Mətbəxdə hakimiyyət quran müğənni - Gənclər mətbəxdə
Bu dəfə sizlərlə yeni rubrikamızda
görüşürük. 5 ildir ki, "Kaspi”nin "Gənclik əlavəsi”ndə müxtəlif rubrika, layihələrimizlə qarşınızdayıq.
Bu müddət ərzində gənclərin uğurlarını, layihələrini işıqlandırdıq. Bu dəfə isə rəsmilikdən bir az
uşaqlaşıb, onları gündəlik qayğılarla məşğul olarkən sizlərə təqdim etmək
qərarına gəldik. Müsahibimizlə ofisində, redaksiyamızda görüşmədik. Gəncləri mətbəxə
salıb, onların əl qabiliyyətlərini yoxladıq. Öyrənməyə çalışdıq ki, çalışdıqları
sahədə olduğu qədər, mətbəxdə də qabiliyyətlidirlərmi?
Beləliklə, "Gənclər mətbəxdə” rubrikamızın ilk
qonağı, ölkəmizi Bolqarıstanda "Discovery İnternational” Pop Festivalda təmsil
edən gənc müğənni Tofiq Hacıyevdir. O, bu müsabiqədə "Ən yaxşı kişi səsi” və "Ən xariztmatik artist”
nominasiyasında qalibi olub. Azərbaycanda keçirilən ilk "The Voice” yarışında
"Görmədən dinləmələr” mərhələsində münsiflərin hamısını özünə tərəf döndərməyi
bacarıb və 1/4 final mərhələsinə kimi
yüksəlib. Azərbaycanda keçirilən "Formula 1” yarışlarının könüllülər himninin
söz, musiqi müəllifi və ifaçısıdır.
Tofiqlə görüşümüz məhz onun ad
gününə təsadüf etmişdi. 27 yaşını qeyd edən Hacıyev doğum günündə bizə salat
hazırladı.
Onunla söhbət edə-edə mətbəxə doğru yol alırıq. Önlüyünü geyinib, iş başına keçən ifaçımız deyir ki, yemək bişirməyi çox sevir: "Qarabağ aşından tutmuş, qayğanağa kimi, hər şeyi bişirməyi bacarıram. Mətbəxdə özümü rahat hiss edirəm. Hər zaman arzulamışam ki, elə bir məkanım olsun ki, bişirdiklərimi insanlara təqdim edə bilim. Keyfiyyətli musiqilərin səsləndiyi kiçik bir məkanda özümə məxsus olan yeməkləri insanlara təqdim etməyi arzu edirəm. Yemək bişirməyi də, yeməyi də sevirəm. Tərəvəzlərin isə həyatımda yeri ayrıdır. Tərəvəzli yeməkləri xüsusilə sevirəm. Qarabağlı olduğum üçün Qarabağ aşının menyumda yeri ayrıdır”.
Müsahibimiz söhbət edə-edə tərəvəzləri doğramağa başlayır. Ondan nə
hazırladığını soruşanda isə aldığımız cavab gözlənilməz oldu: "Hazırladığım
salatın adı 26 il arıqlamağa çalışan (özünü göstərir-X.R), amma arıqlaya bilməyən
"Tofiqin dietik salatı” adlanır”.
Gənc ifaçıdan gündəlik qida rasionunu xəbər alırıq. Çəkisi bir az
ağır olsa da, yemək yemədiyini deyir: "Səhərlər yemək yeyə bilmirəm, çünki iştaham
olmur. Günorta isə vaxtım olmadığından yemək yeməyi unuduram (gülürük). Çox
zaman günorta saatlarında musiqi yazır, yeni TV layihəmizin üzərində çalışıram. İşdən başım
açılanda çalışıram ki, yeməkləri özüm hazırlayım. Ancaq evdə anamla problemlərimiz
yaranır. Anamın sevmədiyi şey kiminsə onun mətbəxinə müdaxilə etməsidir. Dünyanın
ən gözəl yeməyini bişirsəm də, o, heç vaxt mənim bişirdiyim yeməkləri tərifləmir”.
"Hələ də nəzarət altındayam”
Tərəvəzləri doğraya-doğraya özünü evdar kimi təqdim edən Tofiq, həyatda iki şeyi - yeməyi
və musiqini çox sevdiyini deyir. 27 yaşı tamam olan müğənniyə o məşhur sualı veririk:
"Nə vaxt tərpənirsən?”
Mətbəxdə səliqəli şəkildə işləyən T.Hacıyev deyir ki, əslində ev işləri
ilə arası yoxdur, çox tənbəl olduğunu etiraf edir: "Siz gəlib otağıma baxsanız,
görərsiniz ki, mətbəxdə olduğum qədər səliqəli deyiləm. Mənim otağımın halı hər
zaman bərbad olur”.
Tofiq hazırladığı tərəvəz salatının gündəlik stolüstü bir təam
olduğunu vurğulayır. Salatlardan sonra söhbət şirniyyatlardan düşür. Deyir ki, şirniyyatı
ancaq özünün yeyə biləcəyi səviyyədə yaxşı bişirir: "Bişirdiyim
şirniyyatı məndən başqa heç kim yemir. Sonuncu dəfə ötən həftə yemək bişirmişəm.
İndi də sizə hazırlayıram. Artıq başqa bir evdə tək yaşayıram, mətbəxdə hakimiyyətim
var. Ancaq indi mətbəxə keçməyə halım olmur. Əvvəllər valideynlərimlə birlikdə qalanda
anam bütün qayğıma qalırdı. İndi isə ac qalıram. Anamın bişirdiyi yeməklərin dadı
möhtəşəmdir, onlar üçün darıxıram”.
- Yəqin ki, köhnəlmiş
yeməklərlə gününüzü idarə edirsiniz?
- Təəssüflər olsun ki, 2-3 gün
bundan əvvəl qalan yeməkləri də yeyirəm. Hələ ki, zəhərlənməmişəm(gülürük). Anam
axşamlar videogörüntülü zəng edir. Hələ də nəzarət altındayam. Əslində mənə belə
xoşdur.
"Tək yaşamaq çətindir”
Müsahibimiz deyir ki, evin bazarlığını atası ilə birgə edir: "Anam bu
məsələdə siyahını tərtib edəndir. Əvvəl
bazarlıq edəcəyimiz məhsulların siyahısını kağıza yazıb bizə verirdi, indi
üçümüzün "Votçap” qrupumuz var, anam ora siyahı yazır. Əgər onun yazdıqlarına
atam cavab yazırsa, bilirəm ki, siyahıda olanları atam alacaq. Əgər atamdan səs
çıxmırsa, mənim boynuma qalır. Artıq analar da müasirləşib. Hazırda qaldığım
evdə bazarlığı özüm edirəm. Həqiqətən
tək yaşamaq çətindir. İndi çox nadir hallarda bazarlıq edirəm”.
- Belə başa düşdüm ki, mənim
evdən getməyimə dünəndən razı imişlər. Bir bacım var. O da ailə həyatı
qurub. Evdə qalan tək övladam. Yalnız həftə sonları onların yanına gedib
könüllərini alıram.
Başımız söhbətə elə qarışdı ki, bir də gördüm ki, müsahibim salatı
hazırlayıb. Salatın dadını qiymətləndirmək isə bizim borcumuzdur: Belə aydın oldu
ki, Tofiq Hacıyevin çox gözəl əl qabiliyyəti var. "Xanımların işi mətbəxdir” fikri
ilə razılaşmayan müsahibimiz, səhnədə istedadlı ifaçı, ailədə ideal övlad
olduğu qədər, mətbəxdə də yaxşı aşpazdır.