• cümə, 26 Aprel, 13:05
  • Baku Bakı 23°C

Mübahisə və münaqişələri həll etməyin daha sürətli yolu - ARAŞDIRMA

07.01.22 11:56 1107
Mübahisə və münaqişələri həll etməyin daha sürətli yolu - ARAŞDIRMA
Mediasiyada tərəflər iradələrini sərbəst ifadə etməklə uğurlu nəticəyə nail ola bilirlər

Azərbaycanda sahibkarlığın inkişafı üçün mediasiyanın tətbiqini təşviq etmək məqsədilə Prezident İlham Əliyevin 2016-cı il dekabrın 6-da imzaladığı Fərmanla "Strateji Yol Xəritələri” təsdiq olunub. Strateji Yol Xəritələri kiçik və orta sahibkarlıq üçün alternativ mübahisələrin həlli mexanizmləri arasında mediasiyanın vacibliyini fərqləndirib və 3 əsas hədəf müəyyən edib. Bunlar Mediasiya haqqında Qanunun hazırlanması, Mediasiya Şurasının yaradılması, 2020-ci ilə qədər kiçik və orta sahibkarlar tərəfindən məhkəmə öncəsi mübahisələrin həlli göstəricilərinin ikiqat yaxşılaşdırılması olub. Bundan irəli gələrək 29 mart 2019-cu il tarixdə "Mediasiya haqqında” Qanun qəbul edilib. Azərbaycan Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına və "Mediasiya haqqında” Qanununa uyğun olaraq müvafiq işçi qrupu formalaşdırılıb.


Avropa İttifaqının yardımı

Avropa İttifaqı da 2017-ci ildən başlayaraq, Azərbaycanda mediasiyanın inkişafını təşviq etmək üçün müxtəlif layihələr həyata keçirib. 2017-2018-ci illərdə Avropa İttifaqı tərəfindən "Mediasiya sisteminin müasirləşdirilməsi ilə 2016-cı il üzrə İllik Fəaliyyət Proqramının həyata keçirilməsinə hazırlıq işlərində Azərbaycan Hökumətinin dəstəklənilməsi” adlı layihə həyata keçirilib. Layihə çərçivəsində Azərbaycanda mediasiyanın vəziyyəti, ona tələbat təhlil edilib, müvafiq strategiyalarla bağlı tövsiyələr hazırlanıb. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Mübahisələrin Alternativ Həlli və əhaliyə hüquqi yardım göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin institusional potensialının artırılması” adlı layihənin açılış mərasimi 4 noyabr 2019-cu il tarixdə keçirilib.


Dövlət və ictimai qurumların iştirakı ilə yaradılan İşçi Qrup

1 milyon avro dəyərindəki layihənin həyata keçirilməsi ilə bağlı Avropa İttifaqı tərəfindən müsabiqə keçirilib, müsabiqə nəticəsində Belçikanın İCE (İnternational Consulting Expertise) şirkətinin rəhbərlik etdiyi beynəlxalq konsorsium qalib gəlib, konsorsium tərəfindən müvafiq ekspertlər təyin edilib. Layihə çərçivəsində mediasiya sahəsində strategiyanın müəyyən edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, Mediasiya Şurasının yaradılması ilə bağlı dəstəyin verilməsi, təlimlərin keçirilməsi, mediasiyanın təbliği, həmçinin, kiçik tələblərin mühakiməsi və hüquqi yardımın göstərilməsi ilə bağlı strategiya və qanunvericiliklə bağlı tövsiyələrin verilməsi nəzərdə tutulub. Layihə çərçivəsində Mediasiya Şurasının yaradılması və strategiyanın müəyyən edilməsi məqsədilə aidiyyəti dövlət və ictimai qurumların iştirakı ilə işçi qrup yaradılıb, Mediasiya Şurasının nizamnaməsi razılaşdırılıb və 12 fevral 2020-ci il tarix Mediasiya Şurası təsis edilib, mediasiya.gov.az saytı yaradılıb.


Mediatorların ilkin hazırlığı üzrə təlimlər

Onu da xatırlatmaq yerinə düşər ki, Mediasiya Şurasının ilk üzvü olan Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası 3 mart 2020-ci il tarixdə ilk mediasiya təlimi qurumu qismində Mediasiya Şurasının üzvlüyünə qəbul olunub. 20 oktyabr 2020-ci il tarixində ilk dəfə Mediasiya Şurasına müraciət etmiş 17 namizədin mediator qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi barədə qərar verilib. Hal-hazırda mediatorların ilkin hazırlığı üzrə təlimləri keçib sertifikat əldə etmiş üzvlərin Şuraya üzvlüyə qəbulu davam etməkdədir. Mediasiya Şurasının əsas funksiyaları mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirmək, mediasiyanın inkişafı ilə bağlı tədbirlər görmək, bu sahədə dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanmasını təşkil etmək və ya hazırlanmasında iştirak etməkdir.


Qanuna edilən dəyişikliklər

Prezident İlham Əliyev 23 iyul 2021-ci il tarixdə "Mediasiya haqqında” Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib. Bu dəyişikliyə əsasən, məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında "Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir.


Arqumentlərin, maraqların, risklərin, alternativlərin araşdırılması

Mövzu üzrə müraciət etdiyimiz ekspertlər mediasiyanın mahiyyəti, mediasiya prosesi barədə ətraflı məlumat veriblər. Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri, vəkil-mediator İhamə Həsənova "Kaspi” qəzetinə açıqlamasında deyib ki, mediasiya məhkəmə və ya arbitrajla müqayisədə mübahisələri həll etmək üçün daha ucuz, sürətli üsuldur. Onun fikrincə, mübahisələrin məhkəmədə həlli daha çox vəsait, vaxt tələb etdiyindən dünyanın əksər ölkələrində vətəndaşların yalnız 7 faizi məhkəmələrə müraciət edir. Vəkil-mediator vurğulayıb ki, mübahisələrin məhkəmədənkənar uğurlu həlli yolu məhz mediasiya prosesidir. O qəzetimizə açıqlamasında qeyd edib ki, mediasiya iki və ya daha çox tərəfin könüllü olaraq öz mübahisəsini mediatorun köməyi ilə həll etdiyi mütəşəkkil prosesdir. Vəkil-mediatorun sözlərinə görə, mediasiya prosesi tərəflərin Mediasiya təşkilatına müraciəti ilə başlayır və bir neçə mərhələni əhatə edir: "Əvvəlcə tərəflər mübahisənin mahiyyəti haqqında məlumat verir və onun mediator tərəfindən öyrənilməsini təmin edir. İştirakçıların dairəsi və onların səlahiyyətləri, mediasiya prosesinin vaxtı və yeri müəyyən edilir, habelə münaqişənin həlli üçün vacib olan digər məsələlərin müzakirə olunması məqsədilə hər bir tərəflə ilkin görüşlər və ya telefon danışıqları aparılır. Tərəflərlə arqumentlərin, maraqların, risklərin, alternativlərin araşdırılmasına, habelə problemin həlli variantlarının kollegial müzakirəsinə, qarşılıqlı faydalı həll yolunun tapılmasına yönəlmiş ümumi və fərdi görüşlər keçirilir. Son olaraq mediasiyanın nəticələrinə dair müqavilənin təsdiqi və imzalanması prosesi həyata keçirilir”.


Mediasiyanın şamil olunduğu mübahisələr

İ.Həsənova deyib ki, mübahisələri həll etmək üçün mediasiyadan istifadə dialoq və həll yollarının birgə axtarışıdır. O, mediasiyanın şamil olunduğu mübahisələrə də diqqət çəkib: "Dünya təcrübəsində mediasiya kommersiya fəaliyyətinin bütün sahələrində müqavilə və qeyri-müqavilə münasibətlərindən irəli gələn mübahisələrin, münaqişələrin həlli üçün effektiv vasitə kimi özünü təsdiq edib. Misal üçün, ailə üzvləri də daxil olmaqla biznesin ortaq sahibləri arasında mübahisələr, əmlaka (daşınmaz əmlaka, torpaq sahəsinə və ya digər əmlaka) mülkiyyət hüququ və ya ondan istifadə qaydası ilə bağlı mübahisələr, müqavilə mübahisələri (o cümlədən xarici şəxslərlə müqavilə mübahisələri), kollektivdə əmək mübahisələri və münaqişələr, əqli mülkiyyət və françayzinqlə bağlı mübahisələr mediasiya vasitəsilə həllini tapa bilər. Bundan başqa, daşınmaz əmlakın tikintisi və layihələndirilməsi zamanı mübahisələr, maliyyə və bank (borc verənlər və borcalanlar arasında), istehlakçı mübahisələri də bu sıraya daxildir. Mübahisənin mahiyyətini müzakirə etmək üçün mediasiya təşkilatı, mediatorla əlaqə saxlamaq lazımdır”.


