AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mifin iflası

Mifin iflası

Təfsilat
04 İyun 2021, 16:30 552
Rusiyalı politoloq: "Hər bir Ermənistan vətəndaşı anlamalıdır ki...”
 
Eks-prezident Levon Ter-Petrosyanın bu günlərdə səsləndirdiyi bəyanat erməni cəmiyyətində az qala bomba effekti yaratmış oldu. Erməniləri keçmişdən dərs çıxarmağa və müvafiq nəticələrə gəlməyi dəvət edən sabiq prezident, 100 ildir  ermənilərə yeridilən "dənizdən dənizə Böyük Ermənistan", "Kürdən Araza kimi dövlət" qurmaq xülyasını bir kənara qoymağa çağırış edib. Vaxtilə Azərbaycan torpaqlarının işğalında rol oynamış Levon Ter-Petrosyan indi bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsini daha əvvəl həll etmək olardı. Lakin o zaman hakimiyyət orqanları elə vəziyyət yaratdılar ki, status-kvo Ermənistan üçün əhəmiyyətsiz oldu. Xatırladaq ki, Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi iyunun 20-də keçiriləcək erkən seçkilərdə iştirak edəcək. Prezidentliyi illərində Dağlıq Qarabağ münaqişəsini nizamlanma həddinə yaxınlaşdırmağa çalışan məhz Levon Ter-Petrosyan idi. Keçmiş prezidentin radikal millətçi yanaşmanı rədd edilməsinə dair mesajının, bu gün Ermənistan üçün həqiqətən nə dərəcədə lazım olduğunu və bunun həyata keçirilə biləcəyini rusiyalı ekspertlər şərh etməyə çalışıblar.
 
"Ermənilər özlərini aldatmaqla məşğul olub”
 
"Moskva-Baku" portalına müsahibəsində millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov bildirib ki, Ter-Petrosyan vaxtilə Azərbaycanla konsensusun əldə olunmasının zəruriliyi barədə danışıb. "Böyük Ermənistan"ı - bu mifləri yaddan çıxarmaq və bugünkü günlə, faktiki reallıqlarla yaşamaq – bu, tək eks-prezidentin şəxsi mövqeyi deyil, həm də Ter-Petrosyanın təmsil etdiyi respublika elitasının bir hissəsinin mövqeyidir. Bu bəyanatın cəmiyyət və siyasi elita tərəfindən qəbul edilməsi, həqiqətən də kifayət qədər maraqlı görünür. Cəmiyyət bunu tanımalı və nə qədər ağrılı olsa da, başqasına mənsub olandan imtina etməlidir. Bu, həqiqətən də zəruri və mütləqdir. Ağrılı qarşılanacağı da başadüşüləndir. Çünki, illər uzunu, belə desək, erməni elitası, erməni milləti özünü aldatmaqla məşğul olub. Millətçi ideologiyaların təzyiqi altında yaşayıb. Az qala, özlərinin ideologiyasının seçilmiş olduğu qənaəti formalaşdırmışdılar. Digər dövlətlərin, xalqların torpaqların onlara məxsus olduğu qənaəti möhkəmlənmişdi. İdeoloqlar, liderlər tarixçilər günbəgün məhz belə bir ideologiya formalaşdırırdılar”, - deyə ekspert vurğulayıb.

20-ci əsrin birinci yarısında isə çexakronizm ideyası formalaşdırdılar. Bu millətçi ideologiyaya görə, ən ali irq və yaxud millət onun millətidir. Ondan başqası tam fəaliyyət göstərə bilməz. Onun məramı, erməni xalqının vahid erməni dövlətinin tərkibində, tarixi vətənləri adlandırdıqları ərazilərdə birləşməsini nəzərdə tutur. Bu ideyanın qurucularından biri erməni millətçisi, faşist əlaltısı kimi tanınan Qaregin Njde idi. Sərt radikal millətçi ideyaları erməni "Daşnaksütyun” Partiyası da irəli sürürdü. Bu radikalizm də Sovet İttifaqının dağılmasına səbəb oldu. Məhz erməni separatizmi və Qarabağ ətrafındakı hadisələr buna səbəb oldu. Birinci Qarabağ müharibəsi zamanı erməni silahlılarında Rusiya ərazilərinin də daxil olduğu "Böyük Ermənistan”ın xəritələri var idi. Həqiqətən də bu radikal millətçilik, separatizm Ermənistanın özünə heç bir fayda vermədi. Dövləti daxildən dağıdır, beynəlxalq arenada statusu ilə bağlı, eləcə də qonşularla münasibətlərdə problemlər yaradırdı. Belə bir siyasət, bir çox dövlətlərlə münasibətləri pisləşdirdi, onilliklər ərzində qlobal layihələrdə təmsil olunmağın qarşısını aldı.
 
"Problemdən başqa bir şey gətirmədi”
 
Ekspert vurğulayır ki, Ermənistanın işğal etdiyi torpaqlar ona problemdən başqa bir şey gətirmədi. "Yaxşı, işğal edibsinizsə inkişaf etdirin. Onlar isə hər şeyi dağıdıb və qarət etməkdə davam ediblər, özlərini əsl işğalçı kimi aparıblar. Bu da ondan xəbər verir ki, bütün bu millətçi-separatçı ideologiya zərər verməkdən başqa bir mənfəət gətirməyib. Müşahidə etdiyimiz kimi, radikal millətçilik özünü tükəndirib və Ermənistanı indi olduğu duruma gətirib çıxarıb.

İrəvan problemləri ilə təkbətək qaldı və keçən payızda da Azərbaycan müharibədə qalib gəldi. Və bu vəziyyətdə heç kim Ermənistanı dəstəkləməyib. Ermənistan çıxılmaz vəziyyətə gəlib və bu səbəbdən Ter-Petrosyanın çağırışı məntiqli və düzgündür. Və yeni bir səhifə açmaqdan başqa yol yoxdur. Ter-Petrosyanın bəyanatı "dənizdən dənizə "Böyük Ermənistan” xəyalları ilə formalaşan ermənilərin şüuruna çox zərbə vurur”, - deyə ekspert bildirib.

Yeri gəlmişkən, Ter-Petrosyan, eyni zamanda Qarabağ probleminin daha əvvəl həll oluna biləcəyinə də toxunub. Rusiyalı ekspert də bu fikirdədir ki, Petrosyan Moskvanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında Qarabağ nizamlanmasına dair razılaşmaları dəstəkləyən qüvvələrin tərəfindədir. Bundan əlavə, iki ölkə arasında yekun sülh razılaşmasına nail olmağa çalışır. Bəli, Ermənistanın millətçi hisslərdən, revanşist və başqasının ərazilərini ələ keçirmək cəhdləri barədə düşüncələrdən qurtarması üçün uzun illər tələb olunacaq. Ermənilərin böyük bir hissəsi bu cür siyasətin qüsurlarını, dövlətlərinin səhvlərini başa düşür. Bizim gördüyümüz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan günbəgün və daha tez-tez ölkənin yekun sülhə nail olmasının zəruriliyindən, nəqliyyat-iqtisadi əlaqələrin qurulmasından, hətta Ermənistanın azərbaycanlıları qəbul etməsindən bəhs edir: "Nikol Paşinyan reallığı göstərir və "Qarabağ klanı”nın sərt müqavimətinə baxmayaraq, bu gün çoxsaylı tərəfdarları var. Və o, noyabrda əldə olunan razılaşmalara əməl etməyə çalışır. Hesab edirəm ki, Robert Koçaryanın güc strukturları arasında dəstəyi var və məhz o, Paşinyana qarşı siyasi demarşları təşkil edir. Çox güman ki, Azərbaycanla sərhəddə son vaxtlar baş verən bütün bu təxribatlar məhz "Qarabağ klan”ının xeyir-duası ilə həyata keçirilir. Paşinyanın sülhə yönəlik ritorikanı saxlaya və üçtərəfli nizamlanma sənədini yerinə yetirə biləcəyini seçkilərin nəticələri göstərəcək. Əlbəttə, Qarabağ ətrafında hadisələrin necə inkişaf edəcəyi seçkilərdən də asılı olacaq. Lakin burada Rusiyanın iştirakı da az rol oynamayacaq. Kreml Ermənistanın əldə olunan razılaşmalara əməl edəcəyin nəzarət edəcək. Rusiya, ilk növbədə bundan maraqlıdır. Hələ ki, Paşinyanın bəyanatları onu deməyə əsas verir ki, bu şəxs başlanan prosesi məntiqi sona çatdırmağa cəhd göstərir”.
 
Ermənistan yeni reallıqlarla yaşamağa başlamalıdır
 
"PolitRUS” portalının rəhbəri, politoloq Vitali Arkov hesab edir ki, Ter-Petrosyanın belə bir bəyanatı, təbii ki, aktualdır. "Lakin onun söylədikləri real fikrə nə qədər əsaslanır? Bax, sual budur. Və bu çağırış Ermənistan seçicilərinin ürəyindən xəbər verir? Lakin bu mesaj, həqiqətən də əhəmiyyətlidir və ağıllı bir təşəbbüsdür. Ermənistan yeni reallıqlarla yaşamağa başlamalıdır. Hər bir Ermənistan vətəndaşı anlamalıdır ki, başqasının torpağını ələ keçirmək, radikalizmi təbliğ etmək gərək deyil, ölkəni gələcək nəsillər üçün inkişaf etdirmək lazımdır. Qənaətimə görə, Ermənistanda sülh ideyalarının irəliləməsini istəyən qüvvələrin böyüməsi müşahidə edilir. Bu da onu deməyə əsas verir ki, insanlar əvvəlki kimi yaşamaq istəmir, revanşist əhval-ruhiyyəli qüvvələri getdikcə qəbul etmirlər. Əlbəttə, Ermənistanın özü üçün sülh partiyasının qalib gəlməsi əlverişlidir”, - deyə o bildirib.

"Ter-Petrosyan onu xatırladıb ki, Qarabağ münaqişəsini daha əvvəl həll etmək mümkün idi. Qənaətim görə, Nikol Paşinyanın Ermənistana rəhbərlik etməsi təsadüfi deyil. Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət elə həddə gəlib çatmışdı ki, status-kvonun qalması mümkün deyildi. "Qarabağ klanı” münaqişənin Madrid prinsipləri, Kazan formulu əsasında həllinə gedə bilmirdi. Çünki Qarabağda döyüşən və torpaqları işğal edən həmin "müharibə partiyası” idi. Erməni cəmiyyəti "Qarabağ klanı”nın işğal edilmiş torpaqları təhvil verməsini anlaya bilməyəcəkdi. Siyasi planda bu, "Qarabağ klanı” üçün ölüm demək olardı. Erməni millətçiliyi nöqteyi-nəzərindən "çirkli işi” Nikol Paşinyanın əli ilə həyata keçirdilər. "Qarabağ klanı” uzun illər cəmiyyətə nifrət aşılayırdı və indi də bunun bəhrələrini dadır. "Qarabağ klanı” qayıdıb və revanşist bəyanatlar səsləndirir. Bunlar da bəllidir ki, kütləyə yönəlmiş seçkiqabağı söz yığnağı və ritorikadan başqa bir şey deyil. Başqa cür necə ola bilər? Siz bir anlığa təsəvvür edin, əgər Koçaryan desəydi ki, biz Azərbaycanla sülh, Zəngəzur dəhlizinin açılmasının tərəfdarıyıq, o zaman Ermənistanda nələr baş verərdi? Hesab edirəm ki, qarşıdakı seçkilərdən sonra koalision hökumət formalaşa bilər. O zaman Paşinyan baş nazir, Koçaryan isə spiker ola bilər. Ola bilsin, bu da cəmiyyəti sakitləşdirsin.  Tərəflərdən birinin qalib elan olunması siyasi böhranın yenidən güclənməsinə gətirib çıxara bilər”, - deyə o bildirib.

Onun qənaətinə görə, bu səbəbdən də kompromislər olmalıdır: "30 il ərzində erməni cəmiyyətinə "bu bizim torpaqlardır” fikri yeridilirdi. Lakin əslində belə deyil. Ermənilərin neçə nəsli məhz bu ideologiya ilə böyüyüb. Və aydındır ki, bir günün, bir ilin içində bunu dəyişmək mümkün deyil. Ermənilərin ağlından bunu çıxarmaq üçün zaman tələb olunacaq. Erməni cəmiyyətinin böyük bir hissəsi Ter-Petrosyanın bəyanatını, Paşinyanın sülh açıqlamalarını qəbul edərsə, o zaman bu işlərin pozitiv yekunu olacaq. Paşinyan xalqına, sülhə doğru getməyin, nəqliyyat və iqtisadi əlaqələri açmağın lazım olduğuna dair siqnallar verir, bəyan edir ki, əks halda blokadada qalacağıq. Və düşünürəm ki, barışıq, həqiqətən mümkündür”.
 
Azər NURİYEV