Müdafiə Nazirliyində xarici dövlətlərin hərbi attaşeləri ilə toplantı keçirilib
Müdafiə naziri
general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən xarici dövlətlərin
silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün illik
yekun toplantısı keçirilib.
Müdafiə
Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantıda 28 xarici dövlətin və
beynəlxalq təşkilatın 31 nümayəndəsi iştirak edib.
Müdafiə naziri
adından toplantı iştirakçılarını salamlayan Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin
rəisi general-mayor Hüseyn Mahmudov onlara regiondakı hərbi-təhlükəsizlik vəziyyəti,
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eləcə də orduda aparılan
islahatlar, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində il ərzində həyata keçirilən
tədbirlər barədə ətraflı məlumat verib və 2019-cu ildə planlaşdırılan fəaliyyətləri
diqqətə çatdırıb. İdarə rəisi hərbi attaşelərin suallarını cavablandırıb.
Qonaqlar bu cür
tədbirlərin keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını
bildirib və gələcəkdə də səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar
olduqlarını vurğulayıblar.