Mirzə Cəlil yaradıcılığından mənəvi qida alan ziyalı
Onun haqqında ilk dəfə filologiya elmləri doktoru, mühacirşünas alim
Abid Tahirlidən bu sözləri eşitdim: "Allahverdi müəllim olan yerdə yalnız
xeyirxahlıq və mehribanlıq var. Ətrafındakıların hörmətini, məhəbbətini
qazanan, onları sevən və özünü onlara sevdirməyi bacaran bir insandır!”
Artıq üç-dörd ildir ki, hər gün işdə bu eşitdiklərimin şahidi oluram.
Onu hər dəfə yaxından tanıdıqca, savadına, zəkasına və ən əsası, insanlığına,
ağayanalığına, ziyalılığına heyran qalıram. Təbiətcə çox sakit, sadə, səmimi,
təmkinli, təvazökar, istiqanlı və həssasdır. Bax, elə ona görə, bu yazımda
oxucuma onun əsərlərindən, mükafatlarından, vəzifələrindən deyil, (bu haqda
kütləvi informasiya vasitələrində görkəmli alimlərimiz, xüsusilə, sahə
mütəxəssislərinin yetərincə dəyərli, maraqlı fikirləri, məqalələri dərc edilib)
ağayanalığından, daxili toxluğundan, özünü ətrafına qəbuletdirmə xüsusiyyətindən
(buna zor gücünə yox, sevilərək nail olur), humanizmindən, dəyişməz
xarakterindən bəhs etmək istərdim.
Allahverdi Məhərrəm oğlu Məmmədli. Filologiya elmləri doktoru,
professor. Mirzə Cəlilin ruhu uyuyan Nehrəmdən Bakıya ali təhsil dalınca gələn,
ömrünü sözlə uğraşan, sevincini, kədərini, uğurunu sözlə bəyan edən, sanballı,
əsərlər, məqalələr, şeirlər müəllifi. Əməkdar jurnalist, "Qızıl qələm” və
"Həsən bəy Zərdabi” mükafatının laureatı, kifayət qədər təcrübəsi olan peşəkar
jurnalist, Məmmədquluzadəşünas və onun yaratdığı "Molla Nəsrəddin” ədəbi
məktəbinin yaradıcılıq problemlərini tədqiqata cəlb edən bacarıqlı, istedadlı
alim, tələbkar, təcrübəli pedaqoq, kövrək duyğularından bir "dünya” yaradan
şair və ən nəhayət, mübaliğədən kənar desək, əsl qələm, söz sahibi. Məclis
əhli, xeyir-şər adamı. Sədaqətli, səxavətli dost, yoldaş. Obrazlı, cəsarətli
çıxışları ilə həmsöhbətini, ətrafındakıları ovsunlayan, heyran qoyan, sözə
ehtiyatla, ehtiramla yanaşan bir söz aşiqi.
A.Məmmədli bədii yaradıcılıqla məşğul olsa da, əsasən vaxtının çoxunu
elmi-tədqiqat işlərinə sərf edir. Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində
özünəməxsus parlaq iz qoyan Cəlil Məmmədquluzadənin həyatı, yaradıcılığı onu daha
çox özünə cəlb edib. Bu doğmalıqda, yaxınlıqda onu özünə cəlb edən bir neçə
amil də var. Professor Cahangir Məmmədli demiş, onlardan ən başlıcası, əlbəttə,
Mirzə Cəlilin millət yanğısıdır. İllər, əsrlər, qərinələr keçəcək və bu yanğı
gələcək nəsillərə bir örnək olacaq. Millətini, vətənini, torpağını, dilini sevmək
və onun yolunda canını fəda etmək. Bəlkə də bu gün Mirzə Cəlilin ruhuna əyandır
ki, ömrü boyu fanatizminə, savadsızlığına üsyan etdiyi Nehrəm kəndindən olan filologiya
üzrə ilk alim də M.Cəlil irsindən qidalandı, ruhlandı. Odur ki, Allahverdi
müəllim əsərlərində M.Cəlil publisistikasının
bir sıra özünəməxsus cəhətlərini məharətlə, ardıcıllıqla, əhatəli şəkildə açıb
oxucusuna göstərə bilir. Vətən duyğulu, yurd qoxulu bu əsərlər oxucusunda xoş
təəssürat yaradır.
Təbii, Allahverdi müəllim tədqiqatçı bir alim kimi bütün
klassiklərimizə, onların yaradıcılığına eyni qayğı və sayğı ilə yanaşır. Amma
bu qayğıda babalarımızın, atalarımızın mənəvi yaşıdı olan Mirzə Cəlil yaradıcılığına
xüsusi bir sevgi var. Bütün zamanların övladı, hər yeni nəslin yol yoldaşı olan
Mirzə Cəlilin nəfəsi duyulduğu, ruhu uyuduğu Nehrəmdə babalarından,
müəllimlərindən, atasından eşitdikləri onun qəlbində bu millət fədaisinə qarşı
bir sevgi, hörmət oyadıb (Hətta Allahverdi müəllimin atası Məhərrəm kişinin
Mirzə Cəlil yaradıcılığına, şəxsiyyətinə olan sevgisi, onu jurnalistikaya meyilləndirib
və elə oğlunun da bu yola çıxmasına səbəb o olub).
A.Məmmədli hələ BDU-nun jurnalistika fakültəsində oxuyarkən
(1976-1981) M.Cəlil yaradıcılığına müraciət edir və illər sonra da sədaqətlə
bunu davam etdirir. "Böyük Azərbaycançı” adlandırılan M.Cəlil yaradıcılığında
azərbaycançılıq ideyalarının tədqiq etmək arzusu ilə işə başlayır. İllərlə
arxivlərdə, kitabxanalarda, muzeylərdə aparılan ciddi araşdırmaların, gərgin
axtarışların, zəhmətin sayəsində
oxucusunun yalnız qəlbinə, hisslərinə deyil, fikrinə, şüuruna hakim
kəsilən, M.Cəlil yaradıcılığına, şəxsiyyətinə layiq "Cəlil Məmmədquluzadə
yaradıcılığında azərbaycançılıq” adlı (2004) sanballı monoqrafiyasını ortalığa
qoyur. Əsəri Yavuz Axundov, Nizami Cəfərov, Əflatun Saraclı, Abid Tahirli,
Alxan Bayramoğlu, Ramiz Əsgər kimi görkəmli alimlərimiz yüksək
qiymətləndirdilər. A.Məmmədli məhz bu əsərinə görə, Azərbaycan Jurnalistlər
Birliyinin "Həsən bəy Zərdabi” mükafatına layiq görülüb.
M.Cəlil irsinin sehrinə
düşən A.Məmmədli, doktorluq mövzusunda bütün mollanəsrəddinçilərin yaradıcılığına
müraciət etdi və yenidən gərgin axtarışlara başladı. 2015-ci ildə "Molla
Nəsrəddin” ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri”
mövzusunda doktorluq dissertasiyasını çox uğurla müdafiə etdi. Müəllif sovet
dövründə rejimin, ideologiyanın təsiri, tələbi ilə tədqiqata cəlb edilən
mollanəsrəddinçilərə tam yeni aspektdən yanaşdı. Bu yanaşmada təkzibolunmaz,
inandırıcı, dolğun, tutarlı faktlara əsaslanan alimin prinsipallığı ilə yanaşı,
dəyərli elmi fikirləri də diqqəti cəlb edir. Tədqiqatçı A.Məmmədli
mollanəsrəddinçilərin ədəbi-bədii irsindən nümunələr verməklə, onların
sənətkarlıq problemlərini dərindən təhlil edir, dəyərləndirir, bu irsin
xarakterik və fərqli cəhətlərini məharətlə açıqlayır. Hiss olunur ki, o,
mövzuya əsl ziyalı qayğısı, tədqiqatçı sayğısı ilə yanaşıb.
Müəllif dissertasiyasında çox düzgün qeyd edir ki, mollanəsrəddinçilər
XX əsrin əvvəllərində zəngin, dəyərli bir ədəbi-mədəni irs yaratmışlar: "Bu irs
bütöv Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, mətbuatına məxsusdur. Lakin bu
irsin sovetlər dövründə obyektivliklə öyrənilməsi yasaqlar, qadağalar
nəticəsində mümkün olmayıb. Mövzu dövrün tələbi və təklifi əsasında öyrənilib”.
"Mən hər dəfə Mirzə Cəlil yaradıcılığına müraciət edərkən mənən
qidalanıram, zövq alıram. Özümə borc bilirəm ki, bu qiymətli xəzinədən xalqıma
zərrəcə nəsə verə bilim. Bu, mənim vətəndaşlıq borcumdur” söyləyən Allahverdi
müəllim, hətta məclislərdə də M.Cəlildən sitat gətirməsə "sakitləşməz”. Bu, bir
daha onun, ömrünü bütöv Azərbaycan uğrunda mübarizəyə həsr edən M.Cəlil
şəxsiyyətinə, yaradıcılığına olan sonsuz sevgisindən irəli gəlir.
Bir-iki ilin söhbətidir. Yolum Ali Məhkəməyə düşmüşdü (Allahverdi
müəllim həm də Ali Məhkəmədə mətbuat xidmətinin rəhbəridir). Burada rəhbərlikdən
tutmuş, adi nəzarətçiyə kimi, hər kəsin ona qarşı olan böyük hörmətinin şahidi
olduqda, bir daha əmin oldum ki, o, harada olur-olsun, ətrafındakıların
hörmətini, məhəbbətini qazanmağı bacaran bir ziyalıdır.
Elə BDU-nun jurnalistika fakültəsində də. Bir zaman tələbəsi, sonra
dissertantı, müəllimi olduğu fakültədə hazırda "Radio və televiziya
jurnalistikası” kafedrasının müdiridir. Əslində Allahverdi müəllim bu sahədə də
təcrübəsi, bilgisi olan bir kadrdır. Onun "sehirli güzgü” ilə tanışlığı hələ
çox-çox əvvəl, Naxçıvan Dövlət Televiziyasından başlayıb. Sonra Bakıda
Azərbaycan Televiziyasında reportyor
kimi çalışan A.Məmmədli, az vaxtda televiziyanın "Xəbərlər” kimi çox məsuliyyətli
bir redaksiyasının baş redaktoru təyin edilib.
Bir gün Allahverdi müəllimin tələbə yoldaşı, tanınmış telejurnalist
Qərənfil Xəlilova ilə söhbət edirdik. Söhbət tələbə yoldaşlarından, xüsusən də
Allahverdi müəllimdən düşəndə, dedi:
"Mən Allahverdini otuz il bundan əvvəl necə təmiz, saf, mehriban, qayğıkeş
gördümsə, elə bu gün də elədir. Çox qəribədir ki, çoxlarının xarakterini
dəyişən şəhər həyatı və vəzifə onu dəyişə bilmədi”.
Mayası halallıqla, saflıqla yoğurulan insanları heç nə, heç vaxt
dəyişə bilmir. Onlar mənəvi dəyərlərə, əxlaqi keyfiyyətlərə sadiq
qalırlar.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist