Millət vəkili: “Beynəlxalq təşkilatlar işğalçı dövlətə himayədarlıq edirlər”
Deputat Naqif Həmzəyev: "Soydaşlarımızın girovluqda saxlanılması
Ermənistanın insanlıq əleyhinə cinayət əməllərinin daha bir sübutudur”
"6
ildir ki, soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan tərəfindən
girovluqda saxlanılır. Həm də qanunsuz separatçı - terrorçu rejimin "məhkəmə qərarı”
ilə "cinayətkar” kimi qələmə verilərək.
Azərbaycanın hazırda hərbi işğal altında olan Kəlbəcər rayonunda valideynlərinin
məzarlarını ziyarət etmək üçün öz torpaqlarına, əzəli, əbədi ata-baba yurduna
getmək cinayətdirsə, bəs Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana
qarşı etnik təmizləmə, işğalçılıq siyasəti bəs nədir?”
Bu barədə Milli
Məclisin insan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev "Kaspi” qəzetinə
açıqlamasında bildirib.
"Ermənistan işğalçı fəaliyyətinə hüquqi don
geyindirməyə çalışır”
O qeyd edib ki, oyuncaq separatçı rejim tərəfindən
uydurma iddialar əsasında "məhkəmə”nin Dilqəm Əsgərovu "ömürlük”, Şahbaz
Quliyevi 22 il müddətinə azadlıqdan məhrum etməsi, illərdir soydaşlarımızın işgəncələrə
məruz qalması işğalçı Ermənistanın mülki şəxslərin girov götürülməsini qadağan
edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb
edən 1949-cu il Cenevrə Konvensiyaları, onların Əlavə Protokollarının müddəalarına
zidd əməllərinin sübutudur: "Artıq dünya birliyi də Ermənistanın beynəlxalq səviyyədə
götürdüyü bu öhdəliklərini kobud şəkildə pozmaqda davam etdiyinin, Azərbaycan tərəfinin
humanitar hüquq normalarına əməl olunmasına və hər iki tərəfdə saxlanılmış
mülki şəxslərin tez bir zamanda qarşılıqlı surətdə azad edilməsinə dair
çağırışlarına məhəl qoymadığının şahidi olur. Dünya birmənalı şəkildə Ermənistanın
Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul edir, beynəlxalq hüquq
normalarına uyğun olaraq onu işğal altında saxladığı əraziləri azad etməyə
çağırır. BMT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul
etdikləri müvafiq qətnamələr, o cümlədən münaqişənin dinc yolla çözülməsi üçün
vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun irəli sürdüyü həll
variantları Ermənistanın işğalçı dövlət kimi qəbul etməsinə baxmayaraq, sözügedən
ölkə hələ də Azərbaycan ərazilərindən öz silahlı qüvvələrini çıxarmağa tələsmir,
burada yaratdığı separatçı rejimə hərtərəfli dəstəyini davam etdirir. Hətta
işğalçı fəaliyyətinə hüquqi don geyindirməyə çalışır”.
"Bir milyondan artıq azərbaycanlıların elementar insan
haqları pozulub”
Millət vəkilinin sözlərinə görə, Ermənistanın mülki
insanları və obyektləri ağır silahlardan hədəflənmiş şəkildə atəşə tutması,
soydaşlarımızı girovluqda saxlamaqda davam etməsi aydın şəkildə göstərir ki,
münaqişə dövründə Ermənistan tərəfindən törədilmiş cinayətlər təsadüfi olmayıb,
avantürist hakimiyyətin yürütdüyü məqsədyönlü və sistematik siyasətin tərkib
hissəsidir: "Hərbi əməliyyatların gedişində Ermənistan tərəfindən mülki Azərbaycan
əhalisinə qarşı törədilmiş çoxsaylı hərbi cinayətlərini, insanlıq əleyhinə
cinayət əməllərini sübut edən minlərlə faktlar var. Azərbaycan Prezidenti İlham
Əliyev iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər”
Televiziyasına müsahibəsində qeyd etdiyi kimi: "Ermənistanda insan haqlarının və
demokratiyanın pozulması bu günün işi deyil. Ermənistanda heç vaxt demokratiya
olmayıb. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl
xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər.
Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə
demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda
yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar”.
"Fəaliyyətini ikili standartlarla quran beynəlxalq
təşkilatlar və ölkələr ifşa olunur”
Deputat N.Həmzəyev təəssüflə vurğulayıb ki, ikili
standartlara daha çox rəvac verən beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin
işğal olunması nəticəsində məcburi köçkün düşmüş yüzminlərlə azərbaycanlının
taleyinə biganə qalır: "Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı
mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası
istiqamətində heç bir addım atmır. Bu da onu göstərir ki, işğalçı dövlətə himayədarlıq
edən beynəlxalq təşkilatlar qarşıya qoyduqları məqsədləri deyil, hansısa
sifarişləri yerinə yetirməklə, çirkin əməlləri ilə Azərbaycanın artan nüfuzuna
zərbə vurmaqla məşğuldurlar. Düşmənin dəyirmanına su tökən qüvvələr 2016-cı
ilin Aprel döyüşlərində, 2018-ci ilin may-iyun aylarında Naxçıvan döyüşlərində
də Azərbaycan xalqının öz torpaqlarının azad olunması uğrunda əzmini, ordumuzun
gücünü gördülər, Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer
tutmasının şahidi oldular. Eyni zamanda, Azərbaycanın Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin qətiyyətlə xalqımızın ümummilli maraqlarını qoruduğunu,
ölkəmizlə bağlı həqiqətləri ən yüksək kürsülərdən bəyan etdiyini, fəaliyyətini
ikili standartlarla quran beynəlxalq təşkilatları və ölkələri ifşa etdiyini
gördülər. Şübhəsiz ki, Azərbaycan Respublikası tezliklə Dilqəm Əsgərov və
Şahbaz Quliyevin azad edilməsi və ailə üzvlərinə qovuşması üçün bütün zəruri
addımları atır, bundan sonra da atacaq”.
Rufik İSMAYILOV