• cümə, 29 Mart, 14:15
  • Baku Bakı 14°C

Milli Gimnastika Arenası istifadəyə verildi

16.04.14 18:59 3137
Milli Gimnastika Arenası istifadəyə verildi
Aprelin 16-da Bakıda Milli Gimnastika Arenasının açılışı olub. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.
İdmanın inkişafına göstərilən yüksək dövlət qayğısı nəticəsində Azərbaycan idmançıları dünyanın mötəbər yarışlarında və Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edir, uğurlarını ildən-ilə daha da artırırlar. 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq məqsədilə beynəlxalq standartlara uyğun mühüm layihələrin icra olunması ölkəmizdə müasir idman infrastrukturunun yaradılması işinə böyük töhfə verəcək.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Bakıda təməli qoyulan Milli Gimnastika Arenasının inşası idmanın bu növünün daha da inkişaf etdirilməsi işində mühüm rol oynayacaq. Hazırda tərkibində idmanın dörd növünü - bədii gimnastika, kişi idman gimnastikası, akrobatika gimnastikası və tamblinqi birləşdirən Azərbaycan Gimnastika Federasiyasının son illər əldə etdiyi böyük uğurlar dünyanın idman ictimaiyyəti tərəfindən maraqla izlənilir. Bütün bu nailiyyətlər birinci xanım Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi sayəsində mümkün olub. Belə ki, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın fəaliyyəti nəticəsində ölkədə idmanın bu növünün yeni inkişaf mərhələsi başlayıb.
2003-cü ildə Bakıda bədii gimnastika üzrə ilk dünya kuboku keçirilib. Bakı 2005-ci ildə gimnastika üzrə dünya çempionatına ev sahibliyi edib. 2007-2009-cu illərdə isə ölkəmizdə iki dəfə Avropa çempionatı keçirilib. Bu işlərin nəticəsi olaraq Azərbaycan gimnastları da son illərdə böyük irəliləyişlərə nail olublar. Dinara Gimatova 2003-cü ildə Afina Olimpiya Oyunlarına ilk milli lisenziyanı qazanıb. Aliyə Qarayeva isə 2007-ci ildə bədii gimnastika üzrə Avropa çempionu tituluna sahib çıxıb. Dünya çempionatında isə qızlarımız komanda hesabında üçüncü olub. Azərbaycan gimnastları növbəti illərdə də ölkəmizi Olimpiya Oyunlarında layiqincə təmsil ediblər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Gimnastika Arenasının rəmzi açılışını bildirən lenti kəsiblər. Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10 minə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda otel də yaradılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva zalda yaradılan şəraitlə tanış olublar və gimnastların məşq prosesinə baxıblar. Avropa Gimnastika İttifaqının prezidenti də burada yaradılan şəraiti yüksək qiymətləndirib.
banner

Oxşar Xəbərlər