Məryəm Əlizadə: Azadlıq və tolerantlıq mühiti Azərbaycan reallığında çoxdan kök salıbdır
- Məryəm xanım, bu yaxınlarda Sankt-Peterburqdan səfərdən
qayıtmısınız.
- Noyabr
ayında Rusiyada VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu keçirildi.
"Baltiyskiy Dom” beynəlxalq teatr festivalı, XVII "Avropa Teatr mükafatı” və XV
"Teatr reallığı” mükafatlarının təqdimat mərasimi, Beynəlxalq Teatr Tənqidçiləri
Assosiasiyasının (BTTA) konqresi və "Azadlıq: tolerantlıq” mövzusunda teatr
konfransı, həmçinin görkəmli rejissor V.Fokinin yaradıcılığına həsr olunmuş
simpozium da forumun proqramına daxil idi. Professor İ.İsrafilovla birlikdə bu
tədbirlərə dəvət edilmişdik. Forumun iki meydançası teatr sənətçilərinə
verilmişdi. Konqresdə BTTA-nın əvvəlki prezidenti Marqaret Sörenson yenidən
seçildi.
- Siz orada BTTA-nın Azərbaycan təmsilçisi kimi
iştirak edirdiniz?
- Bəli.
Artıq 8 ildir ki, Azərbaycan Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasına (BTTA) üzvdür (20 nəfərə yaxın teatrşünasımız
bu təşkilatın tərkibindədir). Mən bu təşkilatın Azərbaycan təmsilçisiyəm,
professor İ.İsrafilov isə həmsədrdir. BTTA-nın keçirdiyi konfranslarda, simpoziumlarda
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə mütəmadi şəkildə
iştirak edirik. Bu təşkilatın əsası 1956-cı ildə Parisdə qoyulub. Təşkilatın yaranmasında məqsəd teatrşünaslığın inkişafı,
onun metodoloji bazasının təkmilləşdirilməsi, teatr tənqidçilərinin etik və
professional maraqlarının müdafiəsidir. Təşkilat iki ildən bir beynəlxalq
konqres keçirir. İldə 2 dəfə gənc tənqidçilər üçün simpoziumlar təşkil edilir.
Assosiasiyanın rəsmi dili ingilis və fransız dilidir. Qərargah Parisdə yerləşir.
"Teatr reallığı” və "Avropa Teatr Mükafatı”na nominantların seçilməsində BTTA
yaxından iştirak edir. Bu assosiasiyanın gənclərdən ibarət qrupu da var. Məqsədimiz
ondan ibarətdir ki, bu təşkilatın Azərbaycandakı gənclər qrupunu da fəal şəkildə
işə qoşaq. Çətinlik yaradan tək problem isə dil baryeridir. Ümid edirəm ki,
yaxın bir il ərzində bu problemi həll edəcəyik. Bilirəm ki, ciddi şəkildə
ingilis dili ilə məşğulsunuz və o qruplara asanlıqla qoşulacaqsınız.
- Dediniz ki, "Azadlıq: tolerantlıq” mövzusunda
konfransda da iştirak etdiniz. Günümüzün aktual mövzusu olsa da, olduqca
trafaret mövzudur. Avropalılar bu haqda ortalığa nəsə yeni bir ideya ata bildilərmi?
- Bilirsiniz,
son dövrlərdə bu mövzu Avropanı çox məşğul edir. Elə hesab etmirəm ki, bu məruzələrdə
bizim bilmədiyimiz fikirlər səsləndi. Azadlıq və tolerantlıq mühiti Azərbaycan
reallığında çoxdan kök salıbdır. Bir sözlə, yeni ideyalar səslənmədi. Bu il
BTTA-nın teatr tənqidçiləri üçün təsis etdiyi yüksək mükafat teatr düşüncəsində
inqilab etmiş tənqidçi Hans-Tis Lemana verildi. Növbəti toplantımız iki ildən
sonra Bratislavada olacaq. Önümüzdəki bu iki il ərzində BTTA-nın həm gənclər, həm
də peşəkar tənqidçilər üçün müxtəlif konfransları, simpoziumları keçiriləcək. Mən
çox istərdim ki, siz gənclər də bu tədbirlərdə yaxından iştirak edəsiniz.
Düzdür, Elçin (Elçin Cəfərov - red) bu buzu sındırıb, beynəlxalq tədbirlərdə,
festivallarda fəal iştirak edir. Ancaq sizin də bu prosesə fəal qoşulmanızı istəyirəm.
- "Baltiyskiy Dom” teatr
festivalında da iştirak etdiniz?
- Bəli.
Festivalda 400-ə yaxın qonaq iştirak edirdi. Həmçinin Aleksandrinski Teatrı
(V.Fokinin Teatrı), Fantankadakı Gənclər Teatrı, G.Tovstonoqov adına Bolşoy
Dramatiçeskiy Teatr (A.Moquçinin Teatrı), Malıy Dramatiçeskiy Teatr-Avropa
Teatrı (L.Dodinin teatrı) tamaşalar göstərirdi. Bu forumdan bir nəticə əldə
olundu ki, Rusiya Beynəlxalq Teatr Təşkilatları və teatr xadimləri ilə dialoqa
açıqdır. Bu gün teatr sənətinin missiyası yeni dövrün bədii-estetik və mədəni
kriteriyalarını saf-çürük etməkdir. Orada bir daha əmin olduq ki, biz bir dildə
- sənət dilində danışırıq. "Avropa Teatr mükafatı”nı təsis edən təşkilatın
prezidenti Jak Lank öz çıxışında bildirdi ki, "belə diskussiyalar tez-tez
olmalıdır. Bu möhtəşəm görüşlərin, diskussiyaların, görkəmli teatr sənətkarlarının
yaradıcılıqlarının nəticəsində biz bu gün insanlarda vicdan hissini
oyadacağıq”. O qeyd etdi ki, yeni mədəni marşrutlar yaradılmalıdır. Bu gün mədəniyyətin
beşiyi olan Avropa var və qeyri-mədəni olan, mədəniyyətə nifrət bəsləyən nə
varsa, mədəni Avropa ona qarşıdır. Buna heç kimin şübhəsi olmasın.
-
Peterburq səfərinizdə kimlərlə görüşdünüz, Rusiya teatrı
ilə tanış olmaq imkanınız oldumu, hansı tamaşalara baxdınız?
-
Biz
İsrafil müəllimlə gözləmədiyimiz qeyri-adi bir teatr mühitinə düşdük.
Birincisi, Sankt-Peterburq şəhərinin memarlığı, müsbət ruhlu ziyalı insanları,
memarlıq abidələrinin insana verdiyi fövqəladə müsbət enerjinin də rolu
danılmazdır. Bu gün Azərbaycanda canlı teatr prosesi gedir, maraqlı işlər,
istedadlı sənətkarlar var. Mən bütün bunlara böyük ehtiramla yanaşıram. Amma
V.İbrahimoğlunun Yuğ teatrında yaratdığı o mühit ki var idi, o, qeyri-adi bir
teatr mühiti idi. Mən o mühitin xiffətini çəkirdim və mənəvi aclıq hiss
edirdim. Biz Sankt-Peterburqda belə bir teatr mühitinin içinə düşdük.
-
Bayaq XVII "Avropa Teatr mükafatı” və XV "Teatr
reallığı” mükafatlarının adını çəkdiniz. Kimlər aldı bu mükafatları?
-
XVII
"Avropa Teatr mükafatı” Aleksandrinski Teatrının bədii rəhbəri Valeri Fokinə,
xüsusi mükafat Nuriyə Esperə, "Teatr Reallığı” mükafatı isə bir neçə avropalı sənətkara
verildi. Görkəmli rus rejissoru V.Fokin eyni zamanda, Beynəlxalq Teatr məkanının
yaradılmasına və qorunulmasına xidmət göstərən bir sənətkardır. V.Fokin öz peşəsinə
yaradıcı adam kimi o qədər sadiqdir, insani, sənətkar keyfiyyətləri o qədər
güclüdür ki, teatr sənətinə durmadan təzə "qan ötürməklə” məşğuldur. Gənclərə
böyük imkanlar verir. 1990-cı ildə III "Avropa Teatr mükafatı” Anatoli Vasilyevə,
2000-ci ildə VIII "Avropa Teatr mükafatı” Lev Dodinə verilmişdir. 2018-ci ildə
isə bu mükafatı V.Fokin aldı. Onu da deyim ki, mükafat on beş min avro dəyərindədir.
V.Fokin deyir ki, rejissor sənəti sanki bir əlifbadır.
Nə qədər ki, bu əlifbadan sərbəstliklə istifadə edirsiniz, o sizə daha böyük
imkanlar verir. Onun teatr konsepsiyası bu kəlmələrdə toplanıbdır.
-
Sizcə, V.Fokin bu gün teatrın nəbzini tuta bilirmi,
teatrın getdiyi istiqaməti təyin edə bilirmi?
-
Bu
gün V.Fokin təkcə Rusiya yox, dünya səviyyəsində bir sənətkardır. O, Şukin məktəbini
bitirib və Moskvanın məşhur "Sovremennik” və Yermolova adına teatrlarında işləyib.
1985-ci ildə Yermolova teatrına bədii rəhbər təyin edilir və quruluş verdiyi
"Danış” tamaşası ilə bu teatrı yeni teatr düşüncəsinə doğru yönəldir. V.Fokin
deyir ki, "rejissor çox universal adam – həm eklektik, həm də erudit olmalıdır.
Hər şeydən xəbəri olmalı, müxtəlif istiqamətləri "qarışdırmağı” bacarmalıdır.
Müxtəlif formaları təqdim etmək qabiliyyətinə malik olmalıdır. Təbii ki, bu
formaların başında insan dayanır. Və bütün bunlar dram teatrında öz təcəssümünü
tapmalıdır. Bu o qədər də asan məsələ deyil”. V.Fokin köhnə ilə təzəni, ənənə
ilə novatorluğu, fəslsəfə ilə psixologiyanı, təxəyyüllə ifaçılıq texnikasını
birləşdirib bir bütövcəyə - tamaşaya çevirir. Eyni zamanda, çox məşhur tarixi tamaşaları
götürüb onlara yeni mənalar və formalar verir. V.Fokin 1988-ci ildən
Meyerholdun yaradıcılıq irsinin qorunması komissiyasının sədridir. 2011-ci ildə
Rusiyada Meyerhold adına Teatr Mədəniyyəti Mərkəzi açıldı. V.Fokin bu mərkəzin
yaradıcılarından biridir. Əslində, mərkəz elə onun təşəbbüsü ilə yaradılıb. O, 2003-cü
ildən artıq 15 ildir ki, Aleksandrinski teatrının bədii rəhbəridir. 2006-cı ildən
Rusiya Prezidenti yanında Mədəniyyət və İncəsənət bölməsinin üzvüdür. 2012-ci
ildən Rusiyanın Teatr Rejissorları Gildiyasının sədridir. Lermontovun,
Dostoyevskinin, Tolstoyun, Qoqolun əsərlərinə bənzərsiz quruluşlar verib. Onun
quruluşları nəinki Rusiyada, bütün dünyada böyük maraq doğuran tamaşalardır.
Teatr sferasında daim inqilabi konsepsiyalar ortalığa atan V.Fokin Rusiyanın
xalq aristi, 4 dəfə Dövlət mükafatı laureatı, Polşanın əməkdar incəsənət
xadimidir. O, QİTİS-də, Krakovda, Tokiodakı "Toen” teatrında, İspaniyada,
İsveçrədə, Bolqarıstanda və bir çox Avropa ölkələrinin teatr məktəblərində həm
dərs deyir, həm də ustad dərsləri aparır. Onun 3 il öncədən tərtib edilmiş iş
proqramı var. 80-dən çox tamaşanın müəllifidir. Sankt-Peterburqda 2016-cı ildə
"V.Fokinin 10 tamaşası” adlı teatr festivalı keçirilmişdir. Festival rejissorun
yaradıcılıq metodunun inkişaf xəttini izləməyə imkan verdi. V.Fokinin
Aleksandrinski teatrında quruluş verdiyi "Müfəttiş” əfsanəvi bir tamaşa oldu.
"Hamlet”, "Maskarad” tamaşaları da belə tamaşalardandır. "Teatr Reallığı”
mükafatı 2017-ci ildə K.Serebrennikova və L.Dodinə verilmişdi. Bu il bu
mükafatı bir neçə nəfər aldı. Mükafat 12 min avro dəyərindədir və alanların
arasında bölünür. Biz V.Fokinin "Maskarad. Gələcəyi xatırlayarkən” tamaşasına
baxdıq. Bu genişmiqyaslı layihənin ali məqsədi V.Meyerhold tərəfindən bir əsr əvvəl
– 1917-ci ildə İmperator səhnəsində hazırlanmış əfsanəvi tamaşanın
akkumulyasiyaedici təcrübəsi əsasında yeni səhnə kompozisiyası yaratmaq idi.
V.E.Meyerholdun 1917-ci ildə hazırladığı "Maskarad” vaxtilə öz dövrünün bədii
ifadəsinə çevrilib və imperator teatrları direksiyasının ən bahalı tamaşası
hesab olunubdur. Böyük Vətən Müharibəsi başlanana qədər bu tamaşa ard-arda
oynanılıb. 1941-ci ildə dekorasiyalara bomba düşdüyündən repertuardan
çıxarılıb. 1960-cı illərdə bu tamaşanı bərpa etməyə cəhd göstərdilər, lakin
mümkün olmadı. V.Meyerhold tərəfindən qurulan maraqlı səhnəqrafiya, musiqi və ritmik obrazı V.Fokin daha parlaq
bir formaya sala bilmişdi. Unikal teatr kostyumları, butaforiya V.Fokinin
quruluşunda yeni həyat qazandı. V.Fokinin tamaşası rekonstruksiyadan çox parlaq
müəllif işidir. Bu keçmiş yüz illiyi bu günkü günlə bağlaya bilmək hünəridir.
V.Fokin bu tamaşada ənənəni qorumaq şərti ilə
yeni teatr elementlərini ustalıqla birləşdirir. Bu tədbir çərçivəsində
V.Fokinə həsr olunmuş simpozium da keçirildi. Moskvanın da görkəmli teatrşünas
alimləri simpoziuma qatılmışdılar. V.Fokin qəribə bir jest etdi və dedi ki,
icazə verin, mən sinpoziumda iştirak etməyim. Çunki oturub tərifləri dinləmək
bir az ayıb olur. Ən yaxşısı odur ki, mən məşqə gedim. Tənqidçilər də V.Fokinin
bu jestindən məmnun qaldılar. Çox maraqlı çıxışlar eşitdik. Xarici ölkələrdən gələn
teatrşünaslar V.Fokin haqqında sidq-ürəkdən danışdılar.
-
L.Dodinin tamaşalarına baxdınız. Necə düşünürsünüz,
bu gün Dodini teatrın hansı problemləri maraqlandırır?
-
L.Dodinin
"Hamlet” tamaşasına baxdıq. L.Dodinin teatrı belə adlanır: Malıy Dramatiçeskiy
Teatr-Avropa Teatrı. O, 1983-cü ildən bu teatrın baş rejissorudur. 2002-ci ildən
bədii-rəhbər və direktordur. 1992-ci ildə L.Dodinin teatrı Avropa Teatrlar
İttifaqının tərkibinə daxil olub. Bu, rus teatrının çox böyük qələbəsidir. Ona
görə də teatrın adının yanında Avropa Teatrı yazılır. O, 1998-ci ildə Avropa
Teatrı statusu aldı. Bu statusu ilk dəfə Odeon Teatrı, Pikkolo Teatrı, sonra isə
L.Dodinin teatrı alıb. O, 23 yaşından aktyor və rejissor sənətini tədris edir. Çoxlu yetirməsi var.
Böyük Britaniyada, Fransada, Amerikada, Yaponiyada və b. ölkələrdə ustad dərsləri
verir. MDT-ın truppası əsasən L.Dodinin yetirmələrindən ibarətdir. Onu da deyim
ki, truppanın 80 faizi bugünkü rus filmlərində, seriallarda çəkilən tanınmış
aktyorlardır. Əksəriyyəti də gənclərdir. L.Dodin Rusiyanın və SSRİ-nin Dövlət,
"Triumf”, "Zolotaya Maska”, beynəlxalq "Lourens Olivye” və b. mükafatların
lauratıdır. O, 2000-ci ildə çox mötəbər "Avropa Teatr mükafatı”nı alıb. L.Dodinlə
görüş zamanı nəvəsi yanında oturmuşdu. Dina L.Dodinin bütün işlərində ən yaxın
köməkçisidir. O, fransız, ingilis, alman dillərini təmiz bilir və L.Dodinin tərcüməçisi
olmaqdan əlavə, həm də babasını çox qoruyur. L.Dodin verilən suallara o qədər təvazökarlıqla
cavab verirdi ki. Məsələn, verilən suallara "mən bunun cavabını bilmirəm”, "deyə
bilmərəm” kimi təvazökarlıqla etirafda bulunsa da, amma əslində, çox sərrast
cavablar verirdi. L.Dodin deyir, "mən elə bir mürəkkəb sənətlə məşğulam ki, burada
hər şeyi havada tutmaq və duymaq lazımdır. Mən onları duyanda xoşbəxt oluram”.
O heç nə haqqında dəqiq definissiya vermir. Gözəllik də elə bundadır. Bu
dünyada hər şey şərtidir. Mütləqlik o deməkdir ki, həyat bitdi. L.Dodinsə mütləq
olan hər şeydən qaçır. L.Dodin də, V.Fokin də deyirlər ki, "mən nailiyyətlərimlə
fəxr etmirəm. Onlar mənim keçmişimdir. Mən bu gün nələrsə etmək istəyirəm, nələrinsə
axtarışındayam və onları tapanda xoşbəxt oluram. Keçmişlə fəxr etmək o deməkdir
ki, mən artıq bitmişəm”. Biz L.Dodinin "Hamlet”inə baxdıq. Çox Hamlet görmüşəm,
ancaq beləsini görməmişdim. Tamaşa L.Dodinin mətni əsasında hazırlanmışdır. Yəni
o, Sakson Qrammatik, Rafael Holinşed, U.Şekspir və B.Posternakın məlum mətnləri
əsasında bir səhnələşdirmə edib. Danila Kozlovski Hamleti, E.Tarasova
Ofeliyanı, K.Rappoport Gertrudanı, İ.Çerneviç Klavdini, S.Nikolski Polonini
oynayırlar. O, obrazların əksəriyyətini ixtsar edib. L.Dodin deyir ki,
"Hamletizm bərabərdir humanizm” kimi oturuşmuş fikir mövcuddur. Əslində isə,
burada bir sirr var. Heç kim bunu açmağa cəhd görstərmir. Humanist Hamlet
tamaşa başlayıb bitənədək öldürməklə məşğuldur. Birini "dəli edir”, bir
başqasını öldürür. Finalda, demək olar ki, hamını, elə özünü də öldürür. O
insanları öldürə-öldürə bizdən soruşur ki, "öldürmək lazımdırmı?”, "intiqam
almaq olarmı?”, "necə intiqam alasan ki, əsl intiqam olsun?”, "öldürüm, ya
öldürməyim?” Hamlet öz düşüncələrində nifrəti, intiqamı, qətli əsaslandırır”. L.Dodinin
tamaşasında bu məqama toxunulur. O, deyir ki, "Hamletin bütün bunları əsaslandırmasının
alt qatında hakimiyyət istəyi var”. Bununla L.Dodin intibah dövrünün humanizm fəlsəfəsində
boşluqlar olduğuna işarə edir. Yəni, intibah dövründə yüksək mədəniyyətin, möhtəşəm
əsərlərin yaranması ilə yanaşı, qəddarcasına yad torpaqların zəbti, işğallar,
quldurluq da başladı, durmadan qanlar axıdıldı. L.Dodin bununla həm də bu günə
işarə edir. O bütün bu fikirlərin hamısını "ola bilər” ehtimalı ilə səsləndirir.
Yəni dəqiq heç nə demir. Və bütün bunlara misal kimi Hamleti göstərir. "Hamlet”in
ənənəvi yozumundan imtina edir. O deyir ki, "bu gün biz bəşəriyyətin inkişafı
ilə fəxr edirik. Amma gəlin etiraf edək ki, bura həm də varvarlıq tarixi də
daxildir. Mən bu varvarlığı "Hamlet”də intellektual və mənəvi cəhətdən əsaslandırmışam.
Yəni, bəşəriyyət yarandığı gündən bu günə qədər fəxr etiyimiz proqres həm də
qeyri-ali insani instiktlərin intellektualizasiyasıdır. Yad torpaqların zəbt
olunması buna bariz nümunədir. "Hamlet”i hazırlayanda mən sual verirəm: "Şəri
törədən bilirmi ki, o şər törədir? Şəri törədən sağlamdır, yoxsa ruhi xəstədir?
Dünyanı idarə edən güclü insanlar öz xəstəliklərindən xəbərdardırlarmı? Bizi bu
cür davranmağa nə məcbur edir? Hərəkətlərimizi nə idarə edir? Məhz bu cür hərəkət
etmək, yoxsa başqa cür hərəkət etməyin mümkünsüzülüyü?” Mən "böyük humanist
Hamlet”in bu sirrini açmağa cəhd göstərdim. Bu çətindir, amma hər halda mən cəhd
göstərdim”.
-
A.Moquçiy rus teatr avanqardının parlaq nümayəndələrindəndir.
Bu gün o, Rusiya teatrına hansı yenilikləri gətirə bilir?
-
O, 1990-cı
ildə öz Formal Teatrını yaradıb. Rusiyada azad teatrlar hərəkatının lideri
sayılır. A.Moquçiy E.İoneskonun "Daz müğənni” əsərini qeyri-adi bir tərzdə qurub.
V.Fokinlə yaxın yardıcılıq əlaqələrindədir. 2013-cü ildən Tovstonoqov adına
Bolşoy Dramatiçeskiy Teatrın bədii rəhbəri təyin olunub. O, bu teatrı estetik
baxımdan yeni ideyalarla "yüklədi”. Səhnəyə müasir dramaturgiyanı gətirdi. A.Moquçiy
təcrübələrini vizual teatr çərçivəsində aparır. Aktyorların sənətkarlığını gözlənilməz
cəhətdən açır. Dəfələrlə Rusiyanın mötəbər "Qızıl maska” teatr mükafatını alıb.
2010-cu ildə K.S.Stanislavski adına mükafata layiq görülüb. Biz onun "Alisa” və
"Tufan” tamaşalarına baxdıq. "Tufan” tamaşasında ağlagəlməz bədii bir azadlıq
var. Bu tamaşada A.Moquçinin həmmüəllifləri məşhur rus bəstəkarı A.Manotskov və
rəssam Vera Martınovdur. Tamaşada rus həyatına xas olan "zülmət səltənəti”nin
yerinə biz rus folklor mifologiyası ilə bağlı olan dəhşətli bir nağıl gördük. Səhnə
qara boşluqdan ibarət idi. Tamaşanın personajları sanki pərdədə təsvir edilmiş
palex miniatürlərindən düşmüşdülər. Rejissor zahirən "kukla”lara bənzəyən
obrazları mürəkkəb musiqi ritminin və mətnin köməyilə canlandırıb avanssenaya
düzürdü. Obrazlar arasında ünsiyyət, elə bil ki, yasaqlanmışdı. Ünsiyyət yalnız
bir-birini sevən iki qəhrəmanın arasında var idi. Aktyorlar obrazların yaranma
prosesindəki psixoloji metoddan imtina edərək yeni formanın və cilalanmış
nitqin vasitəsilə mahiyyətə gəlirlər. O zamankı demokrat tənqidçilərin
düşündüyü həmin o "zülmət səltənəti” stereotipi öz sosial əhəmiyyətini bu
tamaşada itirir və obrazlar mistik bir şəkil alır. Hadisələr isə finala
yaxınlaşdıqca tragik notlarla zənginləşir. Bu tamaşaya görə A.Moquçiyə ən yüksək
milli teatr mükafatı - "Qızıl maska” verilib.
-
BTTA-ya üzv olmaq Azərbaycan teatrına, teatr tənqidinə
nə qazandırır?
-
Çox
şey qazandırır. Birincisi, bu, təcrübə mübadiləsidir, fikir mübadiləsidir,
ünsiyyətdir. Yeni səhnələr görmək imkanıdır. V.Fokinin teatrının möhtəşəm
ölçülü səhnəsindəki texniki avadanlıqların milyonlarla qiyməti var. Səhnənin hər
nöqtəsindən istifadə etmək üçün texniki imkanlar sonsuzdur. Döşəmədən, tavandan,
hər yerdən səhnə effektləri yaratmaq üçün istifadə olunur.
Müqayisə etmək imkanı qazanırıq. Biz müqayisə etdik
və bir daha əmin olduq ki, bəli, Azərbaycan teatrında (1980-2010) da dünya teatr
arenasına çıxmaq potensialında olan Vaqif İbrahimoğlu yetişmişdir. Bu, milli
teatrımızın faktıdır. Mən üzümü tutub teatr xadimlərimizə demək istəyirəm ki, mənim
əzizlərim, bu dünyada hər şey çox sürətlə dəyişir. Teatr sənətində də dəyişikliklər
sürətlə gedir. İstedadlı gənclərimiz var, inanıram ki, səhnə meydançaları versək,
onlar böyük işlər görə bilərlər. V.Fokin Aleksandrinski teatrının bir
meydançasını gənclərə verib. Onlar axtarırlar, səhvlər edirlər, öz səhvlərini
düzəldirlər. V.Fokin ustad kimi gəlir, öz qeydlərini edir, bunlar iki addım irəli
atılırlar. O gənclərə müstəqillik verib. Rejissura elə bir mürəkkəb sənətdir
ki, burada heç nəyə konkret cavab yoxdur.
-
Məryəm xanım, müasir teatrşünaslıqda hansı tendensiyalar müşahidə
olunmaqdadır?
-
Mən
elə hesab edirəm ki, bu gün Azərbaycan teatrşünaslığında çox güclü alimlər var.
Doktor-professor İ.İsrafilov, İ.Rəhimli, Ə.Vəliyev, A.Talıbzadə, V.Qafarov,
İ.Piriyev, N.Ağayeva, siz gənclər... Mənə elə gəlir ki, bu gün dünya teatr
prosesində hansı tendensiyalar mövcüddursa, Azərbaycan teatrı da,
teatrşünaslığı da bu proseslərlə sinxron mövqedədir. H.T.Lemanın teatr düşüncəsinin
istiqamətini dəyişməsi bizim tənqidə də öz müsbət təsirini göstərib. Biz bu gün
teatr tənqidinin klassik nümunələrindən imtina etmirik, eyni zamanda da parlaq
qeyri-klassik teatr tənqidi nümunələrimiz var. Mən elə hesab edirəm ki, bu
nümunələr beynəlxalq teatr tənqidi səviyyəsində nümunələrdir. Nümunələr bizim tərəfimizdən
yazılan monaqrafiyalar, kitablar, məqalələrdir...
- Bu gün teatr sənətinin və tənqidinin mövcud
durumu haqqında bədbin proqnoz verənlər də var. Onlara görə tənqid artıq ölüb.
Siz necə düşünürsünüz?
-
Teatr heç vaxt ölməyəcək. Teatr varsa, teatr tənqidi də olacaq. Onlar irəliyə
doğru bir gedirlər. İntəhası teatr və teatr tənqidinin laboratoriyasına hər gün
ağlagəlməz yeni ideyalar, yeni ifadə vasitələri daxil olur. Mən bu yeni ifadə
vasitələrini Sankt-Peterburqda gördüm. Məsələn, orda çıxış edən yunan rejissoru
Teodor Terzopulos dedi ki, "biz çalışmalıyıq teatr milli köklərini itirməsin, kommersiya
məqsədləri, qlobalizasiya teatrı özündən uzaqlaşdırmasın”. Buna da həmişə
cavabdeh V.Fokin, L.Dodin kimi sənətkarlardır. P.Bruk, Y.Qrotovski,
V.İbrahimoğlu canlarını sərf etdilər ki, teatr milli köklərindən uzaqlaşmasın, özü-özündən
uzaqlaşmasın, amma daim axtarsın, yeniliklərlə məşğul olsun. V.Fokin nə edir? Rus
teatrını ənənələrə əsaslanaraq gələcəyə yönəldir. Və burada forma-məzmun bir yerdədir,
eyni zamanda biz burda müxtəlif formaları görürük. V.Fokinin tamaşalarında eklektika
var. O, bilərəkdən bunları edir. Və o teatrı hər yerdə axtarır. V.Fokin=Qoqol+Dostoyevski+Roşin+Valodin...
V.Fokin ənənələri özünə hopdurub, amma ortalığa çıxaranda çıxartdığı Fokinindir
və yenidir. Amma ənənə bu yeni olanda yaşayır. O, gözəl pedaqoqdur, aktyorlarla
çox sərt işləyir. Məşqlərinə heç kimi buraxmır. O həm V.Meyerholdu
rekonstruksiya edir, həm də onun üzərində özününkünü yaradır. V.Fokin deyir ki,
"mən rejissor kimi kollektiv sənətdə bir instrumentəm”, daha demir, mən
dirijoram. "Hər gün bu instrumenti sazlamalıyam”. Bilirsiniz, indi
Sankt-Peterburq bir mədəniyyət mərkəzidir, Avropaya pəncərədir. Və V.Fokin
deyir, "bir peterburqlu kimi, hesab edirəm ki, Peterburq Avropanın bir hissəsidir,
Avropa da Peterburqun”. Yəni, Rusiyanın
mədəniyyəti bütün dövrlərdə, eləcə də bu gün yüksək səviyyədədir. Görkəmli
fransız teatr tənqidçisi Banyu V.Fokinə həsr olunmuş simpoziumda qeyd elədi ki,
"rejissor var, yaradıcılıq yolu bir ideyadan ibarətdir. Bir ideyadır, getdikcə
başqa şəkillər alır. V.Fokin isə metamarfozalardan ibarətdir, daim dəyişir”. Bu
gün isə Fokinin Aleksandrinski teatrında yaratdığı mühit sanki onun şərəfli
teatr keçmişilə bir dialoqudur. Bu gün yeni bir zaman başlayıb, biz bu zamana
qarşı həssas olmalıyıq, zamanı eşitməliyik. Zamanın tələblərini duymalıyıq, mən
Azərbaycan teatrını da buna səsləyirəm. Zaman sərtdir, zaman möhtəşəmdir, sürətlə
irəliyə gedəndir və biz, L.Dodinin dediyi kimi, mürəkkəb sferada çalışırıq, biz
bilmirik nəyi axtarırıq, nəyi tutmalıyıq, biz bunu intuitiv duymalıyıq. Onu da
kim duyur? Əsl sənətkar!
- Ötən illərdə Polşada, Çində, Serbiyada olmusunuz,
yəni dünyada gedən teatr prosesindən xəbərdarsınız. Müasir teatr prosesi nəyi
diqtə edir, ya da ki belə: hara gedir bu dünya?
- Böyük
sənətkarlar dedilər ki, biz bilmirik hara gedir, mən buna necə cavab verə bilərəm?!
Harasa gedir bu dünya... amma gedir...
- Bəs nəyi diqtə edir?
- Bu
gün dünya sürət qatarının içindədir. İntuitiv duymalıyıq ki, Zaman nəyi diqtə
edir. Həssas olmalıyıq zamana. Qatarımız sürət qatarıdır və ola bilər, bu qatar
o qədər sürətlə getsin ki, çoxumuzu qapıdan, pəncərədən tullasın, bir də o
qatara çatmayaq. Pekində 4 il bundan qabaq mövzu teatr tənqidiylə bağlı idi:
teatr tənqidi ölmür! O da teatrla birlikdə dəyişir və bu gün baxdığımız tamaşalarda
düzxətli düşüncə görmürük, hər şey ziqzaqlarla, sıçrayışlarla, enişlərlə,
yoxuşlarla təqdim olunur. Bu, canlıya xas olan bir ritmdir. Tamaşa da canlı
orqanizm olduğu üçün teatr da düz xətlə gedə bilməz. Bu gün teatra süjetə baxmağa
getmirik ki, gedirik, bizdə assosiativ duyğular yaransın, biz özümüzdən, ətrafımızdan
baş çıxardaq. İlk növbədə, özümüzdən baş çıxartmağa gedirik. Yoxsa sujet nəyimizə
lazımdır?! Çağımızın tamaşaları çoxxətli, çoxsəsli, çoxqatlı olmalıdır. Teatr tənqidi
də həmçinin...
- Oralardan baxanda Azərbaycan teatrı necə
görünür və Azərbaycan teatrı bu gün dünya teatr prosesinə qoşula bilirmi?
- Azərbaycan
teatrı normal görünür. Ümumi teatr prosesinə qoşulmaq potensialı var. Sadəcə,
zamana həssas olmaq keyfiyyətini özümüzdə təkmilləşdirməliyik, kompas kimi onu
tutub getməliyik. Mütləq dəyişməliyik, ənənəmizə, teatr tariximizə sadiqliyimizi
qorumaqla, böyük sənətkarlarımızla fəxr edə-edə... Söhbət bu gün və sabahdan
gedir. Biz bu günlə yaşayıb, sabaha yubanmadan getməliyik... Bir də ki, səhnə
meydançaları verməliyik cavanlarımza, cavan rejissorlarımıza. Onlar orada özlərini
mütləq sınamalıdırlar. Büdrəməlidirlər, yıxılmalıdırlar, axsamalıdırlar. Axırda
ayağa durub Azərbaycan teatrını yenidən dünya teatr prosesinə qoşacaqlar. Mən
demirəm, biz o prosesdən qıraqdayıq. Biz o prosesin içində gedirik. İntəhası,
parlaq işlərlə getməliyik...
Söhbətləşdi: Könül Əliyeva-Cəfərova
Teatrşünas