“Müəllimlərimə baxıb onlar kimi olmaq istəmişəm” - Örnək
"Başını
qaldırırsan - dağlar, gözəl mənzərə, başını aşağı salırsan - şırıltısı ilə zövq
verən çay. Burada hər bir evin həyətindən çay axır. İlk dəfə məktəbin
qapısından içəri girəndə fikirləşdim ki, belə gözəl mənzərəyə baxıb dərs
keçməyə nə var ki...”
"Örnək”
rubrikamızın qonağı ucqar kənd müəllimi Səltənət Qurbanovadır. Müsahibimiz
Göygöl rayonu Çaylı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini
tədris edir.
1991-ci
il sentyabrın 14-də Gəncədə anadan olub. Orta məktəbi bitirdikdən sonra 550 balla
Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı
ixtisasına qəbul olub. 4 il bakalavr, 2 il də həmin universitetdə eyni ixtisas
üzrə magistr təhsili alıb. Deyir ki, müəllim olacağına qərar verdiyi gündən ucqar
kənd məktəblərindən birində işləmək istəyib: "Müəllimlərin işə qəbul
imtahanında yüksək bal topladım və ilk sırada da hazırda çalışdığım məktəbi
yazmışdım. Artıq 4 ildir ki, Çaylı kənd tam orta məktəbində işləyirəm”.
Şəhərdən müəllim gələndə...
Səltənətin
valideynləri övladlarının həkim olmasını istəsələr də, onu fikrindən daşındıra
bilməyiblər: "Anam həkim olsa da, həkimlik ixtisasına heç vaxt marağım olmayıb.
Müəllimlik sənətini mənə müəllimlərim sevdirib. Onlara baxıb onlar kimi olmaq istəmişəm.
Sağlam nəsil yetişdirmək üçün insan gərək özünü hansı sahədə tapırsa, hansı iş onu
xoşbəxt edirsə, o işdə də işləsin. Müəllimlik həqiqətən sözün əsl mənasında məni
xoşbəxt edir. Uşaqlara nə isə öyrədəndə, onlara faydam olduğunu görəndə,
sənətimə vuruluram. Söhbət tək bilik vermək, elm öyrətməkdən getmir, həyatda onları
vətənpərvər kimi yetişdirmək, hansısa bir yol göstərməyin özü də müəllimlikdir.
Biz pedaqoquq, uşaqlara tək elm və bilik verməyə deyil, həm də onları bir insan
kimi formalaşdırmağa çalışmalıyıq. Özümü bu işdə tapdığım üçün sevinirəm ki, vaxtilə
valideynlərimin dediyi kimi həkim yox, müəllim olmuşam”.
Şəhər
mühitində böyüyən insanın ucqar kənddə yaşaması asan deyil. Səltənət deyir ki, ucqar
kəndi seçməsinin səbəbi bu məktəblərdə müəllimə ehtiyacın çox olmasıdır: "Şəhər
məktəblərində kifayət qədər yaxşı dərs keçən müəllimlər var. Amma ucqar kənd məktəblərində
hər zaman müəllim, kadr çatışmazlığı var. Orada yaxşı müəllim demək olar ki, barmaqla
sayılacaq qədər azdır. Ona görə də ucqar kənd məktəbində işlədim. O şagirdlərin
sevincini görsəniz, məni anlayarsınız. Orada işlədiyim üçün sevinən valideyn və
şagirdlər çoxdur. Şəhərdən müəllim gələndə, o qədər yaxşı qarşılayırlar ki...”
Səltənətin
kənddə işləməsini ailəsi də dəstəkləyib: "Mən kəndə işləməyə gələndə, artıq iki
il idi ki, ailəliydim. Qızımın bir yaşı var idi. İş yeri kimi kəndi yazmağımı
istəyən də elə həyat yoldaşım idi. Mənə dedi ki, vakansiyalar arasında belə
kənd var. Həm havası gözəldir, həm də insanları yaxşıdır. O məni həvəsləndirib
imtahanlara yönləndirib. İstəyib ki, işləyim, çalışım, həmişə də mənə dəstək
olub. İşimlə bağlı mənə heç vaxt sədd qoymayıb. Bu baxımdan çətinliyim olmayıb.
Kəndə getməyimi valideynlərim də, yoldaşım da müsbət qarşılayıb. Mənə bu yolda
dəstək olublar və dəstək olmaqda da davam edirlər”.
"Kənddə ağzından çıxan sözü 3 dəfə fikirləşməlisən”
Şəhərdən
kəndə gələrkən yaşadığı çətinliyə gəldikdə isə, müəllim deyir ki, artıq kənd
həyatı ilə bağlı hər şeydən məlumatlıdır: "Şəhərdə yaşayan bir insan üçün kənd mühitinə
düşmək, orada yaşamaq həqiqətən də asan deyil. Mühit ilk gündən çox yaxşı idi.
Lakin kənddə yaşayan insanların fikirləri ilə şəhərdə yaşayanların fikirləri üst-üstə
düşmür. Kənddəsənsə, hər addımını götür-qoy etməli, ağzından çıxan hər sözü 3 dəfə
fikirləşməlisən ki, yanlış anlaşılmasın. Demək olar ki, artıq kənd təsərrüfatına
dair hər şeydən xəbərim var. Halbuki ora gedəndə heç nə bilmirdim. Amma
çətinliyi ilə yanaşı maraqlı tərəfləri də çoxdur. Mühitin, həyat tərzin, yaşayışın
dəyişir. Dövlət ucqar kənd müəllimlərinə həvəsləndirmə olaraq pul ayırır. Mən orada
qalmağa gedəndə, şagirdlərimin valideynləri mənə imkan vermirdilər ki, başqa yerdə
qalım. Hərə bir tərəfə dartırdı ki, gəlin bizdə qalın. Onların sənə kömək etmək
üçün çalışmaları çox gözəl hisslərdir. Kənd camaatı başa düşürdü ki, şəhər mühitində
böyümüş adamın birdən-birə gəlib kənd mühitinə düşməsi çətindir”.
"Elə bil ki, kənd qızısan”
Kənddə
yaşamağın müsbət tərəflərindən danışan gənc müəllim deyir ki, mənzərəyə baxıb
dərs keçməyi hər bir müəllim dadmalıdır: "Başını qaldırırsan - dağlar, gözəl
mənzərə, başını aşağı salırsan - şırıltısı ilə zövq verən çay. Adından da məlumdur
ki, bura çayların bol olduğu Çaylı kəndidir. Yəni orada hər bir evin həyətindən
çay axır. Bizim məktəbin də həyətindən çay keçir. Bu, mənzərə, hava baxımından çox
gözəldir. İlk dəfə məktəbin qapısından içəri keçəndə fikirləşdim ki, nə gözəl, elə
bu mənzərəyə baxıb dərs keçməyə nə var ki... Lakin kənddə şəraitsizlik az da
olsa, insanı incidir. Qablarını, paltarını yumaq istəyirsənsə, çayın suyundan istifadə
edirsən. Bunlar həqiqətən də çətin olur. Çünki alışmadığım bir həyat tərzidir.
Amma xoşbəxtəm”.
Bəlkə
də onu xoşbəxt edən şagirdlərinin, valideynlərin sevgisi və məktəbdə
seçilməsidir: "Məktəbdə şəhər müəllimləri seçilir. Seçilirsən ki, sən müəllimlərin
işə qəbulu imtahanında iştirak edərək öz əməyin nəticəsində şəhər mühitindən bura
gəlib çıxmısan. Səni elə qarşılayırlar ki, kənd məktəbini seçməyinə sevinirsən.
İnsanlar çəkdiyin əziyyətə qiymət verirlər. Məktəbdə işləməyə başladığım ilk gündən
istər iş sahəsində, istər şəxsi, evdə olan çətinliklərlə bağlı həmişə dəstək olub,
kömək ediblər. Kənddə yaşayan insanlardan da, məktəbin kollektivindən də çox razıyam.
Artıq 4-cü ildir ki, orada işləyirəm. Mənə dəfələrlə dedilər ki, yerdəyişmə imtahanlarında
iştirak et, şəhər məktəblərinə gəl. Mən təcrübə topladım, müəllim kimi özümü təsdiqlədim,
amma şəhərə gəlmək kimi bir fikrim yoxdur. Artıq bu vəziyyətə, mühitə alışmışam.
Mənə burada deyirlər ki, sən sanki Gəncədən gəlməmisən, elə bil kənd qızısan.
Məni özlərindən biri kimi görmələrindən çox xoşum gəlir”.
"Şagird müəllimi sevirsə, fənni də sevir”
Müəllim
deyir ki, şagirdlərin dərsə marağı çox yaxşıdır: "Kənd məktəbi olmasına baxmayaraq,
şagirdlərin dərsə marağı yaxşıdır. Oxumağa həvəslidirlər. Belə düşünürəm ki, istər
şəhər, istərsə də kənddə əgər şagirdin müəllimə sevgisi varsa, o fənni mütləq
oxuyur”.
Müəllimin
sözlərinə görə, elə onu kəndə bağlayan şagirdlərinin sevgisidir: "Bizim məktəbdə
coğrafiya, ingilis dili müəllimləri yarışlar təşkil edir. Yeni dərs təlimlərindən
istifadə edirlər ki, məktəbdə fənnə maraq yaransın. Bir dəfə bu haqda uşaqlar mənə
danışanda dedim ki, mən də bu oyunu keçirəcəyəm. Şagirdlərimdən biri mənə dedi ki,
müəllim, siz yarış keçirsəniz də, keçirməsəniz də, biz onsuz da sizin dərsinizi
sevə-sevə oxuyuruq. Bu mənə böyük fəxr hissi yaşatdı. Çox sevindim ki, bu, şagirdlərimin
düşüncəsidir, fənnimə və mənə olan sevgisidir. Bu məktəbə gəldiyim gündən həmişə
bu maraq və hörməti görmüşəm. Elə bir şagirdim yoxdur ki, mənim fənnimi oxumasın.
Həm də Azərbaycan dili elə bir fəndir ki, istər buraxılış, istərsə də qəbul imtahanlarında
ondan imtahan verdikləri üçün oxuyurlar. Ədəbiyyat fənninə gəlincə, çalışdığım qədər
şairlərin və yazıçıların həyat və yaradıcılığına həsr olunmuş tədbirlər keçirirəm.
Müəyyən bədii ədəbiyyatları şagirdlərə sevdirməyə, oxutmağa çalışıram. Yəni çox
üsullardan istifadə edirəm. İndiki uşaqlar elədir ki, hər şeyin hazır, maraq
dairələrinə uyğun qurulmasını istəyirlər. Mən də bunun üçün əlimdən gələni edirəm”.
"Bəhrəsini görmək istəyirsən, valideyn ərə verir”
Müsahibimizi
kənddə narahat edən məqam qız uşaqlarının erkən yaşda ailə qurmağa məcbur
edilməsidir: "Kənd məktəblərində təhsil alan şagirdlər daha saf və öyrənməyə meyilli
olurlar. Çətinliyi budur ki, kənddə yaşayan uşaqlar kənd təsərrüfatı, heyvandarlıqla
məşğul olduqları üçün bu, onların təhsil almasına mane olur. Qız uşaqlarını isə
oxutmaqdan çox, ailə qurmağa meyilləndirirlər. Bu həqiqətən də bir müəllimə çətinlik
törədir. Öyrədə-öyrədə gətirirsən, bəhrəsini görmək istəyirsən, valideyn başqa
istiqamətə yönləndirir. Belə hallarla çox qarşılaşmışam və təsirlənmişəm. Yəni,
universitetdə görmək istədiyim bir şagirdimi ailə qurarkən görmüşəm. Qızın, qadının
təhsil alması vacib məsələdir. Qızları daha çox 9-cu sinfə qədər oxutmağa
üstünlük verirlər. Təhsilə yönləndirən valideynlər də çoxdur. Mənim işlədiyim
dörd il müddətində tələbə olan qızlar çoxdur. Amma 9-cu sinifdən çıxarılan,
universitetə qəbul olduğu halda imtina edilib ərə verilən şagirdlərim də var.
Çox təəssüflənirəm. Təbii ki, tək mən yox, məktəb direktorumuz da əlimizdən
gəldiyincə, başa salıb onları fikrindən döndərməyə çalışırıq”.
Gənc
müəllim sonda başına gələn maraqlı hadisəni də bizimə bölüşdü: "İlk dərs günümdə
məni arı sancdı. 24 ildə bu hadisə ilk dəfə idi başıma gəlirdi. Müəllim stolunun
üstündə arı olub və mən də onu görməmişəm. 45 dəqiqə uşaqlarla tanışlıq, dərsi izah
etməyim və s. ağrını gizlətdim. Zəng vurulandan sonra tənəffüsdə arının iynəsini
çıxarıb bir az sakitləşmişdim. Heç kim bilməmişdi ki, məni sinifdə arı vurub”.
Aygün
ƏZİZ