• cümə, 29 Mart, 02:52
  • Baku Bakı 7°C

Ömrün uzanması və doğum göstəricisinin azalması

18.06.19 15:38 696
Ömrün uzanması və doğum göstəricisinin azalması
Yaxın 30 il ərzində planetimizin əhalisinin sayı 2 milyard nəfər artacaq və 2050-ci ilə qədər 9,7 milyarda çatacaq.
AZƏRTACxəbər verir ki, bu məlumatlar BMT-nin qlobal demoqrafik dəyişikliklər və perspektivlər barədə yeni məruzəsində öz əksini tapıb.
Növbəti 30 il ərzində əhali artımının 50 faizi 9 ölkənin – Hindistan, Nigeriya, Pakistan, Konqo Demokratik Respublikası, Efiopiya, Tanzaniya, İndoneziya, Misir və ABŞ-ın hesabına baş verəcək. Analitiklərin proqnozlarına görə, 2027-ci ildə Hindistan əhalinin sayına görə Çini ötüb keçəcək və dünyada birinci yeri tutacaq. Tropik Afrika ölkələrində sakinlərin sayı 2050-ci ilə qədər iki dəfə artacaq.
BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Lyu Çjenmin deyib: "Dünyanın ən yoxsul ölkələrində əhalinin artım sürəti aha böyükdür. Bu, yoxsulluğa, qeyri-bərabərliyə və aclığa qarşı mübarizədə əlavə çətinliklər yaradır, təhsil və səhiyyə sistemlərinin möhkəmlənməsinə yönəlmiş səyləri zəiflədir”.
Məruzə müəllifləri təsdiq edirlər ki, planetin əhalisi qocalmaqdadır. Avropa və Şimali Amerika ölkələrində bu proses daha ciddi nəzərə çarpır. 2018-ci ildə yaşı 65 və daha yuxarı olan ahıl insanların sayı ilk dəfə olaraq 5 yaşa qədər uşaqların sayından çox olub.
Dünya əhalisinin qocalmasının əsas səbəbləri ömrün uzanması və doğum göstəricisinin azalmasıdır. Məruzədə göstərilir ki, bu gün dünyada hər qadına orta hesabla 2,5 yeni doğulmuş uşaq düşür. 2050-ci ildə bu göstərici 2,2 uşağa bərabər olacaq.
Ekspertlər vurğulayırlar ki, əmək qabiliyyətli əhalinin faizinin azalması, xüsusən ahıl insanların sosial təminatı, onlara pensiya ödənilməsi, əmək bazarında dinamikanın dəyişməsi ilə bağlı ciddi problemlərə gətirib çıxarır.
Məruzədə daha sonra qeyd edilir ki, əhalinin azalması müşahidə olunan ölkələrin sayı artmaqdadır. Bu, ilk növbədə doğum səviyyəsinin azalması ilə bağlıdır. 2050-ci ilə qədər dünyanın 55 ölkəsində əhalinin sayı minimum 1 faiz azalacaq. Bunların arasında Rusiya, Ukrayna, Belarus, Ermənistan, Latviya və Litva da var. Hazırda Rusiya əhalisinin sayı təqribən 144 milyon nəfərdir. 2050-ci ilə qədər bu göstəricinin 11 milyon nəfər azalacağı gözlənilir.
Qeyd edək ki, bu ilin aprel ayında Azərbaycan əhalisinin sayı 10 milyon nəfər çatıb. 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faizdən çox və ya 1 milyon 731 min nəfər artıb. Azərbaycanda hər il doğulanların sayı artır, misal üçün 2018-ci ildə ölkədə 139 min doğulmuş körpə qeydə alınıb. Ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir. Müsbət miqrasiya saldosu davam edir. 2018-ci ildə daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənlərin sayından iki dəfədən çox olub. 2003-cü ildə ölkədə doğulanda gözlənilən ömür uzunluğu 72,3 yaş (o cümlədən kişilər arasında 69,5 yaş, qadınlar arasında 75,1 yaş) idisə, 2018-ci ildə bu göstərici 75,6 yaşa (o cümlədən kişilər arasında 73,1 yaşa və qadınlar arasında 77,8 yaşa) çatıb.
banner

Oxşar Xəbərlər