• cümə axşamı, 28 mart, 18:24
  • Baku Bakı 13°C

Mətbuatımız 145 yaşında

22.07.20 00:00 6657
Mətbuatımız 145 yaşında
Şərəflə keçilən keşməkeşli yolun növbəti dayanacağı
Zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatının bu gün 145 ili tamam olur. 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız həmişə xalqımızın şanlı tarixinin güzgüsü olub. XlX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində "Əkinçi” ənənələrini davam etdirən "Ziya”, "Kəşkül”, "Şərqi-rus”, "Həyat”, "İrşad”, "Molla Nəsrəddin” və digər nəşrlər insanları yüksək ideallar uğrunda mübarizəyə səsləyib, milli oyanış və özünüdərk prosesinin aparıcı nümunələri kimi tanınaraq şöhrət qazanıblar. Azərbaycan mətbuatı xalqımızın azadlıq arzularının gerçəkləşməsinə, mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətinin tərəqqisinə, qabaqcıl ictimai fikrin, milli şüurun formalaşmasına böyük töhfələr verib.


Mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələr

XX əsrin sonlarında müstəqillik qazandıqdan sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikasında söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilib. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb. Heydər Əliyevin fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilib, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulub. Məlumat üçün qeyd edək ki, "Əkinçi” qəzetinin yarandığı 22 iyul 1875-ci il tarixi ilə əlaqələndirilən "Milli Mətbuat Günü” Azərbaycanda 1991-ci ildən rəsmi olaraq təsbit olunsa da, onun yaddaqalan bayram kimi qeyd olunması və bu münasibətlə dövlət səviyyəsində xüsusi tədbirlərin, jurnalistlərlə çoxsaylı görüşlərin keçirilməsi, fərqlənən yüzlərlə qələm sahiblərinin ayrı-ayrı dövlət təltifləri ilə mükafatlandırılması və sair kimi xoş ənənəni 1995-ci ildən Prezident Heydər Əliyev yaradıb. Heydər Əliyevə qədər Azərbaycanda "22 iyul Milli Mətbuat Günü” ölkə səviyyəsində jurnalistlərin və dövlət rəsmilərinin birgə təşkilatçılığı ilə, rəsmi bayram kimi heç zaman qeyd olunmayıb. Yalnız 1995-ci ildən başlayaraq hər il 22 iyul Milli Mətbuat Günü kimi ölkə səviyyəsində, ali siyasi rəhbərliyin iştirakı ilə, xüsusi bayram tədbiri kimi qeyd olunmağa başlanıb.


Peşəkar, yeni nəsil jurnalistlər ordusu

Prezident Heydər Əliyevin 6 avqust 1998-ci il fərmanı ilə Azərbaycanda senzura ləğv edilib. Sonrakı illərdə bütün ölkə miqyasında siyasi plüralizm, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, azad söz üzərindəki bütün dövlət tənzimləmə mexanizmləri ləğv edilib. Bunun ardınca KİV-lərin dövlət qeydiyyatı liberallaşdırılıb, ölkə jurnalistlərinin tənqidi yazı və çıxışlara görə təqib olunması praktikasına son qoyulub. Prezident Heydər Əliyev 2000-ci il iyulun 27-də və 2001-ci il dekabrın 27-də imzaladığı "Azərbaycanda KİV-ə dövlət qayğısının artırılması və iqtisadi müstəqilliyinin təmin edilməsi” ilə bağlı daha iki mühüm sərəncam imzalayıb. 2003-cü ildə Azərbaycan Jurnalistlərinin l Qurultayında hakimiyyətlə konstruktiv əməkdaşlıq şəraitində mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası təsis edilib. Siyasi plüralizm üçün yaradılmış əlverişli vəziyyət nəticəsində 1995-2003-cü illərdə ölkə üzrə bütün senzura və kənar müdaxilələrdən azad 370 qəzet, 113 jurnal, 15 teleradio şirkəti, o cümlədən 30 rusdilli qəzet, 60 əyalət qəzeti fəaliyyət göstərməyə başlayıb, qlobal təfəkkürlü, yüksək qabiliyyətli və peşəkar, yeni nəsil jurnalistlər ordusu yetişib.


Siyasi plüralizm və azad media siyasəti

Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu siyasi plüralizm və azad media siyasəti sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilib. Ölkə başçısı İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən redaksiyaların "Azərbaycan” nəşriyyatına olan 400 min manat məbləğində borcu dövlət büdcəsindən ödənilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə KİV sahəsində yeni bir pozitiv addım atılıb - "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olunub. 2009-cu ildə Konsepsiyanın tələblərinə uyğun olaraq Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamlarına əsasən jurnalistlər üçün 410 mənzildən ibarət iki yaşayış binası tikilib və KİV nümayəndələrinin istifadəsinə verilib. Hazırda 255 mənzildən ibarət 3-cü binanın tikintisi də başa çatdırılıb.


Medianın inkişafını şərtləndirən başlıca amillər

Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkəti, sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev iyunun 30-daimzaladığı "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" sərəncamda milli mətbuatın keçdiyi şərəfli yola nəzər salınmaqla bərabər, medianın üzərinə düşən vəzifələr də diqqətə çatdırılıb. Sərəncamda qeyd olunub ki, ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Sərəncamda bildirilib ki, modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır.


Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması

Milli jurnalistikanın keçdiyi yola nəzər salan, müasir dövrdə medianın qarşılaşdığı problemlərdən söhbət açan Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu"Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi media sektorunda da inkişaf özünü göstərməkdədir. Onun sözlərinə görə, bu, sadəcə informasiya texnologiyalarının inkişafı ilə səciyyələnmir: "Bu, eyni zamanda dövlətin mediaya, jurnalistikaya, bu peşənin daşıyıcılarına olan diqqət və qayğısından qidalanan bir məqamdır. Azərbaycanda hər bir jurnalistin sərbəst şəkildə peşə fəaliyyəti ilə məşğul olmaq imkanı var. Bunun üçün münbit şərait var. Bundan başqa, jurnalistlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün də dövlət səviyyəsində mühüm addımlar atılıb. Jurnalistlərin mənzillə təmin edilməsi, onlara müəyyən köməkliklərin edilməsi və sair bu qəbildəndir. Medianın inkişafı, jurnalistlərin peşəkar fəaliyyətlərinin davam etdirilməsi üçün proqramlar həyata keçirilib”.


Sistemli şəkildə iş aparmalıyıq

V.Zifəroğlu deyib ki, müasir dövrdə Azərbaycanda ənənəvi jurnalistika ilə paralel olaraq, sosial media, vətəndaş jurnalistikası inkişaf edir, jurnalistika internet platformaya transformasiya olunur: "Müəyyən çatışmazlıq və boşluqlar əsasən burada özünü biruzə verməkdədir. Bu, sadəcə Azərbaycanda deyil, bütün dünyada belədir. Peşəkar jurnalistika ilə vətəndaş jurnalistikası, həvəskar jurnalistika arasında rəqabətin şahidiyik. İnformasiya texnologiyalarının inkişafı elə bir səviyyəyə çatıb ki, hər bir insan müasir dövrdə informasiya alış-verişinin bir tərəfinə, informasiya mübadiləsinin iştirakçısına çevrilir. Bunun müsbət tərəfləri ilə bərabər, mənfi cəhətləri də var. Əsasən informasiya təhlükəsizliyi baxımından, Azərbaycana qarşı aparılan informasiya müharibəsi aspektindən müəyyən mənfi məqamlar özünü göstərməkdədir. Gələcəkdə sosial medianın fəlsəfəsi, sosial media alətlərindən istifadə, informasiya təhlükəsizliyi, informasiya müharibəsi ilə bağlı geniş auditoriyanı əhatə edəcək seminar və tereninqlərin keçirilməsi böyük səmərə verə bilər. Son günlər cəbhə və sərhəd xəttində baş verən insidentlər də onu göstərir ki, qeyd olunan istiqamətdə dayanmadan, sistemli şəkildə iş aparmalıyıq”.


Aqressiv kütlə jurnalistikaya sərt müdaxilələr edir

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov isə bizimlə söhbətində bildirib ki, hazırda Azərbaycan mediası bizim olmayan sosial media ilə rəqabət şəraitindədir. Onun sözlərinə görə, bu, kifayət qədər ciddi rəqibdir: "Belə bir rəqabət mühitində medianın vəziyyəti gərgindir. Hətta deyərdim ki, media özünün gələcəyi ilə bağlı çox vacib sualların cavablandırılacağı mərhələdən keçir. Sosial media ilə bağlı bir çox məsələlər öz həllini tapmalıdır. Sosial media əslində xəbər platforması deyil və olmamalıdır. Lakin təəssüf ki, sosial media xəbər müstəvisinə müdaxilə edib, bununla da onun yaydığı yalan xəbərlərlə Azərbaycan mediası öz ərazisində, öz sferasında döyüşmək məcburiyyətində qalıb. Azərbaycan mediası sosial medianın ideoloji təxribatlarının qarşısını almaqla məşğuldur, buna məhkumdur. Hazırkı durumumuz geniş mənada bundan ibarətdir. Dəqiqləşdirsək ortaya daha çox problemlər çıxa bilər. Sosial medianın reallıqları və meyarları ilə ictimai tərbiyələnən kütlə Azərbaycan jurnalistikasının üstünə gəlir və ondan tələb edir ki, özünün istədiyi kimi olsun. Azərbaycan jurnalistikası bu tələbin qarşısında duruş gətirməyi bacarmalıdır. Kütlənin tələbinə uymadan, onun təsirinə düşmədən çatdırılması lazım olan xəbərləri və ideyaları ötürmək işini görməlidir. Bu isə getdikcə daha da çətinləşir. Çünki, kütlə aqressivdir və jurnalistikaya sərt şəkildə müdaxilələr edir. Jurnalistlərə qarşı mənəvi təzyiqlər, hətta müəyyən vaxtlarda ayrı-ayrı adamlara qarşı mənəvi terror həyata keçirilir. Bütün bu reallıqları nəzərə alsaq, Azərbaycan mediası hazırda müharibə vəziyyətindədir. Bunu mübaliğəsiz söyləmək mümkündür. Ümid edirəm ki, yaxın vaxtlarda bu müharibədə üstünlük bizim xeyrimizə dəyişə biləcək”.

İnternet reallıqlarına adaptasiya olunmuş nəsillər

V.Məmmədovun qənaətincə, medianın ən böyük problemi özünün formatını indiyə qədər düzgün seçə bilməməsidir: "Misal üçün, bizdə qəzetlər xəbər dərc edirlər. Bu, absurddur. İnternet reallığında qəzetin xəbər dərc etməsi heç kimə lazım deyil və belə mətbu orqan alınmayacaq. Qəzetin öz formatına uyğun öz janrları olmalıdır. Misal üçün, publisistika, təhlil, araşdırma, oçerk və sair. Bu janrlar hazırda yoxdur Azərbaycanda. Həmin janrda yazan müəlliflər nəsli yetişmir. Sonuncu belə nəsil 90-cı illərin sonuna doğru formalaşan jurnalistlərdir. Yeni əsr başlayandan əvvəlki ciddi janrlarda yazan jurnalist nəsli yetişməyib. Yeni nəsil jurnalistika ya internet reallıqlarına, ya da telejurnalistikaya adaptasiya olunmuş nəsillərdir. Onlar isə ortaya dərin məzmunlu, ciddi mətnlər qoya bilmirlər. Mən yeni ciddi müəlliflər nəslinin yetişməməyini Azərbaycan jurnalistikasının birinci problemi hesab edirəm. İkinci problem isə bayaq vurğuladığım kimi, medianın öz formatını düzgün müəyyənləşdirə bilməməsidir. Bu iki problem bir-birini qarşılıqlı şəkildə idarə edir, müəyyənləşdirir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər