• şənbə, 20 Aprel, 14:35
  • Baku Bakı 23°C

Moldovada rəngli inqilab hazırlayırlar?

19.02.19 17:53 545
Moldovada rəngli inqilab hazırlayırlar?
Moldova bazar günü keçiriləcək kritik parlament seçkilərinə hazırlaşır. Məsələ ondadır ki, bu ölkədə həftə sonu keçiriləcək parlament seçkilərinin nəticələri taleyüklü ola bilər. Kim qalib gələcək - rusiyapərəst sosialistlər və yaxud qərbyönümlü demokratlar? Əksəriyyət üçün bu suala cavab vermək bir qədər çətin görünür. Rusiya mediası iddia edir ki, Avropa İttifaqı üçün hazırda Moldova seçkiləri elə də ciddi əhəmiyyət kəsb etmir. Hətta vurğulanır ki, qurum bir-biri ilə rəqabətdə olan Moldova Demokrat Partiyası və Sosialistlər Partiyasının hakim alyans qurmasına qarşı deyil. Dnestryanı bölgəyə gəldikdə, avropalılar burada yeni münaqişənin baş qaldıracağına inanmırlar. Əvəzində isə regionda geosiyasi maraqlarını qoruyub saxlamağa ən çox Birləşmiş Ştatların can atdığı vurğulanır. Amerikalıların Moldovanın Rusiyanın təsir dairəsindən çıxarılması uğrunda mübarizə aparacaqları gözlənilir.
Bazar günü keçiriləcək seçkilərin ölkə vətəndaşları üçün nəticələri xüsusən vacibdir. Hansı qüvvənin qalib gələcəyindən asılı olaraq ölkənin inteqrasiya istiqaməti müəyyən olunacaq. Yəni, hakimiyyətdə demokratlar qalacaqsa, o zaman Moldova Avropa İttifaqı və NATO-ya doğru istiqamət götürəcək. Əgər sosialistlər üstünlük qazanarlarsa, onda Moldova eyni zamanda həm Rusiya, həm də Avropa İttifaqı ilə münasibətləri genişləndirə bilər. Rusiyapərəst prezident İqor Dodon da bunu Münxendə keçirilən Təhlükəsizlik Konfransında avropalı siyasətçilərə deməyə çalışıb.
Almaniya-Rusiya tədqiqat layihələrinin rəhbəri Aleksandr Rar "Nezavisimaya qazeta”ya müsahibəsində bildirib ki, bütövlükdə Aİ-nin Moldovadan gözləntiləri özünü doğrultmayıb - ölkədə korrupsiya və demokratiyanın səviyyəsi onları qane etmir. Bu səbəbdən də Brüsseldə hakim alyansı sosialistlər və demokratların qura biləcəyinə qarşı narazılıq yoxdur – hər iki partiyanın çoxqütblülüyü Avropa İttifaqını narahat etmir. "Moldova Ukrayna demək deyil. Avropa İttifaqında Ukrayna Qərbin bir ərazisi kimi nəzərdən keçirilir. Və hesab edirlər ki, bu ölkə Rusiyanın təsir dairəsində qala bilməz. Ekspertlər dəfələrlə Avropa İttifaqını Dnestryanı bölgədə yeni münaqişənin baş verəcəyi barədə xəbərdarlıq ediblər. Lakin bu, Avropanı narahat etmir. Onları Donbas maraqlandırır. Əvəzində Moldovaya geosiyasi marağı daha çox ABŞ nümayiş etdirir. Amerikalılar üçün Dnestryanı bölgənin Moldova və yaxud Rusiyada qalmasının əhəmiyyəti var. Bu səbəbdən də Birləşmiş Ştatlar burada öz maraqlarını yetirməyə çalışacaq. Avropa İttifaqı faktiki olaraq Kişinyov və tanınmamış Tiraspoldan əlini üzüb”, - deyə A.Rar bildirib.
Moldovanın özündə isə qarşıdan gələn seçkilərə ciddi önəm verilir. Prezident İqor Dodon seçkilərdən sonra vəziyyətin gərginləşə biləcəyini, hətta nəticələrdən qorxduğunu dilə gətirib. Ad çəkmədən bildirib ki, əgər seçkilərdə partiyaların birini (sosialistləri nəzərə tutur) uzaqlaşdırsalar, onda insanların küçələrə çıxmaqdan başqa bir yolu qalmayacaq. Bu bəyanatdan sonra ölkədə mümkün dövlət çevrilişi barədə danışmağa başlayıblar. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Moldovada Ukrayna Maydanının təkrarlana biləcəyi barədə bəyanatı isə əsl şok effekti yaradıb. Hətta ölkənin müharibəyə hazırlaşdığı barədə fikirlər yayılmağa başlayıb. Vəziyyəti Dnestryanı bölgədə gərginliyin artması da mürəkkəbləşdirib. Bir həftə öncə Kişinyov tərəfi bəyan edib ki, Dnestryanı bölgəyə əlavə hərbi texnika və qoşun göndərmək niyyətindədir. Bu da separatçı bölgənin əhalisini narahat edib. Bundan əlavə, onları narahat edən başqa hal bölgədə ABŞ kəşfiyyatçı təyyarələrinin uçuşlarının sayını artırmalarıdır.
Moldovanın özündə isə səsvermə ərəfəsində bir qismin təxribat, digər qismin tamaşa adlandırdıqları hadisələr baş verir. Söhbət iki moldovalı təyyarəçinin əfqan əsirliyindən azad olunmasından gedir. Prezident Dodon bildirib ki, onların axtarış və xilasetmə işlərinə xeyli vəsait ayrılıb. Prezident də prokurorluğun köməyi ilə o vəsaitin hara sərf olunduğunu araşdırmağa çalışır. Onları Dodonun xahişi ilə Rusiya azad etməyə müvəffəq olub. Hazırda onlar Moskvadadırlar. Bəziləri bunu Rusiyanın jesti kimi qələmə verirlər. Qeyd edilir ki, Rusiya bununla seçkiqabağı onu dəstəkləyən partiyanın nüfuzunu qaldırmaq niyyəti güdüb. Parlament və hökumət bundan narazılıqlarını ifadə edib. Keçirilən rəy sorğularının nəticələrinə görə, parlamentə yalnız iki partiya və bir blok keçə bilər. Bunlar sosialistlər, Demokratik Partiya və ACUM blokudur. Rusiyaya yaxınlığı ilə seçilən sorğu mərkəzi iddia edir ki, seçkilərdə sosialistlər 43 faiz səs toplayacaq. Sorğunu keçirənlər iddia ediblər ki, Dodonun reytinqi hazırda 52 faizdir. Ondan sonrakı yeri avropayönümlü Hərəkat və Həmrəylik Partiyasının lideri Mayya Sandu (28) tutur. Demokratların lideri Vladimir Plaxotnyuka isə ən az səs verilib - 21 faiz. Bir sıra ekspertlərin ehtimalına görə, parlament çoxluğunu ABŞ-ın himayə etdiyi demokratlar və Mayya Sandunun partiyası əldə edə bilər. Lakin bəziləri bu qənaətdədir ki, yeni parlamentdə sosialistlər və demokratlar alyans qura bilərlər. Ən önəmlisi isə odur ki, seçkilərə bir neçə gün qalmış Birləşmiş Ştatlar Moldovaya yeni səfir təyin edib. Derek Hoqanın ABŞ Müdafiə Nazirliyinin zabiti olduğu barədə Moldova kütləvi informasiya vasitələri məlumat yayıblar. Onun Pakistanda və Əfqanıstanda işlədiyi bildirilir. Yerli ekspertlərin qənaətincə, bu cür mütəxəssislər adətən ciddi hadisələrin baş verdiyi ərazilərdə peyda olurlar. Kişinyovda isə Hoqanın burada peyda olmasını Rusiya qoşunlarının Dnestryanı bölgədə olması ilə əlaqələndirirlər.


Azər NURİYEV

banner

Oxşar Xəbərlər