• cümə, 29 Mart, 14:44
  • Baku Bakı 14°C

Müharibələrin səbəbkarı “silah lobbisi”dir?

23.05.19 10:00 564
Müharibələrin səbəbkarı “silah lobbisi”dir?
ABŞ-ın İranla münasibətləri günbəgün gərginləşir. Hətta ABŞ müharibəyə hazırlıq məqsədilə özünün böyük hərbi kontingentini bölgəyə cəlb edib. Lakin İran da buna qarşılıq vermək üçün hazırlıqlar aparır. İndiki halda bütün dünya iki ölkə arasında baş verənlərin hansı təsirlərinin ola biləcəyini nəzərdən keçirir. ABŞ-la İranın hansı səbəblərdən qarşı-qarşıya gəlməsi məsələsi də müzakirə mövzusudur. İranla nüvə razılaşması əldə edildiyi halda, ABŞ-ın bu razılaşmadan çıxamsı ilə bağlı da cavabsız suallar mövcuddur. Bununla bağlı müxtəlif versiyalar səslənir. Bu versiyalardan biri də ABŞ-dakı hərbi sənaye kompleksinin müharibədə maraqlı olması məsələsidir. Bu məsələ ilə bağlı ABŞ Prezidenti Donald Trampın "Fox News” telekanalına açıqlaması şok effekti yaradıb. Belə ki, telekanalın İranla müharibənin olub-olmayacağı sualına cavabında Tramp, belə savaşa girmək istəmədiyini, ancaq onu məcbur etdiklərini deyib: "Bu ölkədə hərbi-sənaye kompleksi var, onlar daim müharibə istəyirlər. Hərbçilərimizi Suriyadan çıxarmaq istəyirəm, bəziləri çılğına dönür. Vaşinqtonda elə insanlar var ki, heç bir yerdən çıxmaq istəmirlər. "Yaxşı, Suriyada bir neçə yüz əsgər saxlayarıq” dedim. Amma onlara qalsa, əlavə əsgər göndərərdik”.


Bütün bunlar onu deməyə əsas verirmi ki, son illər dünyanın müxtəlif yerlərində baş verən müharibələrin və münaqişələrin əsas səbəbkarı ABŞ hərbi sənaye komplekslərinin rəhbərləridir? Bir halda ki, silah istehsal olunursa, deməli, ondan istifadə etmək lazımdır. Silahdan kimə qarşı istifadə olunmalıdır? Təbii ki, düşmənə qarşı. Əgər bu düşmən yoxdursa... Onda onu yaratmaq vacibdir.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlubildirdi ki, Amerikada hərbi sənaye kompleksi böyük gücə malikdir: "İllərdir universitetlərdə, məktəblərdə və ya kitabxanalarda nə qədər qətliamlar baş verir. Hansısa tələbə öz yoldaşlarını qətlə yetirir və sair. Hamı bilir ki, əldə bu qədər silah olması doğru deyil, Konqresdə bununla bağlı qanun qəbul edib vətəndaşlara verilən silahları məhdudlaşdırmaq lazımdır. Bunu bir çox prezidentlər, ictimai xadimlər desələr də, Konqresdə bununla bağlı qanun qəbul edə bilmirlər. Çünki ABŞ-da hərbi sənaye kompleks, silah satan lobbi çox güclüdür. Əlbəttə ki, hərbi sənaye kompleksi Amerikanın xarici siyasətinə də təsir etmək iqtidarındadır. Ümumiyyətlə, ABŞ prezidentlərinin hər birinin dövründə kiçik və ya böyük müharibələr olub. Ronald Reyqanın dövründə Qrenada adasını ələ keçirdilər, Bill Klinton Yuqoslaviyada müharibəyə qoşuldu, ata Buş Küveytin azad edilməsi məqsədilə İraqla müharibə apardı, oğul Buş yenidən İraqa müdaxilə əmri verdi. Trampın dövründə elə bir müharibə olmayıb, amma görünür ki, hansısa müharibənin hazırlıqları gedir. Əvvəl Şimali Koreya hədəfdə idi, lakin onunla müəyyən qədər dialoq quruldu. İndi əsas hədəf İrandır. Ancaq İran nə Suriyadır, İraqdır, nə də Liviyadır və bu dövlətlərin heç birinə bənzəmir. İranla müharibə bir çox dövlətlərə, elə bölgənin özünə baha başa gələ bilər. Əslində indiki halda hər iki tərəf müharibədən çəkinir”.

E.Şahinoğlu vurğuladı ki, hərbi sənaye kompleksinin Trampı İranla müharibəyə sövq etməsinin səbəbi bilinmir: "Lakin Trampın özü İrana qarşı sərt siyasət yürüdüb. O, başqa bir açıqlamasında bildirirdi ki, İran bizimlə zarafat etməsin. Bu nəyə işarə idi? Son günlər körfəzdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin tankerlərinə hücum olub. ABŞ şübhələnir ki, bu hücumların arxasında İranın dəstəklədiyi silahlı qruplar var. Sanki Tramp da demək istəyir ki, İran ABŞ-ı təxribata çəkir. Əlbəttə ki, Trampa təsir edən bir qüvvə də ölkə daxilindəki hərbi sənaye kompleksidir. Çünki hərbi sənaye kompleksinin əsas məqsədi təkcə ABŞ-da yox, bütün dünyada məhsullarını satıb gəlir əldə etməkdir. Hərbi məhsulların da satılması üçün ondan istifadə edilməlidir. Misal üçün, Rusiya Suriyaya ona görə müdaxilə etdi ki, ilk olaraq Əsədi qorusun, digər məqsədi isə modern silahlarını müharibə şəraitində sınaqdan keçirsin. Bu işi ABŞ hərbi sənaye kompleksinin başında duran şəxslər də həyata keçirmək istəyirlər. Sadəcə olaraq, onlar hesablamırlar ki, İranla müharibə hamıya baha başa gələ bilər. Ona görə də onlar nə qədər müharibə istəsələr də, səlahiyyət prezidentin əlindədir. Tramp onların qarşısını ala bilər, yetər ki, onun belə bir istəyi olsun”.

Politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, İranla bağlı 2006-cı ildə müharibə şəraiti yetişmişdi: "Hətta həmin dövrdə heç kimdə şübhə qalmamışdı ki, ABŞ İrana zərbələr endirəcək. Amma nəticədə gördük ki, ABŞ-la İran arasında hər hansı qarşıdurma baş vermədi. Hesab edirəm ki, bu dəfə də ABŞ-la İran arasında gərginlik hərbi qarşıdurma vəziyyətinə keçməyəcək. Bunun səbəblərindən birincisi odur ki, belə qarşıdurma baş verərsə, bu ABŞ-ın özü üçün də uzunmüddətli bir müharibə ola bilər. Çünki İran da kifayət qədər potensiallı bir ölkədir və bu baxımdan müharibənin qısa zaman kəsiyində ABŞ-ın qələbəsi ilə başa çatacağını düşünmək sadəlövhlükdür. Ən azından İran İraq deyil. ABŞ regionda kifayət qədər yüklüdür. Yəni Suriya məsələsi ABŞ üçün açıqdır. Bundan başqa Amerika Əfqanıstanda hərbi mövcudluğunu saxlamalıdır, İraqda hərbi kontingent mövcuddur. Yəni bütün bu yüklərin olduğu bir şəraitdə yeni bir yük ABŞ üçün arzuolunan olmayacaq. Digər məsələ isə ondan ibarətdir ki, hərbi qarşıdurma baş verərsə, bu, bütövlükdə region ölkələrinin ərazilərində, xüsusilə İraqda çox böyük gərginliyin yaranacağı ehtimalının artırar. Hesab edirəm ki, bütün bu hesablamaları və digər məqamları nəzərə alaraq ABŞ hərbi qarşıdurmanın baş verməsinə getməyəcək”.

E.Mirbəşiroğlu əlavə etdi ki, ABŞ-la İran arasında gərginliyi şərtləndirən, təkcə hərbi sənayesinin istəyi deyil: "Amma bu amili də kənara qoymaq mümkün olmur. Çünki belə müharibələr zamanı hərbi sənaye əlavə böyük gəlirlər əldə edir. Digər yandan, hərbi texniki təchizatda bir yenilənmə baş verir. Köhnə silahlar bir növ dövriyyəyə buraxılmış olur və onun yerini yeniləri tutur. Yəni bu amilin kifayət qədər nəzərə alınması vacib olan məsələdir. Amma hesab edirəm ki, daha ciddi məqamlar mövcuddur. Birincisi, nəzərə almaq lazımdır ki, ABŞ regionda özünün strategiyasını istədiyi şəkildə həyata keçirə bilmir və bunda İranı günahkar görür. Digər bir məqam isə odur ki, ABŞ-ın regiondakı yaxın müttəfiqləri bu gərginlikdən öz payını almaq istəyir. Bu mənada Səudiyyə Ərəbistanını, İsraili xüsusi qeyd etmək olar. Hesab edirəm ki, bu amillərdən asılı olaraq, ABŞ-ın, İrana qarşı müharibə imitasiyası yaratmaqla, Rusiya ilə hansısa sövdələşməyə getmək niyyəti də ola bilər”.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər