• cümə, 29 Mart, 02:57
  • Baku Bakı 7°C

Milli Teatr Günündə bölgə teatrlarına paytaxtdan bir nəzər

14.03.16 10:16 1827
Milli Teatr Günündə bölgə teatrlarına paytaxtdan bir nəzər
Bu gün böyük şəhərlərdə olduğu kimi, kiçik və orta şəhərlərdə də mədəniyyətin kommersiyalaşması prosesi gedir, əhalinin ümumi mədəni səviyyəsinin azalması müşahidə olunur. Bu da teatr sənətinin orient və parametrlərinin məzmununun dəyişilməsinə, tamaşanın xüsusi istehlak məhsuluna çevrilməsinə səbəb olur.
Bazar həmçinin teatr işinin təşkilinin daha çevik sisteminin formalaşdırılması, teatrın yeni varolma mexanizmlərinə keçidi vasitəsi ilə mədəniyyəti yeniləyən faktor kimi də çıxış edir. Kiçik şəhərin tarixi təkamülü, coğrafi mövqeyi, mərkəzdən uzaqlığı özünəməxsus izolyasiyaya, xüsusi mikroiqlimin formalaşdırılmasına səbəb olur. Bu mikroiqlim üçün bir tərəfdən yeniliyə, müstəqilliyə can atmaq, digər tərəfdənsə arxaiklik, konservativlik, yeni ənənələrin gec qəbul olunması xarakterikdir. Kiçik şəhərlərdə teatrın rəqibi yoxdur (və yaxud azdır). Buna görə də kiçik şəhərin sakinləri üçün teatr çox əhəmiyyətlidir və bu faktdan maksimum yararlanmaq olar.
Hər bir teatrın yaradıcı fəaliyyətinin sistemli analizi göstərir ki, istənilən teatrın necəliyi yarandığı və formalaşdığı məkanın - şəhərin, yaxud əyalətin sosial və mədəni mühiti ilə bilavasitə əlaqəlidir. Kiçik və orta şəhərlərdə teatr prosesini şəhərin konkret sosiokulturoloji portreti fonunda araşdırmaq lazım gəlir. Çünki belə teatrların simasına xas olan fərdi xüsusiyyətlər şəhərin diktəsi ilə yaranır. Teatr, heç şəksiz, şəhərin mədəni həyatının ayrılmaz tərkib hissəsidir, hətta bəzi şəhərlərdə bu mədəni həyatın özəyidir. Ötən əsrin əvvəllərində teatr şəhər əhalisinin toplaşdığı, müxtəlif qəsəbə və məhəllələrdən gəlmiş insanların qaynayıb-qarışdığı özünəməxsus bir klub funksiyasını yerinə yetirirdi. Teatr sənət növü, əyləncə yeri, (kimlər üçünsə məktəb!) olmaqla yanaşı, həm də ünsiyyət vasitəsi, ünsiyyət məkanı, ünsiyyət bəhanəsi qismində çıxış edirdi. Teatr pyes qəhrəmanları ilə, sevimli aktyorlarla, tanışlarla və yadlarla aktiv ünsiyyət yeri idi. Teatr maarifçiliyin xüsusi forması idi. Teatr elə bir maarifçilik növü idi ki, kitabxanalardan da, mühazirələrdən də, qəzet və jurnallardan da daha çox, daha səmimi, daha güclü təsir göstərirdi. Axı, teatra şəhər əhlinin daha çox qismi - ancaq savadlı zümrənin nümayəndələri yox, həmçinin az savadlılar və savadsızlılar da gələ, mərifət kəsb edə, zövq ala bilirdilər. Belə olan halda, bu şəhərlərdə teatr siyasi tribunanı, məktəbi, hətta müəyyən mənada, məbədi də əvəz edirdi. Ötən əsrin əvvəllərində teatr şəhərdə ictimai həyatın nəbzinin döyündüyü yeganə yer idi.
Azərbaycanın kiçik və orta şəhərlərində (Gəncə, Şəki, Lənkəran və s.) teatr müstəqil və özünəməxsus mədəniyyət faktı kimi təzahür edir və gəlişirdi. Ölkənin ictimai həyatına uyğun olaraq, bu teatrlar dövrün tələblərinə, sosial sifarişlərinə cavab verməyə çalışırdı.
Teatr tarixindən məlumdur ki, kiçik və orta şəhərlərimizdə teatr paytaxt teatrlarının nailiyyətlərindən faydalanmaqla yanaşı, həm də onu zənginləşdirmişdir. Teatr tarixində kiçik və orta şəhərlərdə hətta paytaxt teatrlarından daha böyük nailiyyətlərə imza atmış teatrların mövcudluğu danılmaz faktdır. Bir fakt da mübahisəyə gəlməz ki, bölgələrdə fəaliyyət göstərən teatrlar həmişə paytaxt teatrları üçün zəngin kadr potensialının yetişdiyi məkandır.
Sözügedən şəhərlərdəki teatr prosesini öyrənərkən bu teatrlar vahid Azərbaycan teatr prosesi kontekstində araşdırmalı, eyni zamanda kiçik və orta şəhərlərdə mövcud olan hər bir teatrın özəl xüsusiyyətləri nəzərə alınmalıdır.
Teatr şəhərin yaradıcılıq həyatının vacib təzahürlərindəndir. Teatr hər hansı bir şəhərin digər şəhərlər arasında mövqeyini təyin və nümayiş etdirən faktorlardandır. O, şəhər mədəniyyətinin variantlarından biridir. Teatr şəhərin həm maddi, həm də mənəvi mədəniyyətində ifadəsini tapan dialoq formasıdır. Teatr şəhərlə şəhər əhalisinin dialoqudur, şəhərin öz əhalisi ilə danışdığı dildir. Təsadüfi deyil ki, kiçik və orta şəhərlərdə teatr müxtəlif tələbatlara, fərqli zövqlərə, gözləntilərə malik şəhər publikası kontekstində fəaliyyət göstərir və beləliklə də, müəyyən mənada, sosial statusuna, sənət düşüncəsinə, bədii zövqünə, siyasi mövqeyinə görə fərqli olan, bu və ya digər submədəniyyətə məxsus insanları vahid məkanda birləşdirir. Əslində, şəhər içrə müxtəlif submədəniyyətlərə malik insanlardan ibarət publika da öz növbəsində teatrın sosial obrazını, bədii-estetik silqətini, sənət yönümünü təyin edir.
Teatr və şəhər – bu iki amilin qarşılıqlı təsirindən, bir-birini determenizə etməsindən danışarkən teatrın müxtəlif formaları, real və potensial publika, tamaşaçının qavrayış səviyyəsi və özəllikləri, əhalinin müxtəlif kateqoriyalarının teatrdan gözləntiləri, yerli hakimiyyət orqanlarının teatra yanaşması, teatrın idarəetmə sistemi, teatrın fəaliyyətinin KİV-də işıqlandırılması, teatrın repertuar siyasəti və s. bu kimi amillər nəzərə alınmalıdır.
Yuxarıda sadaladıqlarım məsələnin nəzəri tərəfidir. Nəzəriyyədə hər şey bu qədər sadə və aydın. Bəs praktikaya gələndə necə? Gəlişigözəl sözləri bir-birinə calayıb “ağıllı-ağıllı” cümlələr qura bilirikmi?
Bayaq da dediyim kimi, Azərbaycanda kiçik və orta şəhərlərdə teatrın rəqibi (müxtəlif əyləncə-oyun mərkəzləri, kinoteatrlar, sinemaklublar və s.) yoxdur. Buna görə də, əslində, yeganə istirahət və əyləncə məkanı olaraq teatrın regionlarda varlığı həm labüddür, həm də yaşamaq imkanları böyükdür. Bu, nəzəriyyədə olduqca maraqlı səslənir və daha cəlbedici görünür. Lakin baxaq mövcud, real mənzərə necədir: həmkarlarımın araşdırmaları və özümün şəxsi müşahidələrim, təbii ki, mövcud faktlar da onu deməyə əsas verir ki, Azərbaycanda kiçik və orta şəhərlərdə teatr əsasən formal müstəvidə mövcuddur. Çünki regionlarda teatr “yuxarıdan inqilab” nəticəsində, sovet rejiminin diktəsi ilə yaranıb. Ona görə də, dövlətin mədəniyyət siyasətinin bir qolu kimi məcburi şəkildə saxlanılır. Dövlət bu və bu tipli fəaliyyət strukturlarını “ideoloji maşın” kimi qorumaqda maraqlı idi və o vaxt teatrlar bu funksiyanı da “layiqincə” yerinə yetirirdi. Lakin baxaq bu gün kiçik və orta şəhərlərdə fəaliyyət göstərən teatrlar hansı funksiyanı yerinə yetirirlər: maarifçi, əyləncə, ideoloji? Demək olar ki, heç birini...
Bölgə teatrları paytaxt teatrlarından və bir-birindən köklü surətdə fərqlənir. Kiçik və orta şəhərlərdəki teatrlarımızın mövcud durumu belədir:
- Bölgə teatrlarımız vahid bir sistemin tərkib hissəsi deyil, onların çoxunun bir-birinin və paytaxt teatrlarının fəaliyyətindən xəbəri yoxdur.
- Bölgə teatrlarına gənc kadrlar gəlmir. Bu səbəbdən də teatrların yaradıcı heyətinin böyük bir qismini qeyri-peşəkarlar, özfəaliyyət səviyyəli aktyorlar təşkil edir.
- Azərbaycan dövlətinin etnik siyasətinin tərkib hissəsi kimi yaradılan Qusar Ləzgi Dram Teatrı və Qax rayonu Əlibəyli kəndində yerləşən Gürcü Dram Teatrlarının fəaliyyəti faktiki olaraq yalnız lokal xarakter daşıyır və dövlətin etnik siyasətinin, azsaylı xalqlara olan tolerant münasibətini göstəricisi kimi çıxış edir.
- Qaçqın-köçkün teatrları – Şuşa Dövlət Musiqili Dram Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrının bədii və texniki səviyyəsi heç bir vəchlə qənaətbəxş deyil və onların milli teatr prosesinə demək olar ki, təsiri yoxdur. Bu teatrlar sistemli tədbirlər vasitəsilə inkişaf etdirilərək, həmçinin ideoloji əhəmiyyət kəsb edə, Beynəlxalq teatr festivallarında Azərbaycanın ideologiyasını təmsil və təbliğ edə bilər. Əks halda, bu teatrların konservasiya olunması milli teatr prosesindən ötrü daha səmərəli olar.
“Azərbaycan teatrı 2009-2019-cu illərdə” 10 illik Dövlət Proqramı teatr sistemində köklü dəyişikliklərin edilməsini, dövlət teatrlarının çağdaş təməllər üzərində qurulmasını nəzərdə tuturdu. Mütəxəssislər tərəfindən proqram və proqramda nəzərdə tutulan islahatların daha çox cari məqsədlərə deyil, strateji niyyətlərə yönəldiyi və bu islahatların mütərəqqi xarakteri, milli teatr prosesinin inkişafına əhəmiyyətli təsir göstərəcəyi vurğulanırdı. Artıq həmin müddətin 7 ilini geridə qoymuşuq. Doğrudur, bir sıra beynəlxalq əhəmiyyətli tədbirlər, teatr konfransları keçirildi, bir çox teatr binaları təmir olundu, ən son texnika ilə təchiz edildi. Lakin dəyişən sadəcə zahir oldu. Necə deyərlər, “yeni hamam, köhnə tas”. Tas elə taslığında qalmaqdadır. Teatrlar dövlətin “əlinə baxmaqdan” qurtulmayınca tas elə tas olaraq da qalacaq. Teatrlar azad olmayınca, teatr industriyasının yenidən qurulmasına yönəlmiş istənilən lokal tədbir və islahatlar öz nəticəsini verməyəcək və görülən işlər paliativ (yarımçarə) xarakterli olacaq.
Ümumiyyətlə, götürəndə, nə qədər sərt səslənsə də, deməliyəm ki, avropatipli teatr dediyimiz bu nəmənə bir millət, bir xalq olaraq etnogenezisimizdə yoxdur, mövcud deyil. Bu, rus mədəniyyətinin süzgəcindən keçib gələn bir Avropa ənənəsidir və bizim əynimizdə özümüzünküləşməyənəcən həmişə “başqasının köynəyi” təəssüratını yaradacaq. Qədim Yunanıstana məxsus, lakin hazırda Türkiyənin ərazi bütövlüyünə daxil olan Efes (200.000 nəfərlik əhalisi, 25.000 nəfərlik teatr binası), Aizonia, Pergamon (50.000 nəfərlik amfiteatr), Milet (15.000 nəfərlik teatr), Hierapolis (9500 nəfərlik), Aspendos, Knidos və s. antik yunan şəhərlərini birləşdirən ortaq cəhət bunların hamısında teatr binasının olmasıdır. Baxın, təkcə Efesdə 200 min əhali yaşadığı halda, orada 25 min nəfərlik tutumu olan teatr tikilib. Bu o deməkdir ki, bir tamaşanı 4 dəfə oynasaydılar, şəhər əhalisinin o tamaşanı görməyən bir nəfəri də qalmayacaqdı. Teatrı ruhunda, genində, canında, qanında hiss edən bir toplumda belə nümunələrin sayı istənilən qədərdir.
Azərbaycan şəhərlərinin tarixini araşdıranda isə ən qədim teatr binasının 133 yaşı ola bilərdi. Amma 1883-ci ildə inşa olunan “Tağıyev binası” kimi tanınan ilk teatr binası sökülüb, yerində indiki Musiqili teatrın binası tikilib. Yəni deməyim odur ki, Azərbaycanda teatrın qədim tarixi ənənələri olub, ancaq o teatr bildiyimiz italyan qutusunda deyil, meydanlarda, küçələrdə baş verib. Mənə görə, teatrın yaşamağının, bir mədəniyyət faktı kimi mövcud olmağının yeganə yolu onu bər-bəzəkli binalardan “xilas edib” yenidən meydanlara buraxmaqdır. O meydanlarda, küçələrdə teatr hansısa bir formada nəfəs almağın və özünə qayıtmağın yolunu mütləq tapacaq. Orada nə baş verəcəksə, üzvi şəkildə baş verəcək və üzvi şəkildə baş verən istənilən teatr olayı özünün məntiqi axarını mütləq tapacaq və yerini tutacaq.
Könül Əliyeva
Teatrşünas
banner

Oxşar Xəbərlər