Millət vəkili Aydın Mirzəzadə ADU tələbələrinə mühazirə oxuyub
Azərbaycan Dillər
Universitetində (ADU) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli
Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin
müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə universitetin tələbələri
ilə görüşüb. 18 Oktyabr-Dövlət Müstəqilliyi Gününə həsr olunan dəyirmi masada millət
vəkili universitet tələbələri qarşısında "Ulu öndər Heydər Əliyev Azərbaycanın
müstəqilliyinin banisidir” mövzusunda mühazirə ilə çıxış edib.
ADU-nun Tərbiyə işləri üzrə
prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov A.Mirzəzadənin ADU-nun rektoru,
akademik Kamal Abdullanın təşəbbüsü ilə universitetə dəvət olunduğunu bildirib
və onu burada görməkdən məmnunluğunu dilə gətirib. O, görüşün keçirildiyi Ulu
öndər Heydər Əliyev lektoriyası barədə iştirakçılara məlumat verərək burada ümummilli
liderin həyat və yaradıcılığının, siyasi fəaliyyətinin əks olunduğunu diqqətə
çatdırıb. S.Hüseynov daha sonra dəyirmi masanın mövzusu haqqında çıxış etmək
üçün sözü millət vəkilinə verib.
Dünyada 50 xalqın müstəqil dövlətinin
olduğunu bildirən A.Mirzəzadə qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycanın
da həmin ölkələr sırasında yer tutduğunu söyləyib. Millət vəkili qeyd edib ki,
XIX əsrin əvvəllərində Azərbaycan ərazisində mövcud olan xanlıqlara böyük
imperiyalar tərəfindən edilən müdaxilələrə görə xalqımız müstəqil
dövlətsiz qalıb, mədəniyyətini, adət-ənənələrini, dilini, dinini itirmək təhlükəsi
ilə üzləşib. Amma genetik yaddaşımızda müstəqil dövlətlər olduğundan xalqımız
böhran yaşamayıb: "Azərbaycan cəmiyyətində müstəqilliyə meyl həddən artıq böyük
olub”.
Onun sözlərinə görə, ulu öndər
Heydər Əliyev zamanın yetirməsi və xalqın problemlərini həll etmək üçün önə
verdiyi dahi bir şəxs olub: "Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, Azərbaycan
adını yenidən yazıb, Azərbaycançılığı bizə sevdirə bilib. Onun hakimiyyəti illərində
atdığı hər bir addımının ölkəmizin möhkəmlənməsinə, Azərbaycançılıq təfəkkürünün
mənimsənilməsi və xalqın inamının özünə qaytarılmasına çox böyük təsiri olub.
1991-ci ildə qazanılan müstəqilliyin əldə edilməsinə qədər Heydər Əliyev öz fəaliyyəti
ilə böyük bir tarixin yazılmasında birbaşa iştirak edib. Onun 1993-cü ildə
hakimiyyətə gəlişi Azərbaycanı məhv olmaqdan xilas edib, sabitlik yaradıb. O,
eyni zamanda mədəniyyətimizin, incəsənətimizin də inkişaf etməsinə öz töhfəsini
verib”.
A.Mirzəzadə ümummilli lider Heydər
Əliyevin fəaliyyəti və xalq qarşısındakı xidmətlərinin ölkəmizin
ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında ciddi inkişafa təkan
verdiyini diqqətə çatdırıb.
Tədbir tələbələri maraqlandıran sualların
cavablandırılması ilə yekunlaşıb.