• cümə axşamı, 28 mart, 20:54
  • Baku Bakı 13°C

Moldovada Belarus ssenarisi

30.10.20 16:52 489
Moldovada Belarus ssenarisi
Sağ yönümlü partiyalar seçki məntəqələrinin mühafizəsi məqsədilə dəstələr formalaşdırır

Noyabrın 1-də keçiriləcək prezident seçkiləri ərəfəsində Moldovada siyasi gərginlik artır. Hakimiyyətdə qalmaqda israrlı olan prezident İqor Dodon bəyan edib ki, səsvermədən sonra ölkədə vəziyyətin gərginləşə bilər. O, prezidentliyə sağ partiyalardan olan namizəd Mayya Sandunu xəbərdar edib. Bildirib ki, onların aksiyasından müəyyən qruplar istifadə edə bilər. "Platforma DA” Partiyasının lideri Andrey Nestase "səslərini qorumaq” üçün "gənc” və "möhkəm cüssəli” kişiləri küçələrə çıxmağa çağırıb. Artıq Moldovada hər kəs Belarus ssenarisindən danışır. Sosialistlərin lideri İqor Dodon avropayönümlü partiyaları təhlükə mənbəyi kimi görərək onların zərərsizləşdirilməsinin zəruriliyini bildirir. Onun qənaətincə, həmin qüvvələr səslərin hesablanmasından sonra etiraz aksiyaları keçirməyə çalışacaqlar. Eyni zamanda, Dodonun opponentləri onu seçkilərin nəticələrini saxtalaşdırmağa hazırlaşmaqda ittiham edirlər. Moldova prezidenti bildirir ki, seçkilərdən sonra vəziyyəti gərginləşdirməkdə maraqlı olan insanlar tapılacaq. O cümlədən prezident binasının dağıdılmasına çalışan qüvvələr olacaq. Bununla bağlı Mayya Sanduya müraciət göndərib. "Siz etirazlar barədə danışırsınız. Sağlam fikirlərlə insanları küçələrə çıxmağa çağırırsınız. Lakin kimlərsə vəziyyətin nəzarətdən çıxmağında maraqlı ola bilər. Oliqarxlar revanş götürmək istəyirlər. Onlar müəyyən qruplardan istifadə edərək dövlət orqanı binasına daxil olacaqlar. Dodon, Sandunu necə olacağından asılı olmayaraq noyabrın 2-də, ya da noyabrın 16-da ikinci tur olarsa, nəticələri tanımağa çağırıb. O bildirib ki, onun özü belə addım atacaq.
Bəs görəsən Dodon digər namizədlərə deyil, niyə məhz Sanduya müraciət ünvanlayıb? Namizədlərin sayı səkkizdir. Məsələ ondadır ki, prezident kürsüsü uğrunda cəmi iki namizəd ciddi şəkildə mübarizə aparacaq – Dodon və Sandu. Dodon Rusiya ilə əlaqələrin gələcəkdə möhkəmləndirilməsini, Avroasiya inteqrasiyasını təklif edir. Sandu isə avrointeqrasiyanın, eyni zamanda Rusiya ilə də münasibətlərin qorunub saxlanmasının tərəfdarıdır. Lakin Rusiya vektoru heç zaman rumınpərəst Sandunun prioriteti olmayıb. Lakin bu dəfə seçkiqabağı vədlərində millətindən asılı olmayaraq bütün vətəndaşların, o cümlədən rusdillilərin prezidenti olacağını bildirib. Nəyin baş verdiyini başa düşmək üçün Sandunun hələ baş nazir olarkən atdığı addımı yada salaq – rus dili məktəblərdə fənn kimi qadağan olundu. Bu gün sabiq baş nazir bildirir ki, Moldovanın qonşuları Rumıniya və Ukrayna, beynəlxalq tərəfdaşlar – Avropa İttifaqı və ABŞ-la, eləcə də, Rusiya ilə münasibətləri bərpa edəcək. Mayya Sandu xalqın rifahı naminə xarici siyasət yürüdəcəyini bildirərək, əminliklə deyir ki, vətəndaşların rifah halının yaxşılaşdırılması naminə xaricdən maliyyə köməyi alacaq. "Təminat verirəm ki, Moskvanı izolyasiyadan çıxarıb Aİ-yə yaxınlaşdıracağam. Xalqın rifahı naminə xarici siyasət irəli sürəcəyəm, Avropa inteqrasiyası üçün tədbirlər görəcəyəm. Biz birlikdə Moldovanı düz yola aparacağıq. Mən yaxşı insanların gücünə inanıram, yaxşı insanların vaxtı çatıb”- deyə Sandu bildirib. İon Kiku hökuməti istehlakçılar üçün satılan Rusiya qazının qiymətinin aşağı salındığını bildirib. Bu, Dodona böyük dəstək hesab edilir. Ölkədə qaz çox bahadır, insanlar il ərzində mərkəzi qızdırma sistemi ilə evlərini qızdırır. Şəxsi evlərdə isə mənzilləri, çox vaxt ağacları kəsərək odunla qızdırmağa üstünlük verirlər. Bundan əlavə, Dodonu Valdayda Rusiya prezidenti Vladimir Putin də dəstəkləyib. Bildirib ki, yaxşı olardı, Dodon prezident seçilərdi. Moldovada ənənəvi olaraq ölkənin yarısı Rusiyaya yönəlib və Putinin məsləhətlərini də vətəndaşlar eşidib. Lakin bir qisim ənənəvi olaraq Aİ-yə can atıb. Vətəndaşlar arasında Rusiya ilə əlaqələrin inkişaf etdirilməsinin tərəfdarı olanlar da var. Moldova seçicilərinin kimə səs verəcəyini də həftənin birinci günü biləcəyik.


Azər NURİYEV
banner

Oxşar Xəbərlər