AZE | RUS | ENG |

Müharibədə olmayanın “döyüş xatirələri”

Müharibədə olmayanın “döyüş xatirələri”
AXCP sədri Əli Kərimli nəinki Qarabağda döyüşüb, heç əlindəki silahla boş butulkaya da atəş açmayıb

Əsgərlik kişilik məktəbidir! Gözümüzü açandan, ağlımız kəsəndən böyüklərimizin oğlan uşaqlarına dediyi söz, verdiyi əsas öyüd-nəsihətlərdən biri də budur. Ona görə də hər bir azərbaycanlı oğlan böyüyəndə hərbi xidmətə getməyi, bu kişilik məktəbində xaraktercə bərkiyib möhkəmlənməyi, Vətən qarşısında borcunu yerinə yetirməyi özünə şərəf bilir. Lakin çox təəssüflər olsun ki, bəzi hallarda bu şərəfli yolu getməkdən boyun qaçıran, müxtəlif bəhanələrlə fərarilik edənlər də tapılır. Yaxud, xidmət müddətində nümunəvi davranış ortaya qoya, komandanlığın verdiyi əmrləri lazımi qaydada yerinə yetirə bilməyən, nizam-intizamsız, məsuliyyətsiz şəxslər də tapılır. Belələri qürurla xidmət etmək əvəzinə, onun-bunun kölgəsində sürünür, xidmət müddəti başa çatandan sonra isə dost-tanışa öz "qəhrəmanlıqlarından” gen-bol söhbət açırlar. Bu tip insanlara nümunə kimi radikal çağırışları ilə diqqət çəkən, hakimiyyətdə olduqları müddətdə ölkəni fəlakətə, məhv olmaq təhlükəsinə sürükləyən Əli Kərimli və onun sırasında yer alan bəzilərini göstərmək olar. Acınacaqlı haldır ki, belə adamlar buraxdıqları səhvlərindən heç bir nəticə çıxarmır, əksinə, daim antimilli və qeyri-konstruktiv fəaliyyət ortaya qoyurlar.
 


Xatırladaq ki, 1991-1993-cü illərdə ölkəni təhlükəli böhran həddinə çatdıran, hakimiyyəti itirdikdən sonra radikal müxalifətçilik yolu tutmuş Əli Kərimli xaraktercə qorxaq, cəsarətsiz, pula həris, öz mənafeyini milli maraqlardan üstün tutan, mənsub olduğu komandanı belə öz siyasi iddiaları naminə istismar edən birisidir. Onunla eyni vaxtda tələbə təşkilatlarında, daha sonra AXCP-də təmsil olunmuş şəxslərin qeyd etdiyi kimi, nə o, nə də onun ailə üzvləri torpaqlarımızın müdafiəsində heç vaxt iştirak etməyib, Azərbaycanın ordu sıralarında xidmət keçməyiblər. Ə.Kərimli komsomol katibi kimi vaxtilə özünümüdafiə dəstələrinə köməyə gedən tələbələrə baş çəkmək üçün rektor tərəfindən Laçına göndərilib. Lakin o, bu gün ictimai rəyi aldatmağa çalışır və bunu Qarabağın müdafiəsində iştirak kimi qələmə verir. Halbuki, Ə.Kərimlinin bu iddiaları onu tanıyanlar tərəfindən ikrahla qarşılanır.
 
 

Vaxtilə AXCP-də Ə.Kərimlinin yaxın silahdaşlarından biri sayılan, hazırda BAXCP-nin sədri olan millət vəkili Qüdrət Həsənquliyev mediaya müsahibəsində bu barədə fikir bildirib. Qeyd edib ki, Ə.Kərimlinin tələbə olarkən Qarabağa döyüşməyə getməsi ilə bağlı söylədikləri yalandır. Onun sözlərinə görə, Ə.Kərimli nəinki döyüşüb, heç əlindəki silahla boş butulkaya da atəş açmayıb: "Həmin vaxt biz Bakı Dövlət Universitetində qərara aldıq ki, tələbələr Laçına - özünü müdafiə dəstələrinə köməyə getsin. Həmin vaxt ciddi döyüşlər getmirdi, sadəcə, kəndin kənarında müşahidə postlarında dayanmalı idik. Universitet rəhbərliyinin də təşkilatçılığı ilə iki qrup yaradılması barədə qərar qəbul olundu. Çox dərs buraxılmaması üçün qruplar növbə ilə bir-birini əvəz etməli idi. Birinci qrup gedəndən bir müddət sonra Əli Kərimli komsomol təşkilat katibi kimi rektor tərəfindən onlara baş çəkmək üçün göndərildi və o da gedib həmin şəkli çəkdirib qayıtdı. O həmişə deyəndə ki mən vuruşmağa getmişdim, mən dəhşətə gəlirəm. 100-dən artıq adamın bildiyi bir hadisə haqqında utanmadan necə ağ yalan danışmaq olar?!”
 
 

Göründüyü kimi, Ə.Kərimlinin söylədikləri uydurma olmaqla, cəmiyyəti aldatmağa, özünü "qəhrəman” obrazında tanıtmağa hesablanmış uğursuz cəhddir. Atalar belə yerdə yaxşı deyiblər ki, oğurluğun, yalanın ömrü 40 gün olar. AXCP sədrinin özündən "qəhrəman” düzəltmək yalanı da belə qısa ömürlü oldu. Yaşlı və orta nəsil şahiddir ki, Ə.Kərimlinin təmsil olunduğu hakimiyyətin ardıcıl səhvlərinin, naşılığının nəticəsində 1990-cı illərin əvvəllərində Azərbaycan ciddi problemlərlə üz-üzə qalmışdı. Ölkə daxilində anarxiya və xaos, vətəndaş qarşıdurması, özbaşına silahlı dəstələrin hökmranlığı, iqtisadiyyatın talan olunması, Ermənistanın təcavüzünə və torpaqlarımızın işğalına baxmayaraq, ölkəmizə qarşı sanksiyaların tətbiq edilməsi məhz siyasətdən uzaq və mağara təfəkkürlü şəxslərin idarəçiliyinin acı nəticələri idi. Bu, bir reallıqdır ki, Ə.Kərimli dövlət katibi postunu tutduqdan sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vahid konsepsiyanın hazırlanması da daxil olmaqla, xarici siyasət sahəsi ona həvalə olunmuşdu. Amma başı daha mühüm işlərə - məsələn, "Moskva” və "Naxçıvan” mehmanxanalarının satışının tənzimlənməsinə qarışan dövlət katibi öz fəaliyyəti ilə sübut etdi ki, onun şəxsi maraqları ən ümdə ümummilli problemdən də üstündür. Təsadüfi deyil ki, bədnam 907-ci düzəliş də Ə.Kərimlinin mənsub olduğu hakimiyyətin dövründə Azərbaycana tətbiq olunub.
 


Bunlarla yanaşı, 1999-cu ildə Qarabağla bağlı birləşmiş müxalifətin keçirəcəyi mitinqin Ə.Kərimlinin ABŞ səfirliyindən böyük miqdarda pul almasından sonra ləğv edilməsi bu gün yaşlı və orta nəslin yaddaşından silinməyib. Ümumiyyətlə, Ə.Kərimlinin bütün siyasi bioqrafiyası Azərbaycan dövləti və xalqı ilə düşmənçilik üzərində qurulub. O, şəxsi maraqlarını reallaşdırmaq üçün təmsil olunduğu hakimiyyətin laxladılmasından, ictimaiyyət arasında Əbülfəz Elçibəyin gözdən salınmasından, onun ətrafının partiyadan uzaqlaşdırılmasından, gənclərin zombiləşdirilməsindən və digər bu kimi addımlardan çəkinməyib. Ə.Kərimli eks-prezident Ə.Elçibəyin vəfat etdiyi gün onun birinci müavini ola-ola, öz sədrinin əleyhinə "Azadlıq” qəzetində biabırçı yazılar yazdırıb, təhqir dolu məqalələrin yayımlanmasını sifariş edib. Qətiyyətlə demək olar ki, indiyə qədər ölkədə baş verən istənilən hadisəni təhrif edərək, hətta özünün "döyüş yolu keçməsinə” dair yalanlar uyduraraq ictimai rəyi çaşdıran Ə.Kərmili heç vaxt Azərbaycan dövlətinin və xalqının yanında olmayıb, daim öz ətrafındakılara xəyanət edib. 
 
