• cümə axşamı, 28 mart, 19:30
  • Baku Bakı 13°C

Müharibədən sonrakı tənəzzül

23.04.21 17:30 876
Müharibədən sonrakı tənəzzül
Ermənistandakı siyasi, mənəvi və iqtisadi böhran yeni impuls toplayır
Dünya hərb tarixinə qızıl hərflərlə həkk olacaq 44 günlük İkinci Qarabağ zəfəri 30 il işğal altında olan Azərbaycan torpaqlarını azad edilməsi ilə yanaşı, tarixin ən böyük ədalətsizliyinə son qoymuş oldu. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və erməni silahlı qüvvələri Azərbaycanın tarixi torpağı olan Qarabağı tərk etməyə məcbur oldu. Gözlənildiyi kimi, Ermənistanın məğlubiyyəti və hərbi heyət arasında böyük itkilər ölkədə ictimai-siyasi böhrana səbəb oldu - baş nazir Nikol Paşinyanın istefası tələbi ilə kütləvi etirazlar başlandı. Sonrakı aylarda Ermənistanda siyasi gərginlik bir qədər səngisə də, etirazlar hələ də davam edir. Bütün bunlarla yanaşı, müharibə Ermənistan üçün iqtisadi problemlər də yaratdı. Sirr deyil ki, ölkə iqtisadiyyatı illər uzunu xaricdən gələn yardımlardan asılı olub. Müharibə ilə əlaqədar yaşanan maliyyə problemləri iqtisadiyyatın müxtəlif sahələrində vəziyyəti daha da gərginləşdirdi. Beləliklə, erməni, rus və Qərb mediasına istinadən ,ölkə iqtisadiyyatının müxtəlif sahələrinin düşdüyü vəziyyəti analiz edək.

Müdafiə sferası

Ən sadə hesablamalara görə, Ermənistan Silahlı Qüvvələrinin məhv edilən və ya qənimət olaraq götürülən hərbi texnikasının dəyəri 3,8 milyard dolları keçib. Son on ildə Ermənistanın illik müdafiə xərcləri iki dəfə artaraq 716 milyon dollara çatıb. Hərbi xərclərin ÜDM-ə nisbəti dünyada ən yüksək göstəricilərdən biridir. 2019-cu ildə bu rəqəm Rusiya və ABŞ-dan daha çox, demək olar ki, 5 faizə çatdı. Ancaq böyük hərbi xərclərə baxmayaraq, Ermənistan müharibədəki məğlubiyyətdən və maddi ziyandan qaça bilmədi. İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi texnikasının dəyəri son on ildə xərclənən ümumi hərbi xərclərin 77% -ni təşkil edirdi. Nəticə isə belə oldu ki, Ermənistan ordusu döyüş hazırlığını itirdi və görünən odur ki, onun yenidən qurulması uzun illər çəkəcək.

Energetika və aqrar sektor çöküb

Ermənistan, təxminən otuz illik işğal müddətində əsarətdə saxladığı Azərbaycan ərazilərində təbii sərvətləri vəhşicəsinə, qanunsuz istismar edib. İşğal olunmuş ərazilərin böyük enerji potensialına malik olduğu bəllidir. Orada yerləşən hidroelektrik stansiyalar (SES) qanunsuz olaraq məskunlaşmış erməni əhalisinin enerji tələbatının ödənilməsində mühüm rol oynayırdı. 2018-ci ildən bəri istehsal olunan artıq enerji Ermənistana ixrac olunur və bu, ölkənin enerji təchizatının 7% -ni təşkil edib. Müharibə nəticəsində Ermənistan elektrik enerjisi istehsalının 53% -ni təşkil edən və əvvəllər işğal olunmuş ərazilərdə fəaliyyət göstərən 36 Su-Elektrik Stansiyasından 30-u üzərində nəzarəti itirdi. 2020-ci ildə Ermənistan Qarabağdan 330 milyon kilovat saata yaxın elektrik enerjisi idxal etməyi planlaşdırırdı, lakin müharibə səbəbindən həcmin yalnız bir hissəsi idxal edildi. Mövcud durum belədir ki, Qarabağdan idxalın itirilməsi səbəbindən Ermənistan elektrik enerjisi çatışmazlığı ilə üzləşib. İndi ölkə təkcə yerli tələbatı ödəmək üçün enerji idxal etməməli, həm də Qarabağda qalan erməni əhalisi üçün elektrik enerjisi ixrac etməlidir. Ermənistanda elektrik çatışmazlığını aradan qaldırmaq üçün qazla işləyən istilik elektrik stansiyalarının payını və ya xaricdən gətirilən elektrik enerjisinin həcmini artırmaq lazımdır. Hər iki halda da bu, ölkədə enerji qiymətlərinin artmasına səbəb olacaq. Fevraldan bəri Ermənistanda əhali üçün elektrik enerjisi qiymətləri təxminən 7% artıb və tariflərdə yenə də artım gözlənilir. Eləcə də, əvvəllər işğal olunmuş ərazilərin kənd təsərrüfatı resursları da Ermənistan tərəfindən istismar edilirdi. Əkin sahələri və otlaqlarla zəngin olan ərazilər bitkiçilik və heyvandarlıq məhsullarının inkişafı üçün böyük potensiala malikdir. Qarabağdan idxal olunan kənd təsərrüfatı məhsulları Ermənistanda ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırdı. Müharibə nəticəsində bu ərazilərdəki əkin sahələrinin 90 min hektarı və ya 90% -i Azərbaycanın nəzarətinə qayıtdı. Bu əkin sahələrində ildə 150 min ton taxıl məhsulları istehsal olunurdu ki, bunun da 66% -i Ermənistana ixrac olunurdu. Qarabağdan taxıl idxalı Ermənistandakı tələbin 25% -ni ödəyirdi. Buna görə də, potensial qida böhranının qarşısını almaq üçün Ermənistan hökumətinin digər ölkələrdən taxıl idxalını əhəmiyyətli dərəcədə artırması lazımdır. Ancaq idxal olunan taxıl payının artması, inflyasiyanı artıracaq və ölkədəki sosial vəziyyəti pisləşdirəcək.

Maliyyə sektoru çökür

Müharibə, həm də Ermənistandakı maliyyə sektoruna ciddi təsir göstərdi. Müharibə xərclərinin artması səbəbindən büdcədə kəsir sürətlə artır. 2020-ci ilin oktyabrında dövlət büdcəsinə edilən dəyişikliklərə əsasən, büdcə xərcləri təxminən 85 milyon dollar artırıldı. 2020-ci ildə edilən dəyişikliklər nəticəsində büdcə xərcləri ÜDM-in 27 faizinə çatdı və büdcə kəsiri ilkin proqnozla müqayisədə üç dəfə artıb və ÜDM-in 7,6% -ni təşkil edib. Bütün bu dəyişikliklər ölkələrin maliyyə təhlükəsizliyinin əsas göstəricilərindən biri hesab olunan xarici borcun ÜDM-ə nisbətində əks olunan əhəmiyyətli iqtisadi risklər yaratdı. Sözügedən problemlər maliyyə böhranını daha da artırdığından, hökumət indi 2021-ci il üçün planlaşdırılan büdcə layihələrini həyata keçirə bilmir. Hökumət dövlət aparatının saxlanılması xərclərini (10%) və hərbi xərcləri azaltmağı planlaşdırır. Maliyyə problemləri makroiqtisadi vəziyyətə təsir göstərib. İlkin 5% proqnozuna baxmayaraq, müharibə ÜDM-in 2020-ci ilin sonunda təxminən 8,5% azalmasına səbəb oldu və bu, bölgədəki digər ölkələrə nisbətən iqtisadi inkişafın ən pis göstəricisi idi. Müharibə milli valyutanın - dramın məzənnəsinə də birbaşa təsir göstərib. Müharibənin başlanğıcından 2021-ci ilin martına qədər adambaşına düşən milli gəlir, təxminən 8.6% azaldı. Valyuta və infilyasiya risklərinin daha da aşağı düşməsini dayandırmaq üçün Ermənistan Mərkəzi Bankı yenidən maliyyələşdirmə dərəcəsini iki aydan az müddətdə iki dəfə artırdı: 2020-ci ilin dekabrında - təxminən 1% - 5,25%, fevralda - 5,5%.
Bir sözlə, müharibə Ermənistan iqtisadiyyatına ciddi təsir göstərib. İqtisadiyyatın xarici borcdan asılılığı artırıb. İşğal olunmuş ərazilərin itirilməsi nəticəsində Ermənistan enerji və ərzaq çatışmazlığı ilə üzləşdi ki, bu da qiymətlərin və xalqın narazılığının artmasına səbəb olacaq. Kiçik maliyyə mənbələri və pisləşən makroiqtisadi göstəricilər ölkənin iqtisadi inkişaf perspektivlərini pozur. Beləliklə, müharibədən iqtisadi ziyan Ermənistanın maliyyə təhlükəsizliyini pozaraq uzunmüddətli perspektivdə ciddi iqtisadi nəticələrə səbəb olacaq. Qonşulara qarşı təcavüzkar siyasət heç vaxt inkişafı təşviq etmir və Ermənistanın sürətli iqtisadi dirçəlişə nail olmasının yeganə yolu regional layihələrə qoşulmaqdır. Məsələn, "Yerevan.today” nəşri yazıb ki, Ermənistanda dövlət borcu durmadan artır. Nikol Paşinyan hökuməti maaş və təqaüd vermək üçün xarici borcu belə cəlb edir. Ermənistan hökuməti götürülmüş borcu iqtisadiyyata yatırmır, əlavə dəyər yaratmır və bunun xidməti perspektivsiz olur. Nikol Paşinyanın baş nazirlik dövrünün əvvəlindən (2018-ci ilin may ayı) 2021-ci ilin fevral ayına qədər Ermənistanın dövlət borcu aşağıdakı mənzərəyə sahib olub: Ümumi dövlət (daxili və xarici) borcu 2018-ci ilin mayında 6 milyard 704 milyon dollar, 2021-ci ilin fevralında 8 milyard 722 milyon dollar, yəni 2 milyard 18 milyon dollar artım olub. Orta illik artım 672 milyon dollar təşkil edib.

İqtisadiyyat çökür, çıxış yolu isə...

Ermənistan iqtisadiyyatı çöküş yaşamağa davam edir, hər halda, rəsmi rəqəmlər bunu sübut edir. Bu barədə "Joğovurd” nəşri yazır. 2019-2021-ci illərdə Ermənistan iqtisadiyyatını xarakterizə edən əsas makroiqtisadi göstəricilər haqqında nəşrdən məlum olub ki, məsələn, 2021-ci ildə iqtisadi aktivlik göstəricisi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 92.5 faiz təşkil edib, halbuki 2020-ci ilin yanvarında 2019-cu ilin eyni dövrü ilə müqayisədə 109.2 faiz təşkil edirdi. Başqa bir göstərici: 2021-ci ilin yanvarında ticarət dövriyyəsi 186,933.0 milyon dram təşkil edib ki, bu da 2020-ci və 2019-cu illərin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 20,396.2 və 868.6 milyon dram azdır. 2021-ci ilin yanvarına olan vəziyyətə əsasən, iş axtaranların sayı 88929 nəfər təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrünün göstəricisindən 3543 nəfər və ya 4.1 faiz, 2019-cu ilin eyni dövrünün göstəricisindən isə 7015 nəfər və ya 8.6 faiz çoxdur. "Past” qəzetində dərc olunan məqalədə isə qeyd olunub ki, Ermənistandakı siyasi, mənəvi və iqtisadi böhran yeni impuls toplayır. "Davam edən koronavirus pandemiyası və səhiyyə sisteminin həddindən artıq yüklənməsi vəziyyəti daha da ağırlaşdırır. Epidemiyanın üçüncü dalğası artıq bir reallıqdır, ancaq epidemiya vəziyyətinə uyğun bir nəzarət yoxdur, bu şərtlərdə isə infeksiyanın yayılmasını dayandırmağa yönəlmiş xüsusi addımlar atmaq barədə danışmaq mənasızdır. Buna iş mühitinin pisləşməsi nəticəsində investisiyaların azalmağa davam etdiyi və müəssisələrin fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldıqları zaman iqtisadiyyatın çöküşü əlavə olunur. Biznes fəaliyyətinin pozulması nəticəsində dövlət büdcəsinə ödənilən məbləğlər azalır, paralel olaraq büdcəyə dövlət borcu yükü artır. Səlahiyyətlilər isə yalnız və yalnız xaricdə istiqraz yerləşdirə və maaş ödəyə bildiklərindən məmnun ola bilərlər. Digər tərəfdən, dramın davamlı devalvasiyası və gündəlik artan qiymətlər var”, - deyə nəşr yazıb.
Beləliklə, Ermənistan iqtisadiyyatının əksər sektorları ciddi problemlərlə üzləşib və iflas astanasına gəlib. Nikol Paşinyan hökumətin ölkənin makroiqtisadi sabitliyini təmin etməyi bacardığını nə qədər bəyan etsə də, bundan iqtisadiyyatın real vəziyyəti dəyişmir. Çıxış yolu cəmiyyətdə hələ də hökm sürən revanşist əhval-ruhiyyədən qurtulmaqdır. Əks təqdirdə böhran Ermənistanın bir dövlət kimi məhvinə gətirib çıxaracaq.

Azər NURİYEV


banner

Oxşar Xəbərlər