Balanslaşdırılmış yanaşma

Vəkil-mediator söyləyib ki, hətta heç bir mübahisə olmadığı zaman da mediatorun vasitəçilik xidmətlərindən könüllü şəkildə yararlanmaq olar: "Mübahisə olmadıqda, məsələn, investisiya layihələri üzrə razılığa gəldikdə və ya biznesə başladıqda, mediatorun həmçinin danışıqlarda vasitəçilik xidmətlərin təklif olunur. Belə olan halda mediator danışıqlar prosesinə hərtərəfli hazırlığı həyata keçirir və aydınlaşdırılması vacib olan məsələlərin dairəsini müəyyənləşdirməyə kömək edir. Bu balanslaşdırılmış yanaşma gələcəkdə anlaşılmazlıqların və münaqişələrin qarşısını almaq baxımından əhəmiyyətlidir”.


Hər kəsin məhkəməyə müraciət etmək hüququ

Vəkillər Kollegiyasının üzvü, mediator Rəşad Əliyev də "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, aylarla, illərlə davam edən məhkəmə çəkişmələrinin sonunda qərardan asılı olmayaraq, bəzən tərəflərin hər ikisi ən azı vaxt, pul, əsəb və gərginlik itkisi ilə "uduzmuş” vəziyyətə düşür. Onun fikrincə, əksəriyyət vaxtlarda mübahisələr mediasiya prosesi ilə həllini tapir: "Bəzən məhkəmədə mübahisə üzrə qərarı hakim hansısa tərəfin xeyrinə verir. Təbii ki, tərəflərin biri mütləq narazı qalır. Mediasiyada isə tərəflər mübahisələrini özləri və maraqlarına uyğunlaşdırmış şəkildə həll edərək, iradələrini sərbəst ifadə etməklə uğurlu nəticəyə nail ola bilirlər. Prosesi daha aydın izah etmək üçün sadə bir nümunə göstərim. Misal üçün, tərəflər arasında müqavilə öhdəliyinin pozulması nəticəsində yaranmış 10 min manatlıq kommersiya mübahisəsi var. Tərəf məhkəməyə müraciət etdikdə hətta qazanma ehtimalı 100 faiz olan işdə belə, pulun ona çatması ən azı aylarla mümkün olmur. Hələ qarşı tərəf vaxt qazanmaq üçün apellyasiya və kassasiya şikayətləri vermək hüququndan istifadə etdikdə, bu proses illərlə də uzana bilir. Daha sonra məhkəmə qərarının icra edilməsi də xeyli çətinlik yaradan bir prosesdir. Halbuki tərəflər mediasiyada, möhlət verilməsi, həmin məbləğin hissələrə bölünərək ödənilməsi və sair alternativ razılıqlara gəlməklə, mübahisəni çox qısa müddət ərzində, bəzən bir gün, hətta bir neçə saat ərzində həllinə nail ola bilərlər. Əgər tərəflər öz aralarında razılaşdıaraq barışığa gələ bilməsələr, hər kəsin məhkəməyə müraciət etmək hüququ yenə də qalır. Elə isə mediasiyanın üstünlüklərindən yararlanmaq ən doğru yoldur”.


Mediasiya prosesi ilə bağlı qaydalar

Vəkil R.Əliyev mediasiya prosesi ilə bağlı qaydalardan da söhbət açıb: "İddia qaldıran tərəf digər tərəfə və ya tərəflərə mediasiya prosesinin tətbiqi ilə bağlı təklif göndərir. 10 gün ərzində təkilifə müsbət cavab verilsə, tərəflər mediasiyada könüllü iştirak etmiş sayılırlar. 10 gün ərzində cavab gəlməsə və ya mənfi cavab gəlsə, mediasiya prosesinin keçirilməsi və mediator təyin edilməsi üçün ərazi üzrə mediasiya təşkilatına müraciət edir. Mediasiya təşkilatları olmayan bölgələrdə bu müraciət Mediasiya Şurasına edilir. Bundan sonra mediasiya təşkilatı, müvafiq olaraq Mediasiya Şurası mediator təyin edir. Həmin mediator tərəflərlə əlaqə saxlayaraq ilkin mediasiya sessiyası üçün vaxt təyin edir. Qarşı tərəf sessiyaya gəlməsə mediator digər tədəfə bununla bağlı arayış verir. Tərəflər iştirak etdikdə mediator tərəflərə mediasiya prosesinin qaydaları və proses iştirakçılarının hüquq və vəzifələri barədə məlumat verir və tam mediasiya sessiyasına keçidlə bağlı tərəflərin fikrini öyrənir. Bunun ardınca mediasiyanın nəticəsinə uyğun olaraq tərəflərə arayış və ya protokol təqdim edilir. Əgər razılaşma varsa, "Barışıq Sazişi” imzalanır. Mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər”.

İlhamə RƏŞİDOVA
banner

Oxşar Xəbərlər