• çərşənbə axşamı, 19 mart, 14:07
  • Baku Bakı 8°C

Müddətli əmək müqaviləsi ilə işləyənlərin NƏZƏRİNƏ: Sığorta stajı azaldılır

07.12.21 17:50 221
Müddətli əmək müqaviləsi ilə işləyənlərin NƏZƏRİNƏ: Sığorta stajı azaldılır
Dekabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə birinci oxunuşda müzakirəyə çıxarılıb.
Bu barədə Oxu.Az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, layihədə işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsinin genişləndirilməsi, həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi ilə bağlı yeni müddəalar nəzərdə tutulub.
Sənəddə, eyni zamanda, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur.
Belə ki, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqdim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq.
Əvvəlki redaksiyada bu ödəniş 35 ay sığorta stajına görə verilirdi.
"Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə də birinci oxunuşda müzakirə edilib.
Bildirilib ki, sənəddə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslərin peşə hazırlığı kurslarına ödənişsiz cəlb edilməsi, həmçinin peşə hazırlığına cəlb olunduqları dövrdə təqaüd almaları, haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunmaları kimi aktiv məşğulluq tədbirlərini təsbit edən müddəalar irəli sürülür.
Sonra İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ikinci oxunuşda təqdim edilib.
Diqqətə çatdırılıb ki, Məcəlləyə yeni 539.1-1-ci maddənin əlavə edilməsi təklif olunur. Əlavədə bildirilir ki, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının icra edilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilir.
Məcəllənin bir sıra maddələrində bəzi ifadələrin digərləri ilə əvəz olunması ilə bağlı düzəlişlər də nəzərdə tutulub.

Qeyd edilib ki, qanun layihəsi əmək münasibətləri zamanı işçilərin pozulmuş hüquqlarının bərpa edilməsi, işəgötürənlərin cərimə ödəmək əvəzinə, işçilərin hüquqlarını bərpa etməyə marağının yaranması məqsədilə hazırlanıb.
Komitə sədri Musa Quliyev bildirib ki, hər üç qanun layihəsinə təklif olunan dəyişikliklər vətəndaşın və işçinin sosial və əmək hüquqlarının daha yüksək səviyyədə qorunmasına xidmət edir.
banner

Oxşar Xəbərlər