• cümə, 19 Aprel, 14:14
  • Baku Bakı 25°C

“Mətbuata çox şey borcluyam” - Gör-götür

22.11.19 10:00 2817
“Mətbuata çox şey borcluyam” - Gör-götür
Gündüz İsmayılov: "Bir dəfə oğlum dedi ki, ata, özünün reallaşdıra bilmədiyin arzularını mənə yükləyirsən”
"O vaxt mənə üç iş təklifi gəlmişdi. Təklifləri dəyərləndirərkən hər üç qurumun iş mühitilə tanış oldum. İxtisasımla bağlı olduğu üçün buranı seçdim. Hərdən fikirləşirəm ki, nə yaxşı düzgün seçim etmişəm. Çünki cəmiyyətə az da olsa, fayda verə biləcəyim ən uğurlu yer məhz bura idi. Necə deyərlər, burada özümü öz qabımda hiss edirəm”.
Bu sözləri bizimlə söhbətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov söylədi.
- Təhsiliniz ilahiyyat üzrə olsa da, tələbəlik illərində özünüzü jurnalistikada tapmısınız. Maraqlıdır, bu yol necə açıldı?
- Qəribə səslənsə də, hələ də özümü axtarıram. Çünki insanın yaradılışı, mahiyyəti budur. Bəlkə də insan özünü tapacağı təqdirdə həyatın mənası qalmaz. Düzü, heç zaman özümü jurnalist hesab etməmişəm. Həmişə demişəm ki, mən "525-ci qəzet”də müxbir, daha sonra şöbə müdiri olmuşam. Jurnalist təhsilim yoxdur. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini bitirmişəm. İkinci ali təhsilimi Prezident yanında Dövlət İdarəçilik Akademiyasında almışam. Həm də Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun əyani aspiranturasında oxumuşam. Qısası, nə vaxtsa jurnalist olduğumu iddia etməmişəm. Yoxsa, əsl jurnalistlərə hörmətsizlik etmiş olardım. Sadəcə, təhsil aldığım dövrdə mətbuatda işləmək imkanım var idi, mən də bu imkandan yararlandım. Başqa sözlə, məni mətbuata ehtiyac gətirmişdi.
- Keçmiş iş yoldaşlarınız deyirlər ki, "Gündüz, müxbir olarkən diktofondan istifadə etməzdi, bütün müsahibələrini adətən yadında saxlayırdı”.
- Bəzi hallarda diktofondan istifadə etmişəm, amma onunla aram o qədər də yaxşı olmayıb. Səbəbini bilmirəm, daha doğrusu, bu haqda düşünməmişəm. Ancaq qəbul edirəm ki, bu, müxbir üçün yaxşı hal deyil, heç kimə də tövsiyə etmirəm. Ola bilsin, bu, mənim müsahibə götürdüyüm şəxsləri yaxşı tanımağımdan irəli gəlirdi. Çünki əsasən siyasətdən yazırdım, bu sahədəki adamları isə əla tanıyırdım. Müsahiblərimin əksəriyyətinin nəinki siyasi mövqeyinə, hətta intellektinə, dünya görüşünə, həyat tərzinə, mimikalarına belə bələd idim. Onların istənilən mövzu ilə bağlı nəyi necə deyə biləcəklərini təxmini bilirdim. Ona görə də müsahibə götürmək mənə asan idi. Yəqin, buna görə diktofona ciddi ehtiyacım olmayıb. Bu həm də yaddaşıma olan güvənimdən irəli gəlib. Həmin vaxt yaddaşıma söz ola bilməzdi.
- Karyeraya qəzetçilik məktəbi ilə başlamaq sizə nə öyrətdi?
- 13 ildir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindəyəm. Qısa müddətdə məsləhətçi, daha sonra şöbə müdiri oldum. 2011-ci ildən isə sədr müaviniyəm. Dövlət qulluğunda irəli çəkilməyimdə mətbuatın böyük rolu olub. Çünki mənimlə eyni vaxtda dövlət qulluğuna gəlmiş həmkarlarımla müqayisədə bir addım öndə idim. Onlardan fərqli olaraq yazmağı bacarırdım, ölkədə, beynəlxalq aləmdə gedən prosesləri yaxından izləyirdim. Bir sözlə, mətbuata çox şey borcluyam. Dünyagörüşümün, yazı yazmaq, insanlarla ünsiyyət qurmaq qabiliyyətimin, hətta vətəndaş mövqeyimin formalaşmasında mətbuatın, xüsusilə "525-ci qəzet”in əvəzsiz rolu olub. Bəzən təhsil aldığım yerləri sadalayanda yarı ciddi, yarı zarafat deyirəm ki, "525”in məktəbini də bitirmişəm.

- Texnologiyanın inkişafı artıq jurnalistikada yeni mərhələ açıb. Bəs siz necə düşünürsünüz, hər kəs jurnalist ola bilər, yoxsa bunun üçün xüsusi istedad tələb olunur?
- Məncə, hər kəs jurnalist ola bilməz. Bu iş istedad tələb edir. Amma təkcə istedad yetərli deyil, təhsil, mütaliə də vacibdir. Hamı din xadimi, mühəndis, həkim, bəstəkar ola bilər? Yox! Deməli, hər kəs də jurnalist ola bilməz. Bu faktdır, müzakirə mövzusu deyil. Səmimi deyirəm, əgər məndə o keyfiyyətlərin hamısı olsaydı, ilahiyyatçı yox, jurnalist olardım.
- Sizcə, bu gün jurnalistikanın və jurnalistlərin əsas çətinliyi nədir?
- Mənə elə gəlir, bu gün jurnalistikanın ən çətin tərəfi daha çox maddiyyatla bağlıdır. Çünki ünsiyyətdə olduğum keçmiş həmkarlarımdan bu barədə tez-tez giley-güzar eşidirəm. Amma etiraf edim ki, mətbuatda çalışdığım 8 ilə yaxın dövrdə həddən artıq istedadlı insan gördüm. O vaxt indi adını unutduğum birindən belə bir fikir eşitmişdim: "Azərbaycan jurnalistikası istedadlar qəbiristanlığıdır”. Onda düşünürdüm ki, sərt olsa da, həqiqətə yaxın fikirdir. Artıq 13 il keçib. İndi nəsə deməkdə çətinlik çəkirəm. Yenə də o fikirdəyəm ki, ölkədəki istedadlı, intellektual, vətənpərvər insanların böyük bir qismi mətbuatda çalışır.
- Müxbirlik üçün darıxdığınız vaxtlar olubmu?
- Mənə görə, jurnalistika şərəfli peşədir. Çünki sözlə işləmək müqəddəs missiyadır. Bəzən elə məqam olur, "kaş indi qəzetdə işləyərdim” deyirəm. Öz sahəmdəki bəzi hadisələrə müxbir gözü ilə baxanda, fikirləşirəm ki, heyf, belə materiallardan, yaxşı xəbər hazırlamaq olardı.
- Din cəmiyyətdə hər zaman həssas məsələ olub. İndiki dövrdə isə bu həssaslıq daha da artıb. Belə bir dövrdə Dini Komitədə işləmək nə dərəcədə çətindir?
- İndiki dövrdə Dini Komitədə işləmək həm çətin, həm də məsuliyyətlidir. Ona görə ki, ölkəmizdə, dünyada dinlə bağlı məsələlər getdikcə daha da aktuallaşır. Görünən budur ki, proses davam edəcək. İş ondadır ki, dini öz mahiyyətindən uzaqlaşdırır, təhdid alətinə çevirmək istəyirlər. Bir vaxtlar bizi etnik zəmində bölmək istəyənlər, indi məzhəb zəminində parçalamağa çalışır. Bir sözlə, Azərbaycana qarşı bölücülük siyasətinin mahiyyəti yox, forması, taktikası dəyişib. Hətta düşmənlərimiz də dəyişməyib, elə həmənkilərdir. Təsəvvür edin, belə bir dövrdə ölkədə az qala hər beş nəfərdən dördünün dini bilikləri ya yoxdur, ya da səthidir. Bu cür dini mühit işimizi bir az da çətinləşdirir. Bir tərəfdən həmin təhdidlərlə mübarizə aparırıq, digər tərəfdən dini maarifçilik işi görürük. Bütün bu işlərə kompleks yanaşırıq.

- İşdən kənarda dini müzakirələrə reaksiyanız necə olur?
- İki mövzu var ki, onlar barədə danışmaq üçün təhsil almağa və kitab oxumağa ehtiyac yoxdur. Onlar haqqında fəhlə də, kəndli də, çoban da, alim də, müəllim də, hər kəs danışa bilir. Biri din, o biri siyasətdir. Ən pisi odur ki, hamı özünün dinə yanaşmasını doğru sayır. Hətta az qala hər kəs özünü Allahın yaxın adamı kimi təqdim edir. Başa düşə bilmirəm, bu qədər Allah adamı varsa, bəs nə üçün Allahsızlıq baş alıb gedir? Deməli, dildə Allah deyib, əməldə şeytana oxşayanlar da çoxdur. Ən dözülməzi isə dindən xəbəri olmayan "din adamları”dır. Məsələn, bu gün tədbirdə bir xanım yaxınlaşıb deyir ki, niyə icazə vermirsiniz gözəl islamımızı orta məktəblərdə düzgün təbliğ edək? Soruşuram ki, dinlə bağlı nə oxumusunuz? "Quran”ı oxumasa da, dini kitablar oxuduğunu dedi. Sual verdim, oxuduğunuz dini kitablar hansılardır? Cavab verdi ki, 1991-ci ildə nəşr olunan yaşıl üzlü bir kitab oxumuşam. Oxuduğu kitabın adını bilmir, amma hesab edir ki, gənclərə dini düzgün təbliğ edə bilər. Qəribəsi odur ki, həmin xanım ali təhsilli psixoloqdur.
Düzü, çalışaram ki, işdən kənarda din haqqında ümumiyyətlə, danışmayım. Çünki bu, məni yorur. Bəzən elə olur, dinlə bağlı fikirlərimi insanlara çatdırmaqda özümü aciz hiss edirəm. Çünki elə insanlar var ki, mübahisə zamanı "Quran” ayəsi də göstərsən, faydası yoxdur, hər kəsi haqsız çıxarır.
- Maraqlıdır, gənclərimiz arasında dinə münasibət necədir?
- Əvvəlki dövrlə müqayisədə gənclər arasında dinə meyl azalıb. Düzdür, dinə ən çox meyllənən yenə də gənclərdir, amma 90-cı illərlə müqayisədə dindarlaşma prosesi xeyli zəifləyib. Bunun müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri madiyyatla bağlıdır. İnsanların sosial-iqtisadi vəziyyəti yaxşılaşdıqca dinə maraq azalır. Həm də Suriyada baş verən proseslər, "Ərəb baharı” insanlarda dinə qarşı ehtiyatlılıq yaratdı. Ancaq bunun həm müsbət, həm də mənfi tərəfləri var.
- Ümumiyyətlə, bu iş həyatınıza təsir edirmi?
- Əlbəttə, işimin həyatıma təsiri var. Məsələn, ən azı bildiyim lətifələrin çoxu "mollalarla” bağlıdır (Gülür). Zarafat bir yana, amma doğrudan da, gün ərzində din, radikalizm, xurafat, tolerantlıq, multikulturalizmdən saatlarla ya danışmalı, ya da yazmalı oluruq. Bəzən işdə əməkdaşlar zarafat edirlər ki, din məsələləri yatanda da bizdən əl çəkmir, yuxularımız da dini mövzularda olur.
- Fəaliyyətiniz dövründə yadda qalan maraqlı hadisə olubmu?
- Müəllimlərimə çox şey borcluyam. İmkan tapanda, yolum düşəndə dünyasını dəyişmiş müəllimlərimin də qəbrini ziyarət edirəm. Bir dəfə müəllimimin məzarı üstə "Fatihə” oxuyurdum. Orta yaşlı bir nəfər yaxınlaşdı. Xahiş elədi ki, onun yaxını üçün də dua oxuyum. Mən də xahişini yerə salmadım. Axırda mənə pul uzatdı. Təbii ki, almadım. Məni yuxarıdan aşağı süzdü, sonra dedi, "biz tərəfin mollasına oxşamırsan, olmaya vahhabi mollasısan?”
- Jurnalistikadan gedən şəxslərdən cavab ala bilməyəndə jurnalistlər daha tez inciyirlər. Bir növ uman yerdən küsürlər. Jurnalistlərin sizdən narazı qaldıqları məqam olurmu?
- Mətbuatda çalışarkən daha çox mətbuat xidmətlərini qınayırdım. İndi onları başa düşürəm. Buna baxmayaraq, mənə görə haqlı tərəf həmişə mətbuatdır. Bəzən jurnalist işin elə vaxtında zəng vurur ki, həmin an telefonu aça bilmirsən və bəzən buna görə inciyirlər. Hərdən məni qınayırlar ki, "Gündüz mətbuatdan çıxıb, ancaq bizim sualımıza cavab vermir”. Jurnalistlər birbaşa mənə müraciət edəndə xahiş edirəm ki, axşam yeddidən sonra zəng vursunlar. Çünki öz işimi kənara qoyub jurnalistlərin suallarına cavab verə bilmərəm. Yalnız işdən sonra imkan tapa bilirəm.
- Belə başa düşdüm ki, işiniz çox olur. Maraqlıdır, işdən vaxt tapıb, ailəyə zaman ayıra bilirsiniz? Sizin tərəzinizdə hansı daha ağır gəlir?
- Günümün böyük hissəsi işdə keçir. Ailəmə istədiyim qədər vaxt ayıra bilmirəm. Buna görə tez-tez şikayətlər eşidirəm. İşlədiyim müddətdə harasa getmək üçün məzuniyyət götürməmişəm. Ümumiyyətlə, bayram günləri istisna olmaqla iki gün dalbadal evdə qaldığımı xatırlamıram. Uşaqlara söz vermişəm ki, sizi İstanbula aparacağam, amma indiyə kimi onları Qırmızı Körpüdən o tərəfə keçirə bilməmişəm (gülür). Əvəzində Azərbaycanı rayonbarayon gəzdirmişəm. Hətta Tərtər, Horadiz, Ağdam, Ağcabədi, Beyləqan, Cocuq Mərcanlı, Daşkəsən, Qazax, Tovuz, bir sözlə, bütün cəbhə boyu rayonlarda olmuşuq. Ölkədə Zərdab, Astara, bir də Naxçıvan qalıb. Övladlarıma demişəm ki, Azərbaycanı gəzib qurtarandan sonra xaricə gedəcəyik.
- Həyat yoldaşınızla, çalışdığınız qəzetdə tanış olmusunuz. Xanımınız da mətbuatdan uzaqlaşıb?
- Bir yerdə işləmişik. O vaxt zarafatla deyirdim ki, mətbuata sənə görə gəlmişəm. İxtisasca müəllim olsa da, qəzetdə korrektor işləyirdi. Ailə qurduqdan sonra işdən çıxdı. Amma "korrektorluq karyerasına” son qoymayıb, ailə işlərini "korrektə” edir.
- Övladlarınızın tərbiyəsində nəyi əsas götürürsünüz? Sizə baxıb onlar da jurnalist olmaq istəyir, yoxsa bu sahəyə maraqları yoxdur?
- İki oğlum var, ikisi də məktəblidir. Böyük oğlum Oğuz mənim kimi zəif görür. Bəzən göz həkimi, bəzən də futbolçu olmaq istəyir. Oğuzla arada "dərdləşirik”. Zarafatla deyirəm ki, istəyirsən lap mənim kimi ilahiyyatçı ol, öz işindi, qarışmayacam, amma hansı peşəni seçirsən-seç, çalış, adam ol.
Kiçik oğlum Fateh isə hələ birinci sinfə gedir. Evə çatan kimi soruşur ki, ata, yorulmusan? Yorulmamısansa, güləşək. Hər dəfə güləşəndə, ya da dalaşanda Oğuzu "Türkiyə”, özünü "Azərbaycan”, məni isə zorla "erməni” edir. Axırda da ikisi birləşib "ermənini döyürlər”.
Biz gələcəyimizin yalnız 30 faizini planlaşdıra bilərik. Yerdə qalanı qismətdir. Amma çalışıram övladlarıma yaxşı təhsil verim. Bu işlə daha çox həyat yoldaşım məşğul olur. Uşaq vaxtı pianino çalmaq, şahmata getmək arzum olub. Ancaq müxtəlif səbəblərdən gerçəkləşdirə bilməmişəm. Mənim əvəzimə indi uşaqlar bunu edir. Bir dəfə Oğuz dedi ki, ata, özünün reallaşdıra bilmədiyin arzularını mənə yükləyirsən. Uşaq olsa da, gördüm düz deyir. Görünür, uşaqları çox da sıxmaq lazım deyilmiş.
Şəbnəm Mehdizadə



banner

Oxşar Xəbərlər