 

"Yurddaş” Partiyasının sədri Mais Səfərli hesab edir ki, AXCP sədri Ə.Kərimli zaman-zaman müxtəlif yalanlar uyduraraq gündəmdə qalmağa, xarici dairələrin gözünə girməyə çalışır. Onun sözlərinə görə, "döyüş yolu keçən bu qəhrəman” həm elektoratsız partiyası, həm də AXCP tör-töküntülərindən ibarət Milli Şura adlı kiçik qurum vasitəsilə cəmiyyətə təsir göstərməyə çalışır. Lakin 90-cı illərin əvvəlində AXC-Müsavat hakimiyyətinin yarıtmazlığını unutmayan xalqımız onlara, xüsusən də Ə.Kərimli kimi radikallara etimad göstərmir: "Reallıq ondan ibarətdir ki, Milli Şura AXCP-nin tör-töküntülərindən ibarət olan kiçicik bir qrupdur. Orada başqa heç bir qüvvə yoxdur. Ona görə də, bunlar ictimai rəyə təsir etmək qabiliyyətinə malik olmaq üçün müəyyən təşəbbüslərlə çıxış edir, müxtəlif yalanlar, iddialar ortaya atırlar. Onlar tərəfindən səslənən fikirlər boş-boş iddialardır. Sadəcə olaraq, Əli Kərimli Qərb dövlətləri qarşısında yaxşı görünmək üçün belə anormal hərəkətlərə əl atır. İndiyə qədər ölkədə cərəyan edən prosesləri nəzərdən keçirsək, konkret faktlara istinad etsək, görəcəyik ki, Əli Kərimli və digər müxalif ünsürlərin dedikləri yalnız boş-boş sözlərdir. Onların bu çabalarının heç bir mənası, heç bir nəticəsi yoxdur”.
 
 

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov da bildirib ki, son dövrlər Ə.Kərimli müxtəlif qeyri-ciddi fikirlər səsləndirməkdə, ictimai rəyi çaşdırmaq üçün çabalar göstərməkdədir. O, müxalifətin bugünkü acınacaqlı duruma düşməsinin əsas günahkarlarından birinin məhz Ə.Kərimli olduğunu vurğulayıb. Deyib ki, AXCP sədri xüsusi ambisiyaları ilə müxalifətə çox ciddi zərbə vurub: "Əli Kərimli kinli xarakterə malik olan bir insandır. Bu insanın xarakterində yalnız özünü bəyənmək, başqalarından özünü üstün tutmaq xəstəliyi var. Ona görə də onun bütün çağırış və fikirləri mənasızdır. Zaman-zaman Əli Kərimli ortaya atdığı fikirlərlə, iddialarla fərqlənmək istəyib, amma hər biri də iflasa uğrayıb. Səbəb ondan ibarətdir ki, Əli Kərimli xaricidən aldığı müəyyən tapşırıqla hər zaman bu cür fəaliyyətdə bulunur. Təəssüf ki, radikal müxalifət düşərgəsinə liderlik etmək istəyənlərin hər biri bu cür fəlakətə düçar olub. Belə hallarla özünü gündəmdə saxlamaq isə, əslində görüntüdən başqa bir şey deyil”.
 
AZAD

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967