• cümə, 29 Mart, 01:17
  • Baku Bakı 7°C

Moskvadan Yerevana “tərs şillə”

10.05.19 16:08 498
Moskvadan Yerevana “tərs şillə”
Rəsmi Moskva növbəti dəfə Ermənistan hakimiyyətini ifşa edən ittihamlarla çıxış edib.
Rusiya kütləvi informasiya vasitələrinin yaydıqları məlumata görə, Rusiya Xarici İşlər Nazirliyiötən il Ermənistanda partiya kimi qeydiyyata alınan "Sasna Srer” təşkilatının planlarını ifşa edib.Rəsmi Moskvanın nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi ilə bağlı hazırladığı hesabatda vurğulanır ki, "Sasna Srer”in məqsədi Ermənistanın həm indiki ərazisinin, həm də Dağlıq Qarabağın daxil olduğu "yeni Ermənistan yaratmaq”, habelə xarici ölkələrdə yaşayan erməniləri ümummilli referendum vasitəsilə birləşdirməkdir. Bundan əlavə, partiyanın proqram göstərişlərində guya Rusiya müstəmləkəçiliyi tərəfindən tapdalanmış hüquqların bərpa olunması, Naxçıvanda və Axuryan çayının qərbində Ermənistan hakimiyyətinin səlahiyyətinin bərqərar edilməsi vəzifəsi əksini tapıb."Sasna Srer” ideologiyasının əsasında Ermənistan Respublikasının "cinayətkar rus-türk müqaviləsi”nin (1921-ci il Moskva müqaviləsi) ləğvi və "yeni dövlətin yaradılması” üçün mübarizə dayanır.
Hesabatda bildirilir ki, Ermənistanda irqçilik və xarici düşmənçilik təzahürləri vahidlik xarakteri daşıyır: "Dövri olaraq İran və Hindistandan gələnlərlə yerli erməni əhali arasında ədavətin olduğuna dair məlumat yayılır. Bu da bir çox hallarda gələnlərin özünü qeyri-mütənasib aparmaları ilə bağlıdır”.
Qeyd olunur ki, irqi zəmində törədilən cinayət hallarına görə, Ermənistan Cinayət Məcəlləsində cəza müəyyən edilməsi nəzərdə tutulub. Belə ki, bu motivli cinayət törədənlər 2 ildən 4 ilədək azadlıqdan məhrum edilə bilərlər. Mətbuatda bu cür hallara yol verənlərin cəzası isə 3 ildən 6 ilədək həbsdir. Hesabatda əksini tapmasa da, qeyd etmək yerinə düşər ki, 2017-ci ildə Rusiyanın "Zvezda” telekanalında "Proqnozlar” tok-şousunda aparıcı, politoloq Veronika Kraşeninnikova Ermənistanın Avropa İttifaqına daxil olmasının mümkünlüyü mövzusuna toxunub. Aparıcı Ukrayna ilə paralellər aparıb, həmçinin erməni hərbi və dövlət xadimi Qaregin Njdeni faşist adlandırıb və hakim Respublika Partiyasının üzvlərini faşistlərlə müqayisə edib. Daha sonra "Zvezda” telekanalı "Proqnozlar” tok-şousunun bu buraxılışını özünün "YouTube” kanalından silib. Bir gün sonra isə telekanalın nümayəndəsi tok-şounun bu buraxılışına görə üzr istəyib və Rusiyanın Ermənistandakı səfiri Vardan Toqanyana üzrxahlıq məktubu göndərib. Məktubda aparıcının sözləri "xəta” adlandırılıb. Xatırladılır ki, bu partiyanın tərəfdarları 2016-cı ilin iyulunda Yerevanda post-patrul xidməti alayının binasına silahlı hücum ediblər. Nəticədə iki polis qətlə yetirilib. Şübhəsiz ki, bu məruzədə yer alan faktlar ATƏT-in Minsk qrupuna həmsədr ölkə kimi Rusiyanı Dağlıq Qarabağ münaqişəsinin həllində daha ayıq-sayıq olmağa vadar etməlidir. Sənəddə həmçinin Ermənistanın keçmiş hakim Respublika Partiyası tərəfindən Üçüncü Reyxlə əməkdaşlıq edən terrorçu Qaregin Njdeyə Yerevanda abidə qoyulduğuxatırladılır.Bəlli olduğu kimi, Ermənistanda faşizmin təbliği çoxdandır ki, dövlət səviyyəsində aparılır. Faşizmin nökəri olmuş erməni əsilli şəxslərin şərəfinə Yerevanda küçələr adlandırılır, kitablar çap olunur, sikkələr buraxılır, filmlər çəkilir. Ekspertlər hesab edirlər ki, rəsmi Moskvanın bu sənəddə faktları daha aydın ifadə etməsi, həm də Ermənistan daxilində siyasi vəziyyətin dəyişməsi ilə əlaqədardır. Rusiya XİNbu məruzə ilə həm də Ermənistandakı bütün terrorçu qruplaşmaların məhvedilməli olmasına dair rəsmi Moskvanın mövqeyini ifadə etmiş oldu.
Bir faktı da xatırlatmaq yerinə düşər ki, BMT Baş Assambleyası bir neçə il əvvəl "Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı qətnamə qəbul edib. Sənədin 4-cü bəndində qeyd olunur ki, BMT Baş Assambleyası nasizm hərəkatının, neonasizmin və "Vaffen SS” təşkilatının keçmiş üzvlərinin hər hansı formada məşhurlaşdırılması, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin üzə çıxarılması məqsədilə kütləvi nümayişlər keçirilməsi, eyni zamanda, antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş belə şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan etmək cəhdləri vasitəsilə məşhurlaşdırılmasına görə dərin narahatlığını ifadə edir. Özü də BMT Baş Assambleyasının bu qətnaməsi Rusiyanın təşəbbüsü ilə qəbul olunub. Hərçənd, rəsmi Moskva İkinci Dünya Müharibəsinin nəticələrini yenidən yazmaq və təhrif etməyin yolverilməz olduğunu dəfələrlə bəyan edib.
Ümumiyyətlə, artıq uzun müddətdir ki, Ermənistanda bir təmayül özünü açıq-aydın büruzə verir. Əvvəlki hakimiyyətin dövründə Yerevandakı hakim rejim ölkədə davam edən sosial-iqtisadi böhran içində çapalayan cəmiyyətin çoxsaylı problemlərinə çarə tapa bilmədiyindən, ictimaiyyətin diqqətini başqa istiqamətə yönəltməyə cəhd edirdi. Bu istiqamət 74 il əvvəl tarixin zibilliyinə atılmış faşizmi dirçəltmək, nasistlərə haqq qazandırmaq və onların hərbi cinayətlərini qəhrəmanlıq kimi qələmə verib təbliğ etməkdən ibarətdir. Görünən odur ki, Ermənistan həm erməni xalqı, həm də bəşəriyyət üçün son dərəcə təhlükəli olan faşizmə pərəstiş yolu seçib. Bu siyasət özünü inqilabçı adlandıran indiki hakimiyyətin də əsas siyasətindən birinə çevrilib. Yerevan rejimi hitlerizmlə çiyin-çiyinə insanlığa qarşı saysız-hesabsız cinayətlər törətmiş "qəhrəman”lar ortaya çıxarır, onları məşhurlaşdırmaq üçün hər vasitəyə əl atır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər