• şənbə, 20 Aprel, 09:15
  • Baku Bakı 14°C

Millət vəkili: "Hansısa devalvasiyadan və ya inflyasiyadan söhbət gedə bilməz"

20.06.19 15:52 458
Millət vəkili: "Hansısa devalvasiyadan və ya inflyasiyadan söhbət gedə bilməz"
"Prezident İlham Əliyevin imzaladığı sərəncamlar bilavasitə vətəndaşların sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edən mühüm qərarlardır".
Bu barədə "Kaspi" qəzetinə açıqlamasındaMilli Məclisin İqtisadi siyasət, sənaye və shibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
O, bəzi "ekspertlərin" Azərbaycanda devalvasiya və inflyasiya olacağına dair səsləndirdikləri fikirlərin heç bir əsasının olmadığını da diqqətə çatdırıb: "2015-ci ildə bütün dünya gördü ki, devalvasiya yaradan başlıca amil nədir. Bu, Azərbaycan cəmiyyətinə də məlumdur. Azərbaycan bununla bağlı məsələləri çoxdan həll edib. Bizim manatımızın arxasında əmtəəmiz, strateji məhsullarımız, 46 milyard dollar həcmində valyuta ehtiyatımız, bütünlükdə müsbət saldo olan ticarət dövriyyəmiz dayanır. Azərbaycan iqtisadiyyatı getdikcə daha da inkişaf edir, idxal azalır, ixrac isə artır. Bunun nəticəsində də ölkəyə valyuta axını artır. Əgər biz bütün bunların sırasına Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi nəticəsində həyata vəsiqə alan, yaxud gələcəkdə reallaşacaq qlobal layihələri, onlardan əldə ediləcək gəlirləri də əlavə etsək, ölkəmizin gələcək inkişafını bir qədər də aydın təsəvvür etmək olar. Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Azərbaycan qazının Avropaya çatdırılması, ölkəmizin nəhəng logistika mərkəzinə çevrilməsi, tranzit ölkə kimi rolunu bir qədər də artırması yaxın gələcəkdə gəlirlərimizi çoxaldacaq. Qeyri-neft sektorunun digər istiqamətlərinin, eləcə də kənd təsərrüfatı, sənaye sahəsində görülən işlər də göz qabağındadır. Belə bir şəraitdə devalvasiya barədə kimlərinsə təşvişə düşməsi əbəsidr. Yaxud məqsədli şəkildə bununla bağlı yanlış ictimai rəy formalaşdırması yolverilməzdir, absurddur”.
İqtisadçı deputat deyib ki, inflyasiyanın olacağına dair ortaya atılan iddialar da tamamilə əsassızdır: "Maaş artımı heç vaxt inflyasiya yarada bilməz. Çünki, maaşların artırılmasından sonra həmin 1 milyarddan artıq vəsait birdən-birə bazara daxil olmayacaq. Bu, mərhələli şəkildə baş verəcək. Mərhələ-mərhələ bazara daxil olduğu üçün də tələb-təklif prinsipləri gözlənilir. Digər tərəfdən, qiymət artımı inflyasiyanın bir forması deməkdir. Amma bu gün qiymət artımını şərtləndirən heç bir iqtisadi amil yoxdur. Misal üçün, məhsulun maya dəyərini səciyyələndirən iqtisadi komponentlərin heç birində artım olmayıb. Enerji daşıyıcılarında, nəqliyyat xərclərində və məhsulun maya dəyərinə təsir edəcək bu kimi digər xərclərlə bağlı hər hansı artım yoxdur. Beləliklə də məhsulun maya dəyərinə təsir edəcək xərclərdə artım olmadığı üçün məhsulun bahalaşması, son nəticədə inflyasiyanın olması qeyri-mümkündür. Yəni, inflyasiyanı doğuracaq hər hansı amil və şərait yoxdur”.
Millət vəkili A.Hüseynov bildirib ki, son sərəncamlardan irəli gələn tədbirlərin reallaşdırılması hesabına Azərbaycan vətəndaşlarının alıcılıq qabiliyyəti artacaq: "İnflyasiyanın olmaması, yaxud çox aşağı səviyyədə olması, gəlirlərin isə artması hesabına vətəndaşlar əldə etdikləri vəsaitlərdən yığım kimi də istifadə edə biləcəklər. Prezident İlham Əliyevin imzaladığı sərəncamlardan sonra iqtisadi bazara daxil olacaq böyük məbləğ digər sahələrə, o cümlədən xidmət, bank sektorlarına da müsbət təsir göstərəcək, həmçinin sahibkarlara da zəmin yaradacaq ki, sözügedən sahədə canlanma olsun. Yəni, əldə olunacaq vəsait yenidən gəlir gətirə biləcək sahələrə yönləndiriləcək. Ona görə də hansısa devalvasiyadan, inflyasiyadan söhbət gedə bilməz. Bu barədə ortaya atılan iddialar absurddur”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər