• çərşənbə, 16 Iyul, 11:53
  • Baku Bakı 23°C

“Müəllim peşəsində diaqnostik yoxlama mütləqdir”

05.06.14 11:06 1665
“Müəllim peşəsində diaqnostik yoxlama mütləqdir”
Paytaxtın ümumtəhsil müəssisələrində çalışan müəllimlərin Sınaq qiymətləndirilməsinə başlanmasına sayılı günlər qalıb. Belə ki, iyunun 10-da start götürəcək imtahanlar 4 gün ərzində - iyunun 10, 11, 12 və 13-də davam edəcək. 3 istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacaq Sınaq qiymətləndirmə təhsil sistemində müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinə yönələcək və onların fəaliyyətindəki uğurları, çatışmazlıqları müəyyən edəcək. Bununla belə, Sınaq qiymətləndirmə paytaxt müəllimləri arasında birmənalı qarşılanmır.
Əməkdar müəllim Vidadi Bağırov “Kaspi” qəzetinə müsahibəsində təhsil sistemində ilk dəfə keçirilən Sınaq qiymətləndirmənin daha çox əhəmiyyət daşıyacağına inamını gizlətməyib.
- Sınaq qiymətləndirmə müəllimlərin peşəkarlıq səviyyəsinin ortaya çıxmasına nə qədər kömək göstərəcək?

- Hamımız istəyirik ki, ölkəmiz inkişaf edib dünyaya inteqrasiya etsin. Hazırda bu istiqamətdəyik və buna doğru da gedəcəyik. Bu cəmiyyətdə yaşayacaq və işləyəcək insanlar heç şübhəsiz, hazırkı məktəblərimizdə təhsil alan şagirdlərdir. Bu şagirdləri isə müəllimlər hazırlayır. Deməli, bizim gələcəyimiz müəllimin hazırlığından, səriştəsindən və bacarığından asılıdır. Ona görə də müəllimin hazırlığı çox vacibdir. Hər şey buradan başlayır. Bu baxımdan müəllimlərin biliyinin, səriştəsinin Sınaq qiymətləndirilməsi çox məqamları aşkar edəcək. Sınaq qiymətləndirilməsi müəllimlərin yoxlanması istiqamətində diaqnostik bir addımdır. Bu, bizim bu gün harada olduğumuzu müəyyənləşdirir. Məsələn, meşədə azan bir adam ilk növbədə nəyi müəyyənləşdirməlidir? Təbii ki, ilk növbədə olduğu yeri müəyyən etməli və hərəkətə başlamalıdır. Ona görə də bu qiymətləndirmə müəllimlərin səviyyəcə harada olduqlarını müəyyənləşdirəcək. Elə bilirəm ki, bunun yaxşı nəticəsi olacaq. İlk növbədə hər bir müəllim daha da məsuliyyətli olacaq. Biləcək ki, onun biliyi, səriştəsi insanların, rəhbərliyin, ona nəzarət edənlərin diqqətindədir. Yəni «Nəyi bilirəm, gəlim danışım»- düşüncəsi olmaz. Müəllimin verilən standartlara uyğun biliyi, səriştəsi olmalıdır.
- Müəllimlərin Sınaq qiymətləndirmə ilə bağlı hər hansı narahatlığa əsasları varmı? Dərs yükünün azalması, işlədiyi məktəbdə statusunun zəifləyəcəyindən ehtiyatlanan müəllimlər az deyil. Bu fikirlərdə həqiqət varmı?

- Müəllimləri də başa düşmək lazımdır. Hamı üçün imtahanın bir xofu, məsuliyyəti var. Sınaq qiymətləndirmə məsuliyyətlilik göstəricisidir – bunu təbii qarşılamaq lazımdır. Sınaq qiymətləndirilmədə müəllimlərin işdən azad olunması ilə bağlı heç bir təhlükə yoxdur. Eyni zamanda, bu, müəllimlərimizin attestasiyaya hazırlanmasıdır. Müəllim özü də bilməlidir ki, günün birində onu bu qayda ilə yoxlayıb attestasiya edəcəklər. Qeyd edim ki, burada qəbul imtahanında olduğu kimi keçid balı müəyyənləşməyib. Söhbət hansı nəticəni göstərməkdən gedir. Sınaq qiymətləndirmədə ümumən müəllimin səviyyəsi müəyyənləşdiriləcək və müəllimin yüksək səviyyəyə qaldırılması üçün yollar düşünüləcək. Burada hər şey müəllimlə bağlı deyil. Görünür, müəllimlə, ixtisasartırma ilə bağlı tərəflər kompleks şəkildə düşünülüb. Yəqin ki, bu diaqnostik qiymətləndirmə təhlil olunacaq, ondan nəticələr çıxarılacaq. Onun nəticəsində də müvafiq qərarlar qəbul ediləcək, atılacaq addımlar müəyyənləşdiriləcək və perspektivdə nələrin olacağı planlaşdırılacaq.
- Sınaq qiymətləndirmədə zəif nəticə göstərən müəllimlərin öz bacarıqlarını artırması üçün hansı addımlar atılacaq?

- Sınaq qiymətləndirmə müəllimlərin hazırlanması istiqamətlərinə - yəni harada boşluqların olması, hara daha çox diqqət yetirməyin vacibliyini aydınlaşdıracaq. Elə bilirəm ki, həmin istiqamətdə də onların təkmilləşdirilməsi, ixtisaslarının artırılması ilə bağlı addımlar atılacaq. İnanmıram ki, qiymətləndirmədən sonra zəif nəticə göstərən müəllimlərin adı açıqlansın və ictimaiyyətə təqdim edilsin. Çünki çox və ya az bilikli olmasından asılı olmayaraq, onlar bizim müəllimlərimiz, uşaqlarımızın tərbiyəçiləridir. Yəqin ki, elə məqamlar var ki, onlar gözləniləcək.
- Bildiyimiz qədər, gələcəkdə məktəb direktorları və direktor müavinləri də Sınaq qiymətləndirməyə cəlb olunacaqlar.

- Ümumən hansı vəzifədə işləməsindən asılı olmayaraq, hər kəs hesabat verməli, ona tapşırılan vəzifəyə uyğun olub-olmadığı qiymətləndirilməlidir. Siz bir jurnalist, mən bir müəllim kimi rəhbərimiz tərəfindən qiymətləndirilirik - yəni biz bu peşəyə nə qədər uyğunuq.
- Necə bilirsiniz, Sınaq qiymətləndirmənin gündəmə gəlməsi son illər müəllimlərlə bağlı eşidilən narazılıqlar, müəllim-şagird davranışlarının normada olmaması, şagirdlərin daha çox repetitor yanına can atması və s. nüanslardanmı qaynaqlanıb?

- Bu, rasional yanaşmadır. Diaqnostika olmalıdır. Məsələn, insan özünü müayinədən keçirməsə, orqanizmində hansı nasazlıqların olduğunu öyrənə bilməz. Yoxsa kortəbii surətdə «böyrəyim, ürəyim, ciyərim ağrayır» deyə bilər. Bəlkə heç ağrıyan həmin orqanlar deyil? Eləcə də müəllim peşəsində diaqnostik yoxlama mütləqdir. O zaman bütün səbəblər ortaya çıxır və səviyyə də müəyyənləşir. Ondan sonra da çatışmazlıqların aradan qaldırılması barədə yollar düşünülür.
- Sizcə, müəllimlərin Sınaq qiymətləndirilmədən keçməsi yaxın gələcəkdə onların dərsə münasibəti və şagirdlərin hazırlığında müsbət nəticələrin əldə olunmasına təkan verəcəkmi?

- Şübhəsiz, kömək edəcək. Hər bir insan çalışmalıdır ki, ona tapşırılan vəzifənin öhdəsindən gəlsin. Bunun üçün də onun biliyi və səriştəsi olmalıdır. Mənim özümə elə gəlir ki, mən hər şeyi bilirəm və ya mən səriştəliyəm. Amma elə şeylər var ki, ora uyğun deyiləm. Bunu biləndən sonra çatışmazlıqları aradan qaldıraram. Elə hərəkətlər var ki, insan onu özlüyündə doğru kimi qəbul edir. Ancaq onun səhv olduğunu biləndən sonra normal insan o səhvləri düzəltməyə çalışır.
- Son vaxtlar müəllimlərin işə qəbulu zamanı psixoloji testlərdən keçməsinin vacibliyi ilə bağlı fikirlər də səslənir. Sizcə, bu imtahana ehtiyac varmı?

- Sizin dediyiniz məqam kommunikativliklə bağlıdır. Müəllimin biliyinin çox və az olmasından asılı olmayaraq, onun yaxşı nəticə verməsində mütləq uşaqlarla əlaqə qurması, onlarla təmasda olması, şagirdlərə yanaşmasında kommunikativ bacarıqları böyük rol oynayır. Elə ailələr var ki, valideyn təhsilli deyil, ancaq övladları yaxşı səviyyədə tərbiyə olunub, düzgün istiqamət alıb. Bu, valideynin uşaqlarına münasibətindən, davranışlarından yaranır. Ola bilər ki, valideynin təhsili yüksək olsun, amma kommunikativ bacarıqları aşağı olsun. Bu, heç vaxt yaxşı nəticə verə bilməz. Bəzən «filankəs çox savadlıdır, ancaq öyrədə bilmir» sözlərini eşidirik. Yəni müəllimin yanaşması ona imkan vermir ki, bildiyini şagirdə öyrədə bilsin. Əsasən münasibətlərdən, davranışlardan narazı qalırıq. Bu, müəllim üçün xüsusən vacibdir. Çünki müəllimin ünsiyyətdə olduğu canlı insandır.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər