• cümə, 29 Mart, 10:21
  • Baku Bakı 5°C

Miqrantlar Rusiyadan üz döndərir

16.01.19 19:11 697
Miqrantlar Rusiyadan üz döndərir
"Məmurların "səyləri” ilə Rusiya iqtisadi perspektivləri olmayan ölkəyə çevrilir”. Bu ölkənin "Nezavisimaya qazeta” nəşri bu qənaətə gəlib. Nəşrdə bununla bağlı yer alan məqalədə qeyd olunur ki, rublun süni şəkildə dəyərdən salınması və gəlirlərin azalması ümumdaxili məhsulun davamlı inkişafına heç bir ümid yeri qoymur. Qəzet yazır ki, bu qənaətə ötən ilin sonlarında ölkənin iqtisadçı alimləri gəliblər. Lakin ardınca maraqlı bir fakt ortaya qoyur. Bildirilir ki, bundan əvvəl faktı Rusiyaya gəlməkdən boyun qaçıran əmək miqrantları hiss ediblər. Rusiyanın tanınmış tədqiqat mərkəzi Qayday İnstitutuna istinadən edən nəşr yazır ki, ölkəyə miqrasiya axını postsovet dövründən bəri ən aşağı həddə düşüb. Əhalinin və investorların gözündə Rusiya iqtisadiyyatı hətta orta perspektivdə belə gələcəyi olmayan bir dövlət obrazında qeyd olunur. Rusiya Elmlər Akademiyası Xalq Təsərrüfatı İnstitutunun apardığı araşdırmada da bu məsələdən bəhs edilir. Məqalədə vurğulanır ki, Rusiyada işləməyin cəlbedici olmaması və cazibənin itməsini alim və akademiklərdən əvvəl əmək miqrantları hiss ediblər. Rublun mütəmadi olaraq dəyərdən düşməsi qastarbayterlər üçün Rusiyanı maraqsız ölkəyə çevirib. Rusiyaya işləmək üçün gedənlərin valyuta ekvivalenti mütəmadi olaraq aşağı düşür. Eləcə də, əvvəllər miqrantların xidmətindən tez-tez istifadə edən yerli əhalinin əlində də vəsait qalmır. Nəticədə Rusiya Federasiyasına miqrant axınının azalması öz növbəsində antirekord qeydə alınıb. Rusiyanın iqtisadi vəziyyəti barədə monitorinqin nəticələrinə görə, ötən ilin üç rübü ərzində Rusiyaya miqrant axını 2017-ci illə müqayisədə 42 faiz azalıb. Beynəlxalq miqrantların sayında isə vəziyyət dəyişməz olaraq qalsa da, gedənlər 22 faiz təşkil edib. Rusiya məmurları israrla bildirirdilər ki, MDB ölkələrindən olan əmək miqrantlarının sayının azalması baş verməyəcək. Lakin indi bəlli olur ki, onların bu proqnozu özünü doğrultmayıb. Məsələn ondadır ki, Rusiyaya miqrasiya axınında liderlik hər zaman Mərkəzi Asiya və Ukraynaya məxsus olub. Rusiyalı ekspertlərin qənaətincə, miqrantlarla bağlı vəziyyətin gərginləşməsində Ukrayna ilə Rusiya arasında yaşanan gərginlik böyük rol oynayıb. "2015-2016-cı illər ərzində Ukraynadan miqrant axını xeyli artdı. Sonrakı müddətdə isə kəskin azalma müşahidə edilməyə başladı”, - deyə Rusiya sosial analiz və proqnozlaşdırma İnstitutunun elmi işçisi Nikita Mikartov bildirib. Onun qənaətincə, prosesin daha uzun retroperspektivi nəzərdən keçirilsə, bütün postsovet ölkələrindən miqrasiya axını azalmağa doğru gedir. İnstitutun digər əməkdaşı Yuliya Florinskaya hesab edir ki, Ukrayna əmək miqrantları daha çox Avropaya doğru istiqamət götürüblər. Tək Polşada bir milyona yaxın ukraunalı miqrant yerləşib. Onun sözlərinə görə, moldovanlar da artıq əsas etibarilə Avropada çörək qazanırlar. Ekspertin qənaətincə, miqrant axının kəskin şəkildə azalması həm də Ukrayna, Özbəkistan, Tacikistan və Qırğızıstanda hiss olunan güclü iqtisadi sıçrayışlarla bağlıdır. Federal Miqrasiya Xidməti keçmiş rəhbərinin müavini, "Miqrasiya 21-ci əsr” Fondunun rəhbəri Vyaçeslav Postavnin hesab edir ki, kəskin azalma miqrantların başqa istiqamətlərə üz tutması ilə bağlıdır. Rusiyaya bir vaxtlar sürətlə axın edən ukraynalılar artıq Qərb ölkələrini seçirlər. Ekspertin qənaətincə, başqa bir mümkün səbəb Rusiya miqrasiya qanunvericiliyinin dəyişdirilməsidir. Ötən ilin iyununda qəbul edilən federal qanun miqrantların miqrasiya uçotuna yaşadıqları yerdə qeydə alınmasını qadağan edir. Bununla da Rusiya 2006-cı il vəziyyətinə dönmüş olur. Bu hal 2007-ci ildə təqribən bir milyon miqrantın ölkədən çıxarılmasına gətirib çıxarmışdı. "Mənim qənaətimcə, biz hakimiyyət orqanlarının bu neçə ildə həyata keçirdikləri liberal miqrasiya siyasətinin iflasa uğramasının şahidinə çevrilirik”, - deyə Demoqradiya, Miqrasiya və Regional İnstitutun Müşahidə Şurasının sədri Yuri Krupnov bildirib. Yaranmış durum yalnız Rusiya regionlarının cəlbediciliyinin itməsi ilə bağlı deyil, bütövlükdə Rusiya iqtisadiyyatının vəziyyəti ilə izah edilməlidir. İlk növbədə rublun devalvasiyası nəzərə alınmalıdır. Əgər 2015-ci ilə qədər miqrant 30 min rubl alırdısa və onu min dollara çevirə bilirdisə, indi artıq bu rəqəm 500 dollardır. Ekspertlər diqqəti ona yönəldirlər ki, potensial miqrantların tərkibi dəyişəcək. Qaydar İnstitutunun tədqiqatçıları qeyd edirlər ki, Rusiya regionları da miqrantların cəlbediciliyi baxımından eyni deyil. Əgər 2017-ci ildə 31 region cəlbedici idisə, 2018-ci ildə bu rəqəm 24-ə düşüb. Miqrantların əsas mərkəzi isə əvvəlki tək Moskva və Sankt-Peterburqdur. Ən az miqrant Omsk vilayətinə gəlir. Miqrantların vətənlərinə göndərdikləri vəsaitlərdə də azalma müşahidə edilir. Rusiya Mərkəzi Bankının məlumatına görə, 2018-ci ilin üç rübü ərzində MDB ölkələrindən olan fiziki şəxslər Rusiyadan 9,8 mlrd. dollar göndəriblər. Bu vəsaitin 3 mlrd. dolları Özbəkistana çatıb. Tacikistana 1,9, Qırğızıstana 1,7, Qazaxıstana 0,5 mlrd. dollar göndərilib. Köçürmənin orta məbləği 360 dollar təşkil edir. Ötən ilin 11 ayı ərzində miqrantlar regional büdcələrə 53 mlrd. rubl köçürüblər. Ən böyük vəsaiti Özbəkistan və Tacikistandan olan miqrantlar ödəyib.
Beləliklə, yaranmış durum Rusiya üçün ciddi problemlərdən xəbər verir. Bir vaxtlar miqrant axınından əziyyət çəkən yavaş-yavaş miqrant qıtlığından əziyyət çəkən ölkəyə çevrilir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər