Milli ideologiya öncülü haqqında konseptual araşdırma
Əsrinin ideologiya öncülü, "Millətə onun
milli kimliyini xatırladan, Azərbaycanı rus və fars assimləsindən xilas edib
onu özünə, öz məhvərinə yönəldən” Əli bəy Hüseynzadəni bütün təhriflərdən
arınmış şəkildə, layiq olduğu miqyasda təqdim edərək olduğu kimi tanıdan
əsərlərdən biri də ədəbiyyatşünas Azər Turanın "unudulmuş dahi” haqqındakı monoqrafiyasıdır.
Mətanət Vahid
"Əli bəy Hüseynzadə” monoqrafiyası dahi şəxsiyyətin kimliyi,
yaradıcılığı, ictimai və siyasi fəaliyyəti, yaşadığı dövrü, məkanı, mühiti və
şəcərəsini ətraflı şəkildə əhatə edən, hər mövzuda yalnız faktlara və
sənədlərə, məktublara, yaddaşlardan süzülüb gələn xatirələrə əsaslanılan
ensiklopedik əsərdir. Burada Əli bəy Hüseynzadənin ideoloq, yazıçı, redaktor,
rəssam, siyasətçi kimliyi, yaradıcı qabiliyyətləri ətraflı araşdırılır.
Bəllidir ki, sovet dövrünün ideoloji silahı millətin, xalqın bütövlüyü,
böyüklüyü, dövlətimizin müstəqilliyi naminə çarpışan mütəfəkkürlərimizin
unudulmasında, gözdən salınmasında, yaxud yaddaşlarda yanlış iz buraxmasında
maraqlı idi. Bu səbəbdən bəzi elmi tədqiqatlarda dövrün tələbindən çıxış
edilərək meydana gələn yanlış faktlar, gerçəyə uyğun olmayan iddialar yer alır
ki, "Əli bəy Hüseynzadə” monoqrafiyasında Azər Turan dəlillər gətirərək bu
iddiaların əksini, yanlışlığını sübut edir. XX
əsrin əvvəllərində axtarışlarla zəngin Azərbaycan ədəbi, mədəni, ictimai fikri
konkret konsepsiyalar kontekstində inkişaf edir, dünya mədəniyyətinə
inteqrasiya istiqamətində çabalar göstərilirdi. M.Ə.Rəsulzadə, Ə.Topçubaşov,
Ə.Hüseynzadə, Ə.Ağaoğlu və başqa öncül ziyalıların ədəbi, ictimai, kulturoloji
görüşləri yalnız çağdaş Azərbaycanın deyil, bütünlüklə türk dünyasının yeni
mərhələyə qədəm qoymasına yönlənmişdi.
Azər Turan bu monoqrafiya ilə Əli bəy Hüseynzadə fenomeninin,
ayrı-ayrılıqda əsərlərinin ilk baxışda nəzərə çarpmayan, alt qatlarına işıq
tutur, fikirlərinin obyektiv şərhini verir, özündən öncəki tədqiqatçıların
ilgisini çəkməmiş, ya da qəsdən gözardı edilmiş məqamlara diqqət yönəldir,
tarixi, siyasi əhəmiyyətini mənalandırır. Odur ki, kitab 2014-cü ildə AYB-də təqdim
olunduğu zaman Xalq yazıçısı Anarın onu "Bu dəyərli nəşr Əli bəy haqqında
indiyə qədər yazılanların ən qiymətlilərindən biri, bəlkə də birincisidir...”
şəklində dəyərləndirməsi təsadüfi deyildi.Əli bəy Hüseynzadənin Azərbaycan-türk
düşüncəsinin formalaşması və inkişafındakı rolu danılmazdır. Monoqrafiyada
bəlli dönəmlərdə türk tarixinin ən ciddi və dərin problemlərinə münasibətdə
millətinin zərərinə olan mövqe nümayiş etdirənlərdən fərqli olaraq Əli bəy
Hüseynzadənin düşüncə və fəaliyyətinin türk genefondu, tarixi, etnoqrafiyası,
xüsusilə, dilinə yönəldiyi ətraflı şərh olunur. Çox sonralar çağdaş
tarixçiliyin tədqiqat obyektinə çevriləcək ümumtürk tarixinin əksər hadisə və
tarixi fiqurları haqqında ilk qeydlərin Ə.Hüseynzadəyə aid olduğu isbatlanır.
Monoqrafiyada Ə.Hüseynzadənin "Tatar” adına
etiraz kimi "Türklər kimdir və kimlərdən ibarətdir?” cavab yazıları ilə
Azərbaycan türkoloji elminin qurucusu olduğu vurğulanır. Müəllif Hilmi Ziya
Ülkenin bu yazının "modernləşdirmə tariximizdə ilk dəfə hümanizm eğitimi
haqqında sistemli bir görüşü müdafiə etdiyini” qeyd etməkdə haqlı olduğunu önə
çıxarmaqla yanaşı, onun digər müəlliflərin bu mövzuda Əli bəydən öndə
gəldikləri iddiasını absurd hesab edərək inkar edir. Azər Turan adı çəkilən
həmin müəlliflərin yazılarını şərh edərək, V.Tomsen, Vamberi, Radlov, Eyveld və
digərlərinin simasında türkolojinin mövcud olduğu, lakin "o aləmdə türklərin
özlərinin yox” olduğu bir zamanda Əli bəy Hüseynzadənin "Türk kimdir?” sualına
zamanı üçün yeni sayılan cavablar verdiyini yazır: "Əli bəyin tarixçiliyi müasir
olduğu qədər də elmi, təxminlərə deyil, faktlara istinad edən və ilk dəfə
türkşünaslıq terminolojisinə rəvac verərək yaranan tarixşünaslıq idi.” Azər
Turan Əli bəy Hüseynzadənin türklərin kimliyi haqqındakı suala cavab verərkən
ilk növbədə türk siyasi genefondunda uydurma etnik sindromlardan qurtuluş
yollarını araşdırdığını, təfərrüatlara enmədən yaddaşları oyatdığını yazır.
Maraqlıdır ki, Azər Turan osmanlıçılıqda
ittiham edilən Əli bəyin bu addımını "siyasi gediş” adlandırır və yazır:
"Sadəcə, bu osmanlıçılığın millətimiz üçün çıxarı XX yüzilin əvvəllərində
həyatımıza bütün sferalarda müdaxilə edən rusçuluğun sıradan çıxarılmasını
təmin etməsiydi.”
Bəzən açıq-aydın, bəzən isə sətiraltı
fikirlərlə türklük düşüncəsinə bu zamana qədər verilməkdə olan zərərlərdən, bu
gün də çözümünü tapa bilməyən vahid türk dili anlayışının bünövrəsinin
dağıdıldığından, vaxtilə (1904-1905) buna Azəraycanda Əli bəyin, Krımda (1912)
İsmayıl bəy Qaspıralının ilk etiraz səslərini ucaltdığından, onların bu sahədə
konkret addımlarından bəhs edilir. Monoqrafiyada Ə.Hüseynzadənin "Türklər
kimdir və kimlərdən ibarətdir?” əsərində türklərin tatar adlandırılması
məsələsini ətraflı şərh edən və bu münasibətlə əsərdən əhəmiyyətli geniş
parçanı verən müəllif 7 il sonra "Tatar milləti” məqaləsində İ.Qaspıralının bu
xüsusda onun səsinə səs verdiyini qeyd edir. Bəzən özündən öncəki heç bir fikrə
və heç bir müəllifə etiraz etməyə cürəti çatmayan, ümumi sözlərlə fikir
bildirən tədqiqatçılardan fərqli olaraq kifayət qədər cəsarətli fikirlər yazır.
Sənət, ədəbiyyat müstəvisində bütün sivil mübahisələr, polemikalar məqbuldur –
həqiqətlərin çoxu mübahisələrdə, bu mübahisələrin ortaya çıxardığı suallara
cavab aramaqla meydana gəlir.Vaxtilə türk tarixi və bütövlükdə türk
varlığına "vüsətli elmi yanaşma” sərgiləyən Əli bəyin düşüncələrini şərh
etməklə yanaşı, müəllif həm də bu xüsusda tədqiqat obyektinin fikirləri ilə
birə bir üst-üstə düşən elmi düşüncə və qənaətlərini bölüşür. Beləliklə, bu
monoqrafiyada Azər Turanı yalnız Əli bəy Hüseynzadə irsinin araşdırıcısı olaraq
deyil, türkoloji düşüncənin azman fikir sahiblərindən biri olaraq izləyirik.
Kitabda "Əli bəy Hüseynzadənin nəsil
şəcərəsi” başlığı ilə verilmiş fəsil müstəqil bir monoqrafiya təsiri bağışlayır.
Əli bəyin babası, əmisi, qardaşı, qardaşı oğulları və s. yaxın
qohum-əqrəbasının hər biri cümhuriyyət dönəmində, ondan əvvəl və sonra
əhəmiyyətli postlar tutan, ölkəmiz üçün hərəsi öz çapında önəmli işlər görən və
hər birisinin Əli bəy ilə qohumluq əlaqələrindən başqa, həm də məslək bağları
olan insanlardır. Əli bəyin yeganə qardaşı olan İsmayıl Hüseynzadə ailəsi ilə
birlikdə sürgün edilən ziyalılardandır. Onların hamısının bu və ya başqa
şəkildə cəzalandırılmasının bir səbəbi öz fəaliyyət və əqidələri idisə, başqa bir
səbəbi də Əli bəylə yaxın qohumluq əlaqələri idi. Azər Turan Əli bəy Hüseynzadənin qardaşı
İsmayılın övladları haqqında bəhs edərkən onları "bənzərsiz taleli insanlar”
adlandırır. Həqiqətən, monoqrafiyanı oxuyarkən şahid oluruq ki, əmisinin yolunu
davam etdirərək Azərbaycanın istiqlal savaşına qatılan Sultan, Cümhuriyyət
dövründə təhsil almaq üçün xaricə göndərilmiş Bəhram, qardaşları Firidun,
Şəmsəddin Hüseynzadələrin qəribə taleyi olub. Ailəsi 1956-cı ildə bəraət
aldıqdan sonra sürgündən Bakıya qayıtmaq üçün Şəmsəddin Hüseynzadənin MK-ya
müraciəti ilə bağlı məktubundan bəhs edərkən müəllif yazır: "...məktubu
oxuyarkən istər-istəməz düşünürsən ki, zavallı Hüseynzadələr, haqqın nahaqdan
ayrılması üçün nə qədər əzab çəkiblər. Həmişə, bütün mərhələlərdə nəyisə izah
ediblər. Adamları həqiqətə inandırmaq üçün məktublar, ərizələr, izahatlar
yazıblar, ifadələr veriblər”.
"Əli bəy Hüseynzadə” monoqrafiyasının
"Əlyazmalar yanmır, yaxud "Bioqrafik müxtəsər məlumat” fəslində müəllifin belə
bir fikrini oxuyuruq: "1935-ci ilin fevralında A.H.Turan imzası ilə qələmə
aldığı "Bioqrafik müxtəsər məlumat”ı mütaliə etdikcə hiss olunur ki, on
səhifəlik bu yazı istər Türkiyədə, istər Azərbaycanda daim alimlərimizin yeganə
istinad mənbəyi olub. Sadəddin Nüzhətin 1936-cı ildə nəşr olunmuş "Türk
şairləri” kitabından üzü bəri bu mətn tədqiqatdan tədqiqata ötürülüb, ancaq
onun özü haqqında heç bir müəllif məlumat verməyib. Əksinə, hadisələr birinci
şəxsin deyil, ikinci şəxsin dilindən təqdim olunub. Bir sıra məqalələrdə və
kitablarda isə Əli bəy Hüseynzadənin yazdıqları ilə onun araşdırıcılarının
yazdıqları, demək olar ki, bir-birindən heç fərqlənmir. Çoxları Əli bəyin
"Bioqrafik müxtəsər məlumat”da yazdıqlarını öz elmi axtarışının maraqlı
səhifəsi kimi təqdim edib...”
Azər Turan monoqrafiyada "çilik-çilik
edilmiş büllur kimliyimizin tarix, sənət, fəlsəfə və ədəbiyyat üsulu ilə
yenidən bərpası” hesab etdiyi "Siyasəti-fürusət”də neçə minillik tariximizə aid
olan bütün hadisələrə toxunulduğunu yazır. Bunlar müəllifin subyektiv fikirləri
deyil, ədəbi-ictimai fikir tariximizdə bu əsərin və ümumiyyətlə Ə.Hüseynzadənin
yeri və roluna obyektiv qiymətləndirilməsində ziyalı mövqeyinin təzahürüdür. 2014-cü
ildə Astana şəhərində BTA-nın təşkilatçılığı ilə "Türk dünyası: Böyük
şəxsiyyətlərin irsi” mövzusunda beynəlxalq elmi konfransda "Böyük mütəfəkkir
Əli bəy Hüseynzadə və müasirlik” mövzusunda məruzə edən akademik İsa Həbibbəyli
bu əsəri ədəbiyyatımızın digər bir möhtəşəm sənət nümunəsi ilə qiyaslayır:
"Azərbaycanda türkologiyanı həm kulturoloji baxımdan, həm ədəbiyyat və sənət
istiqamətində Əli bəy Hüseynzadə qədər geniş əhatə edən ikinci böyük bir
şəxsiyyət tapmaq, göstərmək çətindir. Fikrimcə, Əli bəy Hüseynzadənin fəlsəfi
baxışlarını, ictimai-siyasi görüşlərini, həm də ədəbiyyat düşüncəsini mükəmməl
şəkildə ifadə edən ”Siyasəti-fürusət” ("At oynatmaq siyasəti”) əsəri Azərbaycan
ictimai fikri tarixində, bütövlükdə türk dünyasında böyük Mirzə Fətəli
Axundzadənin "Kəmalüddövlə məktubları” ilə müqayisə oluna bilinən möhtəşəm
sənət əsəridir. Bu məqamda o, proseslərə geniş baxmağı bacaran və dərin
elmi-ədəbi fikirləri ifadə edən çox dəyərli mütəfəkkir ədibimizdir, böyük
filosofumuzdur”.
