• bazar, 22 Iyun, 07:36
  • Baku Bakı 21°C

Meşədə, dağda yox, kənddə ov edən canavarlar

23.02.19 10:30 2026
Meşədə, dağda yox, kənddə ov edən canavarlar
Son dövrlər vəhşi heyvanların mal-qaraya hücumu ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Bir neçə gün əvvəl Şəkinin Aşağı Göynük kəndinə canavar hücum edib. Kənd sakini Rövşanə İlyasovaya məxsus həyətə girən canavar, inəyi və onun balasını yaralayıb. Yırtıcı, ailə üzvlərinin səs-küyündən sonra həyətdən qaçıb. Canavarlar kənd sakini Şahin İbrahimovun da təsərrüfatına ziyan vurub. Belə ki, ona məxsus inəyi parçalayıblar. Ş. İbrahimov inəyi canavarların hücumundan xilas etmək istəyərkən yırtıcılar ona da hücum ediblər. Lakin ev sahibi qaçaraq xilas ola bilib. Sakinlərin sözlərinə görə, bu, canavarların Aşağı Göynük kəndində təsərrüfatlara ilk hücumu deyil. Yırtıcılar əvvəllər də kənd sakinlərinin mal-qarasına bir neçə dəfə zərər vurub. Oxşar hadisə bir müddət əvvəl Goranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərində də baş verib.
Əslində, baş verən hadisə çox acınacaqlıdır. Çünki canavarların hücum edib parçaladığı heyvanlar kəndlinin maddi dayağı, gəlir mənbəyidir. İllərlə əziyyətini çəkdiyi, yem verib böyütdüyü, südünə, qatığına göz tikdiyi heyvanı canavar bir neçə dəqiqənin içində məhv edir. Bu hadisə kəndlini hərtərəfli şəkildə ziyana salır. Maraqlıdır, bunun qarşısını necə almaq olar? Hansı tədbirləri görmək lazımdır ki, vəhşi eyvanların hücumları minimuma endirilsin və kəndliyə dəyən zərər azalsın? Mövzu ilə bağlı yaranan suallara cavab tapmaq üçün mütəxəssislərə müraciət etdik.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Goranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərinə canavarların hücum etməsi ilə bağlı Nazirliyin və "Azərovçu” İctimai Birliyinin əməkdaşları tərəfindən İşçi Qrup yaradılıb. Həmin qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədilə sözügedən ərazini nəzarətə götürərək vəhşi heyvanların sayının tənzimlənməsi ilə bağlı tədbirlər görür. Bu cür hallar baş verdikdə, ilk növbədə ürküdücü vasitələrdən istifadə edilməklə, vəhşi heyvanlar ərazidən uzaqlaşdırılır. Canavarların hücumu davamlı olarsa, o zaman həmin heyvan vurula bilər. Canavar və yaxud hər hansı bir vəhşi heyvan insan həyatına təhlükə yaradırsa, yəni onun üzərinə hücum edirsə, təsərrüfatları üçün təhlükə yaradırsa, son zərurət tədbiri, yəni, özünümüdafiə tədbiri kimi, həmin heyvanı vura bilər. Belə halda həmin şəxsə qanun pozuntusu şamil edilmir.
Göründüyü kimi, qanunvericilik canavarların vurulmasını yasaq etsə də, özünümüdafiə mexanizmi daha təsirli rol oynayır. Yəni canavarların vurulması ilə bağlı istisna hallar var. Canavarların insan həyatına, təsərrüfatına təhlükə törətməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidəki şöbələri vasitəsilə müəyyənləşir. Vətəndaşlar dərhal həmin şöbələrə müraciət etməlidirlər. Müraciət olunduqdan sonra şöbələr tərəfindən xüsusi qruplar yaradılaraq yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, baytarlıq xidmətinin nümayəndələri tərəfindən həvəskar ovçular cəlb edilir. Xüsusi vasitələrlə, ürküdülməklə heyvanların ərazidən uzaqlaşdırılması prosesi həyata keçirilir.
Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli isə qeyd etdi ki, bu kimi hallarda aqrar sığorta sisteminin tətbiqi məsələsi əsas götürülür: "Əgər heyvan sığortalanarsa, nazirlik bununla bağlı tədbir görə bilər. Bu zaman baytar həkim və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə həmin heyvanlara baxış keçirilir. Təsdiq edilərsə ki, həqiqətən heyvanlar canavar hücumuna mərz qalıb, onda kəndliyə arayış verilir. Arayışda kəndlinin neçə baş heyvanın canavar hücumuna məruz qaldığı qeyd edilir. Yəni bu qeyd etdiyim hal, sığortalanan heyvanlar üçün keçərli olacaq. Ona görə, kəndlilər arasında maarifləndirmə işi aparılmalıdır ki, gələcəkdə heyvanlarını sığortalasınlar”.
Kənd Təsərrüfatı üzrə ekspert Nicat Nəsirli də bildirdi ki, problemin həlli yolu aqrar sığortanın tətbiqindədir: "Canavarların hücumuna adətən payız, qış mövsümündə təsadüf edilir. Belə hallara daha çox, dağlıq rayonlarda rast gəlinir. Burada müxtəlif ehtimallar var. İnsanlar düşünür ki, bu il qış kifayət qədər əlverişsiz olduğu üçün meşələrdə yem ehtiyatı yoxdur. Ona görə də, vəhşi heyvanlar, xüsusən də canavarlar fermer təsərrüfatlarına üz tutur. Bu, məsəlinin təbii faktor tərəfidir. Məsələnin digər tərəfi isə fermerlərə dəyən iqtisadi ziyandır. Çünki həmin ziyan kəndlinin hesabına ödənir. Təbii ki, bu, ciddi problemdir. Canavarların hücumu da təbii fəlakətlər kateqoriyasına daxildir. Bunun çıxış yolu isə aqrar sığortanın tətbiqidir”.
"Burada baytarlıq xidmətinin də üzərinə bəzi məsələlər düşür” deyən ekspert bildirdi ki, kəndlilər arasında maarifləndirmə işləri aparılmalıdır: "Şəxsən şahidi olmuşam ki, heyvanların sığınacaqları elə yerdə qurulur ki, ora canavarın hücum etməsi mümkün deyil. Biz buna daha çox yaylaq ərazilərdə rast gəlirik. İnsanlara, heyvan sığınacaqlarını harada və necə qurmaları haqqında məlumat verilməlidir. Baytarlıq xidməti bu istiqamətdə maarifləndirmə işi görməlidir. Yəni onlar təkcə xəstəliklə mübarizədə yox, bu kimi hallarla bağlı da əhaliyə kömək etməlidirlər. Dövlət də bu mövzuda kəndlinin yanında olmalıdır. Kəndlinin heyvanı sığortalanmalı, daha sonra bu kimi hadisələr baş verən zaman dəymiş ziyan hesablanmalı və müəyyən qədəri ödənməlidir”.
Günel Azadə
banner

Oxşar Xəbərlər