AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Moskvadakı “Hərbi qənimətlər sərgisi” 5 il fəaliyyət göstərib

Moskvadakı “Hərbi qənimətlər sərgisi” 5 il fəaliyyət göstərib

Təfsilat
22 Aprel 2021, 20:30 572
Düşmən üzərində qələbə şərəfinə abidə ucaltmaq adətinin kökləri hələ qədim Yunanıstana gedib çıxır. Qədim yunanlar döyüş meydanında qələbədən sonra orada taxta sütunlar basdırıb üstündə düşməndən qənimət götürülmüş silah-sursat asır, döyüş haqqında məlumatlar, şəkillər olan lövhələr asır, qalib və məğlub ordunun əsgərlərinin adlarını yazardılar. Elə "trophaeum” yunan sözü də "geriyə dönüş”, "düşmənlərin geri qaçması” anlamını verir.
O vaxtdan müxtəlif ölkələrdə müharibələrdən sonra hərbi qənimətlərin nümayişinə tez-tez rast gəlinib. Məsələn, Rusiyada I Pyotrun vaxtında İsveçlə müharibədən sonra, I Aleksandrın dövründə Napoleon müharibələri zamanı hərbi qənimətlər sərgiləri təşkil edilirdi.
Böyük Vətən müharibəsi dövründə, 1943-cü il iyunun 22-də Moskvadakı Maksim Qorki adına Mərkəzi Mədəniyyət və İstirahət Parkında alman ordusundan qənimət götürülmüş hərbi texnika sərgisi açılmışdı. SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə yaradılan park güclü hərbi bazası olan düşmən ordusunun məhvini nümayiş etdirməli idi.
Müharibənin sonunadək sərgiyə yeni qənimətlər daşınıb gətirilirdi. Moskvanın 800 illik yubileyinin qeyd olunduğu 1947-ci ildə parkda artıq 7 minə yaxın alman hərbi texnikası toplanmışdı.
Sərginin ekspozisiyası 6 bölmədən ibarət idi: "Artilleriya”, "Aviasiya”, "Avtomobil”, "Zirehli texnika”, "Mühəndis-texniki” və "Arxa cəbhə”. Burada 6500-dən çox eksponat (iri həcmli hərbi texnika açıq havada, Moskva çayının sahilində, kiçik eksponatlar isə bağlı pavilyonlarda) nümayiş etdirilirdi.
Qapalı pavilyonların birində kiçik silahlar və texnika, ikincisində isə alman ordusunun zabit və əsgərlərinə aid hərbi formalar, ərzaq maketləri, hərbi məişət əşyaları toplanmışdı. Sərgi Moskva sakinləri və şəhərin qonaqları arasında çox populyar olub. Hətta "Mosfilm” kinostudiyası ekspozisiyaya həsr olunmuş "Böyük döyüşlərin qənimətlər” adlı rəngli sənədli film də çəkib.
Sərgi 1948-ci il oktyabrın 1-dək fəaliyyət göstərib. Bu dövr ərzində faşist Almaniyası ordusunun texniki qalıqlarına tamaşa etmək üçün sərgini 7 milyondan çox adam ziyarət edib.
Mütəxəssislər təəssüflə bildirirlər ki, 1948-ci ildə sərgi bağlanandan sonra buradakı unikal eksponatların əksəriyyəti əridilərək metala çevrilib, bəziləri isə SSRİ-nin müxtəlif hərbi muzeylərinə göndərilib.