• cümə, 29 Mart, 05:30
  • Baku Bakı 7°C

Mişel Vais: “Teatr dəyişdiyi kimi, teatrşünaslar və teatr tənqidi də dəyişmək məcburiyyətindədir”

15.12.14 12:21 1253
Mişel Vais: “Teatr dəyişdiyi kimi, teatrşünaslar və teatr tənqidi də dəyişmək məcburiyyətindədir”
Keçən ayın əvvəllərində (5-7 noyabr) Bakıda III Beynəlxalq Teatr Konfransı keçirildi. Konfransda dünyanın 40 ölkəsindən 140-a yaxın qonaq iştirak etdi. Yüksək səviyyəli qonaqlara arasında artıq bir neçə dəfə ölkəmizdə səfərdə olmuş Beynəlxalq Teatr Tənqidçiləri Assosiyasının baş katibi Mişel Vais da var idi.
Konfrans ərəfəsində cənab Mişel Vaisla teatr və teatrşünaslıq haqqında söhbət etmək fürsətim oldu. Söhbətə keçməzdən əvvəl Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının fəaliyyəti ilə bağlı qısa məlumatı diqqətinizə çatdırmaq istərdim.
Beynəlxalq Teatr Tənqidçilərinin ilk konqresi 3 may 1926-cı ildə 26 ölkənin iştirakı ilə Parisdə keçirilib. Bu yığıncaqda ayrı-ayrı ölkələrdə teatrşünaslığın necə tədris olunduğu və tənqidçi təşkilatları arasında əlaqələrin, ünsiyyətin necə qurulacağı haqqında müzakirələr aparılıb. Həmin yığıncaqdan sonra təşkilatlar bir-birləri ilə əlaqə saxlasalar da II Dünya Müharibəsi onların yenidən bir araya gəlmələrinə mane oldu. Nəhayət, 7 iyun 1956-cı ildə 34 ölkədən 120 tənqidçinin üzvlüyü ilə Beynəlxalq Teatr Tənqidçiləri Assosiyasiyası fəaliyyətə başladı.
Uzun illərdir Assosiasiyanın baş katibi vəzifəsində çalışan Mişel Vais həm ölkəsində, həm də beynəlxalq arenada elmi işləri, çox uzun müddət aparıclığını etdiyi radio verilişləri, kitabları və köşə yazıları ilə dünya miqyasında tanınan və hörmət edilən mütəxəssisdir. Bu mənada onunla söhbət etməyin gənc teatrşünas üçün önəmli bir şans olduğunu vurğulayaraq, müsahibəni sizə təqdim edirik.
- Cənab Vais, əvvəlcə söhbətimizə Beynəlxalq Teatr Tənqidçiləri Assosiyasiyasının fəaliyyətindən başlayaq. BTTA kimləri teatr tənqidçisi kimi tanıyır, üzvlük tələbləri və qaydaları necədir?
- Teatr tənqidçilərində axtardığımız əsas dəyərlər mütəmadi olaraq öz ölkələrindəki teatr fəaliyyətini izləmək, en azı 2 il müddətində qəzet, jurnal, radio, televiziya və ya internet vasitəsi ilə yazılar dərc etdirməkdir. Bu tələblərə cavab verən hər kəs təşkilata üzv ola bilər. Biz tənqidçi üçün elmi-pedaqoji fəaliyyətinin olmasını önəmli hesab etmirik. Bundan əlavə, “Beynəlxalq şöbə” adını daşıyan, ayrı-ayrı ölkələri təmsil edən şöbələrimiz də var. Bu şöbənin açılması üçün həmin ölkədən ən azı 10 üzvün olması vacibdir. Lakin bu şərt əhalisinin sayı 1 milyondan çox olan ölkələr üçündür. Əhalisinin sayı az olan ölkələr üçün isə “Regional şöbələrimiz” var. Bu gün təxminən 3000 üzvümüz, 44 beynəlxalq və bir regional şöbəmiz fəaliyyət göstərir.
- Bir az da Azərbaycan teatrı haqqında danışaq. Artıq bir neçə dəfə Azərbaycanda olmusunuz, Bakıda keçirilən Bakı Beynəlxalq Teatr Konfranslarında və Kukla Teatrları Festivalında yaxından iştirak etmisiniz, teatrlarımızda müxtəlif tamaşalara baxmısınız. Yad bir dildə tamaşaya baxmaqla, ümumiyyətlə Azərbaycan teatrı ilə bağlı təəssüratlarınızı eşitmək istərdik.
- Əvvəlcə dil məsələsinə toxunum. Mən Tehranda Beynəlxalq Fəcr Festivalında juri olaraq iştirak etmişəm. Orada nümayiş olunan səksən tamaşadan iyirmi beşi farsca idi və veriləcək mükafatlardan biri də məhz “ən yaxşı mətn” nominasiyası idi. Fars dilini bilən iranlı tənqidçilərin köməkliyi ilə də olsa, ortaq qərara gələ bildik. Mətnə hakim ola bilmədiyim bir çox tamaşalarda mövzu və vəziyyət aydın duyulduğu üçün, xarakterləri və ümumi gedişi izləyə bilirəm. Ancaq bəzən tamaşa mətnə çox bağlı olur. Bu zaman qərar vermək çətinləşir.
Azərbaycan teatrı məsələsinə gəlincə isə deyə bilərəm ki, hələ 2010-cu ildə Bakıda keçirilən I Beynəlxalq Teatr Konfransında özüm üçün yəqin etdim ki, Azərbaycanda teatr inkişaf edir.
- Cənab Vais teatr sənəti, eləcə də, teatr tənqidinin gələcəyi ilə bağlı fikirləriniz də maraqlıdı. Yeni texnologiyalar, ünsiyyət vasitələri teatrın simasını dəyişdirir. Yeni tərzlər meydana çıxır. Teatr tənqidçiləri də internet kimi yeni ünsiyyət vasitəsindən istifadə edirlər. Bütün bu yenilikləri necə dəyərləndirirsiniz?
- Yaxın vaxtlarda Pekində “İnternet çağında teatr tənqidi” mövzulu konfransda iştirak etdim. Bu konfrans çağdaş dövrümüzdə çox böyük əhəmiyyət daşıyır, çünki internet həm teatrı, həm də teatr tənqidini dəyişdirir. Qəzet və jurnalların payı mediada getdikcə azalır. Fikirlərini internetdə ifadə edənlərin sayı isə çoxalır. Bu yazarların bir qismi məsləkdaşlarımız olsa da, müəyyən qismi sadəcə tənqidçi kimi görünənlərdi. Çox ciddi qarışıqlıq hökm sürür. Əsl tənqidçilər bu qarışıqlığın içində harda qalır? Ümumiyyətlə, düşünürəm ki, teatr dəyişdiyi kimi, teatrşünaslar və teatr tənqidi də dəyişmək məcburiyyətindədir.
- Bu dəyişiklik yaxşıya, yoxsa pisə doğru yönəlir?
- Zənnimcə, bu yeniliklərlə teatr nələrisə itirir. Yeniliklərin yeni tamaşaçı kütləsi qazandıracağını da bilmirəm. Açığı bu barədə şübhələrim var. BTTA olaraq bizim arzumuz daha yaxşı teatrlarla işləməkdir. Uzun illər boyu teatrı izləyərək əldə etdiyimiz təcrübədən və biliyimizdən istifadə edərək onlara kömək olur, yaradıcılıqlarına ayna tuturuq.
- Gənc tənqidçilər yetişirmi? Onlara münasibətiniz necədir?
- Gənc tənqidçilər sosial medianı və digər yenilikləri daha yaxşı izləyə bilirlər. Biz də onlara yönəlmiş seminar və təlim işlərimizin sayını çoxaldırıq. Təlimlərimiz ildə üç dəfə aparılır. Burada iştirak etmək üçün tələblər o qədər ağırdır ki, bir çox müraciətləri geri qaytarmaq məcburiyyətində qalırıq. Bunun yeni tənqidçilərin yetişməsi baxımından müsbət hal olduğunu düşünürəm.
- Son sualımla söhbətimizə yekun vurmaq istəyirəm. İndiki dövrün tələbləri baxımından heç bir əlavə işə ehtiyac olmadan, yalnız teatrşünaslıqla məşğul olmaq mümkündürmü?
- Məsləkdaşlarımızın çox az bir qisminin sadəcə teatrşünaslıqla məşğul olduğunu vurğulamalıyam. Böyük bir qismi həm də pedaqoji fəaliyyətlərini davam etdirirlər. Mən şəxsən bütün həyatım boyu teatr tənqidçisi kimi fəaliyyət göstərmişəm. Buna baxmayaraq, mən də müəyyən müddət qəzet və jurnallarla əməkdaşlıq etdim, 22 il radioda aparıcılıq etdim, teatrla bağlı ktablar yazdım. Ümumiyyətlə isə, yalnız tənqidçiliklə məşğul olmaq əksər insanlar üçün mümkünsüzdür. Yalnız teatr tənqidçiliyi ilə məşğul olan məsləkdaşlarımız sayca nisbətən Londonda çoxdur.
- Maraqlı söhbət üçün təşəkkür edirəm.
- Sağ olun
Vəfa Mühacirova
teatrşünas
banner

Oxşar Xəbərlər