Meşədə, dağda yox, kənddə ov edən canavarlar
Son dövrlər vəhşi heyvanların mal-qaraya hücumu ilə bağlı xəbərlərə tez-tez
rast gəlirik. Bir neçə gün əvvəl Şəkinin Aşağı Göynük kəndinə canavar hücum
edib. Kənd sakini Rövşanə İlyasovaya məxsus həyətə girən canavar, inəyi və onun
balasını yaralayıb. Yırtıcı, ailə üzvlərinin səs-küyündən sonra həyətdən qaçıb.
Canavarlar kənd sakini Şahin İbrahimovun da təsərrüfatına ziyan vurub. Belə ki,
ona məxsus inəyi parçalayıblar. Ş. İbrahimov inəyi canavarların hücumundan
xilas etmək istəyərkən yırtıcılar ona da hücum ediblər. Lakin ev sahibi qaçaraq
xilas ola bilib. Sakinlərin sözlərinə görə, bu, canavarların Aşağı Göynük
kəndində təsərrüfatlara ilk hücumu deyil. Yırtıcılar əvvəllər də kənd
sakinlərinin mal-qarasına bir neçə dəfə zərər vurub. Oxşar hadisə bir müddət
əvvəl Goranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərində də baş verib.
Əslində, baş verən hadisə çox acınacaqlıdır. Çünki canavarların hücum
edib parçaladığı heyvanlar kəndlinin maddi dayağı, gəlir mənbəyidir. İllərlə
əziyyətini çəkdiyi, yem verib böyütdüyü, südünə, qatığına göz tikdiyi heyvanı
canavar bir neçə dəqiqənin içində məhv edir. Bu hadisə kəndlini hərtərəfli
şəkildə ziyana salır. Maraqlıdır, bunun qarşısını necə almaq olar? Hansı
tədbirləri görmək lazımdır ki, vəhşi eyvanların hücumları minimuma endirilsin
və kəndliyə dəyən zərər azalsın? Mövzu ilə bağlı yaranan suallara cavab tapmaq
üçün mütəxəssislərə müraciət etdik.
Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin mətbuat
xidmətindən verilən məlumata görə, Goranboy rayonunun Boluslu və Eyvazlılar
kəndlərinə canavarların hücum etməsi ilə bağlı
Nazirliyin və "Azərovçu” İctimai Birliyinin
əməkdaşları tərəfindən İşçi Qrup yaradılıb. Həmin qrup vətəndaşların
təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının
qarşısının alınması məqsədilə sözügedən ərazini nəzarətə götürərək vəhşi
heyvanların sayının tənzimlənməsi ilə bağlı tədbirlər görür. Bu cür hallar baş
verdikdə, ilk növbədə ürküdücü vasitələrdən istifadə edilməklə, vəhşi heyvanlar
ərazidən uzaqlaşdırılır. Canavarların hücumu davamlı olarsa, o zaman həmin
heyvan vurula bilər. Canavar və yaxud hər hansı bir vəhşi heyvan insan həyatına
təhlükə yaradırsa, yəni onun üzərinə hücum edirsə, təsərrüfatları üçün təhlükə
yaradırsa, son zərurət tədbiri, yəni, özünümüdafiə tədbiri kimi, həmin heyvanı
vura bilər. Belə halda həmin şəxsə qanun pozuntusu şamil edilmir.
Göründüyü kimi, qanunvericilik canavarların vurulmasını yasaq etsə
də, özünümüdafiə mexanizmi daha təsirli rol oynayır. Yəni canavarların
vurulması ilə bağlı istisna hallar var. Canavarların insan həyatına,
təsərrüfatına təhlükə törətməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
ərazidəki şöbələri vasitəsilə müəyyənləşir. Vətəndaşlar dərhal həmin şöbələrə
müraciət etməlidirlər. Müraciət olunduqdan sonra şöbələr tərəfindən xüsusi
qruplar yaradılaraq yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, baytarlıq
xidmətinin nümayəndələri tərəfindən həvəskar ovçular cəlb edilir. Xüsusi
vasitələrlə, ürküdülməklə heyvanların ərazidən uzaqlaşdırılması prosesi həyata
keçirilir.
Dövlət Baytarlıq Xidmətinin
mətbuat katibi Yolçu Xanvəli isə qeyd etdi ki, bu kimi hallarda aqrar
sığorta sisteminin tətbiqi məsələsi əsas götürülür: "Əgər heyvan
sığortalanarsa, nazirlik bununla bağlı tədbir görə bilər. Bu zaman baytar həkim
və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə həmin
heyvanlara baxış keçirilir. Təsdiq edilərsə ki, həqiqətən heyvanlar canavar
hücumuna mərz qalıb, onda kəndliyə arayış verilir. Arayışda kəndlinin neçə baş
heyvanın canavar hücumuna məruz qaldığı qeyd edilir. Yəni bu qeyd etdiyim hal, sığortalanan
heyvanlar üçün keçərli olacaq. Ona görə, kəndlilər arasında maarifləndirmə işi
aparılmalıdır ki, gələcəkdə heyvanlarını sığortalasınlar”.
Kənd Təsərrüfatı üzrə
ekspert Nicat Nəsirli də bildirdi ki, problemin həlli yolu aqrar
sığortanın tətbiqindədir: "Canavarların hücumuna adətən payız, qış mövsümündə
təsadüf edilir. Belə hallara daha çox, dağlıq rayonlarda rast gəlinir. Burada
müxtəlif ehtimallar var. İnsanlar düşünür ki, bu il qış kifayət qədər
əlverişsiz olduğu üçün meşələrdə yem ehtiyatı yoxdur. Ona görə də, vəhşi
heyvanlar, xüsusən də canavarlar fermer təsərrüfatlarına üz tutur. Bu,
məsəlinin təbii faktor tərəfidir. Məsələnin digər tərəfi isə fermerlərə dəyən
iqtisadi ziyandır. Çünki həmin ziyan kəndlinin hesabına ödənir. Təbii ki, bu, ciddi
problemdir. Canavarların hücumu da təbii fəlakətlər kateqoriyasına daxildir.
Bunun çıxış yolu isə aqrar sığortanın tətbiqidir”.
"Burada baytarlıq xidmətinin də üzərinə bəzi məsələlər düşür” deyən
ekspert bildirdi ki, kəndlilər arasında maarifləndirmə işləri aparılmalıdır:
"Şəxsən şahidi olmuşam ki, heyvanların sığınacaqları elə yerdə qurulur ki, ora
canavarın hücum etməsi mümkün deyil. Biz buna daha çox yaylaq ərazilərdə rast
gəlirik. İnsanlara, heyvan sığınacaqlarını harada və necə qurmaları haqqında
məlumat verilməlidir. Baytarlıq xidməti bu istiqamətdə maarifləndirmə işi
görməlidir. Yəni onlar təkcə xəstəliklə mübarizədə yox, bu kimi hallarla bağlı
da əhaliyə kömək etməlidirlər. Dövlət də bu mövzuda kəndlinin yanında
olmalıdır. Kəndlinin heyvanı sığortalanmalı, daha sonra bu kimi hadisələr baş
verən zaman dəymiş ziyan hesablanmalı və müəyyən qədəri ödənməlidir”.
Günel Azadə