• cümə, 29 Mart, 16:15
  • Baku Bakı 14°C

Mərkəzi Asiya uğrunda nüfuz savaşı güclənir

17.05.19 18:02 566
Mərkəzi Asiya uğrunda nüfuz savaşı güclənir
Mərkəzi Asiyaya nəzarət uğrunda Çin, Rusiya, Birləşmiş Ştatların mübarizəsinə daha bir fövqəlqurum qoşulur. Avropa İttifaqı (Aİ) adıçəkilən regionda yeni strategiyasını elan etməyə hazırlaşır. Strategiyanı iyulun 7-də Aİ Xarici İşlər Nazirlərinin və Mərkəzi Asiya dövlətlərinin Bişkekdə keçiriləcək birgə görüşündə qurumun ali nümayəndəsi Federika Mogerini və Aİ-nin beynəlxalq əməkdaşlıq və inkişaf üzrə komissarı Neven Mimiça təqdim edəcək. Aİ-nin diplomatik xidmətinin (EEAS) saytında artıq "Aİ və Mərkəzi Asiya: güclü tərəfdaşlıq üçün yeni imkanlar” sənədi yerləşdirilib. Bu sənəd Avropa İttifaqının Şurasında təsdiq olunmalıdır. Beləliklə, Brüssel göstərmək istəyir ki, bir sıra problemlərə (Brexit, miqrasiya, ümumavropa və milli dəyərlər arasında qarşıdurmalara, iqtisadi ziddiyyətlərə) eləcə də, Çin, Rusiya, ABŞ-la müqayisədə kifayət qədər təsirin olmamasına baxmayaraq, Mərkəzi Asiyada öz maraqlarını yeritməyə çalışacaq. 17 səhifəlik sənəd Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistanla daha geniş tərəfdaşlığı hədəfləyir. Strategiya Mərkəzi Asiya ölkələri ilə müasir, şəffaf, qeyri-eksklüziv tərəfdaşlığı nəzərdə tutur. Aİ qeyd edir ki, Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı münasibətləri genişləndirməyə can atır. Bununla yanaşı, sənəddə qeyd edilir ki, Aİ regionun hər bir dövlətinin maraq və cəhdlərinə hörmətlə yanaşır və qəbul edir ki, hər bir ölkədə spesifik vəziyyət mövcuddur.
Avropa üzrə ekspert-analitik Dimaş Abdulin (Qazaxıstan) "Vestnik Kafkaz”a vəziyyəti belə izah edib: "Bu yanaşma və birgə bəyanat müsbət bir haldır. Aİ lap əvvəldən sabitliyin tərəfdarıdır və ən müxtəlif sahələrdə arzuolunmaz dəyişikliklərdən qaçmağa çalışır”. Ekspertin sözlərinə görə, Aİ Mərkəzi Asiyada yeni təşəbbüslərini və layihələrini bu əsasda yeritməyə çalışacaq. Avropanın özündə vəziyyət birmənalı deyil. Vahid Aİ-nin formatının dəyişməsi, eləcə də, "Brexit”in nəticələrinin necə olacağı bəlli deyil. Avropa liderləri ümid edirlər ki, Böyük Britaniya Aİ-nin tərkibində qalacaq. Onun sözlərinə görə, ABŞ-la Aİ-nin münasibətlər mürəkkəbdir və tərəflərin mövqeləri heç də həmişə üst-üstə düşmür. "Aİ-nin kursu daimi fərdiləşmə və formatlanma mərhələsindədir. Avropa bu mərhələdə sabitlik və etibarlılığa ehtiyac duyur. Aİ-nin diplomatik işini nəzərə almaq gərəkdir. Nəzərə alaq ki, Avropa diplomatiyanın ustasıdır. Sənəd hazırkı formada qəbul oluna bilər, dəyişikliklər də həyata keçirilə bilər. Bu səbəbdən də "Birgə bəyanat və hazırkı anda strategiyanın yeridilməsi” adlanır”, - deyə Dimaş Abdulin bildirib. Mərkəzi Asiyada mövcud vəziyyəti qiymətləndirən ekspert bildirib ki, yaxın vaxtlarda xarici siyasətdə hər hansı bir dəyişikliklər gözləmək gərək deyil: "Aİ ilə münasibətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsinə yönəlik kurs strateji əhəmiyyət kəsb edir. Müxtəlif vektorların xarici siyasətlə uyğunlaşması maksimal dərəcədə bərabərdir. Ümumiyyətlə, Mərkəzi-Asiya- Aİ strategiyası region ölkələrinin pozitiv siyasi və iqtisadi yüksəlişinə səbəb olacaq”.
D.Abdulin hesab edir ki, Aİ və Mərkəzi Asiyanın Yeni Strategiyasının Avrasiya İqtisadi İttifaqı və Rusiyaya da aidiyyatı var. Aİ ilə inteqrativ xətlərin yaxşılaşdırılması bütövlükdə Avrasiya inteqrasiyası üçün əlverişli şərait yaradır. Aİ-nin yeni strategiya sənədi bir neçə blok və bəndlərdən ibarətdir. Abdulinin qənaətincə, sənəd Aİ ilə Mərkəzi Asiya arasında indiki və gələcək əməkdaşlıq təəssüratı, onun əsas istiqamətlərini yaradır. İlk növbədə Aİ regional ticarət, investisiya yatırılması istiqamətindəki struktur baryerlərinin aradan qaldırılması üzərində iş aparacaq. Eləcə də, Mərkəzi Asiyanın yerdə qalan ölkələrinin Ümumdünya Ticarət Təşkilatına üzv olmasına, dayanıqlı əməkdaşlığın formalaşmasına yardımçı olacaq. Əhəmiyyətli olan məsələlər sırasında regional bazara, ətraf mühitin deqradasiyası və terrorizm kimi ümumi problemlərin həlli, Əfqanıstanda sülhün əldə olunması üçün Mərkəzi Asiyadakı tərəfdaşlarla birgə əməkdaşlığın aktivləşdirilməsi də bura daxildir. Brüsselin regionun həyatında iştirakında başlıca element, genişləndirilmiş əməkdaşlıq Sazişi olacaq. Belə bir sənədi Aİ Qazaxıstanla hələ 2015-ci ildə imzalayıb. Hazırda analoji sənədin Qırğızıstan və Özbəkistanla imzalanması nəzərdə tutulur. Tacikistan da belə bir sənədin imzalanması üçün danışıqların aparılmasına maraq göstərir. Aİ-dən bildirirlər ki, bu sazişlər ölkələrin Avrasiya İqtisadi İttifaqı və yaxud azad ticarət barədə sazişlərdə iştirakını istisna etmir. Qazax ekspert bildirir ki, yeni strategiya barədə birgə bəyanatların imzalanması dünyada Aİ və Mərkəzi Asiyaya böyük maraq göstərməlidir.
"Şərq-Qərb” analitik mərkəzinin baş direktoru Dmitri Orlov hesab edir ki, Aİ Şərqdə mövqeyini gücləndirməklə, ABŞ-ın güclü təsirindən yaxa qurtarmağa çalışır. "Brüsseldə, çox güman ki, Berlində hesab edirlər ki, artıq Aİ-nin ABŞ-ın maraqlarından irəli gələrək addımlar atmasına son vermək gərəkdir. Başqa bir məsələ ki, yeni Avropa - Baltikyanı və Şərqi Avropa ölkələri özlərini necə aparacaqlar. Axı onlar ABŞ-ın köməyi ilə quruma üzv olublar. Bu, onlar qarşısında müəyyən öhdəliklər qoyur. Bu səbəbdən də yeni və köhnə Avropa arasında münaqişə baş verə bilər. Məsələ ondadır ki, Avropa Komissiyası maraqlı bir bəyanat verib. Aİ, ilk növbədə Qırğızıstanı Rusiya və Çinin təsirindən çıxarmalıdır”, - deyə ekspert bildirib. Əlavə edib ki, bunu onların necə həyata keçirəcəyini təsəvvür etmək çətindir. "Çin və Rusiya Qırğızıstanın əsas iqtisadi tərəfdaşlarıdır. Aİ avropalı komissar Neven Mimiçin sözlərinə görə, Mərkəzi Asiya ölkələrinə 2014-2020-ci illər ərzində 1 mlrd. dollar ayrılıb. Aİ-nin, Əfqanıstanı Mərkəzi Asiyaya necə cəlb edəcəyi də aydın deyil. "Böyük Mərkəzi Asiya” ideyası əvvəldən ABŞ ideyası idi. Belə çıxır ki, ABŞ və Aİ Əfqanıstan üzrə məsuliyyətin bir hissəsini Mərkəzi Asiya ölkələrinin üzərinə atmaq istəyir”, - deyə ekspert fikrini tamamlayıb.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər