Milli dəyərlərimiz milli kimliyimizdir

Hər bir
millətin mənsub olduğu tarixi-ənənəvi keyfiyyətlərin, sahib olduğu əvəzolunmaz
xüsusiyyət və varlıqların məcmusu olan milli-mənəvi dəyərlər millətin
mənəviyyatını birbaşa təcəssüm etdirir və onun milli kimliyi kimi çıxış edir.
Milli-mənəvi dəyərlər hər bir milləti tanıtmaq üçün kifayət qədər yetərli
dəlillərdir. Bu baxımdan adət-ənənələr, xalq yaradıcılığı, ədəbiyyat, dil, din
və s. mənəvi dəyərlər məcmusuna daxildir. Ulu öndərimiz Heydər Əliyev deyirdi: "Hər
xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz
milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr
edirik. Bizim xalq yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi
dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil
edən amillərdir”.
Azərbaycan
xalqının görkəmli ədibləri və zəngin ədəbiyyat nümunələri də xalqımızın milli
dəyərlərini daha fəal surətdə qorumuş və əks etdirmişdir. Folklor nümunələri bu
baxımdan çox səciyyəvidir. 4 misralıq bayatılarda, bir sətirlik atalar
sözlərində və s. Azərbaycan xalqının müdrikliyi, malik olduğu minillik təcrübə
özünü əks etdirmişdir. "Kitabi-Dədə Qorqud” dastanı milli dəyərlərin mühafizə
və inikası baxımından ən zəngin kitab - ana abidə hesab olunur. Təsadüfi deyil
ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev "Kitabi-Dədə Qorqud”
dastanı haqqında deyirdi: "Bizim zəngin tariximiz, qədim
mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz "Kitabi-Dədə Qorqud” eposunda öz
əksini tapmışdır. ...Bu, bizim ana kitabımızdır”. Bu mənada bizim ədəbiyyat
nümunələrimizdə, görkəmli ədiblərimizin qələmə aldığı mükəmməl sənət
incilərində bizim milli dəyərlərimiz, xüsusilə milli-mənəvi dəyərlərimiz
mükəmməl təcəssümünü tapmışdır.
Xalqımız
malik olduğu min illərlə ölçülən tarixə müqabil zəngin, çoxcəhətli maddi və
mənəvi dəyərlərə də sahibdir. Bu dəyərlərin başında dəyərlər dəyəri ana dili
gəlir. Çünki adi qaydada düşünmək lazımdır: dilsiz cəmiyyət və insanlıq
olmadığı kimi, ana dili olmadan millət də yoxdur. Əgər özümlülük, millilik
söhbət mövzusudursa, ana dili olmadan bunlara malik olmaq olmaz. Millət
vətənsiz ola bilər, dövlətsiz ola bilər, hətta dövləti olmadığı üçün digər
zəruri dəyərlərə sahib olmaya bilər, amma ana dili olmadan var olmaq olmaz. Ana
dili yoxdursa, o millət də yoxdur. Ancaq bunlar bir yana, bizim xöşbəxtliyimizi
təmin edən, min illərlə xalqımıza yoldaşlıq edən, onu mövcudlaşdıran ana
dilimiz şirindən şirin, axıcı, ötkün, bütün fikirləri ifadə etməyə hər cür
qüdrətli, yad dillərə qarşı mübariz, dəmir qanunlarla möhkəmlənmiş və
mühafizəli, yad dillərə uyuşmaz, əyilməz, qarışmazdır. Laylalar qədər şirin,
məlahətli, oxşamalar qədər ürəyə, ruha yatan, mahnılarımız qədər oynaq, şux,
musiqili, atalar sözlərimiz qədər müdriklik ifadəçisi, ötkəm, hikmət dilidir.
Öz ana dilində danışmayan və ya danşdığı da bir danışıq olmayan bir kəs,
əslində, ana dilini yox, məhz özünü, öz mənliyini, kimliyini itirir.Bu
baxımdan ulu öndərimizin dediyi bu sözlər hər bir Azərbaycan gənci,
azərbaycanlı üçün proqramdır, vəzifədir, məqsəddir: "Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə
bilməz. ...Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya
bilməz, Füzulini oxuya bilməz, Nəsimini oxuya bilməz, Vaqifi oxuya bilməz,
Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz və digərlərini oxuya bilməz. Əgər onları
oxuya bilməsə, o, tariximizi bilməyəcək: onları oxuya bilməsə, bizim
mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni
ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda milli
vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaqdır. Ümidvaram ki, ...bizim
gənclərimiz ...doğma Azərbaycan dilimizi mənimsəyəcək və bunlar hamısı hər bir
gənc Azərbaycan övladında yüksək vətənpərvərlik hissləri yaradacaqdır”.
Ancaq bununla bərabər, bütün bunların müqabilində ən qiymətli və
əvəzedilməz digər milli dəyərlərimiz də var – dövlətçilik dəyərlərimiz. Çünki
dünyada minlərlə xalq olduğu halda cəmi 200-ə yaxın xalqın dövlət qurmaq imkanı
olub. Bu gün müstəqil dövlətimizin mövcudluğu xalqımızın min illərlə
qurub-yaratdığı dövlətçilik ənənələrinin davamıdır ki, yeni minillikdə
əvəzedilməz şəxsiyyət, ulu öndər Heydər Əliyevin sayəsində bunu bir daha əldə
etməyə və yaşatmağa müvəffəq ola bilmişik. Buna görə də onlarla dövlət
içərisində dövlətimiz, bayraqlar içərisində bayrağımız, ölkələr, ərazi
vahidləri içərisində torpaqlarımız varkən onlara sahib olduğumuzla qürur
duymaqla bərabər qorumaq vəzifəmiz də vardır. Bayrağımız, gerbimiz, himnimiz,
ərazi bütövlüyümüz, sərhədlərimiz, ana dilimiz milli dəyərlərimizin baş
tacıdır, əvəzedilməzdir. Bütün bunlar isə öz məzmunu, dəyəri, mənalılığı ilə
VƏTƏN adına köçməklə qəlbimizdə, qürurumuzda, ləyaqət və qeyrətimizdə yaşayır.
Bu dəyərlərimizdən hər hansı birinə bədxah, xor münasibət deyilən mənəvi
duyğularımızın yoxluğu deməkdir. Necə ki ulu öndərimiz deyirdi ki:
"Vətənpərvərlik hər bir insanın daxilindəki duyğularıdır. Əgər bunlar yoxdursa,
deməli, o insan mənəviyyatsızdır”. Bu mənada dalğalanan bayrağımızın
əsintisində qürurumuz, qeyrətimiz, ləyaqət və şərəfimiz təcəssüm edir.
Eləcə də
səslənən himnimizdə, ağızlarda dilləri danışdıran ana dilimizdə,
dövlətçiliyimizi əks etdirən gerbimizdə, vətənimizin sərhədlərində məhz bütün
bu mənəvi keyfiyyətlərimiz yaşayır, deməli, biz yaşayırıq. Ulu öndərimiz
deyirdi: "Azərbaycan bayrağı sadəcə bayraq dеyil. О, bizim dövlətçiliyimizin,
müstəqilliyimizin rəmzidir…. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Оna görə
də gərək … hər bir еvdə Azərbaycan dövlətinin bayrağı оlsun, hər bir ailə Azərbaycan
bayrağına itaət еtsin. Bu bayraq tək rəsmi yеrlərdə yох, idarələrdə, küçələrdə,
saraylarda, məktəblərdə yох, gərək hər bir ailənin həyatının əziz bir hissəsi оlsun”. Bu mənada bu kimi dövlətçilik
dəyərlərimiz təkcə bir simvol kimi, nişanə kimi yox, həm də mənəviyyatımız,
vətəndaşlıq qeyrətimiz və milli ləyaqətimiz kimi bizimlə birgə olmalıdır. Bu
baxımdan biz təkcə dövlətçilik rəmzləri olan bu dəyərləri qorumuş olmuruq, biz
hər şeydən əvvəl ailə, insanlıq şərəfimizi, övladlarımızın gələcəyini,
analarımızn namusunu, atalarımızın qeyrətini, qızlarımızın iffətini, oğullarımızın
adını, bir sözlə - öz dəyərimizi, kimliyimizi qorumuş, hörmət etmiş, göz
üstündə saxlamış oluruq.
Təkcə milli
dəyərlərə sahib olmaq kifayət deyil. Həm də bu dəyərləri qorumaq, yaşatmaq və
gələcək nəsillərə ötürmək xüsusilə əsasdır, vacibdir. Milli müstəqilliyimizin,
dövlətçiliyimizin və ideologiyamızın banisi ulu öndər Heydər Əliyev necə ki: "Hər
xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi
dəyərlərinə bağlılığı böyük amildir. Biz öz milli-mənəvi dəyərlərimizi,
adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq,
saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi,
əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”,- deyərək milli dəyərlərin yeni nəsillərə təbliği işini vəzifə
olaraq müəyyənləşdirirdi. Bu mənada Naxçıvanda bu sahədə başladılan yol artıq
zəngin və sabit bir ənənə təşkil etməkdədir. Naxçıvan Muxtar Respublikası Ali
Məclisi sədrinin vaxtilə imzaladığı ”Naxçıvanın tarixi abidələrinin
pasportlaşdırılması”, "Xalq yaradıcılığı günlərinin keçirilməsi” haqqında
sərəncamlar bu ənənəni yaradan və milli dəyərləri araşdırmağa, öyrənməyə,
qorumağa və təbliğ etməyə yönəlik yüz illiklərə hesablanmış tarixi əhəmiyyətli sənədlərdir.
Yeni nəsillər
xalqımızın malik olduğu dəyərləri mənimsəmək üçün vətəndaşlıq vəzifəsi hiss
etməlidir. Ulu öndərimiz öz şəxsiyyətində dəyərlərimizi o qədər əks etdirirdi
ki, onu müşahidə edən hər bir kəs dərhal "Bax, bu azərbaycanlıdır” deyə
bilirdi. Ümumiyyətlə, ümummilli liderimiz azərbaycanlılığın etalonu kimi hər
bir azərbaycanlıya və Azərbaycan xalqının dəyərlərinə bir nümunə idi
İndi
yeni nəsillər milli dəyərlərin təbliği şəraitində aparılan işlər əhatəsində
böyüyür, tərbiyə tapır. Deməli, dəyərlərimiz də yeni nəsillərə tərbiyə olunur,
yaşayır və hifz edilir, gələcək nəsillərə ötürülür.
Ramiz QASIMOV,
filologiya
üzrə fəlsəfə doktoru, dosent,AMEA Naxçıvan
Bölməsinin böyük elmi işçisi
Bu məqalə "Kaspi Geosiyasi
Araşdırmalar Mərkəzi” İctimai Birliyinin AR Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi
"Milli-mənəvi dəyərlərin, Azərbaycançılıq məfkurəsi və Azərbaycan dilinin
qorunmasına dair təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.
