadiləsi aparıblar. A.Rüstəmov deyir ki, görünür bu söhbətlər onları daha da yaxınlaşdırıb.
 
 
 
"Müəllimlərim barədə təqdimat yazmaq mənim ücün ağırdır”
 
BDU-nun professoru A.Rüstəmov öz müəllimi N.İmanquliyev haqqında bir hadisəni də xatırlayıb: "Keçən əsrin 90-cı ilin əvvəlləri idi. Fakültəyə yeni dekan seçilmişdim. Ölkədə vəziyyət çox gərgin idi. Demək olar ki, hər gün olmasa da, həftədə 3-4 dəfə rektorluğun iclası keçirilirdi. İclasın birində o vaxtkı rektor məni ayağa qaldırıb ağsaqqal müəllimlərimiz Nəsir İmanquliyevlə, Seyfulla Əliyevin işdən azad olunması barədə təqdimat yazmağı tapşırdı. Və dedi ki, növbəti iclasa təqdimatla gəlim. Rektor onların hər ikisinin yaşlı olmasını əsas gətirirdi. Düzü, onun gözlənilməz təklifi məni çıxılmaz vəziyyətdə qoydu. Bircə, çəkinə-çəkinə onu dedim ki, universitetdə onlardan da yaşlıları var. İclas qurtardı, kor-peşiman fakültəyə deyil, evə getdim. Səhərə kimi yata bilmədim. Növbəti iclas başlayan kimi rektorun işarəsi ilə ayağa qalxdım. Təqdimatı soruşdu. Dedim Nəsir müəllim də, Seyfulla müəllim də mənim müəllimlərimdir. Belə bir təqdimat yazmaq mənim ücün ağırdır. Əsəbi halda "Get yaz, gətir” deyib əli ilə qapını göstərdi. Öz otağıma gəldim. Bir Allah bilir nələr çəkirdim. Rektorun adına ərizə yazdım. Yazdım ki, xahiş edirəm məni tutduğum dekan vəzifəsindən azad edəsiniz. Əlimdə ərizə yenidən geri qayıtdım. İçəri daxil olub onu rektora təqdim etdim və dedim ki, dekan vəzifəsindən getməyim barədə ərizədir. Ərizəni almadı, dedi iclasdan sonra gələrsən yanıma. Getmədim. Axşam həm Nəsir müəllim, həm də Seyfulla müəllim mənə zəng vurdu. Görünür kimlərsə onlara məlumat vermişdi. Bircə onu dedim ki, narahat olmayın. Səhəri gün rektor məni çağırdı. Kabinetində əvvəl çox mehriban söhbətimiz oldu. Sonra mənim inadkarlığımı görüb soruşdu: "Niyə yazmırsan, nədən çəkinirsən, belə məsləhətdir”. Dilim dinc durmadı, soruşdum ki, məsləhəti kim verib. Sanki rektoru od götürdü. Elə bil əvvəlki adam deyildi: "Bircə o qalıb ki, rektor dekana hesabat versin, get, sənə bir həftə vaxt verirəm, yaxşı-yaxşı fikirləş" - deyib ayağa qalxdı, qapıya tərəf gəldi. Bu o demək idi ki, otağı tərk elə. Beləcə bir neçə dəfə məni çağırdı və istədiyi təqdimatı ala bilmədi. Aramızda sərinlik yarandı, çalışırdım gözünə az görünəm”.
 
 
 
"Öz vicdan borcumu yerinə yetirdim”
 
Professor A.Rüstəmovun söylədiyinə görə, sözügedən hadisədən xəbərdar olan Nəsir müəllim, onu qucaqlayıb, təşəkkür edib və tövsiyə edib ki, Seyfulla müəllimdən muğayat olsun: "İndi olmasın, məni qucaqlayıb dedi ki, özün yaxşı bilirsən, bütün bunlar mənim başımdadır, çalış Seyfulla müəllim qalsın, mən getsəm də olar, onsuz da iki qəzetin redaktoruyam, sən yeni seçilmisən, qal işlə. Təvazökarlıqdan bir qədər uzaq da olsa, deyim ki, mən sadəcə, öz vicdan borcumu yerinə yetirdim. Hər ikisinin getməsinə imkan vermədim. Mənə elə gəlir ki, müəllimə hörmət qoyan hər bir kəs belə edərdi. O günləri xatırlayanda deyirəm nə yaxşı bəzi insanların sözünə qulaq asmadım. Yoxsa indi müəllim həmkarlarımın, məni tanıyanların üzünə necə baxardım? İndi Nəsir müəllim də, Seyfulla müəllim də haqq dünyasındadır. Allah hər ikisinə rəhmət eləsin. Nəsir müəllim hər zaman mənim və onu tanıyanların xatirində qayğıkeş, uzaqgörən insan, müdrik alim, bacarıqlı müəllim kimi qalıb və beləcə də qalacaq”.
 
Rufik İSMAYILOV
 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219