Milli heykəltəraşlığımızın Fuad Əbdürrəhmanov zirvəsi - Fotolar

Elə sənətkarlar var ki, onların yaradıcılığı doğma
torpaqla sıx bağlıdır. Bu mənada onlar üçün yurdun güc və ilham qaynağı olması
da təbii qəbul olunur. Azərbaycanın xalq rəssamı, dövlət mükafatları laureatı,
görkəmli tişə ustası Fuad Əbdürrəhmanov (1915-1971) belə yaradıcılardan
sayılır...
Onun
yurd sevgisinin nəhayətsizliyindəndir ki, yaratdıqları heykəllər ictimailəşdirdikləri
gündən xalqın əvəzolunmaz mənəvi sərvətinə çevrilməklə, hər birimiz tərəfindən
bənzərsiz qürur qaynağı kimi qəbul olunmaqdadır. Zamanın axarında onun Bakını və
Gəncəni bəzəyən Nizami Gəncəvinin, paytaxtda qərarlaşan Səməd Vurğun, Mehdi
Hüseynzadə və "Azadlıq” abidələrinin bədii gücünə görə zamansızlığa qovuşmaları
da dediklərimizi təsdiqləyir.
Tanışlıq
üçün deyək ki, Şəkidə dünyaya göz açan Fuad Əbdürrəhmanov ixtisas təhsilini əvvəlcə
Azərbaycan Dövlət Rəssamlıq Texnikumunun rəngkarlıq şöbəsində (1929-1932),
sonra isə İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və
Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsində (1935-1940) almışdır. Sənət vərdişlərinə
Rusiyanın "Şimal paytaxtı”nda dövrünün məşhur plastika ustaları olan
V.Sinayski, V.Boqatıryov və M.Manizerin emalatxanalarında yiyələnmişdir.

Əgər
onun janr etibarilə rəngarəng olan yaradıcılıq yoluna nəzər salsaq, onda deməliyik
ki, rəngkar təhsilli F.Əbdürrəhmanov ali təhsil almağa yollanana kimi özünün
plastikaya olan sevgisini və bu sahədə professional vərdişlərə necə yiyələndiyini
yaratdığı bir neçə portretdə göstərə bilmişdi. Bunlar hazırda C.Cabbarlı adına
Azərbaycan Dövlət Teatr Muzeyində nümayiş etdirilən mütəfəkkir M.F.Axundzadənin (1932), dramaturq C.Cabbarlı
və Ə..Haqverdiyevin (1933), aktyor H.Ərəblinskinin (1934), bəstəkarlardan
Ü.Hacıbəyli, M.Maqomayev və A.Zeynallının (1934) portretləridir. Sonradan görkəmli
heykəltəraş kimi tanınacaq F.Əbdürrəhmanovun ilk plastika təcrübəsi kimi dəyərləndirilən
bu portretlərində nə qədər realist-gerçəkçi sənət ənənələri duyulsa da, bu əsərlərdəki
plastika özünəməxsusluğunu, geniş bədii ümumiləşdirmələrə meyl göstərməsini gənc
tişə ustasının uğuru saymaq olar.
F.Əbdürrəhmanovun Şərqin görkəmli söz xiridarı
Firdovsinin 1934-cü ildə 1000 illik yubileyinin keçirilməsi ilə əlaqədar təşkil
olunan sərgiyə təqdim etdiyi "Atıcı” əsəri də
gənc heykəltəraşın məna-məzmun
baxımından daha əhatəli plastika nümunələri
yaratmaq potensialına malik olduğunu sərgilədi.
Otuzuncu illərin sonu gənc F.Əbdürrəhmanovun
yaradıcılığında silinməz iz buraxmışdır. Bu keçmiş SSRİ məkanında dahi Azərbaycan
şairi Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi ilə bağlı olmuşdur. O
vaxta qədər şairin rəsmi qəbul olunmuş rəngkarlıq və heykəltəraşlıq portreti
olmadığından onun yaradılması üçün müsabiqə keçirilmişdir. 1939-cu ildə elan
olunan bu müsabiqədə o dövrün həm tanınmış, həm də yenicə yaradıcılığa başlayan
heykəltəraşları iştirak edirdilər. 60-a qədər layihənin müəllifləri arasında
M.Anikuşin, V.Petrov, V.Sinayski, K.Motovilov, K.Merabişvili, A.Manuylov,
P.Sabsay, F.Əbdürrəhmanov, C.Qaryağdı və başqa sənətkarlar vardı. Açıq və qapalı keçirilən bu sənət yarışması
bir-neçə mərhələdən sonra çoxlarının hələ yaxşı tanımadığı gənc Fuad Əbdürrəhmanovun
qələbəsi ilə yekunlaşır.

F.Əbdürrəhmanovun yaratdığı həmin abidədə şair
obrazını səciyyələndirə biləcək yüksək mənəvi-psixoloji tutumu duymaq və əyani
görmək mümkündür. Başqa sözlə desək, üz cizgilərinin yaradılmasında rəssam Qəzənfər
Xalıqovun (o, şairin rəngkarlıq portreti üçün keçirilən müsabiqənin qalibi olmuşdu)
ərsəyə gətirdiyi portretə tapınan Fuad Əbdürrəhmanov sözün əsl mənasında xalqın
xəyalında gəzdirdiyi obraza plastik tutum verə bilmişdi. Şairin tunc fiqurunda
gerçəkləşən mənəvi zənginliyin və möhtəşəmliyin plastik təcəssümü kifayət qədər duyulan idi.
Əlavə edək ki, şairin müharibənin başlanması ilə təxirə
salınan 800 illik yubileyi 1947-ci ildə təntənəli şəkildə qeyd olundu və bu
münasibətlə onun Gəncədə F.Əbdürrəhmanov tərəfindən hazırlanmış abidəsinin
ikinci variantının açılışı baş tutdu. Abidənin yüksək bədii-estetik dəyərə
malik olmasını onun bir il sonra - 1948-ci ildə SSRİ Dövlət mükafatına layiq
görülməsi də təsdiqlədi. Abidənin müsabiqədə qalib gəlmiş birinci variantının
açılışı isə yalnız 1949-cu ildə keçirildi. Qeyd edək ki, hər iki abidədə bədii
həllin plastikliyinin obrazın poetikliyinin açımını zənginləşdirən və təsdiqləyən
uğurlu məqamları duyulası dərəcədə qabarıqdır.

F.Əbdürrəhmanovun 50-ci illər yaradıcılığında
"Azadlıq” heykəlinin xüsusi yeri vardır, desək, yanılmarıq. Sovet dönəmində yaradılan bu əsərin ümumi məna-məzmun
tutumunu sosialist ideologiyasının hakim
mövqedə olduğu bir şəraitdə yaradıldığını nəzərə alsaq, onda onun zamanında
"Azadlıq” (ona "Azad Azərbaycan qadını” da deyiblər) adlandırılmasını təbii
saymaq olar. Etiraf edək ki, əllinci illərin sonlarında ilk eskiz-variantları
yaranan bu əsərin belə təqdimatı demək olar ki, hər kəsin ürəyincə idi. Əgər əsərdə
hər hansı ideoloji yükün ifadəsi qabarıq olsaydı, onda "Azadlıq” da 80-ci illərdə
Azərbaycan məkanının bütün məsələlərin Azadlıq meydanında həll olunduğu dövrlərdə
bir çox heykəllər kimi uçurdular, tarixin arxivinə göndərilərdi.
F.Əbdürrəhmanovun 40 - 50-ci illər yaradıcılığında
yer alan bir çox portretlərində onun şəxsiyyətin daxili aləminə nüfuzetmə,
obrazın səciyyəvi cəhətlərini üzə çıxarmaq bacarığını müşahidə etmək mümkündür.
Bu mənada rəssamlardan Səttar Bəhlulzadə (1947) və Rüstəm Mustafayevin (1947), əmək
qəhrəmanı Bəsti Bağırovanın (1951), şair Nizami Gəncəvi (1953) və Səməd
Vurğunun (1957) portretlərinin adını çəkmək olar.
34 yaşına qədər Gəncə və Bakıda Nizaminin şərəfinə
ucaldılmış iki gözəl abidənin müəllifi olan və birinci əsərə görə SSRİ Dövlət
mükafatı alan gənc heykəltəraş sonrakı yaradıcılığında özündə yüksək bəşəri
keyfiyyətləri cəmləşdirən və həm də monumentallığı ilə seçilən abidələr
yaratmağa nail oldu. 1950-ci ildə hazırladığı "Çoban” heykəlinə görə 1951-ci
ildə ikinci dəfə SSRİ Dövlət mükafatına layiq görülən heykəltəraşın Azərbaycanla
yanaşı qonşu respublikalarda və dövlətlərdə
ucaldılmış heykəllərə müəlliflik etməsi, ilk növbədə onun sənətinə olan inamın
ifadəsi idi. Bakıdakı "Səməd Vurğun” (1961) və "Mehdi Hüseynzadə” (1973),
Monqolustanın paytaxtı Ulan-Batorda ucaldılan Suxe-Bator və marşal
X.Çoybalsanın heykəlləri (hər ikisi 1954), Buxarada Əbu Əli İbn Sinanın abidəsi
(1975), Düşənbədə Rudəkinin heykəli (1964) və Sədrəddin Ayninin büstü
(1964) bunun əyani göstəricisidir. Müəllifin
1966-cı ildə "Əbu Abdulla Rudəki” heykəlinə görə SSRİ Rəssamlıq Akademiyasının
qızıl medalına layiq görülməsi, həmkarları tərəfindən azərbaycanlı heykəltəraşın
yüksək sənətkarlığının etirafı idi...

Heykəltəraşın altmışıncı illər yaradıcılığında
monumental abidələrlə yanaşı, dəzgah plastikası nümunələri də geniş yer
almışdır. Bu mənada onun yaddaqalanlığı birmənalı olan portretlərini xüsusi
qeyd etmək lazımdır. "Gənc fəhlə” (1961),
"Kubalı Xesus” (1963), "Peşə məktəbinin
əlaçı tələbəsi Xəlilovun portreti” (1962),
"Tacik şairi Rudakinin portreti” (1965), "Sədrəddin Ayninin portreti”
(1965), "Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin portreti” (1966),
"Avtoportret” (1969) əsərlərində hər bir
obraza xas olan səciyyəvi xüsusiyyətlərin yaddaqalan plastik tutum aldığını
görmək mümkündür. Bu portretlərin uğurlu alınmasında müəllifin müxtəlif
materiallardan (gips, mərmər, tunc) məntiqlə istifadə edilməsinin duyulası rolu
olmuşdur.
Sonda deyək ki, zamanında sovet məkanının çox
nüfuzlu tişə ustalarından sayılan Fuad Əbdürrəhmanov plastika sənətinin müxtəlif
janrlarında işləsə də, onun yaradıcılığı bütövlüyü ilə seçilir. Elə bu bütövlük
də onun sənətkar "mən”ini və dəst-xəttinin özünəməxsusluğunu şərtləndirmiş,
adını ölməzliyə qovuşdurmuşdur...
Fəqan Qasımov,
Azərbaycan Rəssamlar İttifaqının üzvü
