• cümə, 19 Aprel, 22:53
  • Baku Bakı 24°C

Mərkəzi Asiyada “barıt çəlləyi”

30.04.21 17:00 1976
Mərkəzi Asiyada “barıt çəlləyi”
Qırğız-tacik qarşıdurmasının pərdəarxası məqamları
Uzun müddətdir ki, sabitlik hökm sürən Mərkəzi Asiya yenidən gərgin bölgəyə çevrilmək təhlükəsini yaşayır. Bölgənin iki qeyri-stabil ölkəsi – Qırğızıstan və Tacikistan yaşadıqları sərhəd münaqişəsi ilə dünya mediasının diqqət mərkəzinə düşdülər. Sərhəddə yerli sakinlər və sərhədçilər arasında baş vermiş toqquşmada onlarla insan xəsarət alıb. Mübahisəyə səbəb isə sadədir - sərhəddə yerləşən supaylayıcı məntəqə. Sakinlərlə hərbçilər arasında mübahisə aprelin 28-də başlayıb və ertəsi gün tərəflər bir-birlərini atəş açmaqda ittiham ediblər. "Qolovnoy” supaylayıcısı qurğusu Sovet İttifaqının 1960-cı illərində Qırğızıstanın sifarişi ilə tikilib. Lakin Taciksitan rəsmiləri iddia edirlər ki, məntəqə Tacikistan ərazisindədir və həmişə onun istifadəsində olub. Supaylayıcı məntəqəyə yaxın kəndlərin sakinləri arasında münasqişələr ötən əsrin sonlarından başlayıb. 1974-cü ildə burada ilk silahlı üsyan qeydə alınıb. Qırğızıstan tərəfi bildirir ki, qarşıdurma, tacik tərəfi məntəqəyə müşahidə videokamerası qoyandan sonra qızışıb. Supaylayıcı stansiyanın həyətinə 100-150 nəfər yığılıb. Onlar əvvəlcə bir-birlərini daşa basıblar. Bundan sonra atəş açılıb. "Fergana” saytının yazdığına görə, aprelin 29-da tərəflər arasında "əsl müharibə” başlanıb. Hazırda hər iki tərəf vəziyyətin sabit olduğunu bildirir. Artıq Qırğızıstan hökuməti Tacikistanla sərhəddə vəziyyəti nəzarətdə saxlamaq üçün operativ qərargah yaradıb.
"Baş nazir Uluqbəy Maripovun tapşırığı ilə Qırğızıstan-Tacikistan dövlət sərhədindəki vəziyyəti əlaqələndirmək və izləmək üçün əməliyyat qərargahı yaradıldı. Qərargahın iclası zamanı Qırğızıstan Respublikası hökumətinin vəziyyəti həll etmək və öyrənmək üçün bütün tədbirləri gördüyü qeyd edildi”, - deyə məlumatda bildirilir. Qeyd edək ki, Tacikistan-Qırğızıstan sərhədində silahlı münaqişə nəticəsində Tacikistanın 3 vətəndaşının öldüyü, 31-nin yaralandığı bildirilir. Qırğızıstan tərəfi isə 1 nəfər vətəndaşının öldüyünü, 31 nəfərin yaralandığını elan edib. Qırğızıstanda münaqişənin tənzimlənməsi üçün komissiya yaradılıb. Komissiyaya baş nazirin birinci müavini Artyom Novikov başçılıq edir. Hadisə ilə bağlı yaxınlıqdakı qırğız kəndlərindən birinin qadın və uşaqları başqa yerə evakuasiya olunub. Qırğızıstan prezidenti Sadır Japarov hökumət üzvləri ilə müşavirə keçirib və deyib ki, tərəflər arasında ümumi dil tapmaq mümkün olacaq. Bu arada Özbəkistan hökuməti tərəfləri təmkinə çağırıb. Qırğızıstan və Tacikistan arasındakı sərhəd 970 kilometrdir. Lakin bunun yalnız 519 kilometri delimitasiya və demarkasiya edilib.
Sərhəd boyunca 70 mübahisəli sektor var və burada yerli sakinlər arasında su, örüş yerləri və torpaq sahələri üstündə tez-tez qarşıdurmalar baş verir. Tacikistan-Qırğızıstan sərhədində vəziyyət artıq bir neçə ildir ki, gərgindir və iki ölkənin rəhbərliyi buna görə bir-birlərini ittiham edir. Tacikistan-Qırğızıstan sərhədindəki vəziyyət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) videobağlantı ilə keçirilən iclasında da müzakirə olunub. Rusiyanın nəzarəti altında olan KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan üzvdürlər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov sözügedən iclasdan sonra demişdi ki, onun ölkəsi Tacikistanı və Qırğızıstanı bu məsələni dinc yolla həll etməyə çağırıb və Moskvanın vasitəçiliyini təklif edib. Keçmiş sovet Orta Asiyasının beş ölkəsi arasında sərhədlər, xüsusən də dağlıq bölgələrdə qatmaqarışıqdır və burada çoxsaylı qarşıdurmalar baş verir. Ötən iyul ayında Tacikistan-Qırğızıstan sərhədində gərginliyin artması ilə bağlı prezidentlər Emomali Rahmon və Sooronbai Jeenbekov Tacikistanın İsfara və Qırğızıstanın Çolpon-Ata sərhəd şəhərlərində görüşərək vəziyyəti müzakirə etmişdilər. Buna baxmayaraq iki ölkə arasında sərhəd boyunca gərginlik azalmaq bilmir. "Qırğızıstanın özgə ərazisinə iddiası yoxdur və öz ərazisini də bölüşmək niyyətində deyil”. Bu barədə Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev tacik həmkarı Sirociddin Muhriddinlə söhbəti zamanı deyib. O bildirib ki, bütün sərhəd və iqtisadi məsələlər yüksək səviyyəli nümayəndə heyətlərinin danışıqları ilə yoluna qoyulmalıdır. Qeyd edək ki, tərəflər arasında baş verən qanlı silahlı qarşıdurmadan sonra atəşkəs barəsində razılıq əldə olunub. Ən son odur ki, Qırğızıstan və Tacikistan sərhədində ölkə başçılarının təşəbbüsü əsasında rəsmi nümayəndələrin görüşü keçirilib. Bu məlumatı Qırğızıstan Xarici İşlər Nazirliyi yayıb. Görüşdə hər iki tərəfdən xüsusi xidmət orqanlarının rəhbərləri, vilayət qubernatorları iştirak ediblər. Tərəflər konfliktin səbəblərinin araşdırılması üçün işçi qrupunun yaradılması barədə razılaşıblar.


Tacik tərəfi susur
Qırğızıstanın Batken vilayətinin sərhədə yaxın yerləşən İnternasional kəndinin başçısı Mırzabek Jumabayevin taciklər tərəfindən girov götürüldüyü də məlum olub. O, tacik hərbçilərinin kəndə hücumu zamanı həlak olan dinc sakinin meyitini götürmək üçün gedibmiş. Kənd rəhbəri Tacikistan ərazisinə aparılıb, onun taleyi barədə məlumat yoxdur. Habelə səhər saatlarında "Kızıl-Bel” nəzarət-buraxılış məntəqəsinin yaxınlığında da atışma olub və nəticədə qırğız gömrükçüsü yaralanıb. Qırğızıstan və Tacikistan hər ikisi KTMT üzvüdür və baş verənlər bu hərbi blokda ciddi narahatlıq yaradıb. KTMT-nin baş katibi Stanislav Zas Düşənbədə bloka daxil olan ölkələrin təhlükəsizlik şuralarının katiblərinin toplantısı çərçivəsində Tacikistan və Qırğızıstan təhlükəsizlik şuraları katibləri ilə situasiyanı müzakirə edib. "KTMT hesab edir ki, bu münaqişə bitməlidir. Onu dinc yolla nizamlamaq lazımdır. Münaqişənin nizamlanması üçün bütün zəruri tədbirlər görülür”, -Stanislav Zas bildirib. Qırğızıstan hakimiyyəti sərhədboyu kəndlərdən 3 minə yaxın sakini evakuasiya edib. Baş nazirin birinci müavini Artem Novikov sərhəddə lokal toqquşmaların hələ də davam etdiyini bildirirb. "Danışıqlar nəticəsində qoşunların geri çəkilməsi barədə razılıq əldə olunub, amma hazırda lokal toqquşmalar davam edir, böyük gərginlik ocaqları yoxdur. Tacikistan tərəfi ara-sıra təxribatlara əl atır”,-o deyib.

Təsadüf, yoxsa?

Bəs görən qəfil yaşanan gərginliyin arxasında həqiqətənmi su problemi var, ya fövqəldövlətlərin maraqlarının toqquşması səbəbindən gərginlik yaranıb? Məsələ ondadır ki, ABŞ-ın Mərkəzi Asiya ilə əməkdaşlıq üçün ilk dəfə 2015-ci ildə ortaya atdığı "C5+1” formatı, yəni Mərkəzi Asiyanın 5 ölkəsi və ABŞ arasındakı əməkdaşlıq Tramp administrasiyası dövründə arxa plana keçsə də, Baydenin hakimiyyətə gəlməsində sonra, daha doğrusu, demokratların yenidən hakim postu ələ keçirməsindən sonra təkrar gündəmə gəlib. İlin əvvəlində Mərkəzi Asiya ölkələrinə 1 milyard dollar dəyərində yatırımları nəzərdə tutan ABŞ, Özbəkistan və Qazaxıstanın birgə "Mərkəzi Asiya İnvestisiya Əməkdaşlığı” təşəbbüsünü elan etməsi isə bunun göstəricisi hesab edilə bilər. Lakin ABŞ-ın bu regionda güclü rəqibləri var – Rusiya, Çin və İran. Rusiyanın təsir gücü regionda get-gedə azalmaqdadır. Məsələn, 2012-ci ildə Özbəkistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmış, bu gün isə həm Özbəkistan, həm Qazaxıstanın Avrasiya İqtisadi İttifaqını tərk etməsi məsələsi Qərb dairələrində müzakirə olunur. Rusiya mediasında, ekspert dairələrində Türkiyənin bölgədə aktivliyi qabardılır. Xüsusən də rus ekspertləri həyəcanlı şəkildə Türk Şurasının hərbi qanadı olacaq "Böyük Turan ordusu”nun yaradılması barədə ehtimallar irəli sürürlər. Bu məsələdə Trans-Xəzər nəqliyyat və enerji dəhlizi layihəsi də önə çəklir.
Bölgə ölkələrinin üzərində razılaşa bilmədiyi ən əsas problemlərdən biri də su problemidir. Belə ki, sərhədlər çəkilərkən Vadinin ən geniş və yaşıl hissəsi Özbəkistana, su ilə zəngin olan və dağlar qoynunda yerləşən torpaqlar Qırğızıstana, iqtisadi və strateji baxımından açar nöqtədə yerləşən ərazi isə Tacikistana qalmışdır. Beləliklə, Tacikistan Sırdərya çayının bəzi yuxarı axar bölgələrində suyun axışına nəzarət edə bilsə də, bölgənin əsas su təminatı (xüsusilə Narin çayı) Qırğızıstanın nəzarəti altında qalmışdır. Sovet dövrü bölgə ölkələri bu çayların suyunu rahat şəkildə istifadə etsələr də, müstəqillikdən sonrakı dövrdə ölkələr arasında problemlər yaşanmağa başlamışdır. İlk problem 1990-cı illərdə Narin çayının üzərindəki Qırğızıstana aid Toktogul su anbarının və su elektrik stansiyasının istifadəsi ilə bağlı olub. Çayın aşağı axarında yerləşən digər dövlətlər Qırğızıstanı sudan düzgün istifadə etməməkdə, yalnız öz maraqlarını güdərək ətraf ərazilərə ziyan verməkdə günahlandırmışlar.
Görünən odur ki...
Beləliklə, su, kənd təsərrüfatı, maldarlıq, nəqliyyat, təhlükəsizlik və ümumi olaraq iqtisadi inkişaf və siyasi sabitlik kimi problemləri özündə cəmləşdirən sərhəd problemi bölgə dövlətləri arasında vaxtaşırı gərginliklər, qarşıdurmalar yaşadıb. Günümüzə qədər həll edilə bilməyən bu problemlə bağlı müvafiq ölkələrdə iqtidara gələn yeni hökümətlər tərəfindən önəmli addımlar atılıb. Məsələn, 2016-cı ildə İslam Kərimovun ölümündə sonra Özbəkistanda hakimiyyətə gələn Şövkət Mirziyoyev və 2021-ci ildə Qırğızıstanda hakimiyyətə gələn Sadır Caparovun fəaliyyətləri bu baxımdan təqdirəlayiqdir. 2021-ci ilin mart ayında Özbəkistan və Qırğızıstan prezidentlərinin görüşü keçirilmiş, Caparov "sərhəd problemi 3 ay içərisində öz həllini tapacaqdır” şəklində açıqlama vermişdir. Maraqlıdır ki, bənzər açıqlamalar Tacikistan tərəfdən gəlməyib. Mart ayında Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşıyev tərəfindən taciklərə Voruh kəndi əvəzində başqa bir yerdən 12000 hektar ərazinin veriləcəyi şəklində açıqlama gəlib. Bu açıqlama iki ölkə arasında gərginliyi yenidən artırıb. Bundan sonra aprelin 4-də Tacikistan prezidenti Emomali Rahmonun Voruha səfərinin olacağı xəbəri yayılmış, lakin onun yerinə Tacikistandan rəsmi nümayəndə kəndə yollanıb. Tacikistanın eks-xarici işlər naziri Hamrohon Zarifi isə öz "Facebook” səhifəsində ölkəsinin öz torpaqlarından heç vaxt imtina etməyəcəyini yazıb. Görünən odur ki, bölgənin türk dövlətləri arasında problemlər gedərək həll olunsa da, Qırgızıstan və Tacikistan problemi, hələ ki, həll olunmaqdan xeyli uzaqdır.

Azər
banner

Oxşar Xəbərlər