• şənbə, 02 Avqust, 17:22
  • Baku Bakı 36°C

“Mersi, Baku” - Fotolar

30.03.17 09:00 1342
“Mersi, Baku” - Fotolar
Son illər Azərbaycan paytaxtı sözün əsl mənasında turistlərin ən çox səfər etdikləri və zövq aldıqları məkanlardan birinə çevrilib. Bakı, onun müasir və keçmiş görkəmi dünya boyu turistlərinin diqqətini özünə cəlb etməkdədir. Dünyanın bir çox nəşrləri də paytaxtımızla, onun əsrarəngiz gözəlliyi və yeniləşməsi ilə bağlı çoxsaylı məlumatlar dərc edirlər. Məsələn, nüfuzlu "Lenta.ru” nəşri "Mersi, Baku” adlanan reportajında şəhərimizlə bağlı təəssüratlarını bölüşüb. Müəllif yazır ki, Moskvadan üç satlıq yolu qət etdikdən sonra Şərq nağıllarına bənzəyən şəhər göz önünə gəlir: "Nə türk, nə ərəb, bizim postsovet şəhəri”. Müəllif yazır ki, şəhər rus dili və sovet filmlərinin tanış mənzərələri ilə, Şərq şirniyyatı və dadlı pomidorları ilə adamı özünə çəkir. Reportajda xüsusi qeyd edilir ki, Azərbaycan paytaxtında ilk göz oxşayan hal şəhərin həddən artıq və qeyri-adi dərəcədə təmizliyidir: "Deyirlər ki, təmiz olan təmizləndiyinə görə təmiz olmur. Ona görə belə olur ki, oranı zibilləmirlər. Və bunu Azərbaycan paytaxtının timsalında görmək mümkündür. Özü də bu təmizlik şəhər kənarında və dənizdə fasiləsiz neft çıxarılması fonunda müşahidə edilir. Səkilər üzərində oturmaq istəsəniz narahat olmayın - üst-başınız çirklənməyəcək. Hər tərəf yam-yaşıldır- yerli sakinlər bunu onunla izah edirlər ki, kölgəli ağaclar piyadalara yayda dəhşət saçan istidən (yayda temperatur 40 dərəcəyə kimi yüksəlir-müəl.) qorunmağa imkan verir. Dekorativlə yanaşı, "xilasedici” missiya rolunu çoxsaylı şəhər fontanları da həyata keçirir. Bundan əlavə, bakılıların və qonaqlarının komfortu üçün Dənizkənarı bulvarda gün qızdırmayan skamyalar quraşdırılıb. Hər şey xırdalığına kimi nəzərə alınıb.


Tarixlə görüş
Müəllif yazır ki, Bakı ilə tanışlığa yaxşı olardı ki, şəhər kənarından başlayasan. "Mərkəzi hissəni desert kimi saxlamaq gərəkdir. Bakıətrafı qəsəbələrdə nadir yerlər var. Bunlardan biri Suraxanı kəndi yaxınlığındakı Atəşgahdır. Oda sitayiş edənlərin məbədinin tarixi mənbələrdə XVII-XVIII əsrlər göstərilir. "Əbədi” od təbii qazla bağlıdır. Və bu gün bura atəşpərəstlər, indus və sinkxlər axışır, atşəgah onların ibadət yeridir. Onun daxilində oda sitayiş edənlərin bir vaxtlar dua etdikləri və istirahət etdikləri yer də var. Məbəd kompleksini gəzməklə Atəşgahın tarixi və oda sitayişlə bağlı çoxlu maraqlı faktlar əldə etmək olar. Ən görməli yerlədən biri də Yanardağdır. Yer altındakı təbii qazlar hesabına burada əbədi və heç zaman sönməyən məşələ rast gəlmək mümkündür. Oda sitayiş etmək üçün atəşpərəstlər də bura gəliblər. Bu gün isə minlərlə turist burada dağətəyi yerlədə xatirə selfiləri çəkdirirlər”, - deyə reportajda vurğulanır.


Məşhur sovet filmlərinin çəkildiyi İçərişəhər
"Lakin Bakıda ən gözəl yer İşərişəhər və yaxud Köhnə şəhərdir. Bura Azərbaycanın ən qiymətli incisi hesab edilir. İşərişəhərindolama döşənmiş küçələri ilə bütün günü gəzmək, çoxsaylı abidələri görmək olar. Küçədəki kafelərdə dayanıb bir stəkan yerli çaydan dadmaq da mümkündür. Nadir halda hansısa bir turist küçəboyu uzanan çoxsaylı xırda antikvar dükanlarına nəzər salmadan gedə bilər. Xalçalar, müxtəlif qədim əşyalar göz oxşayır. Azərbaycanlıların ticarət etmək qabiliyyəti də öz rolunu oynayır - heç kim nəsə almamış buradan getmir. Köhnə şəhərin küçələri sovet kinematoqrafiyasında da öz əksini tapıb. Məhz burada "Brilyant əl” filmini çəkiblər. "O zaman mən milisdə işləyirdim. Filmin çəkilişləri gedəndə ictimai nəzarəti həyata keçirərdim. Mən bütün ömrüm boyu Kiçik Qala küçəsində 8 nömrəli evdə yaşamışam. Bu evin qarşısında Nikulin və Mironovun yıxılma səhnələri çəkilib. Məşhur "lənət şeytana” ifadəsi burada deyilib”, - deyə 78 yaşlı Elnur bizimlə söhbətində bildirir. Küçənin o biri tərəfində isə bu filmin başqa bir məşhur səhnəsi çəkilib. Məşhur "russo turisto obliko morale” ifadəsinin səsləndiyi yer. Dəqiq ünvan belədir: Sabir küçəsi, 21. Məşhur Şirvanşahlar sarayı da filmdə əks olunub. Andrey Mironov məhz onun ərazisi ilə qaçır. İndi turistlər həmin yerə baxıb təəccüblərini gizlədə bilmirlər: qədim hündür pilləkənlərlə belə sürətlə necə qaçmaq olar? Saray tək kinoçəkilişləri ilə məşhur deyil. Buranı hər il on minlərlə turist gəzir. Qədim Qız qalası - şəhərin rəmzi olan qala da İşərişəhərdə yerləşir. Nə vaxtsa onun ərazisi dənizdə olub. İndi isə onu dənizdən bir neçə yüz metrlik məsafə ayırır. Qalanın tikilmə tarixi bəlli deyil, məlumatlara görə, bir neçə mərhələdə inşa edilib. Daş plitələrdən birində XII əsr göstərilir. Lakin alimlər tarixin daha qədim olduğunu bildirirlər. 2000-ci ildən abidə YUNESKO-nun irsi kimi qorunur. Abidədən şəhərə nəzər salarkən qeyri-adi mənzərənin şahidi olursan. Müasir və köhnə tikililər şəhərə xüsusi gözəllik verir. Köhnə şəhərdən gəzməklə Dağüstü parka çıxmaq və orada günün batmasını seyr etmək olar. Tənbəllər üçün Funikulyor da fəaliyyət göstərir. Buradan şəhər əlin içi kimi görünür. Maraqlananlar üçün deyim ki, bura da selfi çəkdirmək üçün gözəl yerdir”, - deyə müəllif yazır.


Lülə, qutab və düşbərə
"Şəhərin gözəlliklərinə baxmaqla yanaşı, onun əsrarəngiz mətbəxindən də istifadə etməmək mümkün deyil. Azərbaycan mətbəxində Şərq rənglərinin bütün palitrasına rast gələ bilərsən. Əgər siz zəngin Şərq mətbəxindən dadmaq istəsəniz, mütləq Köhnə şəhərdəki restoranlardan başlayın. Buradakı təamlar nəinki dadlı, həm də çeşidlidir. İçərişəhərdə beş karvansara var. Orta əsrlərdə buralar mehmanxana rolunu oynayıb. İndi onlar restoran funksiyasını yerinə yetirir. Düşbərə, qutab, dolma, plovun dadına baxmamaq mümkün deyil. Ən vacibi - Azərbaycan süfrəsini lüləkababsız kababsız necə təsəvvür etmək olar? Ət yeməklərinin assortisi xeyli zəngindir. Yaddan çıxarmaq gərək deyil ki, Bakı dəniz şəhəridir. Yəni balıq yeməkləri mütləq var - nərə balığı və kürü”, - deyə müəllif qeyd edib.


Sovet Dubayı
"Azərbaycan müsəlman ölkəsi, Bakı isə sırf dünyəvi Avropa şəhəridir. Burada nadir hallarda başı bağlı qadına rast gəlmək olar. Spirtli içkilər sərbəst satılır, hər yerdə, o cümlədən restoranlarda siqaret çəkmək olar. Halbuki, ruslar bundan çoxdan məhrum olublar. Azərbaycan iqtisadiyyatı bu gün neft sənayesi üzərində qurulub. Lakin burada artıq alternativ mənbələr üzərində də fikirləşməyə başlayıblar. Azərbaycanlılar nümunə kimi də BƏƏ-ni götürüblər. Bakı da Dubay tipində inkişaf edir. Bu il ilk dəfə Azərbaycan paytaxtında Baku Shopping Festival keçiriləcək. Burada zarafatla deyirlər ki, neft erası gec-tez başa çatacaq, ölkəmizi sevən turistlər isə həmişəlik bizimlə olacaqlar”, - deyə müəllif reportajını bu notlarla bitirib.
Azər

banner

Oxşar Xəbərlər