Müəllimlərin attestasiyasının sertifikasiya ilə əvəz edilməsi

Bir müddət əvvəl Azərbaycanda
orta məktəb müəllimlərinin həm attestasiyası, həm də sertifikasiyasının yalnız
ölkə üzrə bütün müəllimlərin bilik və bacarıqlarının diaqnostik
qiymətləndirməsi başa çatdıqdan sonra həyata keçirilə biləcəyi deyilirdisə, bu
gün bu sahədə vəziyyət dəyişməyə doğru gedir. Hətta attestasiyanın tətbiqinin
daha geniş formada həyata keçiriləcəyinin düşünüldüyü bir vaxtda, Azərbaycanın
dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiyasının ləğv ediləcəyi
və onların sertifikasiyadan keçiriləcəyi xəbəri gündəmdə yer alıb. Əmək
Məcəlləsinin 66-cı (attestasiya olunmayan işçilər) maddəsinə əlavə edilən yeni
bəndə əsasən, dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlər
attestasiya olunmayacaq, sənədə təklif edilən yeni dəyişikliyə görə müəllimlər
sertifikasiyadan keçiriləcək. Yeni dəyişikliyə görə, ölkəmizdə dövlət
ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildən bir
sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti
sertifikasiyaya qədər (5 illik) olacaq. Layihədə bildirilir ki,
sertifikasiyadan təkrar keçməyən müəllimlərlə əmək münasibətləri Əmək
Məcəlləsinə uyğun tənzimlənəcək.
Qeyd edək ki,Milli Məclisin mayın 31-də keçiriləcək
plenar iclasında müzakirəyə çıxarılacaq məsələ təhsil ekspertləri tərəfindən
birmənalı qarşılanmır.
Milli Məclisin Elm və
Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli «Kaspi»yə
açıqlamasında dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiyasının
ləğvinin və sertifikasiyadan keçiriləcəyinin hələ müzakirə olunacağını qeyd
etdi: «Bunlar incə məsələlərdir. Ona görə də hələ müzakirə olunur. Parlament
bununla bağlı qərar verəcək».
Attestasiyanın ləğvini əhəmiyyətli hesab edən təhsil eksperti Asif Cahangirov isə hesab edir ki, müəllimlərin attestasiyası heç vaxt effekt
verməyib: "Əmək Məcəlləsində göstərilmiş qaydada attestasiya sovet dövründə və
1995-ci illərdə Azərbaycanda həyata keçirilib. Sözün düzü, heç vaxt effektiv
nəticə verməyib. Yəni Əmək Məcəlləsində əks olunmuş qaydada aparılan
attestasiyanın ciddi əhəmiyyəti olmayıb. Bu attestasiya yalnız müəllimin
fəaliyyəti ilə bağlı ümumi məlumatlar və məktəb rəhbərliyinin ona münasibəti
əsasında verilirdi. Orada qiymət əsasən üç istiqamət üzrə - tutduğu vəzifəyə
layiqdir, vəzifəyə şərti layiqdir və vəzifəyə layiq deyil istiqamətləri üzrə
müəyyənləşirdi”. Müəllimlərin sertifikasiyasını konseptual baxımdan tamamilə
fərqli proses adlandıran ekspert bildirir ki, bu zaman hər bir müəllim müstəqil
qiymətləndirilmədən keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş qaydada
dəyərləndirilir və konkret parametrlər əsasında aparılan qiymətləndirmə
nəticəsində onun pedaqoji fəaliyyəti müəyyənləşdirilir. Buna müsbət yanaşıram”.
Sertifikasiyanın diaqnostik qiymətləndirmədən fərqinə gəlincə, ekspert bildirir
ki, diaqnostik qiymətləndirmə bir sınaqdır: "Diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki
bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə
alınmır. Çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret
istiqaməti var. Diaqnostik qiymətləndirmə Azərbaycanın bir sıra
rayonlarında müəllimlərin hazırlıq səviyyəsi və pedaqoji səriştələrinin hansı
səviyyədə olmasını müəyyən etmək üçündür. Bu diaqnostikanın nəticəsində Təhsil
Nazirliyi düzgün olaraq sertifikatlaşdırma xəttini seçib. Bu, dünya
təcrübəsində yenilik deyil, düzgün yanaşmadır. Çünki təhsil daim inkişaf edən
sahədir. Bu sistemdə çalışan müəllim müasir tendensiyaları anlamalı, qəbul
etməli və ona uyğun olaraq öz peşəkarlıq səviyyəsini yüksəltməlidir».
Təhsil eksperti Nadir
İsrafilov Əmək Məcəlləsinə dövlət ümumitəhsil müəssisələrində işləyən
təhsilverənlərin attestasiya olunmayacaqları, əvəzində müəllimlərin
sertifikasiyasının təşkili barədə yeni bəndin salınması təklifini "nəsə etmək xətrinə,
nəsə etmək” kimi dəyərləndirir: "Əvvəla attestasiya – (lat. attestatio –
şəhadət, şəhadətnamə, təsdiq); sertifikasiya – (lat. certum – doğru + lat.
Facere - etmək) başqa sözlə, bir şəxsin bilik dərəcəsini, qabiliyyətini və
bacarığını təyin və təsdiq etmə anlamına gəlir. Sertifikasiya isə
sertifikasiyanı həyata keçirən orqan tərəfindən obyektlərin texniki
reqlamentlərin tələblərinə, standartların müqavilə şərtlərinə uyğunluğunun
təsdiqidir. Sertifikasiya adı altında həmçinin sertifikat alınması proseduru da
başa düşülür. Bu mənada, attestasiya konkret fərdlərə, sertifikasiya isə deyək
ki, müəllim hazırlığı ilə məşğul olan hazırlıq kurslarına şamil edilə bilər”. N.İsrafilovun
sözlərinə görə, hələ 1999-cu ildə Dövlət Komissiyası tərəfindən hazırlanmış və ulu
öndər Heydər Əliyev tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasının
təhsil sahəsində islahat Proqramında "rəhbər və pedaqoji kadrların attestasiya
sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə,
yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi
stimullaşdırılmasına, əmək haqqının ödənilməsinə differensial yanaşmanın tətbiqinə
lazımı diqqət yetirilməməsi” barədə müddəalar xüsusi olaraq vurğulanmış və
bunun həll olunacağı müddətlər belə müəyyən olunmuşdu”. Belə ki, bununla
əlaqədar, Nazirlər Kabineti "Azərbaycan Respublikasında işçilərin
attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə" 23 may,
2001-ci il tarixli, 97 №-li qərar da vermişdi. O vaxt təhsil nazirinin 21
oktyabr, 2002-ci il tarixli, 987 №-li əmrinə əsasən, təhsil sistemində
fəaliyyət göstərən rəhbər və pedaqoji kadrların attestasiyasının keçirilməsi
ilə əlaqədar bütün hazırlıq və sənədləşmə işlərinin dekabr ayına qədər
yekunlaşdırılması, əvvəlcədən müvafiq qaydada təsdiq olunmuş qrafiklər əsasında
2003-cü ilin yanvar ayından etibarən başlanılması nəzərdə tutulmuşdu.
Bu
məqsədlə attestasiyanın Qaydaları hazırlanmış, Təşkilat Komitəsi belə
yaradılmışdı: "Elə isə bu 20 ilə yaxın bir müddətdə attestasiyaya hazırlığa
kifayət etmədisə, 150 min müəllimin sertifikasiyadan keçirilməsinə görəsən,
daha neçə illər lazım gələcək? Digər bir məsələ Təhsil haqqında 2009-cu ildə
qəbul olunmuş qanuna attestasiya, akkreditasiya, nostrifikasiya, lisenziya kimi
anlayışlar daxil edildiyi halda, sertifikasiya nəzərdə tutulmamış, yalnız
2015-ci ildə bu məsələ yada düşərək qanuna müvafiq əlavə edilmişdir. Həmin
qanuna əsasən attestasiya – hər bir təhsil pilləsində və səviyyəsində
təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin
qiymətləndirilməsi prоseduru kimi dəyərləndirilmiş, təhsil sahəsində dövlət
standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun оlaraq, elmi-pedoqоji
prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az оlmayaraq) üçün
vahid dövlət tələblərini əks etdirən ümumi nоrmalar məcmusundan ibarət olduğu
qeyd edilmişdir. Diaqnostik qiymətləndirmənin attestasiyaya hazırlıq mərhələsi
olduğu barədə bəyanatların verilməsi, və bu prosedurun hələ tam başa
çatdırılmaması, dövlət təhsil sənədi olmayan və müsabiqədənkənar işə qəbul
olunan, lakin diaqnostik qiymətləndirməyə buraxılmayan yüzlərlə müəllimin
taleyinə aydınlıq gətirilməmiş, sertifikasiya barədə yeni "ideya” ortalığa
atıb, onsuz da illərdən bəri gərginlik içərisində olan müəllimlərin əsəbləri
ilə oynamağa ehtiyac varmı? Qanuna elə dəyişiklik edək ki, onu hər dəfə
dəyişdirməyə lüzum qalmasın. Ən çox dəyişikliyə məruz qalan iki qanun varsa,
onlardan biri "Təhsil”, digəri isə "Yol hərəkəti haqqında” qanundur”.
Təhsil işçilərinə Plenar iclasın verəcəyi qərarı gözləmək qalır. Təhsil
sahəsində tez-tez baş verən dəyişikliklərdən yaxşılığa doğru ümid gözləmək
amacı ilə…
Təranə Məhərəəmova
