• şənbə, 20 Aprel, 14:00
  • Baku Bakı 23°C

Müharibənin bədii izləri...

02.07.21 17:00 1264
Müharibənin bədii izləri...
Onun yaradılması kimlərdən asılıdır?
Hər hansı bir cəmiyyətin, arxada qalmış müharibənin – insan ömrünə qənim kəsilən qanlı-qadalı günlərin unudulmasına çalışması nə qədər təbii qəbul olunsa da, yaşananların gələcək nəsillərə yaddaş-xatirə formasında çatdırılması da çox önəmli məsələlərdən biridir. Çox vaxt yüz siyasətçinin ən yüksək kürsülərdən dünyaya nümayiş etdirdiyi dəlillər o qədər inandırıcı görünmədiyi halda, tanınmış bir rəssamın çəkdiyi əsər çox güclü təsir vasitəsinə çevrilə bilir. Dünyada Pikasso "Gernika”sının, milli məkanda isə Bəhruz bəy Kəngərli "Qaçqınlar”ının oyatdığı əks-səda bunun əyani təsdiqidir.

Bədxahlarımızın dünyaya "Erməni soyqırımı”nı təsdiqləməyə nə tarixi, nə də bədii dəlil tapmadıqları halda Naxçıvanda yaşayan və bir qarnı ac, bir qarnı tox yaşamasına baxmayaraq özündən sonrakılara nümunə ola biləcək yaradıcılıq cəsarəti və vətənpərvərlik nümunəsi göstərən Bəhruz bəy Kəngərlinin, bilavasitə naturadan çəkdiyi Qərbi Azərbaycandakı dədə-baba yurdundan qovulan qaçqın-soydaşlarımızın 30-a qədər portretləri dünya ictimaiyyətinə təcavüzkar erməni xislətini sübut etmək üçün əvəzolunmaz mənbədir, desək, yanılmarıq.
Bu əsərləri dəyərləndirməli olsaq, deməliyik ki, Bəhruz bəy 1918-1921-ci illərdə Ermənistandakı dədə-baba yurdlarından qovulub Naxçıvana pənah gətirmiş qaçqın soydaşlarımızın portretlərini, bilavasitə yaddaşımızın korşalmamağı üçün işləmişdi. Zamanında bunları ona sifariş edən də, ondan satın alan da olmamışdı. Amma gənc rəssamımız böyük vətənpərvərlik nümunəsi göstərib başımıza gələnlərin bənzərsiz bədii salnaməsini yaratmışdı. Əminik ki, rəssam Canfəda, Avşar və digər kəndlərdən, bölgələrdən olan qaçqınların tükürpədici zahiri görkəmini, gözlərindəki ümidsizlik notlarını əbədiləşdirməklə, sanki bizə bunları unutmamağı vəsiyyət etmişdi.
Əslində, 1918-1920-ci illərdə yaşanan acıların canlı salnaməsi olan bu portretlər silsiləsi danılmaz tarixi sənədə çevrilən, erməni təcavüzünə qarşı sənətkar ittihamı kimi səslənən və heç vaxt mühümlüyünü itirməyəcək tarixi əhəmiyyətli bədii irsdir desək, həqiqəti söyləmiş olarıq. Təkcə elə bu silsiləyə görə vətənpərvərliyi danılmaz olan Bəhruz bəy Kəngərli hər cür təqdirə layiqdir...
Amma XX əsrin əvvəllərində Bəhruz bəy fırçasının gücü ilə əyaniləşən bu sərt "bədii güzgü”nün nəticələri bir qayda olaraq təbliğ olunmadı. Yəqin elə bu səbəbdən də həmin yüzilliyin sonunda məruz qaldığımız növbəti erməni təcavüzü (I Qarabağ müharibəsi) mərhum Vaqif Ucatayın yaratdıqları çoxsaylı əsərlər istisna olmaqla, cəlbedici və təsirli bədii təcəssümünü tapmadı. Bir az da dəqiq və sərt desək, maddi vəziyyəti arzulanan səviyyədə olmayan bəy balası "Qaçqınlar” silsiləsini yaratsa da, ən böyük ümid yerimiz sayılan, əlində hər cür imkanı olan dünya şöhrətli bəzi fırça ustalarımız taleyüklü milli dərdimizi görmürmüş kimi "sərt üslub”lu əsərlərinə xalça "yumşaqlığı” verməklə məşğul oldular. Görünür, mənsub olduqları millətin məruz qaldığı itkilərin miqyası – 20 faiz torpağın itirilməsi, 1 milyona qədər insanın ev-eşiyindən köçkün-qaçqın düşməsi onlara az görünürmüş. İndiki halda başlıca məqsədimiz kimisə ittiham etmək deyil. Amma buna bizim cəsarətimiz çatmasa da, gələcək nəslin, olub-keçənləri layiqincə saf-çürük edəcəyinə əminik...

Çox vaxt müxtəlif ruhlu yaradıcı insanları nələrisə yaratmağa sövq etmək arzuolunmaz sayılsa da, Azərbaycan gerçəkliyində "Layka”ya, "Komsomol”a, "Kolxoz”a, "Kommunizm”ə və neçə-neçə digər "müasir” ilham mənbələrinə mədhiyyə deyənləri də az görməmişik. Unutmayaq ki, bu dünya doğrudan nəhəng bir xəlbirə bənzəyir, onun dəlikləri nə qədər geniş olsa da, olub-keçənləri unutmur, yaddaşında yaşadır...

Bu ağrılı başlanğıcdan sonra gəlirik əsas mətləb üstünə. Umacağımız da elə böyük bir məsələ deyil. Artıq ictimaiyyətin bəzi nümayəndələrinin çıxışlarında haqlı olaraq Azərbaycan rəssamlarının 44 günlük müharibədən sonra Qarabağa getmələri arzu olunur. Axı niyə də getməsinlər? Amma bu günə kimi işğaldan azad olunmuş ərazilərə cəmiyyətin müxtəlif təbəqələrinin səfərləri təşkil olunsa da, hələ ki, rəssamlar müxtəlif səbəblərdən müharibənin izlərini görmək imkanı əldə etməyiblər. Baxmayaraq ki, rəssamların özləri bunu əlaqədar qurumlardan bir neçə dəfə xahiş ediblər.
Yeri gəlmişkən deyək ki, Qarabağ probleminin yaranmasından sonra Rəssamlar İttifaqı İctimai Birliyinin döyüşən ordu - cəbhə arasında davamlı – sıx əlaqəsi mövcud olmuşdur. Bu yerdə qeyd edək ki, otuz bir əvvəl 20 Yanvar qırğını həqiqətlərini əks etdirən videomaterialların dünyaya çatdırılmasında yaradıcı təşkilatın əvəzsiz rolu olmuşdur. Həm I, həm də II Qarabağ müharibəsində vaxtaşırı cəbhə bölgəsindəki əsgərlərimizə maddi və mənəvi qayğılar, o cümlədən onlarda ruh yüksəkliyinin gücləndirilməsinə kömək edə biləcək müxtəlif yardımlar göstərilmişdir.
Əlavə edək ki, hər iki müharibədə İttifaqın dörd üzvü şəhid olmuşdur. Zəfər bayramından sonra V.Səmədova adına salonda təşkil olunan və bu günə kimi nümayiş etdirilən, 1989-2020-ci illərin hadisələrinə rəssam münasibətinin göstəricisi olan "Qarabağ savaşı rəssamların gözü ilə” sərgisini də təsviri sənət ustalarımızın müxtəlif nəsillərinin düşmənin məkrli siyasətinə real - obrazlı münasibətinin ifadəsi saymaq olar. K.Kərimov, V.Ternavski, V.Tatarintsev, A.Quliyev, B.Hacızadə, S. Cəfərli, B.Qasımxanlı, H.Yəhyayev, S.Nəsirov, T.Məmmədov, B.Yəhyayev, E.Mirzəyev, Y.Əsədov və b. müxtəlif mövzulu karikaturalarında erməni şovinizmi kəskin boyalarla tənqid olunmuşdur. Ekspozisiyada yerli rəssamlarla yanaşı Çin, İran və İndoneziya rəssamlarının işləri də yer almışdır. Rəssamlarımız yaşadıqları dövrə özünəməxsus və sərt-real "bədii güzgü” tutduqlarından, yaradılan əsərlərin hər biri həm də tarixi əhəmiyyət daşımaqdadır...

Əgər haqqında söz açdığımız sərginin eksponatları, əsasən rəssam təxəyyülü sayəsində ərsəyə gətirilibsə, indiki durumda yaradıcılarımız hələ də düşmən təcavüzünün izlərini görmək, onları bədiiləşdirməklə, gələcək nəsillərə ötürmək istəyindədirlər. Bu gün dağıdılmış şəhərlərin, kəndlərin, mədəniyyət abidələrinin, memarlıq tikililərinin, ayrı-ayrı evlərin məruz qaldıqları vandalizmin, bilavasitə rəssamlar tərəfindən bədiiləşdirilməsinə böyük ehtiyac var. Qənaətimizcə, rəssam gözü ilə işğal olunmuş məkanlarda ittihamedici gözlənilməz məqamlar üzə çıxarmaq mümkündür. Odur ki, bir qədər gec olsa da, rəssamlar qrupunu Qarabağa ezam etmək lazımdır...

Xatırladaq ki, zamanında bu ənənə Azərbaycan təsviri sənətində mövcud olmuşdur. İkinci Dünya savaşı zamanı Azərbaycan incəsənət ustaları cəbhə bölgəsində olmuş, Şimali Qafqaz uğrunda döyüşlərdə qəhrəmanlıqlar göstərmiş 416-cı Azərbaycan diviziyasının əsgərləri ilə görüşmüşlər. Həmin heyətin tərkibində Xalq rəssamı Kazım Kazımzadə də olmuş, çoxlu sayda cəbhə motivlərini və döyüşçülərin portretlərini işləmişdir. Bu gün həmin bədii irs tarixi keçmişimizi yaşadan sənət nümunələri kimi muzey kolleksiyalarını bəzəməkdədir.
Azərbaycan rəssamlarının alman faşistlərini tənqid edən plakat və karikaturalarına döyüş cəbhələrində də rast gəlmək olardı. Müharibə illərində Bakının bir neçə yerində (Neft-yağ zavodunun, Nizami muzeyinin və indiki Maliyyə Bazarlarına Nəzarət Palatasının binası qarşısında) yaradılan "Təşviqat pəncərəsi" guşələrində rəssamların müharibə mövzusunda əsərləri vaxtaşırı göstərilirdi. Azərbaycan rəssamlarının yaradıcılığının arxa və ön cəbhədə böyük mənəvi-psixoloji təsiri barədə məlumatlar Moskvaya qədər gedib çıxmışdı. Rəssamlarımızın fəaliyyətini yüksək dəyərləndirən Kreml ideoloqlarının 1943-cü ildə Moskvadakı Dövlət Tretyakov Qalereyasında onların sərgisinin təşkilinə qərar vermələri də bu təqdirin ifadəsi olmuşdu.

Bu gün təsviri sənətin ideologiyadan asılı olmayaraq inkişaf etdirilməsi, yaradıcılarımızın müxtəlif nəsillərinin nümayəndələrinin arzuladıqları, o cümlədən də milli-tarixi mövzuları reallaşdırmaq üçün geniş imkanlar açmışdır. Elə çoxsaylı sənətsevərlər də belə əsərləri görmək arzusundadırlar. Bu mənada, indiki halda ildən-ilə müstəqilliyin imkanlarından faydalanan rəssam və heykəltəraşlarımızın yaxın gələcəkdə bu mövzulara müraciət edəcəklərinə inanmaq istərdik. Belə ki, yaşananların inandırıcı və təsirli formada gələcək nəsillərə çatdırılması üçün sənət əsərləri ən yaxşı vasitədir...

Ziyadxan Əliyev,
Əməkdar incəsənət xadimi, professor




banner

Oxşar Xəbərlər