Uşaq yaşlarında atasını itirən Əli bəy
Şeyxülislam babasının himayəsində qalmışdır. Monoqrafiyada əhəmiyyətli
məqamlardan daha biri ədibin düşüncə və dünyagörüşünün formalaşmasında aparıcı
rolu olan Qafqazın şeyxülislamı Axund Əhməd Səlyani ilə bağlı gerçəklərin gün
üzünə çıxarılmasıdır. Azər Turan "ümmətçilikdən milliyyətçiliyə keçid dövrü”
kimi səciyyələnən bir zamanda yaşayan, fəaliyyət göstərən şeyxin ruhani həyatın
maarifçilik səmtinə yönəlməsindəki müsilsiz xidmətlərinin etiraf olunmadığını
təəssüflə qeyd edir. Və sələflərinin xətasını təkrarlamadan onun gördüyü böyük
işlərə işıq tutur: "...Amma zənnimcə, onun fövqəladə xidmətləri, gördüyü işlər,
yazdığı kitablar imkan verir ki, şeyxin adı Azərbaycan maarifçilik hərəkatının
öndə gələn xadimlərinin ismi ilə bərabər hallandırılsın. ...O, Nəcəfül-Əşrəfdə
təhsil alsa da, ənənəvi Nəcəf alimlərindən olmadı. Qafqazdan İstanbula,
Bağdaddan Təbrizə qədər elə bir ruhanimiz, elə bir şeyxülislamımız yoxdur ki,
XIX yüzildə "Tarixi-ədəbiyyati-türki” adlı əsər hazırlamağa cəhd etsin;
imanpərvər olduğu qədər də milliyyətpərvər olsun; türk millətinin başlıcaları
və böyükləri, tu-kuye-lər – Göytürklər, uyğurlar barədə qələm çalsın; ədəbiyyat
tariximizdə ilk dəfə Oğuz poetik dünyası barədə fikirlər söyləsin; diqqəti
Orhon-Yenisey yazılı mətnlərinə yönəltsin; "Qutadqu-Bilik”, türklərin islamı
qəbul etmələri, uyğur lisanı, cığatayca yazılmış olan məşhur əsərlər, əski türklərin
yazısı, cığatay ədəbiyyatının qızıl dövrü, uyğur dili, Əlişir Nəvai haqqında
yazılı söz deməyi özünə vicdan borcu bilsin...” Doğrudan da, türk ədəbiyyatı
tarixini yazmağa təşəbbüs edən bir islam şeyxinin özü, obrazı, fəaliyyəti nədən
unudulmalı, anılmamalıdır? Təkcə elə bu mövzuda A.Turanın yazdıqlarını şərh
etmək böyük bir məqalə mövzusudur. Bircə onu xatırladaq ki, monoqrafyada uzun
illər ədəbiyyat və mətbuatımızda Şeyxin Mirzə Fətəli Axundzadənin dəfni ilə
bağlı fətvası haqqında yalan-yanlış fikirlərə yol açan mətnlərə münasibət də
diqqətçəkəndir. Bu məsələ ilə bağlı hər hansı dəlil olmasa da, müəllif tutarlı
arqumentlərlə uzun illər yazılanların əksini iddia edir.
Monoqrafiyadakı bu və digər onlarla
qənaət imkan verir deyək ki, müəllif tədqiq etdiyi obyektə yaxından bələdliyi
ilə yanaşı, həm də detallı, diqqətli yanaşaraq, bəzən heç bir mübahisəyə səbəb
olmayacaq, bəzən isə ədəbi-mədəni kontekstdə geniş polemikalara yol açacaq
fikirlər yürüdür. Bunu müəlif özü də təxmin edir və bəzi məqamlarda fikirlərinə
"bilirəm, yəqin ki, mübahisə doğuracaq” deyə başlayır.
1990-cı illərdə Rəfiq Zəka Xəndan Əli bəy Hüseynzadəni "Unudulmuş dahi”
adlandırırdı. Nə yaxşı ki, unudulmuşları da xatırlayan, onları öz xalqına
qaytaran, qazandıran azlar var və o azlardan biri, Əli bəy Hüseynzadənin həyat
və yaradıcılığı haqqında layiq olduğu miqyasda araşdırmanı ərsəyə gətirən Azər
Turan oldu. "Əli bəy Hüseynzadə” monoqrafiyası yalnız bir obyektin araşdırması
deyil, Əli bəyin ömrünü adadığı ideologiyanı formalaşdıran ictimai, siyasi,
ədəbi mühit, dövr haqqında ətraflı və geniş təsəvvür yaradan, tablosunu cızan
bir əsərdir.Mətanət Vahid