• cümə axşamı, 07 noyabr, 07:38
  • Baku Bakı 6°C

Müharibəyə hazırlaşırlar?

16.07.21 18:00 570
Müharibəyə hazırlaşırlar?
Ermənistanda yeni yaradılan POGA təşkilatı gənclərə faşist ideologiyası aşılayır
Görünən odur ki, növbədənkənar parlament seçkiləri də erməni cəmiyyətinə nizam-intizam, sabitlik gətirmədi. Xaos və qarşılıqlı ittihamlar, hakimiyyətsizlik fonunda ara-sıra revanşist bəyanatlar da davam edir. Ən acınacaqlısı da odur ki, bu tip bəyanatlar ölkənin ən ali tribunasında oturan şəxslərin dilindən səslənir. Məsələn, prezident Armen Sarkisyan bir qrup müxalifətçi və siyasi fəalla görüşündə növbəti müharibənin süni intellektlə müşahidə olunan müharibə olacağını deyib. Belə aydın olur ki, ermənilər yenə də istək və arzularını, xəyallarını reallıq kimi qəbul edirlər. 44 günlük müharibədə ordusu məhv edilən, siyasi böhran, iqtisadi tənəzzül, dərin sosial problemlər bataqlığında çabalayan Ermənistanın bu cür revanşist fikirlər səsləndirməsi, sadəcə gülüncdür. Maraqlıdır ki, Ermənistan prezidenti bir tərəfdən süni intellektlə idarə olunan silahlardan dəm vurur, digər tərəfdən isə müharibədə ölənlərin ailələrinə, yaralılara pensiya verməyə, yardım göstərməyə pul tapmadıqlarını bildirir. Görəsən, pensiya verməyə vəsait tapmayan bir ölkə süni intellektlə idarə olunan silahları hansı pulla alacaq?! Əhalisini xaricdən gələn ianələr hesabına yaşadan bir ölkəyə belə bahalı silahları almağa kim bu qədər pul verəcək? Yaxşı olar ki, ermənilər belə mənasız xülyalara qapılmaq əvəzinə düşdükləri dərin böhrandan çıxmaq haqqında düşünsünlər.
Yeri gəlmişkən, 44 günlük biabırçı məğlubiyyətdən nəticə çıxarmayan revanşist xətt tərəfdarları son vaxtlar sərhəddə təxribatçı addımlar da atırlar. Bu da onu deməyə əsas verir ki, erməni cəmiyyət hələ də 90-ların eyforiyasından ayılmayıb. "Bəlli olduğu kimi, Qarabağdakı hərbi əməliyyatları dayandıran üçtərəfli bəyanatın imzalanması Ermənistanda birmənalı qarşılanmadı. Cəmiyyətdə sürətlə yayılan dezinformasiya xəbərləri xaosa gətirib çıxardı. Siyasi böhrandan da müxalifət nümayəndələri öz maraqları naminə istifadə etdilər. Mövcud hökuməti "xain" adlandıraraq ətraflarına radikal millətçiləri topladılar və onların köməyi ilə hakimiyyəti qəsb etməyə çalışdılar. Üstəlik, avanqardda "Daşnaksütyun" kimi millətçi siyasi hərəkatlar var idi”. Bu fikirlər Qərbin nüfuzlu "EU Reporter" nəşrində dərc olunan məqalədəndir. Müəllif maraqlı məqamlara toxunur. Bildirir ki, bölgədəki yeni reallığı qəbul edə bilməyənlər yeni müharibələrə hazırlaşır. "Azərbaycanda üçtərəfli bəyanatın məqamlarına əsaslanaraq bölgədə kommunikasiyaların açılması və yeni iqtisadi əlaqələrin qurulmasından danışırlar, lakin Ermənistan fərqli bir yanaşmaya sadiq qalır. Gənclər arasında təbliğat və Qarabağ uğrunda mübarizə çağırışları təhlükəli nəticələrə səbəb ola bilər", - deyə müəllif yazır.
POGA gənclərə Njdenin təlimini yeridir
Və erməni cəmiyyətində revanşist cəhdlərə misal kimi, 2021-ci ildə hərbi-vətənpərvərlik məktəbi adlanan POGA-dan söhbət açılır. Bu qrup Ermənistanda müxtəlif yaş qruplarına mənsub insanları öz yanına dəvət edərək fəaliyyətə başlayıb. Oğlan və qızlara hərbi texnika ilə işləmək, atıcılıq, alpinizm, ilk tibbi yardım, hərbi taktikalar öyrədilir. Təlimə qatılanlar, ən əsası, psixoloji təlim də alırlar. "Məktəb"in fəaliyyəti radikal millətçilik və antitürk təbliğatına əsaslanır. Təşkilatın "Facebook” səhifəsi mütəmadi olaraq Garegin Njde və Monte Melkonyan kimi "qəhrəmanlardan" sitat gətirir. Demək olar ki, hər bir yazıda müharibə çağırışları var: "Düşmən dəyişməyib", "Dincəlməyə haqqımız yoxdur", "Böyük bir güc olacağıq və məğlub olmadığımızı bütün dünyaya sübut edəcəyik", "Xalqın ordusu olmaq üçün daha güclü olmalıyıq". "Məktəbdə" təhsilin pulsuz olması suallar doğurur. Hərbi təlim böyük xərclər tələb edir: personal üçün silah və digər avadanlıqların təchizatı, səyahət xərcləri, yemək və s. POGA-nın maliyyə mənbələri barədə kifayət qədər məlumat olmasa da, təşkilatın erməni diasporundan dəstək aldığı məlumdur. "Facebook”da yerləşdirilən yazılardan birində təşkilatçılar Amerika ermənisi Vrej Qriqoryanın dəstəyinə görə minnətdarlıqlarını bildirirlər. Təlim Yerevanda və digər yerlərdə aparılır. May ayında Tavuş və Lori bölgələrindəki təlimlərdə təxminən 300 nəfər iştirak edib. Təlimin növbəti mərhələsinin Dilican Milli Parkında keçirilməsi planlaşdırılır.
POGA hansı problemlər yarada bilər?
Məqalədə müəllif maraqlı bir məqama da toxunur. Qeyd olunur ki, gənclərin radikal millətçi baxışlarla böyüməsi və gənc şüurun təbliğatla zəhərlənməsi bölgə üçün təhlükəlidir: "Cənubi Qafqazda müharibədən sonrakı yeni siyasi reallıq bölgədəki bütün ölkələr üçün böyük imkanlar yaradıb. Ermənistan və Azərbaycan Cənubi Qafqazda davamlı bir sülh yaratmaq naminə bu imkanlardan istifadə etmək üçün böyük addımlar atmalıdır. Bununla birlikdə, "Daşnaktsütyun” və daşnaklarla ittifaqa girən keçmiş prezident Robert Köçəryan kimi siyasətçilər və POGA kimi təşəbbüslər qonşu ölkə ilə münasibətlərin bərpasını qəti şəkildə rədd edir. POGA ideologiyası ilə yetişən gənclər, Ermənistan və Azərbaycan arasında dialoqun qurulmasının qarşısını almağa və nəticədə xalqlar arasında münasibətlərin normallaşmasına mane olmağa çağırılır.
Ermənistanın özü üçün də təhdiddir
POGA kimi təşkilatlar tərəfindən gənclərin hərbi təlimlərə cəlb edilməsi, ilk növbədə, Ermənistan üçün təhlükəlidir. Ölkədə siyasi böhran davam etdikdə, vətəndaşlar arasında fikir ayrılıqları olduqda, radikal millətçi düşüncəli gənclərin silahla işləmək üçün öyrədilməsi, yaxın gələcəkdə Ermənistan cəmiyyətində problemlərə yol aça bilər. POGA ideologiyası ilə yetişən gənclər fərqli düşünən, müharibə yox, sülh istəyən ermənilərlə qarşılaşacaqlar. POGA məzunları bu erməniləri özlərinə düşmən sayacaqlar. Tarixdə bənzər hadisələr çox olub. Birinci Dünya Müharibəsi dövründə də Osmanlı İmperiyasında "azadlıq mübarizəsinə" başlayan ermənilər, Erməni Kilsəsinin əmri ilə təkcə müsəlmanlar arasında deyil, onlara qoşulmayan ermənilər arasında da qırğın törətdilər. Başqa bir nümunə "Sasna Tsrer” kimi radikalların hərəkətləridir - 2016-cı ildə Yerevanda polis alayına hücum edən bu qrup üzvləri hüquq-mühafizə orqanlarının əməkdaşlarını öldürdülər. Milliyyətçi ideologiyanın təsiri altında hərbi təlim keçən qadınlar daha çox təhlükəlidirlər. Onlar sonradan övladlarını da bu ruhda böyüdəcəklər. Ermənistan hökuməti mövcud vəziyyəti diqqətlə nəzərdən keçirməlidir. Müharibə, yoxsa sülh? Hansı seçim Ermənistan üçün daha yaxşı bir gələcək vəd edir? Radikal millətçi münasibətlərin təsiri altında yetişən və növbəti müharibəyə hazırlaşan gənclər ölkəyə hansı töhfəni verəcəklər?
Azər NURİYEV
banner

Oxşar Xəbərlər