• cümə, 19 Aprel, 15:58
  • Baku Bakı 25°C

Minsk Vaşinqtonla yaxınlaşmağa üstünlük verdi

15.01.19 18:44 577
Minsk Vaşinqtonla yaxınlaşmağa üstünlük verdi
Rəsmi Minsk Birləşmiş Ştatlarla münasibətlərin aktivləşdiyini rəsmən etiraf edib. Belarus tərəfi bu münasibətlərin mahiyyətinə varmaq istəməsə də, ABŞ mediası xəbər verir ki, Minsk artıq Birləşmiş Ştatların diplomatik nümayəndəliyi ilə bağlı məhdudiyyətləri aradan qaldırıb. Dərhal da ekspertlər tərəfindən bu hal tamformatlı diplomatik münasibətlərin bərpası kimi qarşılanıb. Belarusun ABŞ-la diplomatik münasibətləri bərpa etdiyi barədə məqalə ilə məşhur "Foreign Policy” nəşri çıxış edib. Nəşr iki etibarlı mənbəsinə istinadən yazır ki, Belarusun xarici işlər naziri Vladimir Makey Dövlət Departamentinin Avropa üzrə baş diplomatı Uess Mitçelli telefonda məsələ ilə bağlı məlumatlandırıb. ABŞ rəsmi şəxslərinin qənaətincə, bu, əhəmiyyətli dərəcədə diplomatik dönüş kimi qiymətləndirilməlidir. "Bu, böyük addımdır. Bu, istiləşmədən xəbər verir”, - deyə qəzet adının çəkilməsini istəməyən diplomatik mənbəsinə istinadən yazır. Birləşmiş Ştatlarda Minskin Vaşinqtona doğru istiqamət götürməsini birbaşa Moskva ilə münasibətlərin gərginləşməsi ilə izah edirlər. "Belarus ölkədə fəaliyyət göstərən amerikalı diplomatlarla bağlı məhdudiyyətləri aradan qaldırıb və onların sayı məsələsində xeyli güzəştlərə gedib. Belə ki, Minsk Qərbə doğru nəzər salır və Moskva ilə mübarizə aparır”, - deyə "Foreign Policy” yazır. "Belarus və Rusiya arasında əlaqələr dağılır”, - deyə nəşr əlavə edir.
Xatırladaq ki, Minsk və Vaşinqton arasında diplomatik qalmaqal 2008-ci ildə qızışıb. ABŞ-ın Belarusa qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq, Belarus ABŞ-dakı səfirini geri çağırdı. Bundan əlavə səfirliyin ştatda olan əməkdaşlarının sayını 35 nəfərdən 5-ə endirib. Vaşinqton da bütün bunlara simmetrik münasibət göstərdi və belə vəziyyətdə münasibətlər 2016-cı ilə qədər davam etdi. Məhz həmin tarixdən sonra dialoq bir qədər bərpa edildi, səfirlik əməkdaşlarının ştatı isə artmağa başladı. Hazırda Minskdə 10-a yaxın amerikalı diplomat çalışır. Lakin missiyaya müvəqqəti işlər vəkili rəhbərlik edir. Ekspertlər ölkələrin diplomatik dialoq apardıqlarının əlamətlərini iki ildir ki, hiss edildiyini xüsusi qeyd edirlər. Məsələn, qarşılıqlı səfərlərin sayı artıb. Eləcə də, oktyabr ayında Minskdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçell olub. Dialoqun necə getməsindən Belarus prezidenti Aleksandr Lukaşenko da razıdır. "Yeganə onu demək istərdim ki, Almaniya heç bir zaman bizi seçim qarşısında qoymayıb. Amerikalılar isə bizi baş düşdülər. Bu yaxınlarda ABŞ dövlət katibinin köməkçisi ilə görüşüm oldu və o, mənə birbaşa dedi ki, Belarusu seçim qarşısında qoymaq istəmirik. Biz harada varıqsa, oradayıq”, - deyə Lukaşenko Almaniyanın Minskdəki səfiri Peter Dettmura bildirib. Belə demək olar ki, artıq ABŞ-la Belarus arasında danışıqlar aktivləşib. İstənilən halda diplomatik nümayəndəlikdə çalışanlarla bağlı məhdudiyyətlərin aradan qaldırılması Belarusun Tramp administrasiyası ilə münasibətləri genişləndikdən sonra mümkün olub. Belarus XİN-də jurnalistlərə Makeylə Departament rəsmisi arasında telefon danışığının olduğu təsdiqlənib. Lakin detalları açıqlamaq istəməyiblər.
Minskdəki ekspertlər isə ABŞ nəşrinin pozitiv qiymətləndirilməsini bölüşürlər. Rusiya nəşrləri dərhal Birləşmiş Ştatların Belarusu "Avropanın sonuncu diktaturası” adlandırmasını önə çəkiblər. Siyasi şərhçi Aleksandr Klaskovski "Nezavisimaya qazeta”ya açıqlamasında bu məsələni xüsusi qabardıb. Digər bir politoloq Andrey Fyodorov isə bu qənaətdədir ki, iki ölkə arasında böhran aradan qalxmaq üzrədir. Lakin o, problemlərin həllinin uzun çəkəcəyini istisna etmir. Onun həmkarı Denis Melniçov isə hesab edir ki, diplomatik münasibətlərdə növbəti addım səfirlərin geri qayıtması ola bilər. O, hesab edir ki, bu, payızda və yaxud gələn il baş verə bilər. Ekspert istisna etmir ki, ABŞ 2020-ci ildə Belarusda keçiriləcək prezident seçkilərinin nəticələrini gözləyə bilər. Belarus ekspertləri isə bildirirlər ki, Minsk Qərbə doğru yaxşı gündən çıxış edərək nəzər salmır. Onların qənaətincə, Moskva ilə gərginlik onu bu addımı atmağa vadar edir. Minsk demək istəyir ki, Moskvasız da yaşaya bilər. Ötən həftə də Lukaşenko rəsmən elan edib ki, Rusiya özünün əsas və yeganə müttəfiqini itirə bilər.
Dərhal da Rusiya mediası Lukaşenkoya müxalif olan qüvvələri, daha dəqiq desək, prezident seçkilərində ona rəqib olacaq şəxsləri qabartmağa çalışıb. Rusiya mediası yazır ki, bəzi müxalifət partiyaları seçkilərdə iştirak məqsədilə koalisiya yaradıblar. "Sağ qüvvələr ittifaqı” adlanan bloka "Birləşmiş vətəndaş partiyası”, "Belarus xristian demokratları” və "Azadlıq uğrunda” hərəkatı daxildir. Ötən gün koalisiyanın iclasında seçkilərdə vahid namizəd məsələsi gündəmə gəlib. Vahid namizəd qismində Nikolay Kozlov irəli sürülüb. Lakin məsələ ondadır ki, müxalifət daxilində də birlik mövcud deyil. Bir sıra müxalifət partiyaları bildiriblər ki, heç bir koalisiyada iştirak etməyəcəklər və seçkilərdə ayrı-ayrı namizədlə çıxış edəcəklər. Məsələn, ən qocaman müxalifət partiyası – Belarus Xalq Cəbhəsi artıq prezidentlik ambisiyasını ortaya qoyub. Bu partiyanın keçmiş sədri Aleksey Yanukeviç seçkilərə qatılacağını bəyan edib. Əlavə edib ki, indiki rəhbərliyin xeyir-duasını alıb. Başqa bir namizəd isə keçmiş siyasi məhbus Nikolay Statkeviçdir.
Xatırladaq ki, seçkilər 2020-ci ildə keçirilməlidir. Əksəriyyət bu qənaətdədir ki, seçkilərin favoriti indiki prezident Aleksandr Lukaşenkodur və adları çəkilən şəxslərdən heç kim ona qalib gəlmək iqtidarında deyil.

Azər
banner

Oxşar Xəbərlər