• çərşənbə, 24 Aprel, 16:47
  • Baku Bakı 27°C

Mikoyana heykəl qoyulması təşəbbüsü ermənilər arasında nifaq saldı

16.05.14 09:55 1164
Mikoyana heykəl qoyulması təşəbbüsü ermənilər arasında nifaq saldı
Daşnak Anastas Mikoyana Yerevanın mərkəzində heykəl qoyulması məsələsi Ermənistan cəmiyyətini ikiyə bölüb. 1918-ci il mart soyqırımının müəlliflərindən biri, həyatı boyu ermənilərin çirkin planlarının həyata keçirilməsində yaxından iştirak etmiş Mikoyan indi ermənilər tərəfindən Türkiyəpərəst bir şəxs kimi dəyərləndirilməyə başlayıb.
Erməni ziyalıları 1937-38-ci illərdə “öz xalqına qarşı repressiyalarda bilavasitə iştirak edən” Sovet İttifaqı Kommunist Partiyası xadiminin xatirəsinin əbədiləşdirilməsinə etiraz ediblər. Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası və Sov İKP-nin nüfuzlu dövlət və siyasət xadimi Anastas Mikoyanın heykəlinin Yerevanda ucaldılması haqqında qərar bu günlərdə Yerevan Bələdiyyə İdarəsi Ağsaqqallar Şurasının (YAŞ) iclasında qəbul olunub. Təşəbbüsün lehinə Ağsaqqallar Şurasında çoxluq təşkil edən hakim Ermənistan Respublikaçılar Partiyası və “Çiçəklənən Ermənistan” Partiyasının nümayəndələri səs veriblər. Qərara qarşı üç müxalifət nümayəndəsi və hakim partiyanın təmsilçisi, Erməni Soyqırımı İnstitut-Muzeyin direktoru Hayk Demoyan çıxış edib. Hayk Demoyan bəyan edib ki, “mübahisəli tərcümeyi-halı olan bir xadimin” heykəlinin Yerevanda ucaldılmasına razı ola bilməz. Ağsaqqallar Şurasının 4 üzvü heykəl qoymaq qərarının əleyhinə çıxıb. Onlardan biri - hakim partiyanın üzvü Demoyan bildirib ki, mübahisəli həyatı olan bir şəxsə İrəvanda heykəl qoyulmasının əleyhinədir. O, Mikoyanın 1937-1938-ci illərdə imzaladığı sənədə istinad edir ki, orda Mikoyan daha çox erməninin güllələnməsini və həbsini təklif edir. Demoyanın sözlərinə görə, Mikoyanın təklif etdikləri arasında minlərlə siyasi xadim və ziyalı var idi.
Yerevan Dövlət Universitetinin tarix fakültəsinin dekanı Edik Minasyan də bu ideyanın əleyhdarları sırasındadır. Onun qənaətincə, Mikoyanı qonşu dövlətlərin kommunistləri ilə müqayisə etdikdə, onun hansı səbəblərdən geridə qaldığı üzə çıxır. “Məsələn, azərbaycanlı Nərimanov menşevik idi, sonradan kommunist oldu və öz xalqına daha çox xeyir gətirdi. Qarabağ məsələsi məhz Nərimanovun dövründə həllini tapdı” – deyə dekan iddia edib. “Son vaxtlar internetdə yerləşdirilmiş bir sənədə görə, o vaxtkı daxili işlər naziri Yejov Stalinə Xalq Komissarları Sovetinin sədr müavini Mikoyanın xahişini çatdırır. 1937-ci il, 22 sentyabr tarixli sənəddə Mikoyan Stalindən Ermənistanın antisovet elementlərdən təmizlənməsini xahiş edir və bu məqsədlə 2000 erməninin güllələnməsini təklif edir”.
Ağsaqqallar Şurasının mədəniyyət və təhsil komissiyası isə Mikoyana heykəl qoyulmasına müsbət rəy verib. Komissiyanın sədri Tamar Pogosyan deyir ki, Mikoyanın həyatında Ayk Demoyanın dediyi faktların olması barədə onlarda məlumat yoxdur.
Ermənistanın Milli Arxivinin direktoru Amatuni Virabyan isə deyir ki, Stalin repressiyalarında Mikoyanın bilavasitə rolu haqda çoxlu sənəd var: “Məsələn, İrəvandan Moskvaya teleqram var ki, Ermənistanda 500 adamın həbsi azdır, bu rəqəmi 1000-ə çatdırmaq lazımdır. Moskva isə sonra bunu 1500-ə çatdırır. Və yaxud məhkəmələr təşkil edib göstərmək ki, xalq düşmənləri iqtisadiyyata ziyan vurur. Mikoyanın imzası olan belə sənədlər çoxdur”.
A.Virabyan hesab edir ki, 1937-ci ilin repressiyasında iştirak edən adamlara heykəl qoymaq lazım deyil. Qeyd edək ki, Yerevanda Mikoyanın heykəlinin qoyulması təklifi ilə meriyaya paytaxtın baş memarı Tiqran Barseqyan müraciət edib.
Ağsaqqallar Şurasının sabiq üzvü, memar Hraçik Poqosyan hesab edir ki, ümumiyyətlə, siyasi xadimlərə heykəl qoymaq, küçə və meydanlatra onların adını vermək düzgün deyil.
“Bizim 70 illik sovet və 20 illik müstəqillik təcrübəmiz göstərir ki, zaman keçdikcə, hər şey dəyişir, və sonradan heykəllər sökülür, küçələrin adları dəyişdirilir. Bu vərdişdən əl çəkmək lazımdır” – deyə Poqosyan küçələrə sıra nömrələrini yaxud da gül, ağac adlarını verməyi təklif edir.
Yazıçı Husik Ara ermənilərin həmişə Mikoyana mənfi münasibət göstərdiyini bildirib: “Uşaqlıqdan bunun şahidi olmuşam. Heç vaxt onun ünvanına deyilən yaxşı söz eşitməmişəm”. O, Yerevanda Mikoyanın abidəsinin ucaltmaq məsələsinin məhz indi gündəmə gətirilməsini Ermənistanın Gömrük İttifaqına qatılmaq planları ilə əlaqələndirir. “Hər necə olsa da, belə məsələlər ümumxalq sorğu vasitəsilə həll olunmalıdır”, – deyə o, bildirib.
Hüquq-müdafiəçi Arqişti Kiviryan məsələyə münasibət bildirib: “Ermənistan Gömrük İttifaqı yolunu tutan kimi, yerli hakimiyyət sovet xadimlərinin obrazlarını reanimasiya etməyə, onların abidəsini ucaldaraq təbliğat yeritməyə başladı. Belə getsə, Moskvanın xoşuna gəlmək üçün mer Taron Marqaryan Yerevanda Stalinin abidəsini qoymaq məsələsini də qaldıracaq”.
Yeri gəlmişkən, gənclik illərindəki siyasi fəaliyyəti Azərbaycanla sıx bağlı olan Mikoyan SSRİ-nin mövcudluğu dövründə bir sıra məsul vəzifələrdə çalışıb. O, istər gizli, istərsə də aşıq şəkildə erməni daşnaklarına dəstək olub. Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi üçün bu və ya digər yollarla çalışan Mikoyan istəyinə nail ola bilməyib. Nikita Xruşşovun hakimiyyəti dövründə Ermənistan rəhbərliyi Dağlıq Qarabağla bağlı növbəti dəfə Kremlə müraciət ediblər. Bu dəfə Mikoyan açıq şəkildə məsələyə müdaxilə edib və bu haqda Xruşşova öz mövqeyini bildirib. Bu hiyləgər oyundan hiddətlənən Xruşşşov öz fikrini Mikoyana açıq şəkildə bildirib: - “Anastas İvanoviç siz məni vadar edirsiniz ki, mən Dağlıq Qarabağda yaşayan ermənilərin Ermənistana köçürülməsi haqqında sərəncam imzalayın”.
Ümumiyyətlə, A.Mikoyan siyasi karyerası naminə istənilən addımı atmağa hazır bir şəxs kimi qeyd olunur.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər