• cümə, 19 Aprel, 07:56
  • Baku Bakı 13°C

Mətbuatla teatr nə üçün yola getmir?

24.05.14 09:53 1502
Mətbuatla teatr nə üçün yola getmir?
Uzun müddətdir ki, Teatrın ətrafında mübahisələr, dartışmalar səngimək bilmir. Sonu görünməyən mübahisə və dartışmaların kökündə əslində bir məsələ durur: mətbuat teatrı kifayət qədər işıqlandırmır. İşıqlandıranda da yalnız onun qalmaqallı tərəflərini, yəni teatrdaxili konfliktləri, problemləri gündəmə gətirir, amma tamaşaların bədii tərəflərinə diqqət yetirilmir.
Biz də bu məsələyə aydınlıq gətirmək üçün teatrların mətbuat katiblərinə sual etdik. Görəsən onlar mətbuatın teatrla əlaqəsindən razıdırlarmı? Ümumiyyətlə mətbuatda teatra münasibət hansı səviyyədədir?
Ət tökən yanaşmalar
Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərov: “Mediada son dönəmlər teatra həsr olunmuş verilişlərə nəzər salanda şəxsən məndə belə bir sual yaranır: Axı, bunlar nə istəyir? Qalmaqal, bir neçə proqramlıq “qızardılmış informasiya”, ağıllı görünmək, ya nə? Ən maraqlısı da odur ki, ət tökən yanaşmaları ilə teatrı ittiham edən “jurnalist”lərin teatr sənətindən, ümumiyyətlə, xəbərləri yoxdur. Bir çoxları axırıncı dəfə haçan, hansı teatrın hansı tamaşasına baxdıqlarını belə xatırlamayan bu “teatr təəssübkeşləri” nə haqla və hansı intellektual səviyyə ilə teatr mövzusunda məhkəmə (bəlkə də həngamə kəlməsi daha çox yerinə düşərdi) qurmaq iddiasına düşüblər?! Axı, teatr sənətinin və teatr sənətçilərinin gözdən salınmasına yönəlmiş bu sayaq kampaniyalar mediaya və ya ictimaiyyətə nə verəcək? Və, ümumiyyətlə, mediada və ictimaiyyətdə yaranan bu münasibətin əsası nədədir?..”.
Elçin Cəfərovu narahat edən məsələlərdən biri də medianın teatra münasibətdə qaraguruh mövqedən çıxış etməsidir: “Əslində bunu mövqedən çox mövqesizlik kimi qiymətləndirmək olar. Başa düşürəm, indi şou-biznesin reytinqi yavaş-yavaş düşür. Artıq müğənnilərin alt paltarları tamaşaçılara maraqlı deyil. İndi keçiblər teatra münasibətdə eyni prinsipləri tətbiq etməyə”.
Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Hüsniyyə Mursaquliyeva deyir ki, Azərbaycanda media ilə münasibətlərə xüsusi həssaslıqla yanaşan sənət ocaqlarından biri də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrıdır: “Eyni həssaslıqla da mətbuat nümayəndələri teatra və əməkdaşlığımıza münasibət bəsləyirlər. Artıq 5 ildir ki, teatrda mətbuat sahəsinə rəhbərlik edirəm. Bu müddət ərzində mətbuat nümayəndələrinin teatrımıza qarşı yalnız yaradıcılıq nöqteyi-nəzərdən müraciətlərinin şahidi olmuşam. Təbii ki, istisnalar da danılmazdır. Ancaq deməliyəm ki, yaradıcı münasibətlər istisnaları üstələyir. Əgər mətbuat xidmətinin öhdəlikləri kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edərək teatr haqqında media təmsilçilərinin bütün şifahi və yazılı suallarını müntəzəm olaraq cavablandırmaqdırsa, mətbuat nümayəndələrinin də vəzifəsi bu əməkdaşlıqdan səmərəli istifadə edərək teatrın ən son yenilikləri, tədbir və premyeralarını fəaliyyət göstərdikləri KİV-də yaymaqdır.
Çünki, teatr yaradıcı təşkilat olduğu üçün, eyni zamanda, hər zaman yeni layihələrin reallaşmasında maraqlı olduğu üçün hesab edirəm ki, KİV nümayəndələri teatrlara daha çox bu istiqamətdə işbirliyinə meyl etməlidir. Əslində biz işimizi hər zaman yaradıcılıq münasibətləri əsasında qurmağa çalışırıq. Əsassız şaiyələr, mənasız söz-söhbətlər, mənbəyi məlum olmayan informasiyalar demək olar ki, nə yaradıcı təşkilata, nə də ki, belə informasiya daşıyıcılarına şərəf gətirmir. Bu baxımdan Gənc Tamaşaçılar Teatrının qərəzsiz KİV nümayəndələri ilə münasibətləri həmişə normal və işgüzar şəraitdə qurulmuşdur. Bu gün teatrla KİV nümayəndələri arasındakı münasibətlərin hazırkı durumu məni qane edir”.
Tamaşalaramız mətbuatda geniş işıqlandırılır
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat katibi Şükufə Ağamirzəyeva
paytaxtımızın aparıcı sənət ocaqlarından biri olan Opera və Balet Teatrının yaradıcı fəaliyyətinin hər zaman geniş və rəngarəng olduğunu, premyeralar, tanınmış vokal və balet sənəti ulduzlarının iştirakı ilə tamaşalar oynanıldığını, səhnədə yeni istedadların debütü, sənətçilərimizin və teatrın kollektivlərinin xarici ölkələrə qastrol səfərləri etdiyini deyir: “Teatrın həyatında baş verən bütün yeniliklər, əlamətdar hadisələr mətbuatda və digər KİV-lərdə geniş işıqlandırılır.
Ümumiyyətlə, Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri kimi çalışdığım on beş il ərzində Teatrın mətbuatla çox sıx əlaqələri formalaşmışdır. Əksər mətbuat orqanları, ayrı-ayrı mədəniyyət yazarları ilə mütəmadi əlaqələrimiz sayəsində teatrın həyatında baş verən bütün yeniliklər mətbuatda geniş işıqlandırılır. Ümid edirəm ki, gələcəkdə əlaqələrimiz daha da artacaq və möhkəmlənəcəkdir. Fürsətdən istifadə edərək toxunulan mövzu ilə əlaqədar bir neçə arzu və təkliflərimi diqqətə çatdırmaq istərdim. Fəaliyyətimizin obyektiv işıqlandırılması üçün mədəniyyət yazarlarını vaxtaşırı teatra, tamaşalara dəvət etmək istərdim. Və əlbəttə ki, işıqlandırılan sahəyə bələd olmaq, məsələn Opera və Balet Teatrının fəaliyyətini işıqlandırarkən musiqi, vokal və balet sənəti haqqında müəyyən biliklərə malik olmaq jurnalist üçün faydalı olardı”.
Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat katibi, “Teatrplyus” saytının redaktoru Sevda Babayevanın sözlərinə görə, yerli mətbuatımızın teatra olan diqqətindən narazılıq etmək bir qədər insafsızlıq olar: “Respublikanın demək olar ki, bütün aparıcı KİV-i teatrımızda gedən prosesləri daim diqqətdə saxlayır, göndərdiyi məlumatları mütəmadi işıqlandırır, sənət xadimləri ilə görüşüb müsahibələr alır. Ümumilikdə mətbuatda teatra aid daha çox informasiya xarakterli məlumatlar yer alır. Amma istərdik ki, peşəkar məqalələr, resenziyalar da olsun. “Yoxdur” deyə bilmərik, amma “kifayət qədərdir” deyəcək qədər də deyil. Xüsusilə müzikl janrında tamaşalara yazılmış resenziyalara nadir hallarda rast gəlinir”.
Qalmaqallı mövzulara yer ayrılır
Kukla Teatrının mətbuat katibi Aydın xan Əbilov
Azərbaycan mətbuatı mədəniyyət və incəsənət məsələlərinə çox xəsislikdə yer ayırdığını deyir: “Bir neçə nüfuzlu mətbuat orqanı var ki, sözün həqiqi mənasında onlar həmişə estetik sahələrə xüsusi önəm verirlər. Onlardan “Kaspi”, “525-ci qəzet”, “Mədəniyyət”, və “Ədəbiyyat” qəzetlərini misal gətirə bilərik. Təəssüflər olsun ki, bu qəzetlərin sayını biz heç cür artıra bilmirik. Mətbuat, yüksək sənət sahələrinə maraq göstərmir. Yaxud da ki, teatr, mədəniyyət haqqında məlumat verəndə xırda informasiya yerləşdirməklə kifayətlənirlər. Yaxşı olardı ki, 100-dən çox yaşı olan bir sənət növü haqqında, yaxud peşəkarın tamaşalar, beynəlxalq festival və tədbirlər, qastrollarla bağlı məsələlər Azərbaycan mediasında sənətsevərlərə təqdim olunsun. Bu baxımdan, Azərbaycan Dövlət Kukla Teatrının bəxti bir qədər gətirib. Çünki bizim tamaşalar, festivallar, hazırlanmış yeni səhnə əsərləri haqqında müntəzəm olaraq həm internetdə, həm də qəzetlərdə materiallar verilir. Ancaq sənətşünasların və teatrşünasların Azərbaycan teatrında səhnələşdirilmiş pyeslər haqqında, onun estetik tərəfləri haqqında, səhnə həlləri ilə bağlı araşdırmalarına, yazılarına, tənqidi materiallarına çox böyük ehtiyac var. Biz inanırıq ki, yaxın gələcəkdə mətbuatda bununla bağlı materiallar oxuya bilərik”.
Bakı Uşaq Teatrının mətbuat xidmətinin rəhbəri Leyla Həşimova isə teatr yazarlarının məhz teatrı bilən jurnalistlər olmasının çox vacib olduğunu deyir: “Teatr KİV nümayəndələri vasitəsilə geniş tamaşaçı auditoriyası ilə görüşür. Bu görüşün düzgün təşkili nəhayətində teatrın inkişafına müsbət təsir bağışlayır. Yəni yazarlar hər hansı bir tamaşaya baxıb müstəqil şəkildə təhlil edərək, müsbət , mənfi cəhətləri əsaslandıraraq öz fikirlərini bildirmələri bizim, yəni teatrın işinə də öz köməyini göstərir. Artıq 3 ildir ki, mətbuat nümayəndələri ilə teatr arasında məlumat mübadiləsi aparıram. Elə vaxt olub ki, təcili olan məlumatı yerindəcə saytlarda yerləşdiriblər. Amma tənbəl jurnalistlərimiz də var ki, məlumatı qısaltmaq istəyəndə cümlədə ən vacib sözü ixtisar edirlər. Bu da məsələnin məğzini tamamilə dəyişir. Aktyor və rejissorlarla jurnalistlərin müsahibələrində də bəzən maraqlı hadisələrlə qarşılaşırıq. Deməli müsahibinin sözlərini qısaltmaq istəyən jurnalist sualların sayını azaltmaq əvəzinə elə cümlələri silib, elələrini saxlayır ki, mənanın dəyişməsi yox, hətta mənasızlıq yaranır. Saytların mədəniyyət bölməsində qarşılaşdığımız xəbərlər də bəzən bizi təəccübləndirir. Həmin bölmələrdə hər hansı bir sənət adamının aldığı maşın, şəxsi problemləri, kiminləsə konflikti xüsusi başlıqlarla verilir. Və bu zaman fikirləşirəm ki, görəsən bizim mədəniyyətimiz bunlardan ibarətdir? Amma yenə də mətbuat nümayəndələri çox sağ olsunlar. Hər zaman bizimlədirlər. Bütün tamaşa və tədbirlərimizi işıqlandırırlar”.
Teatrın mətbuat nümayəndələrinin bu iradları ilə tanış olduqdan sonra, qəzetimizin növbəti sayında teatrdan yazan mətbuat nümayəndələrinin fikirlərini öyrənəcəyik.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər