• cümə axşamı, 18 aprel, 13:23
  • Baku Bakı 22°C

Mötəbər tədbirə dəvətin əhəmiyyəti

15.01.21 16:07 838
Mötəbər tədbirə dəvətin əhəmiyyəti
Ekspertlərin fikrincə, G-20 sammitinə qatılan Azərbaycan Qoşulmama Hərəkatının üzvləri adından qürurla çıxış edə bilər


Ötən ildən başlanan COVİD-19 pandemiyası dövründə risklər nəzərə alınaraq bir çox beynəlxalq tədbirlər təxirə salındı. Amma Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə koronavirusla mübarizə çərçivəsində BMT-nin beynəlxalq videokonfransı baş tutdu.
Sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanan və qələbə ilə bitən 44 günlük müharibə Azərbaycanın geosiyasi arenadakı yerini bərkitməklə yanaşı, həm də dünya ölkələrinin diqqətini cəlb etdi. Heç şübhəsiz ki, Azərbaycanın 37 ölkə ilə yanaşı, oktyabrın 30-31 tarixində Romada keçiriləcək "Böyük iyirmilik” (G20) ölkələrinin zirvə görüşünə dəvət edilməsi də qeyd edilənləri özündə ehtiva edir.
Qeyd edək ki, dünya əhalisinin 60 faizini, ÜDM-in isə 80 faizini əhatə edən G20 qrupu cari ildə İtaliyanın sədrliyində "İnsanlar”, "Planet”, "Rifah” deyə üç başlıqla ifadə olunan dayanıqlı və bərabər inkişaf, ətraf mühitin mühafizəsi, yeni təhlükələrin qarşısını almaq kimi hədəflər qarşıya qoyur.
Zirvə görüşü ərəfəsində may-sentyabr ayları ərzində nazirlər səviyyəsində 10 sahəvi (innovasiya və tədqiqat, iqtisadiyyat və maliyyə, kənd təsərrüfatı, mədəniyyət və turizm, ətraf mühit, iqlim və enerji, ticarət, əmək və təhsil, səhiyyə, xarici işlər və inkişaf, cari məsələlər) görüş keçiriləcək.
Azərbaycanın belə bir mötəbər tədbirə qatılması nədən xəbər verir? Ölkəmiz üçün bu zirvə görüşünün əhəmiyyəti nədən ibarət olacaq?
Mövzu ilə bağlı məsələyə münasibət bildirən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi ki, hər il dünyanın ən böyük iqtisadiyyatına malik G-20 üzvləri ilə yanaşı, sammitə müstəsna halda yalnız planetin iqtisadi-siyasi həyatında xüsusi rola malik digər dövlətləri də dəvət olunur: "Bu il də "Böyük iyirmilik" üzvləri ilə birlikdə sammitdə 37 dövlət iştirak edəcək ki, Azərbaycan da bunlardan biridir. 200 dövlət arasından seçilən 17 ölkədən biri olmaq, əlbəttə, qürurverici haldır və özlüyündə bir neçə mühüm məqamdan xəbər verir. İlk olaraq qeyd edim ki, Azərbaycan 44 günlük Vətən müharibəsində beynəlxalq hüququ, eləcə də BMT-ni böyük utancdan xilas edərək, erməni işğalına son qoymuş, ərazi bütövlüyünü hərbi yolla bərpa etməklə, öz gücünə Təhlükəsizlik Şurasının 28 ildir icra olunmayan qətnamələrinin icrasına nail olmuşdur. Nəzərə alsaq ki, bu savaşda Ermənistan tək deyildi, deməli, Azərbaycan bütövlükdə şər blokuna qalib gəlməklə, özünü yeni regional güc kimi təsdiq etmiş, mövcud vəziyyət isə dünya gücləri tərəfindən qəbul edilmişdir. Həmçinin 44 günlük müharibə nəticəsində Azərbaycan Cənubi Qafqazın deyil, ümumilikdə Egeydən Orta Asiyaya qədər bütöv bir qurşağın gələcək siyasi və iqtisadi simasını müəyyən edərək, yeni əməkdaşlıq platformasının əsasını qoymaqla, bölgənin "xabı”na çevrilib. Bu isə o deməkdir ki, geosiyasi baxımdan müstəsna strateji əhəmiyyətə malik regiona maraq göstərənlər, burada istənilən kənar marağın hesablaşmalı olduğu əsas gücün Azərbaycan olduğunu qəbul edəcəklər”.
B.Məhərrəmov qeyd etdi ki, Azərbaycan Avropanı davamlı olaraq təhdid edən, yaxud, Qərbin hərbi-siyasi və ideoloji konfliktlər yaşadığı digər təchizatçılardan fərqli olaraq daha etibarlı enerji təminatçısı və beynəlxalq münasibətlərin əsas prinsiplərinə sadiq qalaraq öhdəliklərinə vicdanla əməl edən, getdikcə güclənən sağlam tərəfdaşdır: "Beynəlxalq münasibətlərin kəskinləşdiyi bir dönəmdə, xüsusən Avropada islamafobiya meyllərinin qabardığı, hətta iqtisadi nəticələrə belə yol açdığı bir dönəmdə dinlər və mədəniyyətlərarası dialoqun mərkəzi kimi Azərbaycanın artan rolu və təcrübəsi ilə hesablaşmamaq mümkün deyil.
Digər tərəfdən Azərbaycan 2020-ci ildə COVİD-19-la bəşəri mübarizədə özünü beynəlxalq səyləri birləşdirən lider və təşəbbüskar dövlət kimi təsdiq edib. Təsadüfi deyil ki, əvvəlcə Türkdilli dövlətlərin, ardınca Qoşulmama Hərəkatı və yekun olaraq da BMT-yə üzv ölkələrin bu istiqamətdə mərkəzləşmiş fəaliyyəti məhz Azərbaycan tərəfindən təşkil olundu. Habelə, Azərbaycanın özünü qlobal donor kimi təsdiq edərək, qazandığı əhəmiyyətli siyasi tərəfdaşları sayəsində beynəlxalq arenada siyasi proseslərə təsir imkanına malik iddiası kifayət qədər ciddi qəbul olunmağa başlayıb.
Ən nəhayət, etiraf etməliyik ki, şəxsiyyət amili müasir dünya siyasətinin kökündə dayanan meyarlardandır. Bu mənada, İlham Əliyev şəxsiyyəti və onun şəxsi nüfuzu Azərbaycanın G-20-nin "Roma 2021” sammitinə dəvət olunmasında vacib nüanslardan biri kimi nəzərdən keçirilməlidir”.
Beynəlxalq idarəetmə üzrə araşdırmaçı Əhməd Əlili bildirdi ki, 2020-ci ildə Azərbaycanın işğal edilmiş əraziləri azad etməsi, onu goesiyasi cəhətdən ən maraqlı ölkə edib: "Düşünürəm ki, bu istiqamətdə hamının marağı var. Ona görə də, hamı istəyir ki, Azərbaycan tərəfi mötəbər tədbirlərdə iştirak etsin. Müəyyən qədər dünya liderləri ilə ünsiyyəti olsun ki, onların fikirləri Azərbaycana və həmçinin ölkəmizin nə etmək istədiyi onlara çatdırılsın. O cümlədən, nəzərə almaq lazımdır ki, G-20 zirvə görüşü koronavirusa dair keçirilir. Azərbaycan tərəfi də həm BMT, həm də digər platformalar çərçivəsində koronavirusla ümumi mübarizəyə qarşı çox aktiv çıxış edən ölkələrdən biridir. Azərbaycan hazırda Qoşulmama Hərəkatının rəhbəridir. Ona görə də, Azərbaycan tərəfi çalışır ki, koronavirusa qarşı mübarizədə inkişaf etmiş ölkələr, bu hərəkatda yer alan inkişaf etməkdə olan ölkələri unutmasınlar və dünya üzrə vaksinin paylanması bərabər şəkildə olsun. Ona görə də, çalışırlar ki, bu istiqamətdə addımlarda Azərbaycanın da səsi eşidilsin. Çünki Azərbaycan göstərib ki, o dünyanın böyük bir qisim ölkələrinin də maraqlarını nəzərə alır. Məhz bu səbəbdən Azərbaycanın səsini bu istiqamətdə də eşitməyə hazırdırlar”.
Ə.Əlili vurğuladı ki, II Qarabağ müharibəsində sonra Azərbaycanın beynəlxalq platformalarda, tədbirlərdə iştirakı mümkün qədər çox lazımdır: "Çünki post-Qarabağ münaqişəsi dövründə öz siyasətini apara və hazırda Qarabağla bağlı olan ziddiyyətli informasiyaları neytrallaşdıra bilsin. Həmçinin də Azərbaycan bu istiqamətdə fəaliyyət göstərməklə, bir çox ölkələrin adından qürurla çıxış edə biləcəyini bəyan etmiş olur. Təbii ki, bu da Qoşulmama Hərəkatının üzvləridir. Hansı ki, Azərbaycan bu hərəkat ölkələrinin adından danışa və bir çox təşəbbüslərə rəhbərlik edə bilər”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər