• cümə axşamı, 28 mart, 21:10
  • Baku Bakı 13°C

“MİN NƏFƏS, BİR SƏS”

24.04.15 09:05 1572
“MİN NƏFƏS, BİR SƏS”
Türkiyə Respublikasının ərazicə ən böyük vilayəti olan Konya eyni zamanda Anadolunun ən qədim yaşayış yeridir. Şəhərin daxilində və ətrafında addım atdığımız hər tərəfdə b.e.ə aid Het, Lidiya, Fars, Böyük İskəndər və Roma dövrünə məxsus sirli bir nəfəsin hənirtisini duyuruq, sanki bu böyük şəhərin əsrlərdən gələn gizli, sehrli bir səslə bizi salamladığını hiss edirik. Bizans dövründə şəhərin adı “İconyum” olmuş, illər keçdikcə adı dəyişmiş və bu günki Konya adını almışdır. X əsrdən başlayaraq uzun illər Anadolu Səlcuqlarının mərkəzi olmaqla birlikdə musiqinin, elmin və incəsənətin də mərkəzinə çevrilmişdir. Konya tolerantlığın ana vətənidir. Satiranı və tolerantlığı həyatı və hekayələrində ölümsüzləşdirən Nəsrəddin Xoca və sanki eyni tolerantlığı davam etdirən mütəfəkkir mövlanə Cəmaladdin Rumi uzun illər Konyada yaşamış bütün dünyada məşhur olan şəxsiyyətlərdəndir. Zəngin tarixə malik olan Konya bir zamanlar Karaman dövlətinin tərkibində olmuş, Karamanoğlu Mehmet Bəy xalqın təmsilçisi kimi Türk dilini rəsmi dil elan etmişdir. “Bugündən etibarən divanda, dərgahda, məclisdə və meydanda Türk dilindən başqa dildə danışılmayacaq” , - deyən Karamanoğlu Mehmet Bəy millət olaraq birlikdə yaşamanın ilk şərtinin dil birliyi olduğunu vurğulamışdır. Beləliklə, Türk dili rəsmi dil olaraq ilk dəfə bu torpaqda qəbul edilmişdir.
Reallaşan tövsiyyə
Konya Dövlət Teatrı inkişaf edən və dəyişən Konya vilayətinin mədəni cəhətdən də inkişafına xidmət etmək məqsədilə “Min nəfəs, bir səs” Türkdilli Teatrların Beynəlxalq Festivalına start vermiş və bununla, Konya vilayətinin bir marka şəhərə dönməsinə böyük dəstək göstərmişdir. Festival çərçivəsində hər il dünyanın dörd bir tərəfinə bu cür səslənirik: “Ey Türk dilində danışan teatrlar! Hansı ölkədə, harda olursunuzsa olun 20-30 aprel tarixləri arasında Konyaya gəlin. Gəlin ki, bu il də festivalımızın coşğusunu birlikdə paylaşaq. Fərqli dinlərə, mədəniyyətlərə sahib olsaq da, eyni dili fərqli ləhcə və şivələrlə danıssaq da gəlin... Dostluq, qardaşlıq, tolerantlıq və sülh şəraitində bu açıq səma altında muzey görkəmindəki şəhərdə bizim də bir izimiz, səsimiz, nəfəsimiz olsun...Min fərqli nəfəsdən tək bir səs çıxsın”.
Türk xalqlarını birləşdirən teatr festivalı
Bu il Konyada səkkizinci dəfə təşkil olunan “Min nəfəs, bir səs” Türkdilli Teatrların Beynəlxalq Festivalı aprelin 20-də doqquz ölkənin iştirak etdiyi alay yürüşü ilə başladı. Yürüşə Dövlət Teatrlarının ümumi rəhbəri Necat Birəcik, Konya Dövlət Teatr rəhbəri Alpay Aksum və Şimali Kipr Türkiyə Cümhuriyyəti, Qazaxıstan, Dağıstan, Başqırdıstan, Azərbaycan, Kosova, Xakasiya, Türkmənistan teatr icmasından aktyorlar da iştirak etdilər. Festival açılışı zamanı Konya