• çərşənbə, 24 Aprel, 22:23
  • Baku Bakı 23°C

“Müəllim öz peşəsini sevdirə bilmirsə, günahı özündə axtarsın” - İşgüzar

16.11.18 09:30 3330
“Müəllim öz peşəsini sevdirə bilmirsə, günahı özündə axtarsın” - İşgüzar
Sənətinə aşiqdir. Deyir ki, sənət sevgisi, zəhmət və mübarizlik varsa, uğur qazanacaqsan. Ona görə, ömrünü müəllimliyə sərf etmək üçün mütləq ona aşiq olmalısan. Sevməsən, yaxşı müəllim olmaq mümkün deyil. Çünki müəllim bir şamdır, özü əriyir, amma tələbələrinə işıq verir. Müsahibimiz gənc alim, ADA universitetinin müəllimi Anar Qocayevdir.

Ziyalı ailəsində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra, Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biokimya ixtisasına qəbul olunub. Bakalavrı bitirib və həmin ixtisas üzrə magistr təhsili alıb. BDU-da laborant, baş laborant, saat hesabı müəllim, sonda müəllim kimi işləyib. İşlədiyi illərdə aspiranturanı oxuyub. Bu dövrdə xarici ölkələrdə elmi səfərlərdə olub. Pakistanın cənubunda yerləşən Karaçi universitetinə 3 dəfə ezam olunub və elmi tədqiqat işləri məşhur beynəlxalq jurnallarda çap edilib. Milli Elmlər Akademiyasının Botanika İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib. Həmin dövrdə də Cənubi Koreyada, Çexiya Respublikasında iki dəfə elmi ezamiyyətdə olub. Eyni zamanda beynəlxaq yarışmalarda jüri kimi iştirak edib. Bakı Mühəndislik Universitetində, Bakı Ali Neft Məktəbində çalışıb. Təhsil Nazirliyi tərəfindən yaradılan olimpiada şurasındakı təlimlərdə milli yığmamızı biologiya fənni üzrə çalışdırır.


- Anar müəllim, nə üçün biologiya? Demək olar ki, gəncliyinizi bu ixtisasa həsr etmisiniz...

- Biokimya ixtisasına qəbul olmağım, təsadüfən oldu. Həkim olmaq istəyirdim, amma kimyanı da sevirdim. Orta məktəbdə oxuduğum illərdə Respublika Olimpiadasında kimya fənnindən 3-cü yerə çıxmışdım. Abituriyent olduğum dövrdə sənədləri doldurduğum zaman fikirləşdim ki, birdən Tibb Universitetinə qəbul ola bilməsəm, Biokimyada oxuyacam. Bu elmlə maraqlandım və öyrəndim ki, canlı orqanizmlərdə olan kimyəvi birləşmələrin quruluşunu, çevrilmələrini öyrənir. Bu mənim marağımı cəlb etdiyi üçün düşündüm ki, ikinci çalışa biləcəyim sahə biokimya olacaq. Əfsuslar olsun ki, yığdığım bal o dövrdə tibbdə təhsil almağa imkan vermədi. Ailədə maliyyə çətinlikləri var idi deyə, ödənişli təhsil almaq da istəmirdim. Tale məni biokimyaya gətirdi. Artıq ikinci kursdan sonra başa düşdüm ki, Tibb Universitetinə qəbul olmamaqla həyatda çox şey itirməmişəm.

- Təhsil sahəsində özünüzü çox inkişaf etdirmisiniz. CV-nizə nəzər yetirəndə görürük ki, təhsil həyatınızın bütün dövrlərini əhatə edib. Təhsil sevgisi haradan gəlir?
- Bəli. Məktəb illərində də çox oxumuşam. Hətta məktəbi bitirdikdən sonra da uzun müddət şəklim şərəf lövhəsində qaldı. Təhsil vurğunu olmağımda ailəmin rolu böyükdür. Ailədə daim bu istiqamətdə müəyyən mövzular müzakirə olunub. Amma ailə təbliğ etsə də, məncə, bu, insanın xarakteri ilə də bağlıdır. Oxuduğum əsərlər fikirlərimin formalaşmasına güclü təsir edib. Ən çox bəyəndiyim yazıçılardan biri Dostoyevskidir. O deyirdi ki, gözəllik dünyanı xilas edəcək. Düşünürəm ki, bu istiqamətdə insanlara doğru yolu göstərməyin, nizam-intizamlı olmağın, təbiəti və ətraf mühiti öyrətməyin və ancaq gözəl əməlləri təbliğ etməyin ən asan və qısa yolu müəllimlikdir. İnsan nümunəvi müəllim olaraq çox şey əldə edə bilər. Mən də bu istiqamətdə çalışıram və işimdən zövq alıram. Düzdür, bu günə qədər bir neçə müəssisə dəyişmişəm, amma hər biri təhsillə əlaqəli olub. Tələbə olduğum ildən indiyə qədər universitetdən ayrılmamışam.


- Tələbələr, şagirdlərlə daim ünsiyyətdə olursunuz. Azərbaycan gəncliyini necə görürsünüz? Sizi narahat edən və müsbət gördüyünüz məqamlar nədir?
- Ümumilikdə götürsək və nəzərimi ancaq bacarıqlı, çalışqan, dürüst, nizam-intizamlı tələbələrə yönəltsəm, deyə bilərəm ki, bu istiqamətdə müəyyən mənada inkişaf var. Bizim universitetlərdə ingilis dilində tədris başlayıb. Bu, ingilisdilli gənclərin sayını artırmağa səbəb olur. Xaricdə təhsil alan gənclərin sayı günbəgün artır və onlar geri qayıdaraq vətənimizə xidmət edirlər. Amma məni narahat edən məqamlar da az deyil. Gənclərdə sürətli dəyişikliklər baş verir və onların hamısı müsbət deyil. Bəziləri bizim milli adət-ənənələrimizə uyğun deyil. Mən bunu dedikdə geyimi nəzərdə tutmuram. Amma bir insanın nə qədər müasir olub-olmaması vətənini sevməyə təsir etməməlidir. Təəssüflər olsun ki, himn çalınanda ayağa qalxmayan, danışan gənclər var. Yaşlı insana hörmət etmək istənilən gəncin borcudur. Lakin mentalitetimizdəki bu dəyərlərdə də azalmalar müşahidə edirəm. Belə gənclərin sayı intellektual və bacarıqlı gənclərlə müqayisədə az olsa da, bu qüsurlar məni narahat edir.

- Tələbələrin öz həmyaşıdı kimi görünən müəllimə münasibəti necədir?
- Gənc müəllimi tələbələr öz dostu kimi qəbul etmək istəyir və bəzən ciddi qəbul etmirlər. Mən də bu problemlə üzləşmişəm. Hətta düşünürəm ki, həyatımda ən stressli dövrlərdən biri o idi. Amma asanlıqla bu məsələdən çıxış yolunu tapa bildim. Müəllim yaşından asılı olmayaraq, özünü layiqincə və yetərincə tələbkar təqdim etsə, tələbələr hesablaşmağa başlayırlar. Yeni auditoriyaya daxil olduqda, müəyyən həyəcan ola bilər. Amma bu, 5-10 dəqiqə çəkir.

- Bəs tələbələrlə münasibətdə qızıl ortanı necə tapırsınız?
- Hər bir auditoriyada bu fərqlidir. Dərsin çox hissəsini ciddi şəkildə aparırıq. Tələbələr yorulduğu zaman kiçik bir zarafatla onların üzlərində təbəssüm yaratmaq olur. Bu anda stressi atır, sakitləşirlər və müəllimin ciddi olduğunu qəbul etmirlər. Ondan sonra ciddi məqamlar başlayır. Bəzi tələblərlə dərsdən sonra müəyyən münasibət qurulur . Kiminlə necə münasibət qurulması tələbənin intellektindən, hobbilərindən və tərbiyəsindən asılıdır. Bəzi tələbələrlə yoldaşlıq etmək olur. Amma sui-istifadə edənlərlə yoldaşlıq etmək mümkün deyil.

- Sənətinizin vurğunusunuz. Müəllimlik sizin üçün nə ifadə edir?
- Hər bir müəllim özlüyündə onu həyatda müəllim olmağa məcbur edən amil tapa bilər. Məni müəllim olaraq daim dərs deməyə sövq edən amil əldə etdiyim bilikləri digərləri ilə bölüşmək istəyidir. Düşünürəm ki, təhsil ocaqları və vicdanlı müəllimlərin sayı çox olsa, dürüst, savadlı insanların sayı artacaq. Bu zaman cəmiyyət inkişaf edəcək. Müəllimlik peşəsi çox ağırdır. Zaman, enerji tələb edir. Biz dostlarımızla boş vaxt tapanda görüşmək istəyirik, ən çox o görüşlərə gəlməyən müəllimlərdir. Müəllimlər məcbur olub ayrıca yığışır və bu zaman da ya kitab oxuyuruq, ya da test yoxlayırıq. Müasir təhsil bunu bizdən tələb edir. İnsan bu sənətə aşiq olmasa, ömrünü müəllimliyə sərf edə bilməz. Müəllim bir şamdır, özü əriyir, amma tələbələrinə işıq verir.


- Əvvəllər müəllimlərin şagirdləri qorxutmaq üçün xüsusi çubuqları olurdu. Hətta valideynlər bunu dəstəkləyirdi. "Əti sənin, sümüyü mənim” prinsipi ilə oxutmaq mümkündürmü?
- Mümkün deyil. Əgər müəllim tələbəni maraqlandıra bilsə, o oxuyacaq. Fənn sevgisi müəllimdən asılıdır. Döyməklə elm vermək olmaz. Yalnız güc tətbiq ediləndə oxuyan şagird, həyatının bütün anlarında, bütün işlərini o gücə bağlı olaraq görəcək. Yəni güc tətbiq edilməsə, işləməyəcək. İnsan sevərək təhsil aldıqda, daha səmərəli çalışır. Çubuq metodu isə qəbuledilməzdir. Müəllim peşəsini sevdirə bilmirsə, günahı özündə axtarsın.


- Sizcə, karyerada uğurun sirri nədir?
- Karyerda uğurun ilk sirri həmin peşəni sevməkdir. Çünki digər amillər o sevgidən irəli gəlir. Əgər bir insan öz peşəsini sevməsə, ona zaman ayırmayacaq və zəhmət çəkməyəcək. Peşə sevgisindən sonra zəhmət gəlir. Üçüncü sirr isə təslim olmamaqdır. İnsan zəhmət çəkdikcə inkişaf edir, peşəkarlığı artır. Bir insan öz peşəsini sevsə və zəhmət çəksə, onun üçün istər ölkə daxilində, istərsə də ölkədən kənarda iş həmişə var.

Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər