• cümə, 19 Aprel, 07:46
  • Baku Bakı 13°C

Milli Şura yaranmamış dağılır

05.06.13 10:25 1596
Milli Şura yaranmamış dağılır
Milli Şura tərkibini elan etməmiş çat verməyə başlayıb. Mayın 28-də elan edilən, bu günə kimi nə tərkibi, nə də nizamnaməsi razılaşdırılmayan müxalifətin yeni qurumunda artıq yarpaq tökümü başlayıb.
Qurumun 3 əsas təsisçisindən biri olan Müsavat Partiyasının ikinci adamı –partiyanın İcra Aparatının rəhbəri Arif Hacılı şuranın gələcəyinə heç də nikbin baxmadığını açıq şəkildə ifadə edib. O deyib ki, bir müddətdir Milli Şura ətrafında gedən müzakirələrdən uzaq qalıb, ancaq yaşanan proseslərlə bağlı nikbin deyil. Müsavat funksioneri bildirib ki, o, özünü Azərbaycan xalqının gələcək taleyi üçün məsuliyyət daşıyan adamlardan biri hesab edir: “Mən Rəsulzadə-Elçibəy ideyalarını seçmiş, xalqın gələcəyi üçün məsuliyyət daşıyan adamam. Buna görə də hansısa qurumda kimlərlə birlikdə təmsil olunmaq mənim üçün əhəmiyyətlidir. Bunun məsuliyyətini daşıyıram”.
Müsavat Mərkəzi Aparatının rəhbəri bildirib ki, Milli Şurada nəyin bahasına olur-olsun hakimiyyətə gəlməyə çalışan şəxslər var və o, bu məsələlərdə iştirak etmək istəmir. Bu sözləri ilə Milli Şuranın Rusiya layihəsi olduğuna eyham vurub-vurmadığı ilə bağlı suala gəlincə, Arif Hacılı heç nəyə eyham vurmaq niyyətində olmadığını dilə gətirib: “Ancaq yenə deyirəm, mən özümü Azərbaycan xalqının gələcəyini düşünən və bunun üçün məsuliyyət daşıyan adam hesab edirəm. Buna əsasən də qərarlarımı qəbul edirəm”.
Bu, heç də sıradan bir açıqlama kimi qəbul edilməməlidir. Çünki Arif Hacılı Müsavatda söz sahibi olan fiqurlardandır. Xeyli müddətdir onun adı Müsavat başqanı vəzifəsində İsa Qəmbəri əvəz edəcək şəxs kimi hallanır. Partiya daxilində də onun siyasi xəttini müdafiə edən çoxlu sayda insanlar var. İndi belə çıxır ki, Müsavat Partiyasında Milli Şura ilə bağlı ciddi fikir ayrılığı var. Əslində elə əvvəldən də bu partiyanın Milli Şura ilə bağlı mövqeyində bir tərəddüd var idi. İsa Qəmbər bir neçə müsahibəsində bununla bağlı müəyyən tərəddüdlərinin oluğunu dilə gətirmişdi. Partiyanın nəzarətində olan «Yeni Müsavat» qəzeti də Milli Şuranın əleyhinə yazılar dərc edirdi. 28 may günü Novxanıda keçirilən toplantıda Milli Şuranın elan olunmaması da məhz Müsavatın mövqeyi ilə bağlı olmuşdu.
Belə görünür ki, həmin günün axşamı Milli Şura elan olunsa da, Müsavat Partiyasının bu ideya ilə bağlı tərəddüdləri hələ də qalır. Müsavatı daha çox narahat edən isə prezidentliyə namizədlə bağlı aparılan diskussiyalardır. Milli Şuranın təsisçiləri davamlı şəkildə mətbuata açıqlamalar verərək prezident seçkilərinə vahid namizədlə gedəcəklərini bəyan edirlər. Müsavat başqanı isə bu müzakirələrin nəticəsini gözləmədən prezidentliyə namizədliyini irəli sürüb və geri çəkilməkdə maraqlı deyil. Diqqət yetirsək görərik ki, İsa Qəmbər Milli Şura elan olunduqdan sonra prezidentliyə namizəd kimi seçicilərlə görüşlər keçirir. Bu, onu göstərir ki, Müsavat başqanı prezidentliyə namizəd olmaqdan imtina etmək istəmir. Milli Şuradan isə namizəd kimi daha çox Rüstəm İbrahimbəyovun adı hallandırılır. Bu isə təbii ki, müsavatçıları qane etmir.
Proseslərin gələcək inkişafı isə iki istiqamətdə ola bilər. Birinci istiqamət ondan ibarətdir ki, əslində Arif Hacılı İsa Qəmbərin fikirlərini səsləndirir. Bir müddət sonra bütün müsavatçılar onun kimi fikirləşməyə başlayacaq və belədə İsa Qəmbər Milli Şuradan getmək «məcburiyyətində» qalacaq.
İkinci variant isə ondan ibarətdir ki, həqiqətən də Müsavat Partiyasında Milli Şura ideyası ilə bağlı fikir ayrılığı var. İsa Qəmbər Milli Şurada olmağın tərəfdarıdır, Arif Hacılı isə bu birliyi qəbul etmir. Əgər vəziyyət belədirsə, onda Müsavat Partiyası qısa müddətdə parçalana bilər.
Hər iki halda hadisələrin inkişafı Milli Şura üçün müsbət perspektiv vəd etmir. Çünki istənilən halda böyük bir qüvvə yeni yaranmış qurumdan getmiş olacaq.
Milli Şurada baş verənlərlə bağlı politoloq Zərdüşt Əlizadə də maraqlı açıqlama verib. O, Editor.az-a açıqlamasında qeyd edib ki, əslində Arif Hacılını danışdıran İsa Qəmbərdir: «İsa Qəmbər Milli Şuraya qoşulmaq istəmirsə, bunu açıq şəkildə bəyan etməli idi. Onun Şuraya qoşulduqdan sonra öz müavinləri və tərəfdarları vasitəsilə Milli Şuranı Rusiyaya işləməkdə ittiham etməsi qeyri-səmimi siyasətçi olduğunu söyləməyə əsas yaradır”.
Politoloq hesab edir ki, Pənah Hüseyn və Arif Hacılı müstəqil siyasətçi deyillər və onlar müstəqil fikir söyləyə bilməzlər: “Həm Pənah Hüseyn, həm də Arif Hacılı birmənalı şəkildə İsa Qəmbərin tapşırıq və göstərişləri ilə fikir bildirirlər. Onlar müstəqil siyasətçi deyillər və Milli Şura haqqında söylədikləri İsa Qəmbərin sifarişidir. Əgər İsa Qəmbər hesab edirsə ki, Milli Şura rusmeyillidir, o zaman deyə bilərdi ki, mən qərbin, şərqin, marsın, yupiterin adamıyam və onlarla birlikdə ola bilmərəm. Təəssüf ki, o, qeyri-səmimi siyasətini bu gün də davam etdirir”.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər