• şənbə, 20 Aprel, 13:57
  • Baku Bakı 23°C

Milli Şurada KXCP müəmması

13.05.14 11:52 1027
Milli Şurada KXCP müəmması
Milli Şuranın son iclasında Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədri Mirmahmud Mirəlioğlu AXCP ilə fikir ayrılıqlarını əsas gətirərək bu qurumu tərk etdiyini söyləyib. Belə ki, mayın 3-də keçirilən sessiyada o və digər KXCP üzvləri toplantını yarımçıq tərk ediblər. Buna səbəb isə AXCP sədri Əli Kərimlinin Milli Şuraya yeni üzvlərin daxil edilməsi üçün təqdim etdiyi siyahı olub. KXCP-çilər siyahıda yalnız AXCP Ali Məclis üzvlərin olmasına etiraz edib məsələnin gündəliyə salınmasını istəmədiklərini bildirsələr də, onların dediklərinə məhəl qoyan olmayıb. Bunu görən M.Mirəlioğlu, Akif Hüseynov və digər üzvlər Milli Şuradan istefa verdiklərini açıqlayıblar.
KXCP sədrinin müavini Xəzər Teyyublu bu barədə “Kaspi”nin suallarını cavablandırarkən sözügedən qurumu tərk etdiklərini təsdiqləyərək Milli Şuranın partiyalar və QHT-lər hesabına genişləndirilməsinə ehtiyac olduğunu deyib. Bildirib ki, AXCP özünün Ali Məclisində təmsil olunanları, digər üzvlərini başqa-başqa adlarla Milli Şuraya daxil etməyi düşünürdü. Ona görə də Milli Şuranın bu şəkildə genişlənməsinə etiraz edərək sessiyanı tərk ediblər. Çünki Milli Şura tək bir partiyanın inhisarında ola bilməz. Hamı orada bərabər şəkildə təmsil olunmalıdır. Bu gün nə zərurət var ki, AXCP, yaxud da hansısa siyasi təşkilat Milli Şuranı tam nəzarətə keçirsin, onu öz təsiri altında saxlasın?
X.Teyyublu qeyd edib ki, Milli Şurada artıq siyasi partiya yoxdur və orda ancaq ziyalılar, QHT təmsilçiləri qalıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Razi Nurullayev isə “Bakı-Xəbər”ə açıqlamasında KXCP-nin Milli Şuranı tərk etməsinə onların səbəbkar olmadığını deyib: "Aydın görünür ki, ortada məntiqsizlik var. Əvvəla Milli Şuraya üzvlüklə bağlı təqdim olunan siyahı qurumun Koordinasiya Şurasında əvvəlcədən məsləhətləşdirilib. Həmin vaxt KXCP-nin üzvlərindən heç kim buna etiraz etmədi. Son iclasda yeni üzvlərin qəbuluna etiraz edib qurumu tərk etmək istəyən KXCP-nin diqqətinə çatdırıldı ki, AXCP öz üzvlərini geri də çəkə bilər. Bizim istəyimiz Milli Şuranı parçalanmadan xilas etmək olub. Ancaq KXCP bu təkliflə də razılaşmadı. Burdan da aydın göründü ki, partiyanın Milli Şuranı tərk etməsində AXCP-nin heç bir günahı yoxdur. Getmək istəyəni isə saxlamaq qeyri-mümkündür".
Qeyd edək ki, KXCP funksionerlərinin qurumdan istefa verdikləri barədə xəbərləri bu partiyanın digər üzvü, Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülaliyev təkzib edib. O, AzNews.az-a açıqlamasında M.Mirəlioğlunun şuradan ayrılmadığını söyləyib. Onun sözlərinə görə, həm KXCP, həm də M.Mirəlioğlu Milli Şurada fəaliyyətini davam etdirir və qurumdan istefa verməyiblər: “Sadəcə, sessiya günü bir məsələ ətrafında fikir ayrılığı yaranmışdı. Həmin fikir ayrılığı aradan qaldırıldı. Milli Şura demokratik bir təşkilatdır. Fikir ayrılığı aradan qalxandan sonra buradan getməyə heç bir səbəb qalmadı”.
Yaranmış qarışıq durumla bağlı partiya sədrinin fikirlərini öyrənmək mümkün olmayıb. M.Mirəlioğlu deyilənləri nə təkzib, nə də təsdiq edib. O, sadəcə, təşəkkür etməklə kifayətlənib.
Onu da deyək ki, X.Teyyublu sonradan qurumu tərk etmədiklərini açıqlayıb. O, “Yeni Müsavat” qəzetinə açıqlamasında bir neçə KXCP üzvünün Milli Şuradan getdiyini, lakin partiyanın qurumla bağlı son qərarının verilmədiyini deyib: “Mirmahmud bəydən başqa bir neçə KXCP üzvü də istefa verdi. KXCP-nin İdarə Heyəti və Milli Şuradakı üzvləri məsələni müzakirə edib qiymətləndirəcək, mövqeyimizi rəsmi şəkildə ortalığa qoyacağıq. Hələlik KXCP-nin Milli Şuradakı fəaliyyətini davam etdirməkdəyik. Yeni vəziyyəti qiymətləndirəcəyik”.
Onu da deyək ki, çoxdan parçalanmış Milli Şurada cəmi iki partiya – KXCP və AXCP qalmışdı. AXCP-nin şuranı inhisarına götürmədiyini sübut etmək üçün KXCP-ni sədr səviyyəsində olmasa belə, qurumda saxlamaqda israrlı olacağı gözlənilir. KXCP-nin isə şurada olub-olmadığını hələ ki, özləri də söyləməyə çətinlik çəkirlər. Faktiki olaraq müxtəlif fikirlər səsləndirir, iki gün öncə dediklərini təkzib edirlər. Bu cür açıqlamalara istinad etməklə hazırda KXCP-nin hansı tərəfdə olduğunu, yoluna tək və ya qurumla davam etdiyini söyləmək çətin olur. Aydın olan isə bir məqamdır. Son baş verən olaylar da Milli Şuranın nə qədər qeyri-ciddi qurum olduğunu bir daha təsdiqlədi. Məlum oldu ki, onlar üçün kimin getdiyini, kimin qaldığını müəyyənləşdirmək belə, müşkül işə çevrilib.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər