• çərşənbə, 24 Aprel, 11:26
  • Baku Bakı 13°C

Müasir Azərbaycanın simasını əks etdirən mərkəz - Fotolar

10.05.19 17:22 2038
Müasir Azərbaycanın simasını əks etdirən mərkəz - Fotolar
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə əhalisinin sosial-rifah halının, həyat səviyyəsinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli dayanır. İndiyə qədər dövlət başçısının imzası ilə həyata vəsiqə alan, uğurla icra olunan çoxsaylı sosial layihələr, yaradılan, qurulan sosial infrastruktur və digər bu kimi amillər deyilənlərə əyani sübutdur. Prezident İlham Əliyev özü də dəfələrlə bəyan edib ki, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xalqa ləyaqətlə xidmət etməyi özünə şərəf sayan ölkə başçısı ötən ilin aprelində yenidən prezident seçildikdən sonra sosial sferanı əhatə edən layihələrin sayını bir qədər də artırıb. Onun imzaladığı fərman və sərəncamlar əsasında sosial sahədə çoxsaylı tədbirlər həyata keçirilib, inqilabi addımlar atılıb.
Təkcə cari ilin birinci rübündə dövlətimizin başçısı tərəfindən həyata keçirilən sosial islahatlar paketinin uğurlu nəticələri kimi əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar 3 milyondan artıq vətəndaşın rifahına mühüm dəstək olub. O cümlədən minimum əməkhaqlarının və pensiyanın minimum məbləğinin 40 faizədək, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılması təmin edilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ötən il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 626 mənzil verilib, 265 nəfər avtomobillə təmin olunub. 2019-cu ildə azı 800 mənzilin və 600 avtomobilin qeyd olunan kateqoriyalara aid şəxslərə verilməsi nəzərdə tutulur. 2019-cu ildə bir neçə reabilitasiya və sosial xidmət müəssisəsi də istifadəyə veriləcək. Bununla yanaşı, ötən il Özünüməşğulluq Proqramından 7267 ailə istifadə edib. Bu il isə 10 min ailənin bu proqrama qoşulması nəzərdə tutulur.

Qeyd edək ki, dövlət başçısı tərəfindən imzalanan sosialyönümlü mühüm dövlət sənədlərdən biri də "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 9 avqust 2018-ci il tarixli fərmandır. Məhz bu fərmandan irəli gələrək, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində "Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi” publik hüquqi şəxs yaradılıb. 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan nazirliyə 2 milyon manat ayrılıb. Dövlət başçısının 12 noyabr 2018-ci il tarixli sərəncamı ilə "DOST” mərkəzlərinin yaradılması və fəaliyyətinin təmin edilməsi üçün daha 3,5 milyon manat vəsait ayrılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə mütərəqqi, çoxşaxəli ardıcıl və mərhələli şəkildə həyata keçirilən islahatlar konsepsiyasının tərkib hissəsi və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsi olan "DOST” layihəsinin uğurlu icrasına yönələn bu sərəncamlar əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara dövlət sosial xidmətlərinin "bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim olunmasının dövlət başçısının diqqət mərkəzində olduğunu bir daha təsdiq edir.
Məhz bu fərman və sərəncamlardan irəli gələrək DOST Agentliyinin və 126 növdə xidmət göstərəcək "DOST” mərkəzlərinin yaradılması istiqamətində müvafiq işlər davam etdirilib. Nazirlik tərəfindən "DOST” konsepsiyası, aidiyyəti hüquqi bazanın formalaşdırılması məqsədilə normativ hüquqi aktların layihələri, "DOST” mərkəzlərinin struktur, operativ iş rejiminin modeli, proseslərin icra mexanizmi, yol xəritəsi, elektron formada xidmətlər üzrə pasport nümunələri, vəzifə təlimatları və sair hazırlanıb. 2019-2025-ci illərdə Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin yaradılması planlaşdırılıb.

Cari il may ayının 9-da Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Yasamal rayonunda DOST Agentliyinin və ilk DOST mərkəzinin 7 mərtəbəli inzibati binasının açılış mərasimi keçirilib. Bu mərkəzdə xidmətin asanlaşdırılması məqsədilə elektron lövhələr və məlumat köşkü yaradılıb. Nazirliyin aidiyyəti qurumlarının fəaliyyəti mərkəzdə əlaqəli şəkildə təmin edilib. Əlilliyi olan şəxslər üçün lazımi şərait yaradılıb. Xidmətlər vahid standartlar əsasında və bir-birinə inteqrasiya olunmuş şəkildə elektron müstəvidə təqdim olunur. DOST mərkəzlərində proaktiv xidmətlər də göstəriləcək, vətəndaşlara bu və ya digər sosial hüquqları barədə məlumat veriləcək.


Onu da əlavə edək ki, ilk DOST mərkəzi gün ərzində 350 vətəndaşı qəbul edə biləcək. Mərkəz ilkin mərhələdə Bakının Yasamal və Səbail rayonlarının əhalisinə xidmət edəcək. İl ərzində 100 mindən artıq vətəndaşa "bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 126 xidmət göstəriləcək. Bu mərkəzdə 96 nəfər, "Gənc DOST” proqramı üzrə isə 50 könüllü fəaliyyət göstərəcək. Burada "Pensiya və sosial sığorta”, "Sosial müavinətlər və təqaüdlər”, "Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, "Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, "Əmək münasibətləri”, "Məşğulluq xidmətləri”, "Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, "Bank və notarius xidmətləri” də var. Beləliklə, mərkəz vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən "bir pəncərə”yə müraciət edib və "bir pəncərə”dən faydalanmasına imkan verir. Vətəndaşlara məsləhət və məlumat xidmətləri də göstəriləcək. Onların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi də təmin ediləcək.

Prezident İlham Əliyev DOST Agentliyinin və mərkəzlərinin əhəmiyyətindən danışarkən vurğulayıb ki, onun rəhbərliyi ilə həyata keçirilən siyasət DOST mərkəzlərində bir daha öz əksini tapır. Bu, islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti və sairi əhatə edir. Dövlət başçısının sözlərinə görə, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Azərbaycan prezidenti vurğulayıb ki, müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək: "Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir. DOST Agentliyinin yaradılması bu istiqamətdə atılmış çox önəmli islahatdır. Növbəti illərdə bu agentliyin fəaliyyətinin genişləndirilməsi əminəm ki, vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndiriləcək. Beləliklə, bu sahə ilə bağlı bizim siyasətimiz daha da geniş miqyasda və məqsədyönlü şəkildə icra ediləcəkdir. Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin”.


Sonda bir daha qeyd edək ki, Dayanıqlı və Operativ Sosial Təminat layihəsi, bundan irəli gələrək yaradılan DOST Agentliyi və ilk "DOST” mərkəzi də ASAN Xidmət kimi ölkəmizin yeni brendinə çevriləcək. Düzdür, dünya təcrübəsində oxşar layihələr var. Lakin DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin "bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihədir. Agentlik DOST mərkəzləri vasitəsilə "bir pəncərə" prinsipi ilə 2,8 milyon şəxsə xidmət göstərəcək. Ona görə də DOST mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində Azərbaycanın yeni brendinə çevriləcəyi şübhəsizdir. Eyni zamanda bu hadisə 2019-cu ilin sosial sahədə atılan ən önəmli addımlardan biri olmaqla, dövlət sosial xidmətləri sahəsində keyfiyyətcə yeni inkişaf mərhələsinin başlanmasını təmin edəcək.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər