• şənbə, 20 Aprel, 09:24
  • Baku Bakı 14°C

“Missiyamız insanların həyatına dəyər qatan ideyaları paylaşmaqdır”

12.04.18 13:35 2976
“Missiyamız insanların həyatına dəyər qatan ideyaları paylaşmaqdır”
Sabahın inkişafı bu günün gənclərinin əlindədir. Gənclər hərtərəfli inkişafları üçün yalnız universitet təhsillə kifayətlənməyib, müxtəlif istiqamətlərdə təşkil olunan tədbirlərdə, layihələrdə iştirak etməlidirlər. Tədbirlərdə iştirak edən gənclər həm sosial, həm elmi, həm də psixoloji baxımdan özlərini inkişaf etdirirlər. Digər tərəfdən, həmin tədbirlər gənclərə öz məqsədlərinə çatmaq üçün motivasiyaverici rol oynayır. 22 aprel tarixində "Pullman” oteldə "Gələcəyini bu gün inşa et” sloqanı ilə keçiriləcək "Mentor Talks” təbiri də bu qəbildəndir. Tədbir haqqında daha geniş məlumat əldə etmək üçün layihənin təşkilatçılarından olan Şamil Bağmanovla həmsöhbət olduq.

- Belə bir tədbir keçirmək ideyası necə yarandı?
- Bu suala cavabı "mentor kimə deyirik” açıqlaması ilə başlamaq istəyirəm. Mentorlar öz bilik və təcrübələrini başqaları ilə paylaşan, insanlara ilham verən şəxslərdir. Yaxşı mentor təkcə faydalı məsləhətlər verən şəxs deyil, eyni zamanda insanların özündə görmədiyi tərəflərini göstərməklə bərabər, nümunə olan şəxsdir. Hər kəs mentora ehtiyac hiss edir. Çünki mentorla yüksəlmək daha əlçatandır. Formal təhsillə bərabər, mentorlar və kitablar özümüzü yetişdirməyin ən önəmli vasitələridir, axtardığımız suallara cavab tapmağın yoludur. Yaxşı mentorlar bizim qabiliyyət və bacarıqlarımızı üzə çıxarda bilər. Paylaşmaq və mentor olmaq insan ruhunun dərinliklərində olan bir istəkdir. Çünki hamı nədəsə başqalarına dəstək ola bilər. Haradasa yaxşı mentor və öz sahəsində daha yaxşı olmaq istəyən insanları görəndə, onları görüşdürmək istəyim olub. Hamı hər şeydə başqalarına dəstək ola bilməz, ancaq hamı nədəsə başqalarına dəstək ola bilər düşüncəsindəyəm. Bu tədbirdə eşidəcəyimiz bir cümlə, hətta bir söz belə həyatımızı müsbətə dəyişə bilər. #MentorTalks’la insanların həyatına müsbət toxunuş etmək istəyirik. Əlbəttə ki, davamlı inkişafımız üçün öz təcrübələrimizdən, oxuduqlarımızdan istifadə etməklə yanaşı, başqalarının təcrübələrindən də yararlanmalıyıq. Bu təcrübələri, öz vizyonlarını paylaşmaq istəyən mentor düşüncəli spikerləri dinləməliyik. Həm ilham almalı, həm də əsrimizin valyutası olan ideya və məlumatları dinləyərək öz dünyagörüşümüzü inkişaf etdirməliyik. "Mentor Talks” da elə bunun üçündür.


- Tədbirin təşkilat komitəsində kimlər var?
- Möhtəşəm bir komandamız var. Demək olar, müxtəlif sahənin insanları bir məqsəd üçün birləşib. Komandamızda həm kitaba marağı olanlar, həm də vloqqerliklə məşğul olanlar toplaşıb. Həmişə onlar haqqında "canla-başla iş görən insanlardır” deyirəm. Başqalarının həyatına dəyər qatan işlərə istəkli olan şəxslərlə bu işi görürük. İlk olaraq Sərxan Rüstəmovdan danışmaq istəyirəm. Sərxan Rüstəmov #övladınüçünoxu hashtagı ilə tanınan, "Bookmap” platforması, kitab vloqları və müsahibələri ilə seçilən biridir. Onun Azərbaycanda hər kvadrat metrə düşən kitab oxuyan insan sayını artırmaq kimi bir hədəfi var. Kəmalə Rövşən "Youtube”da uşaqlar üçün nağıl səsləndirən vloqqer və videoqrafdır. Müxtəlif sosial layihələrdə fəaliyyəti olub. Mojqan Vəlizadə isə "Wowoman” platformasında aktiv fəaliyyət göstərən, layihələrin idarə edilməsində təcrübəli gənclərdəndir. Və nəhayət tədbirimizin moderatoru insan resursları, karyera və davamlı inkişaf üzrə mütəxəssis olan Abid Səmədovdur.


- Tədbirin spikerləri kimlərdir və spiker seçimində hansı nüanslara önəm verdiniz?
- "Səhnədə coşqulu bir spikeri izləmək, səhrada buz kimi soyuq suyu içmək qədər təravətləndiricidir” deyimi var. Bir məsələni qeyd edim ki, yaxşı mütəxəssis yaxşı spiker, yaxşı spiker də yaxşı mütəxəssis demək deyil. Spikerləri seçərkən iki nüansı əsas götürmüşük. Çıxış edəcək şəxs danışacağı mövzuda təcrübəli və kütlə qarşısında fikrini ifadə etmə bacarığına sahib olmalıdır. Əlbəttə ki, mentor düşüncəli insanlar olması da şərtdir. Spikerlərimiz isə layihə meneceri, bloqqer İlham Ali Yusif, psixoterapevt Həlimə Qəmərlinskaya, ted-spiker və kouç Seymur Rəsulov, radio aparıcısı və natiqlik üzrə təlimçi Cəlala Nəzəroğlu, natiq və yazıçı, kouç Coşqun Kərimov, kouç İsmayıl Vəliyev və ucqar kənd müəllimi Həbib Əlizadədir.
- Tədbirin proqramında nələr nəzərdə tutulub?

Tədbir 22 apreldə "Pullman” hoteldə keçiriləcək. Hər biri 20 dəqiqə olmaqla, 7 təcrübəli spikerin çıxış edəcəyi "Mentor Talks” 14:00-dan 18:00-a qədər davam edəcək. İlk olaraq qeydiyyatla başlayacaq. Tədbirimizin ilk 50 dəqiqəsi tanışlıq olacaq və bu müddət ərzində musiqiçilər fleyta və skripkada ifa edəcəklər, sonra dinləyiciləri salamlayıb, çıxışçıları təqdim edəcəyik. Və ardınca isə spikerlər öz mövzuları haqqında danışacaqlar. İlham bəy "Biz bunları çoxdan bilirik”, Cəlalə Nəzəroğlu "Dilimin ucundakı kəlmələr”, Seymur Rəsulov "Gələcək üçün bu gün nə etməli?”, Coşqun Kərimov
"Arzuladığınız hissi indi yaşayın”, Həbib Əlizadə "Görəsən, mən o müəlliməm?” Həlimə Qəmərlinskaya "Özünüinkişaf və motivasiyanın psixologiyası”, İsmayıl Vəliyev "Bizə Mentor lazımdırmı?” mövzusunda təcrübələrini iştirakçılarla bölüşəcəklər. Spikerlərimizdən İsmayıl bəy tədbirimizə ABŞ-dan canlı bağlantı ilə qoşulacaq. Dinləyicilərin yorulmamağı üçün arada qısa çay fasiləsi də olacaq.
- Belə bir tədbiri keçirməkdə məqsədiniz nədir?
- Sloqanı "Gələcəyini bu gün inşa et” olan "Mentor Talks” tədbirinin məqsədi özünü yetişdirmək istəyən parlaq fikirli insanları bir araya gətirmək, ilham verən çıxışlarla onları inkişafa təşviq etməkdir. Missiyamız insanların həyatına dəyər qatan ideya, məlumatları paylaşmaqdır. Tədbirlərimiz özünüinkişaf, biznes, dizayn, texnologiya, marketinq, səhiyyə, təhsil kimi sahələri əhatə edir. İlk təbirimiz özünüinkişafla bağlıdır. Bu, sadəcə bir tədbir deyil, bir düşüncənin Azərbaycanda yayılmasına səbəb olacaq təşəbbüsdür, qığılcım anıdır. Buna mentorizm deyirik. Məqsədimiz ölkədə mentor düşüncəli insanların sayının artmasına şərait yaratmaqdır. Elə insanlar var ki, onlar hələ kəşf olunmayıblar, halbuki cəmiyyətə böyük faydaları ola bilər. Hər sahənin mentorları ilə parlaq fikirli insanları bir araya gətirməyi hədəfləmişik.

- Bu tipli tədbirlər çox olur. Sizin digərlərindən fərqiniz nə olacaq?
- Bizim auditoriyamız parlaq fikirli, gələcəyini inşa etmək istəyən insanlardır. Spikerlər qədər, iştirakçılarımız da bizim üçün dəyərlidir. Artıq qeydiyyatdan keçən, biletləri alan şəxsləri gördükcə, bundan bir daha əmin oluruq. Onlara "ən yaxşısına layiqsiniz” deyirik! Düşünürəm ki, bizim tədbirimizdə mövzular və spikerlər bir-birini tamamlayacaq. Bundan əlavə, sosial məsuliyyət tərəfimiz var ki, ucqar kənd şagirdlərinə ianə biletinin müəyyən məbləği ilə kitablar bağışlanacaq. Həmçinin iştirakçılara çıxışları görəndən sonra seçim edərək, mentorlarla fərdi sessiya əldə etmək imkanı yaratmışıq.

- Bilet satışında qiymət fərqləri var, bunun səbəbi nədir?

- Bəli, biletlərimizin qiymətlərində müəyyən qədər fərqlilik var. Belə ki, tədbirdə iştirak etmək istəyənlər üçün təklif olunan standart qiymət 29, ianə biletlərinin qiyməti 39, klass biletlər isə 69 manatdır. Dinləyicilər hansını istəsələr ala bilərlər. İanə biletin fərqi ondadır ki, həmin məbləğin 10 manatı ilə ucqar kənd məktəblərindəki şagirdlərə kitab alınacaq. Klass bileti alan şəxslər isə mentorlardan birini seçərək onunla fərdi sessiya əldə etmək imkanı qazanacaqlar. Biletlər artıq satışdadır. Almaq istəyənlər saytımızda qeydiyyat keçə və ya "Mentor Talks”un "facebook” səhifəsindən məlumat əldə bilər.

- Gözləntiləriniz nələrdir?
- Tədbirin çox maraqlı keçəcəyinə inanırıq və hal hazırda insanlardan gördüyümüz dəstək bunu bizə hiss etdirir. Belə görünür ki, nəzərdə tutduğumuz bilet sayını artırmalı olacağıq (gülür).

- Bu işdə dəstəkçiləriniz kimlərdir?
Tədbirin ideya mərhələsindən bu günə qədər dizayn və brendinq üzrə mütəxəssis, "Markaman” şirkətinin təsisçisi Rəşad Baxışov, promo və çap üzrə "Magenta” şirkəti, təsisçisi Emin Əlibəyli, "Oskar Education & Consulting” şirkəti bizə böyük dəstək göstəriblər. "Marja” xəbər agentliyi, "Bizplus”, "Edumap”, "Biznesmen.az” saytları isə media tərəfdaşlarımızdır.

Günel Azadə

banner

Oxşar Xəbərlər