“Ümidləri doğruldan universitet” kitabı təqdim olundu

Bakı Slavyan Universitetinin nəşr etdirdiyi "Ümidləri doğruldan universitet”
kitabının təqdimatı keçirilib. Ulu öndər Heydər Əliyevin 95 illik
yubileyinə həsr olunan əsərin təqdimat mərasimində dövlət və hökumət rəsmiləri,
ölkəmizdəki diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları, ali
məktəblərin rektorları iştirak ediblər. Tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva Ümummilli
Liderin ölkəmizin müstəqilliyinin bərpası, dövlətçiliyimizin qorunması və
ictimai-siyasi sabitliyin bərqərar olması sahəsindəki fəaliyyətindən, Azərbaycanın
inkişafı və beynəlxalq münasibətlər sisteminə inteqrasiyasındakı rolundan
danışıb. Rektor Ulu Öndərin müasir dünyanın mürəkkəb geosiyasi reallıqları
fonunda xalqımızın milli mentalitetinə və demokratik prinsiplərə əsaslanan qüdrətli
dövlət yaratdığını bildirib.
N.Əliyeva
Ümummilli Liderin azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən
birinin yüksək səviyyəli təhsil yaratmaq olduğunu qeyd edib. Bildirilib ki, bu dahi şəxsiyyət vətəndaş
tərbiyəsində təhsilin rolunu daim yüksək qiymətləndirib, onu intellektual gəncliyin
yetişdirilməsinin ən mühüm amillərindən biri hesab edib.
BSU-nun tarixindən söz açan rektor rəhbərlik etdiyi ali təhsil
ocağının ərsəyə gəlməsində, onun müstəqil Azərbaycanın ictimai-siyasi, elmi-mədəni
həyatına daxil olmasında Ulu Öndərin misilsiz xidmətlərindən danışıb. O deyib:
"Bu gün BSU Türkiyə, Rusiya, Fransa, Ukrayna, Bolqarıstan, Çexiya, Polşa, Yunanıstan,
Belarus, Rumıniya, Monteneqro və digər ölkələrin universitetləri ilə sıx əməkdaşlıq
edir. Bu əlaqələr Azərbaycanı slavyan ölkələrinin xalqlarına, gənclərinə
yaxından tanıdır. Həmçinin vətənimizin multikultural bir ölkə olaraq nadir
tarixi ənənələrini, xalqımızın mütərəqqi keyfiyyətlərini, yüksək amalını, vətənpərvərlik
tərbiyəsini, dünya xalqlarına ehtiramını, dünya mədəniyyətinə sonsuz məhəbbətini
təqdim etmək imkanı yaradır. Slavyan ölkələrinin Azərbaycanda fəaliyyət göstərən
diplomatik korpusun nümayəndələri ilə universitetin əməkdaşlığı bu əlaqələrin
daha əyani şəkildə, dostluq və qardaşlıq səviyyəsində etibarlı bir körpü kimi
möhkəmlənməsini təmin edir”.
Bu gün də respublikamızın təhsil sistemində innovativ
yeniliklər, çevik islahatlar, əsaslı infrastruktur dəyişikliklərinin
aparıldığını bildirən N.Əliyeva Prezident İlham Əliyevin Ulu Öndərin uzaqgörən
siyasi kursunu təmkinlə, əzmlə, ardıcıl şəkildə davam etdirdiyini diqqətə
çatdırıb. Rektor Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın
da fəaliyyətində başqa mədəniyyətlərə düzgün, səmimi yanaşmanın aydın
göründüyünü bildirib. Ulu Öndərin ortaya qoyduğu azərbaycançılıq
ideologiyasının təhsilimizin, mədəniyyətimizin, müstəqilliyimizin ana xətti
olduğunu deyən N.Əliyeva BSU-nun da bu dahi şəxsiyyətin reallaşan ümidlərinin
nümunəsi olduğunu vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
Akif Əlizadə bildirib ki, kitabın BSU-da ərsəyə gəlməsi bu ali təhsil ocağının
kollektivinin Ümummilli Liderə böyük ehtiramının göstəricisidir. O deyib:
"Hesab edirəm ki, nəşrin adı da təsadüfi seçilməyib. Çünki BSU həqiqətən də fəaliyyətə
başladığı andan bu günədək bütün ümidləri doğruldub”.
A.Əlizadə innovativ təşəbbüs və yenilikləri özündə əks etdirən
elmin uğurlu gələcəyinin təmini nöqteyi-nəzərindən elmlə təhsilin vəhdətinin
vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, Ulu Öndər bütün istiqamətlərlə
yanaşı həmişə elm və təhsilin inkişafına diqqət və qayğı göstərib. Hazırda bu
strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Təhsil nazirinin müavini Firudin Qurbanov "Ümidləri doğruldan
universitet” kitabının yüksək məziyyətlərindən danışıb və nəşrin Ulu Öndərin 95
illiyinə layiqli töhfə olduğunu söyləyib. Nazir müavini BSU-nun yetişdirdiyi
bir çox mütəxəssislərin dövlət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını
qeyd edib. O, bu kadrların ölkəmizin inkişafında böyük rolu olduğunu
vurğulayıb. Təhsil sistemində aparılan islahatlardan danışan F.Qurbanov bu
islahatların artıq öz bəhrəsini verdiyini diqqətə çatdırıb. Bildirilib ki,
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində 3500-dən çox gənc xarici ölkələrdə təhsil almaq imkanı əldə
edib.
BSU-nun fəaliyyətini yüksək dəyərləndirən Bakı Dövlət
Universitetinin rektoru, akademik Abel Məhərrəmov nəfis tərtibata malik bu cür
kitabların ali təhsil ocaqlarında ərsəyə gəlməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd edilib ki, bu kitabın səfirliklər vasitəsilə
xarici ölkələrdə yayılmasına, universitetlərin kitabxanalarına göndərilməsi zəruridir.
Təhsil eksperti, professor Şahlar Əsgərov, Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov və
başqaları Ümummilli lider Heydər Əliyevin xalqımızın öz milli varlığını təsdiq etməsində,
müstəqil dövlətimizin qurulmasında və güclənməsində, ölkəmizin dünya miqyasında
tanınmasında böyük xidmətlərindən danışıb, dahi şəxsiyyətin həmişə elm və təhsilə
xüsusi diqqət və qayğı göstərdiyini bildiriblər. "Ümidləri doğruldan
universitet” kitabı ilə bağlı fikirlərini bölüşən natiqlər diqqətə çatdırıblar
ki, Ulu Öndərin nəşrdə yer alan kəlamları əsəri daha da oxunaqlı edir.
Tədbir bədii hissə ilə davam edib.