Dövlət Teatrının həyətindən başlanan yürüş daha sonra Anıt Alanına çələng qoyulması ilə davam etdi və ardından Konya Bələdiyyəsində başa çatdı. Ölkələrini öz milli geyimlərində təmsil edən teatr sənətçilərinin alay yürüşü vətəndaşların marağına səbəb oldu. İştirakçıları Konya Bələdiyyəsinin qarşısında bələdiyyə başçısı Muammer Erol qarşıladı. Muammer Erol, Dövlət Teatrlarının baş müdiri Necat Birəcik və iştirakçılar Bələdiyyənin qarşısında xatirə şəkli çəkdirdilər. Daha sonra söz alan Necat Birəcik “Türk dünyası ilə bərabərik, çox xoşbəxtik. Türk dilində danışanlarla eyni festival havasında türk dünyasını bir araya gətirmək mövzusunda böyük xidmətimiz var. Hörmətli Muammer Erola xidmətlərinə görə bir daha Dövlət Teatrları adından təşəkkür edirəm” dedi. Muammer Erol isə “Konyanın mədəniyyət dünyasına xidmətləri Hz. Mövlanənin “Gəl” çağırışının bu əraziyə bir əks sədasıdır. Türkdilli Teatrların Beynəlxalq Festivalında gözəlliklərin ortaya çıxacağına və könüllərin sevgini paylaşaraq yayılacağına inanıram. Buna səbəb olan və əməyi keçənlərə təşəkkür edirəm”, -deyə bildirdi.
Festival açılış mərasiminin ardından Bursa Dövlət Teatrının təqdimatında “Qanlı Nigar” adlı tamaşa ilə davam etdi. Dövlət Teatrlarında altı tamaşa nümayiş olunacağı festivalda doqquzu xarici olmaqla ümumilikdə on beş müxtəlif tamaşa teatrsevərlərə təqdim olunacaq.
20-30 aprel tarixlərində Konya şəhərində keçiriləcək Teatr Festivalında Azərbaycanı Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrını 25 nəfərdən ibarət kollektiv təmsil edir. Qeyd edək ki, Şəki Dram Teatrının kollektivi artıq bir neçə ildir ki, festivala dəvət alır. Bu dəfəki çıxışda Şəki Dövlət Dram Teatrı baş rejissor, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimlinin quruluşunda Jan Batist Molyerin "Xəsis" komediyası ilə təmsil olunacaqdır. Tamaşa aprel ayının 26-da Konya Dövlət Teatrında axşam saat 20:00-da “Cimri” adı ilə oynanılacaq.
Festivalda həmçinin Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov fəxri qonaq qismində iştirak edir. Xatırladaq ki, ötən il festivalda Azərbaycanı Akademik Milli Dram Teatrı “İlahi oyun” tamaşası ilə təmsil etmiş və tamaşa böyük uğur qazanmışdı.
Festival müddətində Məşhur türk dramatuqu Haldun Tanerin xatirəsinə həsr olunmuş Beynəlxalq pyes müsabiqəsi də keçiriləcək. TÜKRKSOY və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçiriləcək müsabiqəyə bütün türkdilli xalqların nümayəndələri qatılacaq. Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov müsabiqədə münsiflər heyətinin üzvü kimi iştirak edəcək.
Festivalın son günü Ankara Dövlət Teatrının çıxışı olacaq. “Min nəfəs, bir səs” 8-ci Türkdilli Teatrların Beynəlxalq Festivalı aprelin 30-da başa çatacaq. Festivalın bütün iştirakçılarına uğurlar arzulayırıq.
Nigar Pirimova
teatrşünas
banner

Oxşar Xəbərlər