Mərkəzi Asiya və Xəzərin güclənən geosiyasi mövqeyi
Ankaranın regionda güclənməsi Tehran və Pekini hərəkətə keçirib
SSRİ-nin süqutu
ilə Mərkəzi Asiya uğrunda böyük dövlətlərin başladığı nüfuz mübarizəsi bu gün
də səngimir və görünür ki, proses sonsuzluğa kimi davam edəcək. Belə baxanda,
region dövlətləri siyasi cəhətdən mövqelərini müəyyənləşdirmiş kimi görünür.
Lakin vəziyyət hər an dəyişə, indiyə qədər sabit görünən münasibətlər fərqli
hal ala bilər. Ortada praktika da var - Özbəkistan. Bu ölkə bir neçə ildir ki,
çoxvektorlu siyasəti ilə diqqət mərkəzindədir. ABŞ-dan tutmuş Rusiyaya kimi
bütün dövlətlərlə balanslı siyasət yürüdür. Nə vaxtsa Türkmənistanı da belə bir
tale gözləyir. Mövcud durum isə belədir ki, bölgə uğrunda iri oyunçu hesab
edilən dövlətlərin mübarizəsi güclənir. Rusiya, Çin, İran və Türkiyə bu sırada
liderdir. Düzdür, Rusiya və Çin artıq bölgədə möhkəmlənmiş durumdadır.
Birincisi siyasi, ikincisi isə daha çox iqtisadi baxımdan. Lakin digər
dövlətlər də tədricən öz mövqelərini ortaya qoymağa çalışır. Qardaş Türkiyə də bu sıradadır və aktiv siyasət yürüdür. Bu
yaxınlarda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu region dövlətlərinə
ayrı-ayrılıqda səfər etdi və ikitərəfli əməkdaşlığı genişləndirmək barədə
razılaşmalara imza atıldı. Dərhal da, Türkiyənin ardınca, qonşu İran da bölgədə
itirdiyi mövqelərini bərpa etmək qərarına gəlib.
İran nüfuzunu bərpa edə biləcəkmi?
İran xarici
işlər naziri Məhəmməd Cavad Zərif in Mərkəzi Asiya respublikalarına səfərinin
yekunlarına nəzər salaq. Tehran üçün Çinlə hərtərəfli saziş imzaladıqdan sonra
regionda özünün itirilmiş geosiyasi, geoiqtisadi mövqelərini bərpa etmək və
möhkəmləndirmək, eləcə də, layihələrini reallaşdırmaq zəruridir. İran XİN
rəhbərinin səfəri prezident Həsən Ruhani administrasiyasının getməsi fonunda
baş verir. Çinlə 25 illik bütün sahələri əhatə edən saziş imzalandıqdan sonra
bəlli olub ki, Pekin İran iqtisadiyyatına 400 mlrd. dollar investisiya yatırmaq
niyyətindədir. Çin pulları neft nəqlinə, faydalı qazıntılara, İran sənayesinin inkişafı,
kənd təsərrüfatı və nəqliyyat infrastrukturunun inşasına sərf olunacaq. Çin də
əvəzində İran neftini və qazını alacaq. Bir faktı da qeyd edək ki, Çin və İran
arasında saziş 2019-cu ildə imzalansa da, o zaman Pekin geri çəkildi. Yalnız
Ankoridcedə keçirilən və uğursuz nəticələnən ABŞ-Çin sammitindən sonra çinlilər
başa düşdü ki, ABŞ-la normal münasibətlər qurmaq alınmayacaq. Bu səbəbdən də
Tehranla müvafiq saziş imzalandı. Mano tədqiqat təşəbbüsləri mərkəzinin
direktoru Bəxtiyar Erqaşev hesab edir ki, yeni sazişlə İran ciddi və
uzunmüddətli investisiyalar mənbəyi əldə etmiş olur. Çin isə karbohidrogen
ehtiyatları. Qiymətə gəldikdə, bu, artıq başqa bir mövzudur. Bəllidir ki, Çin
hər zaman tərəfdaşlarının ağır vəziyyətindən yararlanıb. Və bundan qazanc əldə
etməyə çalışır. Əgər bu saziş işləyərsə, o zaman Amerikanın İrana qarşı tətbiq
etdiyi sanksiyalar səddi çat vermiş olacaq. Əgər İran Rusiyanın yaratdığı
Avrasiya İqtisadi İttifaqına üzv olarsa, bu sədd tamamilə dağıla bilər. Erqaşev
bildirir ki, İran ABŞ və onun müttəfiqlərinin sanksiyalarının total xarakter
daşıdığını göstərən ilk ölkə ola bilər. İran təcrübəsini digər ölkələrə də
ixrac etmək mümkün olar. Məsələn, Venesuelaya. İran-Çin razılaşması Tehran üçün
maraqlı geosiyasi və geoiqtisadi gedişdir. Zərifin də səfəri regional
layihələrin inkişaf etdirilməsi ilə bağlıdır. Özbək ekspert də hesab edir ki,
nəqliyyat-logistika layihələri məsələləri İran xarici işlər nazirinin səfərində
əsas yeri tutub.
Onu da qeyd edək
ki, İran Mərkəzi Asiya ölkələri ilə quru yolla yalnız Çin vasitəsilə
münasibətlər yarada bilər. Daşkənddə keçirilən danışıqlar da İran üçün zəruri
olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inşası məsələsi müzakirə olunub.
İran bu layihəyə maraq göstərir, çünki bu magistral Özbəkistan-Əfqanıstan-İran
nəqliyyat dəhlizi (Məzari-Şərif-Herat- Çobahar limanı) arasında bağlayıcı
magistral ola bilər. Tehran bu yolun işləməsində maraqlıdır. 2020-ci ildə
pandemiyanın qızğın vaxtında bu marşrut üzrə avtomobil əlaqəsi start
götürmüşdü. İndi isə bu avtomobil yolunun dəmir yolu vasitəsilə gücləndirilməsi
gərəkdir.
Türkiyənin mövqeyi çoxlarını narahat edir
Diqqət çəkən
məqam odur ki, Rusiya mediasında dərc olunan məqalələrdə Mərkəzi Asiyada
Türkiyənin aktiv siyasət yürütməsinin Çin və Rusiya ilə yanaşı, İran tərəfindən
də müəyyən suallar doğurduğu vurğulanır.
Ruspərəst ekspertlər daha çox Türkdilli dövlət başçılarının iştirakı ilə
keçirilən son sammitin üzərində xüsusi dayanırlar. Etiraf edirlər ki,
Türkiyənin Mərkəzi Asiyada mövqeyi güclüdür. Lakin İranın Mərkəzi Asiya
istiqaməti üzrə aktivləşəcəyi bildirilir. Xüsusən də söhbət Avrasiya İqtisadi
İttifaqından gedir. İran, təşkilatın daimi üzvünə çevrilməsə belə, Tehranla
Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonasının yaradılması ideyasının
reallaşacağını bildirirlər. Onların qənaətincə, prezident Həsən Ruhaninin
prezidentliyi müddətində Mərkəzi Asiya vektoru uğursuz olub. Onun yerinə kimin
gəlməsindən, hansı düşərgəni təmsil etməsindən asılı olmayaraq, mütləq Mərkəzi
Asiya keysini bərpa etməli olacaq. Cavad Zərif "axsaq ördək” olsa da, hər halda,
bu səfər önəm kəsb edir. Bu, sadəcə vida səfəri deyil, həm də ikitərəfli
münasibətlərin təftişidir. Belə ki, qəfildən aydın olur ki, İranın Mərkəzi
Asiyaya təsiri, ümumiyyətlə mövcud deyil. İran Mərkəzi Asiya respublikaları
üçün bir növ toksik vasitəyə çevrilib - bütün layihələr ləğv edilib, ticarət
sövdələşməsi minimuma endirilib. Ən iri ticarət dövriyyəsi Qazaxıstanla olsa
da, ötən il bu həcm bir milyard dollara da çatmayıb. Bu da regionda İranın siyasi
təsirinin də itirilməsinə gətirib çıxarıb. Və bütün bu proseslər də məhz Zərifin
İran xarici siyasətinə rəhbərlik etdiyi dövrdə baş verib. Bu səbəbdə də iflas
siyasətinə görə cavabdeh daşıyır. Tehran üçün əsas məsələ Çin layihələrinə
qoşulmaq, köklənməkdir.
Xəzər geosiyasi qarşıdurmanın yeni mərkəzi ola
bilərmi?
Yeri gəlmişkən,
ekspert dairələrində Xəzər dənizinin geosiyasi qarşıdurmanın yeni mərkəzi
olaraq nəzərdən keçirildiyi barədə fikirlər kök salıb. Və bu qarşıdurmada tək
sahilyanı dövlətlər iştirak etmir. Bu sırada isə daha çox Xəzərə çıxışı olmayan
Çin və Türkiyənin adı çəkilir. İri təbii resurslara malik olmaq uğrunda
ölkələrin mübarizəsi kəskin xarakter alır. Söhbət ilk növbədə karbohidrogen
ehtiyatlardan gedir. Tək bir faktı qeyd etmək olar ki, məsələn Azərbaycan bu
yaxınlarda "Şəfəq-Asiman” yeni yatağında iri qaz ehtiyatı kəşf edib. Qardaş
ölkə mətbuatında dərc olunan məqalələrə nəzər saldıqda görmək olur ki, yaxın
onilliklər ərzində Xəzərin nəqliyyat baxımdan əhəmiyyəti artacaq. Anadolu agentliyi
yazır ki, Xəzər dənizi bu yaxınlarda öz tarixində ən iri kollaps yaşayan Süveyş
kanalına rəqabət yarada bilər. Təbii ki, Türkiyə də özünü Xəzərdəki iri
nəqliyyat layihələrində başlıca oyunçulardan biri kimi görür. Rəsmi Ankara
artıq çoxdandır ki, irəli sürdüyü və
Çin, Türkmənistan, Qazaxıstan və Azərbaycanı birləşdirəcək "Orta dəhliz”
meqalayihəsini reallaşdırmağa çalışır. Layihə "Şimal dəhlizi”nə alternativ
olmalıdır. Burada birinci skripka rolunu İran oynasa da, adından göründüyü kimi,
əsas rol Rusiyaya məxsusdur. Və yeni nəqliyyat dəhlizinin reallaşması üçün 8
trilyon dollar gərəkdir. Təbii ki, buna tək Türkiyə deyil, digər dövlətlər də
investisiya yatırmalı olacaq. Türkiyə yalnız "Orta dəhliz”in bir hissəsi olacaq
"İstanbul” gəmi kanalının inşasını öz üzərinə götürəcəyini bildirir. Elə
prezident Rəcəb Tayyib Ərdoğan da bir neçə gün əvvəl bu məsələyə toxunub.
Bildirib ki, "İstanbul kanalı” layihəsi ilə bağlı hazırlıqları böyük ölçüdə
tamamladılar və istəsələr də, istəməsələr də, bu layihəyə başlayacaqlar. O, 56
qurum və 200-dən artıq elm adamı tərəfindən layihə ilə bağlı araşdırma
aparıldığını diqqətə çatdırıb. Qeyd edək ki, "İstanbul kanalı” layihəsi Qara və
Mərmərə dənizlərini bir-birinə bağlayacaq. Avropa və Asiyanı bir-birinə
bağlayan Bosfor kanalına alternativ olacaq bu kanal pullu olacaq və
perspektivdə ona yatırılan vəsaiti doğruldacaq. Başqa bir nəşr - "Yeni Şafak”
isə Asiya liderlərinin Xəzərin gələcəyi ilə bağlı söylədikləri fikirləri
xatırladır. Və bu liderlər sırasında tək Ərdoğan deyil, məsələn Böyük İpək yolu və Turan dəhlizinin bərpası
barədə danşan Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev də var. Nəşr
qeyd edib ki, bu dəhliz Avropa və Asiyanı birləşdirəcək yeni, təhlükəsiz və
qısa ticarət marşrutu ola bilər. "Anadolu” xüsusi vurğulayır ki, "Orta
dəhliz”in reallaşmasında əsas "problem”li sahə Azərbaycanın Naxçıvan anklavı
idi. Faktiki olaraq o, uzun illər Ermənistan, Azərbaycan və İranı birləşdirən
və Naxçıvandan keçən dəmir yolunun fəaliyyətini dayandırması səbəbindən nəqliyyat
blokadası vəziyyətinə salınmışdı. Məhz bu səbəbdən də Türkiyə və Azərbaycan
İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin
bərpasının zəruriliyi ideyasını ortaya atırdılar.
Çin Cənubi Qafqaza doğru gedir
Öz növbəsində "Modern
Diplomacy” analitik nəşri proqnoz edir ki, Türkiyənin ardınca Xəzər
istiqamətində qeyri-adi fəallığı Çin nümayiş etdirir. Və xüsusi qeyd edir ki,
onların maraqları üst-üstə düşür. Bununla yanaşı, nəşr vurğulayır ki,
geoiqtisadi mənada Çin Türkiyədən geri qalır. Belə ki, Türkiyə aktiv şəkildə və
uzun müddətdir ki, Cənubi Qafqazdadır. Ondan fərqli olaraq Çinin Cənubi
Qafqazda yalnız bir sənaye parkı - "Xualinq Kutaisi” var. Müqayisə üçün
bildirək ki, məsələn, Şimali Afrikada və Qərbi Asiyada ən azı səkkiz Çin sənaye
parkı fəaliyyət göstərir. Mərkəzi Asiyada isə altı. Bu da hər iki regionun
uzunmüddətli geosiyasi əhəmiyyət daşıdığını göstərir. "Bu, Çin tərəfinə
münasibətləri "sıfır”dan başlamağa imkan verir”, - deyə "Modern Diplomacy” bu
qənaətə gəlir. Onu da qeyd edək ki, Çin 2015-ci ildə Azərbaycanla dost əməkdaşlıq
münasibətlərini möhkəmləndirib, 2019-cu ildə isə Azərbaycan prezidentinin Çinə
səfəri baş tutub. Pekində keçirilən beynəlxalq "Dəhlizlər və yollar” sammitində
bir çox ikitərəfli layihələrin reallaşması istiqamətində addımlar atılıb.
Bir faktı da
qeyd edə ki, Vaşinqton tərəfindən təzyiqlərin artması Çinin üzünü Mərkəz
Asiyaya tutmağa məcbur edib. "Kəskin rəqabət” artıq bütün dünya boyu güclənir.
Pekin, hələ ki, Vaşinqtonun ona rəqabət vəziyyətində olmadığı bu regionda öz
mövcudluğunu və nüfuzunu genişləndirməyə çalışacaq. Yaxın aylarda dünya izolyasiyadan
çıxacağı müddətdə isə Pekin Mərkəzi Asiyada özünü etibarlı ticarət tərəfdaşı
kimi göstərməyə çalışacaq. Bütün bunlardan da bu nəticəyə gəlmək olar ki, yaxın
perspektivdə tək Mərkəzi Asiya deyil, bütövlükdə postsovet məkanında güclü
dəyişikliklərin, əsasən də iqtisadi dəyişikliklərin baş verəcəyinin şahidi ola
bilərik.
Azər NURİYEV